"Bir il Ağdam-Bakı qatarında gecələmişəm..."
RƏŞAD MƏCİD:
"QOCALIĞIMI AĞOĞLANDA YAŞAMAQ
İSTƏYƏRƏM"
Zahirən nə qədər soyuqqanlı görünsə
də, yaxın dostları Rəşad Məcidin çox
kövrək insan olduğuna yaxşı bələddilər. Görünür,
deyilənlərlə razılaşmağım
üçün mən də onun üçün ən həssas
məqamlarla bağlı emosional anlarına şahidlik etməli
idim. Necə ki, məşhur bir filmdə dili tutulmuş
qəhrəmanın dilini açmaq üçün əvvəlcədən
planlaşdırılmış şəkildə sevgilisini
partlayışın ağuşuna atırlar və həyəcanın,
təlaşın gücünə onun dili açılır,
Rəşad Məcidin də o duyğulu anlarını
görmək üçün yəqin, elə bir ürəktitrədən
mənzərə yaranmalı imiş. Bu, taleyin
mizanı, zamanın gərdişi idi.
44 günlük Vətən müharibəsi
dövründə Rəşad Məcidlə həmsöhbət
olmaq çox qəliz məsələyə
çevrilmişdi. Məlum məsələdir, o vaxt hər
birimizin bütün söhbətlərinin qayəsi
Qarabağ, səngər, müharibə idi. Odur ki, iki kəlmə bu barədə danışan
kimi Rəşad Məcidin qəhərdən boğazı
düyünlənirdi, gözünün ağı
qıpqırmızı olurdu və qıyılırdı.
Anındaca otağı siqaret tüstüsü
bürüyürdü. O tüstü özü ilə
həzin bir sükut gətirirdi. Bu, 30 ilin yanğısı
-qaysaqlanmayan yaranın yenidən göynəməsi idi... Gələn
şəhid xəbərləri, daim informasiya eşitmək
ehtiyacı, eyni zamanda, azad olunan kənd və şəhərlərin
adları açıqlandıqca yaşanan sevinc və
qürur hissləri...
Bütün bu qarışıq duyğuların
ab-havası Rəşad Məcidin davranışlarına, reaksiyasına
da çökmüşdü. O, Ali Baş Komandanın hər
çıxışını necə həyəcanla dinləyirdisə,
həmin coşğu "525-ci qəzet"in səhifələrinə,
manşetlərinə də sirayət edirdi. Qarabağ
Zəfərindən sonra Rəşad Məcidin baş redaktoru
olduğu qəzetə də yeni nəfəs gəldi.
Kənardan
nə qədər doğru görünər, ya yox, bilmirəm,
onun 44 günlük həyəcanına şahidlik edən adam kimi, Rəşad Məcidi doğulduğu kəndə
və boya-başa çatdığı yerlərə səfər
etdikdən sonra məhz mən danışdırmaq, təəssüratını
öyrənmək istədim. Deyəsən,
söhbətimiz alındı.
"...düşündüm
ki, ola bilsin, hansısa İlahi bir qüvvə mənim o yerlərə
getməyimi istəmir..."
İki ildir torpaqlar işğaldan azad olunub. Amma Rəşad
Məcid nə Laçına, nə də Ağdama səfər
etmişdi. Ya təkliflərdən özü imtina
edirdi, ya da hansısa bir iş qarşısında əngəl
olurdu. Məhz iyunun 14-15-i Laçına və
Ağdama ard-arda səfər etməsi məni
düşündürdü. Görünür,
Tanrının lütfünün də uyğun vədəsi
yetişməli idi. Bu barədə bir neçə dəqiqə
düşünüb sözə başladı:
"Bu özüm üçün də bir sirdir. Keçən il bir neçə dəfə Laçına səfər
təklif olunsa da, gedə bilmədim. Hətta
Dini Qurumlarla İş üzrə Dövlət Komtəsi
Alban-udi xristian dini icması ilə birlikdə Ağoğlana
getməyi təklif etmişdi. Hər dəfə
nəsə bir problem yaranırdı. Həmçinin,
Ağdama getmək üçün də bir neçə dəfə
imkan yaranmışdı, amma mümkün
olmamışdı. Bilirsən ki, bununla bağlı iki
yazım çap olundu: "Gecikmiş Ağoğlan bələdçiliyim"
və "Qorxu" essesi... "Gecikmiş
Ağoğlan bələdçiliyim" yazısı
Gündüz İsmayılovla Mirmehdi Ağaoğluya xitabən
yazılmışdı, məzmunu da belə idi ki, niyə
Ağoğlana getdiniz, amma mənim doğuldum kəndə getmədiniz?
