Azərbaycan-Türkiyə

 

 

İki dövlət, bir millət,

Türk qanıdır qanımız .

Vətən üçün ölərik,

Yurda qurban canımız .

Nurlu sabah gözləyir

Bizi elə həmişə.

Heç vaxt üz çevirmərik

Düşmən açan atəşə .

Azərbaycan-Türkiyə!

Türkiyə-Azərbaycan!

 

 

Düşməndən qorxumuz yox,

Sinə gərdik yağıya .

Düşmən üstə yeridik ,

Saldıq onu qorxuya .

Türk oğluyuq - türkük biz,

Döyüşdə şir kimiyik!

Düşmənə od ələrik ,

Görünməz sirr kimiyik!

Azərbaycan-Türkiyə!

Türkiyə - Azərbaycan!

 

 

Torpağı, dağı, daşı

Suvarar şəhid qanı!...

Çökdürə bilməz kimsə

Məğrur Azərbaycanı!

Düşmən olana nifrət,

Dost olana can dedik!

Düşmənə od yağdırıb,

Get alışıb yan dedik!..

Azərbaycan-Türkiyə!

Türkiyə-Azərbaycan!

 

 

 

Nədi?

 

Sevinc harda baş oldu, -

Baş altında daş oldu..

Hər tərəf yamyaşıldı,

Gözündə solan nədi?

 

Tanrı tufan qopardı,

Yolnan keçən çapardı...

Ruhunu sel apardı,

Canında qalan nədi?

 

Dan yeri al boyandı,

Hamı susdu, dayandı.

Qəlbdə şübhə oyandı,

Qəlbinə dolan nədi?

 

Minməyə kəhərin yox,

Ölməyə şəhərin yox.

İçməyə zəhərin yox,

Əlində ilan nədi?

 

Təpəyə dağ demisən,

Şit şora yağ demisən.

Qaraya demisən,

Dilində yalan nədi?

 

 

 

Doğulur

 

Ram olur gecə gündüzə ,

Dağlar qol açır gen düzə .

Bir pis sədd olur min düzə ,

Ürəklərdə dərd doğulur .

 

Yaxşıya əl tutmur yaxşı ,

Göz yaşın qurutmur yaxşı .

Bəs kimi unutmur yaxşı?

İki - iki dörd doğulur .

Torpaq neçə qat olubdu ,

Görən kəslər mat olubdu ...

Əyrilər rahat olubdu ,

Doğrular sərt doğulur .

 

Danışma gözəl sonadan ,

...vəfasız olur binadan...

...qeyrətli oğul anadan

Vallah elə mərd doğulur.

 

 

Dəniz

 

Məni yaman çox istəyir,

İndi alacaq qadamı...

...Dəniz qadın kimidir, -

Özünə çəkir adamı.

 

Yamanca vurğun olmuşam,

Salıbdı məni oynuna.

İki yolum var - neyləyim?

Məni alanda qoynuna.

 

Sevirsən, sevirlər səni,

Yaradan yaradıb bizi.

Dəniz desə edəcəm,

Sevirəm axı dənizi...

Ürəyim təmizdən təmiz,

Bax hər şeydən təmiz sevgim!

Dənizi çox sevirəm mən ,

Tükənməz heç dəniz sevgim!..

 

Məni yaman çox istəyir,

İndi alacaq qadamı...

Dəniz qadın kimidir, -

Özünə çəkir adamı...

 

Gecə

 

Ulduzlar sevilir, deyəsən,

ulduzlar sevinir, deyəsən ...

ulduzlar eləcə

göy üzünə səpələnir .

Gecədən doğulur qaranlıq,

qaranlıq doğulur gecədən ...

Ay doğur qaranlıqda ,

ay işığında dəniz ləpələnir .

Ay işığında sevgi doğulur...

sevgidən başqa

boğulur hər şey gecədə.

...Gecə öz həyatını yaşayır,

gecə bizi sabaha daşıyır -

sevgi dolu nurlu bir sabaha!..

 

Fazil ƏSƏD

 

525-ci qəzet.- 2022.- 18 iyun.- S.23.