Əsl Hacı Nuru
hekayə
Günortaydı. Əlimdəki vacib işi təzəcə
bitirmişdim ki, cib telefonuma zəng gəldi. Tələsik baxdım. Zəng
vuran köhnə dostum Mahir idi. "Xeyir ola",- öz-özümə
pıçıldadım. Onunla beş ildən
çox bir təşkilatda işləmişdik. Mahir üç
il əvvəl yaşına görə təqaüdə
çıxmışdı. Arxada qalmış
illər ərzində onunla bir-iki dəfə təsadüfən
şəhərdə rastlaşmış, ayaqüstü də
olsa, bir-birimizdən hal-əhval tutmuşduq.
Başqa
iş yoldaşlarıma baxanda Mahir mehriban adam
idi. Əgər içkiyə meyil salmasaydı,
nəyə desən and içmək olardı ki, Mahir
dünyanın ən saf, ən təmiz insanıdı.
Amma nə edəsən ki, iş
yoldaşımız içkiyə yaman aludə idi. Hansısa qonaqlıqda-filanda boğazımızı
yüngülvari yaşlayandan sonra əlimizi araqdan çəkərdik.
Qədəhləri bir az kənara
qoyduğumuzu görəndə Mahir bizi ərkyana danlayıb
deyirdi ki, sizinki içmək deyil ha! Siz araqla məzələnirsiniz,
arağa hörmət etmirsiniz. Arağı
bu cür görməmiş kimi içməsi xoşumuza gəlməzdi.
Ona görə də yeri düşdükcə, Mahiri
danlayıb az içməyini məsləhət
görərdik. Dediklərimizi vecinə almaz,
bildiyi kimi davam edərdi.
İndi köhnə dostumdan zəng gələndə
fikirləşdim ki, yəqin, yenə də qonaqlıq, ya da
toy var. Amma eşitdiyim xəbər məni xeyli təəccübləndirdi. Mahir salam-kəlamdan sonra tələsik
dedi ki, Həcc ziyarətindən təzəcə
qayıdıb, evində ehsan süfrəsi açıb, məni
də əziz qonaqlarının arasında görmək istəyir.
Sözün düzü, onun arağı tərgidib,
haqq yoluna qayıtması məni xeyli sevindirdi. Mahirə
mütləq gələcəyimi dedim.
Dəvət olunan yerə gecikmək təbiətimə
yad olduğundan deyilən vaxtda onun darvazasını
döydüm.
Mahir həyət evində yaşayırdı.
Yay vaxtı olduğuna görə süfrəni
də çöldə açmışdılar. Evinə özünə ən yaxın hesab elədiyi
adamları dəvət eləmişdi. Əvvəlki illərdə
olduğu kimi, onunla
mehribancasına görüşdüm. Hacı adını ürəkdən təbrik etdim. Hacı Mahir adı
dilimə çox yaxşı yatdı. Hamımız
onun başına yığışıb səfər təəssüratlarına
qulaq asdıq. Köhnə dostum ziyarətə
necə gedib gəldiyindən, yolboyu
qarşılaşdığı, şahidi olduğu
maraqlı hadisələrdən həvəslə
danışdı. Həcc ziyarətinə
getdiyinə, haqq yolunu tutduğuna görə sevinci yerə-göyə
sığmırdı.
Tanıdığım vaxtdan bəri birinci dəfəydi
ki, Mahirin süfrəsini içkisiz görürdüm. Bu vəziyyətdə
süfrə gözümə çox yaraşıqlı
görsənirdi. İçki qəbul etmədiyindən
o həmişəki kimi şən deyildi,
deyib-gülmürdü. Demək olar ki, əvvəlki
Mahirdən əsər-əlamət qalmamışdı.
Hiss olunurdu ki, Həcc ziyarəti, haqq yoluna
qayıdışı onu tamam dəyişib. Ehsan
məclisi başa çatanda onun Hacı adını bir daha təbrik
edib sağollaşdım.
İki-üç aydan sonra Mahirlə təsadüfən
bir tədbirdə rastlaşdıq. Bir az ordan-burdan
danışıb, hal-əhval tutduq, söz-sözü çəkdi,
ötənləri-keçənləri xatırladıq. Gördüm ki, başına fəs qoymuş dostum
saqqal saxlayır, əlində də uzun, yaraşıqlı təsbehi
var. Bu görkəmdə dostum əvvəlkindən
yaxşı görsənirdi. Elə bil bir az da cavanlaşmışdı. Bunu onun
özünə də dedim. Sonra dostumu bir tərəfə
çəkib getdiyi müqəddəs yerlərə and verib
soruşdum ki, Mahir, axı sən içkiyə çox
meyilli idin, kişi kimi düzünü de
görüm, arağın daşını necə ata bildin?