"Qorxu" essesində isə Ağdamla
bağlı xəyallarımın dağılacağından
qorxduğumu qələmə almışdım.
Düzü,
keçən il Laçına, Ağdama təşkil
olunmuş səfərlərdə iştirakım
mümkün olmayanda düşündüm ki, ola bilsin,
hansısa bir İlahi qüvvə mənim o yerlərə getməyimi
istəmir. Amma bu il Ağdama və
Laçına səfər təklifləri ard-arada gəldi,
bir saatın içində. İyunun 15-i
Ağdam ziyalılarının doğma yurda səfəri təşkil
olundu, özümü bu səfərə hazırlayan vaxtda
Gündüz İsmayılov zəng etdi ki, ayın 14-ü
Laçına gedək. Məncə, bu da
mistik hadisə idi. Düşünürəm,
görəsən, niyə belə oldu? Doğuldum
məkana - Laçının Kosalar (Ağoğlan) kəndinə,
uşaqlığımın keçdiyi Ağdama
işğaldan azad olunandan sonra iki ildir gedə bilmirəm, amma
iki günün içində o yerləri görə bildim.
Bəlkə də, başqa səbəbləri var..."
"Ora mənim
anamın kəndidir..."
Rəşad
Məcid Laçına gedəndə Feysbuk hesabında bir
status paylaşmışdı:
"1988-ci ildən, münaqişə başlayandan sonra
bu yolu tez-tez gedib-gələrdim. Bu yerlərin, bu yolun, az
qala, hər çuxuruna bələd idim.
Arazqırağıyla gəlib Xanlıqdan sağa burulur, Həkəri
çayının kənarıyla üzüyuxarı
qalxırdım. Sonuncu dəfə bu yolla 1992-ci il
mayın 12-də, Şuşanın işğalından 4
gün sonra o vaxtkı iş yoldaşlarımla - "Ədalət"
qəzetinin əməkdaşlarıyla birgə getmişdik. Şuşa itkisinin sarsıntısı içərisində
Laçına doğru irəliləyirdik. Yolboyu olduqca kədərli, qandonduran mənzərəyə
şahidlik edirdik. Ev-eşiyindəki
gümanı və gücü çatan əşyaları
yüklədiyi maşınlarla qarşımızdan
keçib gedən çarəsiz insanlarla
rastlaşırdıq. Güləbirddən
ötüb "Qayğı" qəsəbəsini keçəndə
Zakiri gördüm. Ağoğlandan şax
görkəmiylə tanıdığım Zakir kəndin
mal-qarasını qabagına qatıb fəryad eləyə-eləyə
Güləbirdə sarı gedirdi. Bu
gördüklərim Ağoğlanın
boşaldığının, Laçının tezliklə
işğal olunacağının faciəli əlamətləri
idi. Həmin gün bir neçə saat
Laçında olduq, hərbçilərlə, hələ
rayon mərkəzində qalıb "ev-eşiyini"
çıxarmağa çalışan köməksiz
insanlarla, tanışlarla görüşdük. Cəmi
beş gün sonra hərbi diktorun güllə
kimi açılan ikicə kəlmə sözü
yaddaşıma əbədi həkk olundu: "Laçın
itirilmişdir". ...İndi otuz ildən sonra qəhrəman
hərbçilərimizin, igid əsgərlərimizin azad
etdikləri bu torpaqlardan keçib yenidən Laçına,
doğulduğum Ağoğlan kəndinə gedirəm".
Söhbət zamanı statusu xatırlatdım. Deyir,
"ömrümün ən faciəli günlərindən
biri idi, Şuşa gedəndən sonra dörd gün sol qolumu
hiss eləməmişdim". Feysbukda
doğulduğu həyətdən - özünün təbirincə
desək, Balaxanım nənənin həyətindən, Halay
babanın evindən video paylaşıb. Deyir,
"axırıncı dəfə Saday dayı rəhmətə
gedəndə bu həyətə gəlmişdim"... Mənə
maraqlı idi, 30 ildən sonra doğulduğu kəndə gedən
Rəşad Məcidə 30 illik ayrılığı
hansı nişanələr xəbər verdi?
