Azərbaycan dilində rəqəmsal "Qazax ədəbiyyatı
kitabxanası"nın təqdimatı olub
İyunun
17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi,
Qazaxıstanın Azərbaycandakı
səfirliyi və Milli Kitabxananın birgə layihəsi olan Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat
mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki,
tədbiri Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
açaraq bu il Azərbaycan
və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 ilinin
tamam olduğunu qeyd edib. Bildirib ki,
ölkələrimiz bir
çox sahələrdə
- siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsində
əməkdaşlıq edir.
Azərbaycan Milli Kitabxanası da Qazaxıstan kitabxanaları
ilə əməkdaşlıq
əlaqələrini genişləndirir:
"Azərbaycan və
Qazaxıstan arasında
mədəniyyət sahəsində
əlaqələri daha
da genişləndirmək
üçün biz Azərbaycan
dilində qazax yazıçı və şairlərinin əsərlərindən
ibarət rəqəmsal
kitabxananı yaratmağı
qərara aldıq. Bu layihə əsasında
pandemiya dövründə
Azərbaycan dilində
çoxsaylı qazax müəlliflərinin əsərlərinin
elektron versiyası yaradıldı", - deyə
K.Tahirov bildirib.
Qazaxıstanın Azərbaycandakı səfiri
Serjan Abdıkarimov bildirib ki, Azərbaycan
və Qazaxıstan arasında münasibətlərin
çoxəsrlik tarixi
var: " Azərbaycan
Milli Kitabxanasında qazax ədəbiyyatı guşəsinin olmasını,
Bakı küçələrindən
birinin dahi qazax şairi Abay Kunanbayevin adını daşımasını,
BDU-da Abay adına Qazax dili, tarixi və
mədəniyyəti mərkəzinin
açılmasını bu
əlaqələrin möhkəmlənməsinə
nümunə göstərə
bilərik".
Sonra səfir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan arasında 30 illik əməkdaşlıq dövründə
qazax müəlliflərinin
kifayət qədər
zəngin kitab fondu toplanılıb, onların əsərləri
Azərbaycan dilinə
tərcümə olunub.
Bu gün təqdim
olunan rəqəmsal kitabxanada 50 kitab nümayiş olunur, onların arasında da A.Kunanbayevin, M.Auezovun və digərlərinin əsərləri
yer alır.
Çıxışının sonunda səfir bu layihəyə verdiyi töhfələrə
görə Kərim Tahirova təşəkkürünü
bildirib və ona Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının elektron
daşıyıcısını təqdim edib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək
bildirib ki, bu il Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fonduna üzv dövlətlər
üçün əlamətdar
bir ildir. Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 iliyi
ərəfəsində belə
bir layihənin təqdimatı çox qürurvericidir. G.Əfəndiyeva
qeyd edib ki, ötən 30 il ərzində
əlaqələrimiz müxtəlif
səviyyələrdə inkişaf
edib. Vurğulayıb ki, təqdim
olunan rəqəmsal kitabxana bütün oxuculara Azərbaycan dilində qazax ədəbiyyatı ilə
tanışlıq imkanı
verəcək, xalqlarımızı
daha da yaxınlaşdıracaq.
Azərbaycan Yazıçılar Birliyinin
birinci katibi, Xalq yazıçısı
Çingiz Abdullayev, təqdimat mərasimində
iştirak etməkdən
məmnunluğunu ifadə
edib. O, müxtəlif dillərdə,
həmçinin, müxtəlif
xalqların ədəbiyyatının
oxunmasının gənclərimiz
üçün əhəmiyyətindən
danışıb. Bildirib
ki, layihədə yer alan
kitabların sayı tezliklə artacaq və belə formatlı layihələr
digər türk xalqları ilə davam etdiriləcək.
Sonda Milli
Kitabxana tərəfindən hazırlanan qazax xalqının böyük
şairi və mütəfəkkiri Abay Kunanbayevə həsr olunmuş
virtual sərgi də
iştirakçılara təqdim olunub.
525-ci qəzet.- 2022.- 18 iyun.- S.9.