Bir az duruxan dostum yaxınlıqda olanlar
eşitməsin deyə, sualıma pıçıltı ilə
cavab verdi. Dediklərindən yaman məyus oldum. Mahir gözlərimin
içinə baxa-baxa: "Səndən nə gizlədim, Həcc
ziyarətinə gedib-gəlsəm də, içkinin
daşını ata bilməmişəm. İndi
hamının yanında yox, təklikdə içirəm",
- dedi. "Daha bunun harası hacılıq oldu,
ay Mahir? O cür müqəddəs yerlərə getmisənsə,
bu yolu axıra qədər tut, içmə də! Bu hərəkətin
Allaha acıq gedər", - deyib onu məzəmmət elədim.
Başını aşağı salıb,
arağı yavaş-yavaş tərgidəcəyinə
söz versə də, dediklərinə yenə də
inanmadım.
Bu görüşümüzdən sonra bir daha Mahirlə
rastlaşmadıq. Bilmədim ki, dostum içkinin
daşını birdəfəlik ata bildi, yoxsa yox. Ötən illər ərzində köhnə dostumu
görə bilməsəm də onun kimi hacılarla
bağlı başıma bəzi xoşagəlməz işlər
gəldi. Hamı bilir ki, təsadüfi qəzalardan
qaçmaq mümkün deyil. Xoşagəlməz
hadisələr harada olsa gəlib adamın yaxasından
yapışır.
İsti
yay günlərinin birində işıqforda
dayandığım zaman başıma iş gəldi. Arxadan sürətlə gələn avtomobilin
sürücüsü əyləci vaxtında basa bilmədiyindən
maşınımı vurub əzdi. Başıma
gələn hadisədən qanım it qanına döndü.
Maşınından düşəndə
gördüm ki, sürücü cavan bir oğlandır.
O, ağzımı açmağa imkan verməyərək
şirin dilini işə salıb dedi ki, dayıcan, narahat olma,
həkiməm, özü də hacıyam,
maşınınızı necə lazımdırsa düzəltdirəcəm.
Bu sözdən sonra üstünə
acıqlanıb bir söz demədim. Beş-on
dəqiqə keçər-keçməz yol polisləri gəldi.
Sürücülük vəsiqələrimizi və
avtomobillərimizin texniki sənədlərini alandan sonra bizi
şöbəyə apardı. Ətraflı
izahat yazıb hadisənin necə baş verdiyini polislərə
bildirdik. Hacı olan sürücü dedi ki, dayıcan,
bu gün gecdir, sabah
maşınınızı ustaya aparıb düzəltdirəcəm.
Danışdığımız kimi səhər ertədən
Hacı ilə görüşüb ustanın yanına getdik. Usta maşının
altına-üstünə xeyli baxandan sonra dedi ki, işləri
qaydasına qoymaq üçün 350 manat pul lazımdır.
Hacı ustaya 50 manat pul verib dedi ki, sən işə başla,
qalanını da sabah çatdıracam.
Sonra üzünü mənə tutub dedi ki, dayıcan, mən
hacıyam, müqəddəs yerlərdə ziyarətdə
olmuşam, özümün də böyük bir diş
klinikam var. Pul sarıdan heç bir problemim yoxdu, nömrəmi
də bilirsən. İnşallah, sabah
ustanın haqqını artıqlaması ilə ödəyəcəm.
İndi gedək polis şöbəsinə, ərizə
yaz ki, mənimlə bağlı şikayətin yoxdu.
Polisdən sənədlərimizi götürək, təcili
iş çıxıb, sabah rayona getməliyəm.
Mən də onun hacılığına,
müqəddəs yerlərə getdiyinə inanıb dediklərini
elədim. Fikirləşdim ki, Hacı adı
daşıyanın, diş klinikası olanın birisi 300
manatın arxasından qaçmaz.
Sabahısı ustadan pulun
çatıb-çatmadığını soruşanda ondan
"yox" cavabı eşitdim. Ertəsi gün də
elə oldu. Sonra Hacının nömrəsini
yığdım. Telefonu açıb səsimi eşidən
kimi dedi ki, dayıcan, yoldayam, rayondan qayıdıram. Narahat
olma, getdiyim ziyarətgaha and olsun ki, inşallah, sabah
ustanın pulunu verəcəm. Bu sözün
qarşısında susub heç nə demədim. İki-üç gün arxada qalsa da, Hacıdan bir
xəbər çıxmadı. Ustanın
əl haqqını istəmək üçün yenə ona
zəng vurdum. Deyəsən, Hacının
telefonu bağlı idi. Bundan çox
narahat oldum. Fikirləşdim ki, yəqin
Hacı məni aldadır. Gün ərzində
bir neçə dəfə cəhd etsəm də, ona zəng
çatmadı. Onda başa düşdüm ki, bu
Hacı da köhnə iş yoldaşım Mahir kimi
yalançı imiş. Diş klinikası işlədən,
Həcc ziyarətinə gedən və 300 manatın
arxasında gizlənən birisinin arxasınca çox gəzmədim.
Bu hadisələrdən sonra hacılar əməlli-başlı
gözümdən düşdü.