Xatirələrində ilişib qalan nəsnələri dilə
gətirdi:
"Kosalar mənim anamın kəndi olub. Rəsmi
adı Ağoğlandır. Kosalarla
yanaşı Malıbəy, Sultanlar kəndi var. Yolboyu sürətli
quruculuq işləri adama təskinlik verir, mən o yolları
çox gedib-gəlmişəm. Ağalı
kəndində görülən işləri gördük,
Güləbirdə çəkilən yola tamaşa elədik.
Bu, adamı nikbin ovqata kökləyir. Laçın şəhərindən keçdik.
Sözün düzü, şəhərin
arxitekturası həmənkidir, evlərin çoxusu
salamatdır. Yəni, o vaxt
gördüyüm şəhər qismən yerində idi.
Əvvəllər tikdikləri dəbdəbəli
obyektləri ermənilər söküb aparıblar. Hiss
olunur ki, uzunmüddətli yaşamaq fikirləri yox imiş və
yaşayış seyrək olub. Bir şey
xoşuma gəldi ki, bizim işıq çəkən
qruplarımız sülhməramlıların yanında,
Laçın ərazisində rahat hərəkət edirdilər".
"Bütün
məsafələr balacalaşıb..."
"Rəşad Məcid haralıdır?" sualına
həmişə müxtəlif cavablar səsləndirilib. Kimi deyib
laçınlı, kimi deyib ağdamlı, kimi deyib ağcabədili...
Elə hamı da düz deyir. Rəşad
Məcid həm laçınlıdır, həm
ağdamlıdır, həm də ağcabədili... O,
sözün əsl mənasında, iliyinə qədər
qarabağlıdır. Rəşad Məcidin
atası Müseyib kişinin kökü Laçının
Seyidlər - Alxaslı kəndindəndir, amma Ağcabədidə
yaşayıblar. Hətta müharibə
başlamamış Müseyib kişi
Seyidlər kəndində babasının məzarını təmir
etdiribmiş. Daha sonra ailə Müseyib
kişinin işi ilə əlaqədar Ağdama
köçüb. Rəşad müəllim
orada boya-başa çatıb, orta təhsil alıb. 80-ci illərin ortalarında yenə Müseyib
kişinin işi ilə əlaqədar ailə Ağcabədiyə
köçüb. Müharibəyə qədər
daim Ağdama da, Laçına da sıx gediş-gəliş
olub. Hətta Müseyib kişinin atası,
el ağsaqqalı Mirhacib ağanın məzarı da Ağcabədidədir.
Ağdamlılar Rəşad Məcidi
ağdamlı, laçınlılar laçınlı,
ağcabədililər ağcabədili hesab edirlər.
Dost-tanışlar isə bütün bölgüləri kənara
qoyub vahid nəticəyə gəlirlər: Qarabağlı Rəşad
Məcid.
Kəndin
quruluşundan elə danışırdı, elə dəqiq
izahat verirdi ki, nabələd adam da gedib
oraları tanıya bilərdi:
"Mənim ata babalarım Seyidlər kəndindən
olub. Alxaslı kəndindən tanımadığım
adamlar atamın babası Seyid Hacı Məcid ağanın qəbrinin
videosunu yollamışdılar.
Kosalara
gedəndə hiss elədim ki, məsafələr kiçilib.
Uşaq vaxtı o yollar mənə çox uzun
görünürdü. Malıbəy kəndi
Minkənd çayının o biri üzündədir. Minkənd çayı axıb Həkəriyə
qoşulur. Həmin çayın bu biri
üzündə Sultanlar kəndidir. O vaxt orada bir meyvə
sexi var idi. İndi oranı əsgərlər
üçün çörək sexi ediblər. O
çörəklərdən alıb xalalarıma, anama gətirdim.
Sultanlar onların analarının - Balaxanım
nənəmin kəndidir. Orada bir Həmzə sultan
sarayı var. O sarayın yanında Balaxanım nənənin
qardaşı Süleyman müəllimin evi var, o ev indi də yerindədir. Əvvəllər
Sultanlardan Kosalara getmək üçün yol uzun idi. İndi Sultanlardan Kosalara bir yol çəkiblər,
körpü tikiblər, qısa getmək olur.
Kəndə
gedən kimi həsrətində olduğum havanı hiss elədim.
Çayın bu neçə ildə
qulağımdan getməyən
şırıltısını eşitdim, ruhum dincəldi.
Umudla Əhlimanın çəpəri
arasında bir yol var, o yol da elə bil balacalaşıb. Orada anamın əmiləri - Musa müəllim və
Qaçay müəllimin evləri dünənki kimi
yadımdadır. O evlər daha yoxdur, darvaza yerində
deyil. Amma kol-koslu kənd çəpərləri
yerindədir, akasyaların sayı çoxalıb. Baxanda bilirsən ki, həmin yerdir, həmin evlər
gözünün qabağına gəlir. Orada
bir yoxuş var idi. Elə bil o yoxuşda
düzləşib, halbuki uşaq vaxtı o yoxuşu
çıxanda nəfəsim kəsilirdi.
Doğulduğum həyətə girəndə bir
neçə video çəkib qohumlarıma yolladım. Mən əvvəllərdə
o evin nə vəziyyətdə olduğunu bilirdim.
Neçə il qabaq Ququl xəritədə
axtarıb həmin evin görüntüsünü
tapmışdım. Görmüşdüm ki,
evin tavanı yoxdur, bir hissəsi uçub. Xalalarıma deyəndə dedilər ki, sən Allah,
Balaxanım nənəyə göstərmə, evinin
uçurdulduğunu bilməsin. Balaxanım
nənə iki il qabaq rəhmətə getdi, evinin
işğaldan azad olduğunu görmədi".
"Anamın
o arzusunu yerinə yetirə bilmədim..."
Rəşad Məcidin anası - Yavər xanımla- Yavər
nənə ilə həmsöhbət olmaq, evindəki köhnə
fotoşəkillərə baxmaq mənə də qismət
olub. Çox zabitəli, müdrik və bir o qədər
də rəhmdil, ehmal qadındır. "525-ci qəzet"də
Yavər nənənin bir yazısı çap olunmuşdu:
"Anamın tikiş maşını". Yazı
başdan ayağa nisgil, azad olunan yurda ağı əvəzi
idi. Yavər nənə ötənləri-keçənləri
yada salmışdı.
Rəşad Məciddən soruşdum ki, getməmişdən
qabaq anası ilə nə söhbət edib, Yavər nənə
oğluna nə tapşırıb? Gülümsəyərək sözə
başladı:
"Anamla xalam axşam mənim üçün pendir,
çörək, Hacılar yuxası, kotlet tədarükü
görmüşdülər. Doğulduğum həyətdə
onlar üçün bir video çəkdim. Dedim,
baxın, sizin yemək üçün göndərdiklərinizi
Balaxanım nənənin evində, Halay babanın həyətində
yeyirəm. Anam dedi ki, mənə gilas gətirərsən. Anamın o arzusunu yerinə yetirə bilmədim.
Vaxtilə o həyətdə çoxlu meyvə
ağaclarının olduğunu xatırlayıram. İndi onlardan əsər-əlamət yox idi. Düşünürəm ki, ermənilər
çıxana yaxın odun üçün ağacları kəsib
aparıblar. Amma həmin gilasın
tamını dünyanın heç yerində
dadmadım".
"Ağdamda
gözüyumulu haranısa tapa bilərəm, amma
gözüaçıq mümkün deyil..."
Rəşad
Məcid ömrünün Ağdam dövrü... Bütün söhbətlərindən, haqqında
danışılanlardan məlum olur ki, onun
formalaşmağında, bədii təfəkkürünün
genişlənməsində, hadisələrə
adekvatlığında Ağdamda yaşadığı illərin
rolu daha böyük olub. O həmişə
Ağdamın ovaxtkı mədəni-ictimai həyatından,
oraların köhnə kişilərindən ağızdolusu
danışıb. Zənnimcə, Rəşad Məcidin
özünəməxsus sanballı
davranışlarının mayası da elə Ağdam olub.
Düzdür, həmişə doğulduğu
Laçından həyəcanla bəhs edib, Şuşa
sevgisini bütün çalarları ilə hiss etmişik. Amma Ağdamın ermənilər tərəfindən
viran edilməsi Rəşad Məcidə Ağdamın
özü boyda dərd əta edib. Ən çox
Ağdama kövrəlib, ən çox Ağdama heyifslənib...