Özünə Hacı ləqəbi götürən
bir dostum da var. Onun həcc ziyarətinə gedib-getmədiyindən
xəbərsizəm. Ziyarətdə olduğuna bir az
şübhəm var. Çünki ziyarətə gedənlər
adətən Hacı sözünü adlarının əvvəlində
yazırlar. Mənim bu dostumsa həmin
sözü adından sonraya keçirib. Buna
görə də onun həcc ziyarətində olduğunu dəqiq
bilmirəm. Amma bu müqəddəs yerlərə
gedib-getməsindən asılı olmayaraq, o da
yalançıdı. Yalançılığını
ondan bilirəm ki, iki dəfə söz versə də,
kitablarım haqqında heç nə yazmadı. İki dəfə də buna görə ona babat
qonaqlıq vermişəm. Dediyi vaxtdan beş
altı il keçib, hələ də özünə
Hacı ləqəbi götürən dostum verdiyi sözə
əməl eləməyib. Heç inanmıram ki, indən
sonra nəsə bir iş görsün. Çünki bir atalar
sözündə deyildiyi kimi: "Ət yeyən quş
dimdiyindən tanınar". İstəyi
olsaydı, indiyə qədər nəsə bir şey
yazıb ortalığa çıxarardı. Kim bilir, bəlkə də verdiyi vədi də
unudub. Belə xoşagəlməz işlər
başıma gələndən sonra özümə söz
verdim ki, bir daha hacıların nə özlərinə, nə
də sözlərinə inanmayacam, onlardan uzaq gəzib
dolaşmağa çalışacam.
Amma neyləyəsən ki, bəzən işlər elə
tərs gətirir, verdiyin sözü yerinə yetirə bilmirsən. Çünki
indi hara addım atırsan, hacılarla rastlaşırsan.
İllər bir-birini əvəz etdikcə
onların sayı da yavaş-yavaş çoxalır.
O günləri yaxın qohumlardan biri zəng vurub sevinə-sevinə dedi ki, təzə ev tikib. Bu münasibətlə yenicə yığışdığı həyət evində qonaqlıq verəcək. Əziz adamı kimi məni də məclisə dəvət edirdi.
Dediyi vaxtda qohumumgilə getdim. Sağlığına qismət olsun, qohumum şəhərdən bir az kənarda aldığı torpaq sahəsində özünə qəşəng həyət evi tikmişdi. Qonaqları da az deyildi, süfrə arxasında xeyli dost-tanış oturmuşdu. Bir saatdan sonra uzaqdan gələn qohum-əqrəba sağollaşıb getdi. Süfrə açılan otaqda bir az adamlar seyrəldi. Qohumumun həyat yoldaşı həmişəki kimi dadlı yeməklər bişirmişdi. Yeyib-içdikcə kefimiz durulurdu. Adamın kefi durulanda da, müvəqqəti də olsa dərd-sərini unudur.
Məclisin axırına yaxın qonşular gəldi. Gördüm ki, hamı bir nəfərə daha çox diqqət göstərərək: "Hacı, buradan otur, Hacı, oradan otur! Hacı, bu yeməkdən ye, o yeməkdən ye!", - deyir. "Hacı" kəlməsini eşidən kimi kefim bir az pozuldu. Hacılarla bağlı söz-söhbətlər yaddaşımda tərpəndi. Qonşuların "Hacı" deyib çağırdıqları cavan bir oğlan idi. Elə də imkanlı birisinə oxşamırdı. Qohumumdan onun nə vaxt ziyarətdə olduğunu soruşanda eşitdiklərimə inanmadım. O, dedi ki, qonşumuz Həcc ziyarətində olmayıb. Sadəcə çox xeyirxah olduğuna görə hamı ona "Hacı" deyir. Qapısına gələnlərə həmişə kömək edir. Gücü və imkanı çatdığı qədər qonşulara da əl tutur. Heç vaxt kimsəni darda qoymur, köməksiz buraxmır. Bəzən kiminsə qapısında saatlarla təmənnasız iş görür. Belə xeyirxahlığına görə də qonşular ona "Hacı" deyir. Vallah heç Həcc ziyarətinə gedənlər onun qədər mərd, açıqürəkli, xeyirxah deyil.
Qohumumun sözlərindən sonra bu cavan
oğlanın üzünə diqqətlə baxdım. Onun sifətindən nur yağırdı, gözlərindən
sevinc parlayırdı. Gülümsər çöhrəsindən
Tanrıya razılıq süzülürdü.
Qonşuların "Hacı"
çağırdığı oğlan yaxşı insana
oxşayırdı. Onun sevinclə parlayan gözlərinə
baxanda qeyri-adi nur, qəribə işıq gördüm.
Görünür, əsl hacılıq nuru elə bu imiş.
Vahid
MƏHƏRRƏMOV
Hərbi
jurmalist
525-ci qəzet.- 2022.- 21 iyun.- S.15.