Elə bilirəm, birbaşa Ağdama
yollanmağa hazır deyildi. Mütləq Laçına
gedib, oraların havasını udub Ağdama yol
almalıydı... Ağdamla bağlı suallarıma daha
aramla, sakit cavab verməyə başladı:
"Əvvəl Ağdamda 1 nömrəli məktəbin
yanındakı dördmərtəbəli binada
yaşamışıq, sonra köhnə hamam məhləsinə
- Əli İbrahimov küçəsinə
köçmüşük. Birinci sinifdən
doqquzuncu sinfə qədər Ağdam şəhər 1
nömrəli orta məktəbdə təhsil almışam.
Bizimlə bu dəfə Ağdama gedən
tanınmış alim, AMEA-nın müxbir üzvü Rafiq
Əliyev də, mərhum akademik Xudu Məmmədov da həmin
məktəbi bitiriblər. 1984-cü ildə
Ağdamdan Ağcabədiyə köçsək də,
tez-tez Ağdama gedirdim. Hər 5-ci gün
axşam qatarla Ağdama gedirdim, bazar günü axşam
Bakıya qayıdırdım. Bir dəfə
hesabladım, 1979-cu ildən 1984-cü ilə qədər
ömrümün bir ilini Ağdam-Bakı qatarında gecələmişəm.
Dostlar deyirdilər ki, Ağdama getsən, heç yeri
tanımayacaqsan. Deyirdim, gözüyumulu Ağdamı
taparam, 1 nömrəli məktəbdən çıxıb
dördmərtəbəli binanın yanından Lenin
bağı ilə evə gedərəm. Deyirdilər,
bəlkə də, gözüyumulu gedərsən, ancaq
gözüaçıq mümkün deyil.
UNEC-in rektoru Ədalət Muradovun təşəbbüsü,
Prezidentin Qarabağ üzrə nümayəndəsi Emin
Hüseynovun dəstəyi ilə ağdamlı
ziyalıların doğma yurda səfəri baş tutdu. İlk dəfə
gedənlərin sırasında akademik Dilqəm
Tağıyevlə AMEA-nın müxbir üzvü Rafiq
Əliyev də var idi.
Birinci İmarətə gəldik. Orada o qədər futbola
baxmışam ki... Təəssüf ki, Sovet illərində
biz oranın mahiyyətini lazımi qədər dərk etmirik.
Bilmirdik ki, Pənah xanın, Natəvanın və
digərlərinin qəbirləri oradadır. Biz ancaq ora Ağdamın "Şəfəq"
komandasının oyunlarına baxmağa gedərdik.
Oradan məscidə gəldik. Məscidin ən kədərli
mənzərəsi mənim yadımdadır. Xocalı hadisəsindən sonra meyidlərin ora gətirilməsi
gözümün qabağından getmir. 10
yaşıma qədər məscidin qabağında dördmərtəbəli
binanın ikinci mərtəbəsində yaşamışam.
Aşura vaxtı bütün ətraf rayonlar
Ağdam məscidinə axın edirdi. İndi
deyirlər, Sovet vaxtı məscidlər bağlı idi, dini
qadağan eləmişdilər. Mən o
deyilənlərə təəccüblə
yanaşırdım. Çünki
gözümü açandan məsciddə insanları gur
görürdüm, o qadağanı hiss eləmirdim.
Məsciddən sonra teatr tərəfə getdik. Əbdürrəhim bəy
Haqverdiyev adına Ağdam Dövlət
Teatrının direktoru Əli Əmirlinin dayısı Məmməd
Əmirov idi. Məmməd müəllim
atamın dostu idi. Bacımla birgə orta məktəbdə oxuyanda
bizi hansısa tamaşanın ictimai baxışına
aparmışdı. O vaxt təsadüfən gənc jurnalist
Aqil Abbas ora gəlib çıxmışdı. Aqil Abbasın ordakı çıxışı mənim
bütün düşüncələrimi dəyişmişdi.
Sovet televiziyasına baxan, qəzetini oxuyan bir məktəbli
üçün belə fərqli danışıq tərzi
olduqca maraqlı idi. Aqil Abbas elə indi də
o cür danışır.
Ağdam
teatrında Əməkdar artist Tofiq Qarayev var idi, əfsanəvi
adam idi. Ona görə
tamaşaya baxmağa gəlirdilər, öz improvizələri
ilə insanları cəlb edə bilirdi.
Bütün bu yerləri gəzdikcə evlərin yerini təxmini
bilirdim. Sadəcə kol-kos yolu-izi örtmüşdü.
Həqiqətən, gözüyumulu haranısa tapa bilərəm,
amma gözüaçıq mümkün deyil..."
Mümkün deyil ki, sonuncu cümlə insanı kədərləndirməsin. Özü də
danışdıqca kövrəlir, gözlərini uzağa
zilləyirdi... "Həmin yerlərdən hansı arzularla
ayrıldınız?" sualıma verdiyi cavab illərin
sürətli axışından, zamanın
amansızlığından, ömrün
bietibarlılığından xəbər verirdi:
"Emin
Hüseynov dedi ki, Qızıl Kəngərli kəndində
bir yeməkxananı bərpa etmişik. Şahbulağı,
Daş karxanasını keçdik, Xaçın su
anbarının yanından həmin kəndə getdik. Orada səfərlə bağlı fikirlərimizi
bölüşdük, Emin Hüseynovun fikirlərini öyrəndik.
Ağdamla bağlı arzular səsləndi.
Daha sonra Quzanlıya gəldik, Ağdamın icra
başçısı ilə həmsöhbət olduq. Qaraağacı qəbiristanlığı barədə
təkliflər irəli sürüldü. Emin
Hüseynov bildirdi ki, biz istəyirik, ağdamlı iş
adamları bu quruculuğa qoşulsunlar, bəziləri tərəddüd
edir.
İki günlük səfər nəticəsində xeyli yorğunluq olsa da, xeyli ruhum təzələndi, beynində yeni fikirlər cücərdi. Gedib o yerləri görürsən, sənə güc gəlir, düşüncələrin durulur. On beş yaşımda Cıdır düzünə şeir yazmışam, daha sonra Xarıbülbül festivalı ərəfəsində yenidən Şuşaya şeir yazmışam. Azərbaycan Prezidentinin Şuşa haqqında dillər əzbərinə çevrilən sözlərini eşidəndə mənim gözlərim yaşarır. Hər dəfə Şuşaya gedəndə ayrı-ayrı sözlərlə o yerləri tərənnüm edir. Keçən il cənab Prezident dedi ki, dünyanın çox yerində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm. Bu sözləri eşitmək mənim üçün böyük xoşbəxtlik idi.
Mərhum yazıçımız Əli İldırımoğlu deyirdi ki, Qubadlıda bizim kəndimizin iki tərəfindən çay axırdı. Dedim, Əli müəllim, bizim kəndimizin üç tərəfindən çay axırdı. Ağoğlanın bir tərəfindən Hacılar çayı, bir tərəfindən Xənəzək çayı, bir tərəfindən isə Minkənd çayı axır. Nə yaxşı ki, o çayların şırıltısını yenidən eşitmək mənə qismət oldu. İnsanın genetik yaddaşı oyanır. Torpaqlar azad olunandan sonra bir arzum olub, qocalığımı Ağoğlanda yaşamaq istəyərəm. Xəyal qururam ki, orada necə ev qura bilərəm. Bilirsən, o dağlarda keçi pendiri olurdu. Onun spesifik dadı var idi. Nənəmin pendirinin dadını bircə dəfə 1993-cü ildə Fransada yediyim pendirdən almışam.
Son illərdə neçə-neçə xəyalımız gerçəkləşib, yəqin, bu xəyal da gerçəkləşər".
Rəşad Məcidlə bu qədər həmsöhbət olduğum yadıma gəlmir. Ürəyi dolu idi, danışdıqca danışmaq istəyirdi, halbuki çox vaxt qısa və konkret cavabları sevir. Qələmə aldıqlarım söhbətimizin bir qismi idi. Söhbətimizin davamını sonra qələmə alacam: Ağoğlanda, Rəşad Məcidin doğulduğu evdə keçi pendiri yeyib söhbətə davam edəcəm, orda danışdıqlarını da yazacam. Odur ki, bu söhbətimiz hələ tam deyil. Sağlıq olsun, qarabağlı Rəşad Məcid!
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 18 iyun.- S.10-11.