"Zəngilan işğaldan azad ediləndə elə bildim, dünyaya təzədən gəlmişəm..."  

 

Ötən illərə tarix deyirik. Tarixi xatırlayanlar tanıdıqlarının ömür yolundan düşən işığı da yada salır və yaşanılmış illərə bu işıqdan nəzər salır. O işıqda gördüklərinin özü də, mahiyyəti də ömür ifadəsinin fəlsəfi yozumuna dönür. Yaxından tanıdığım, xarakterinə, düşüncələrinə bələd olduğum vətənpərvərləri həmişə belə xatırlamışam və xatırladıqlarımı bu ömürlərə sədaqət kimi, azərbaycançılığa sədaqət kimi, el-obaya sədaqət kimi yaşamışam. Belə anları ömrümün  şükranlığı bilmişəm...

Vəli Nəcəfqulu oğlunu da həmişə bu duyğularla xatırlayıram.

1952-ci il iyunun 24-də Zəngilanın Cahangirbəyli kəndində anadan olub. Zəngilan kənd  orta məktəbini 1968-ci ildə bitirib. Sənədlərini indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinə verib. Müsabiqədən keçə bilməyib. Şəhərdə qalıb işləməyi qərara alıb. Sonralar deyərmiş ki, bunu özümə həm imtahanlara, həm də həyata hazırlıq dövrü bilirdim. Əmin idim ki, bu uğursuzluq mənim təhsildə son uğursuzluğum olacaq...

Sumqayıt şəhərində Şüşə zavodunda fəhlə işləyib...

1969-cu ildə musabiqədən keçə bilmədiyi ali məktəbin Tarix fakültəsinə qəbul olub. Fikrimi gündüz şöbəsində oxuyanlar tərəddüdsüz təsdiqləyər: seminarlara gündəlik hazırlaşan tələbənin imtahanda çətinliyi olmur. Bu, həm də imtahanlara semestr boyunca hazırlaşmaq deməkdir. Vəli Nəcəfqulu oğlu belə təhsil alırdı. Bu, pedaqoqların diqqətindən yayınmazdı. Müəllimlərinin məsləhəti ilə Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi araşdırmalar aparmağa başladı. Hələ ki, müəllimlərinin müəyyənləşdirdiyi, məsləhət gördüyü mövzular üzrə. Uğurlu nəticələrə nail olub. Həm də təşkilatçılığıyla fərqləndiyinə görə əvvəlcə fakültə, sonra isə universitet Tələbə Elmi Cəmiyyətinin sədri seçilib...

Universiteti fəqlənmə diplomu ilə bitirib. O illərdə belə tələbələrə elmi araşdırmalar aparması üçün univesitetdə qalmaq, işləmək təklif edilirdi. Vəli Quliyev bu təklifdən imtina edib. Niyə? - cavabı bəlli bu sualı heç kim ondan soruşmayıb; onun üçün Azərbaycan adında dünyada bir Zəngilan dünyası vardı və bu dünya onu ana şəfqətiylə özünə çəkirdi. Vəli oğul sədaqətiylə qayıdıb Zəngilana. Şayıflı kənd orta məktəbində tarix-ictimaiyyət müəllimi işləyib. Sevdiyi peşəni sevdiklərinə böyük həvəslə öyrədib. Şagirdləri gənc müəllimi sevib. Özünü sevdikləri qədər də tədris etdiyi fənni seviblər. Pedaqoji ustalıq, məharət budur!..

Vəli müəllim komsomol fəalı idi. Bu fəallıq onun savadının, qabiliyyətinin yada düşməsində vəsilə olmuşdu. Fəal idi, təşəbbüskar idi...

Vəli Quliyevi 1975-ci ildə partiya sıralarına qəbul etdilər.

Müəllim ömrü yaşayırdı. Cahangirbəyli kənd orta məktəbində, sonra Mincivan qəsəbəsində N.Nərimanov adına orta məktəbdə işləyib. Həmişə ehtiramla əhatələnib; biliyi, biliyin sevgilərlə aşılanması, aqillərdən öyrəndiklərini gələcəyin aqillərinə çatdırma, ... el məhəbbəti deməkdi. Bir atalar sözündə deyildiyi kimi, "Hər kimi el sevərsə, bülənd olar, ucalar".

1976-cı ilin mayında Vəli müəllimi hərbi xidmətə çağırıblar. Qazaxıstanda, Semipalatinskdə xidmət edib. Burda da fəallığıyla fərqlənib. Bu fəallıq təkcə özünə deyil, xalqına da hörmət qazandırıb. Həqiqi hərbi xidmətdən tərxis edilib. Zəngilana qayıdıb; 1977-1979-cu illərdə Zəngilan kənd orta məktəbində müəllin işləyib. Az sonra tərbiyə işləri üzrə direktor müavini təyin edilib.

Vəli müəllimin ictimai fəallığı da diqqətdən yayınmırmış; "Sən balığı at dəryaya, balıq da biləcək, xaliq də"- Vəli müəllim könüldaşlarına belə deyərmiş. Onun dərs prosesi ilə bilavasitə əlaqəsi olmayan gərəkli fəaliyyəti haqqında rayon partiya komitəsi məlumatlıymış. Partiya təhsili sistemində qabaqcıl təbliğatçı və təşviqatçı kimi rayon partiya komitəsinin rəhbər işçilərinin diqqətini cəlb edən Vəli Quliyev 1979-cu ilin oktyabrında Zəngilan rayon partiya komitəsinin  təşkilat şöbəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

Vəli Quliyev 1980-ci il  aprelin 1-də Zəngilan rayon komsomol komitəsinin birinci katibi seçildi. İşə yüksək əzmkarlıqla başlayıb; Komsomol komitəsində kadrların əksəriyyəti, obrazlı şəkildə desək, komsomol orqanlarında yaşlaşırdı. Bu amil Vəli müəllim kimi duyğusal, geniş dünyagörüşlü pedaqoqun, ideoloji işçinin diqqətindən yayınmazdı. Yayınmayıb da. Vəli müəllim ilk növbədə təcrübə qazanmış komsomol işçilərinin irəli çəkilməsini rayon rəhbərliyi qarşısında qaldırıb. Məntiqli, əsaslandırılmış təklif nəticəsiz qalmayıb. Daha fəal, daha bacarıqlı, ideoloji potensialı daha şox olan gənclərin irəli çəkilməsinə xüsusi diqqət yetirilib.

1980-ci ildə hərbi xidmətimi başa vurub rayona qayıtmışdım. Müəllim işləyirdim. Tələbəlik illərində fakültə komsomol komitəsi katibinin müavini kimi ictimai iş aparmışdım, müəyyən qədər təcrübəm vardı. Yəni komsomol işini bilirdim. Hərbi xidmətdə partiya sıralarına keçməyim, rayona qayıtdıqdan sonra səmimiyyətlə davamlı fəaliyyət göstərmək istəyim mənim iyul ayının əvvəllərində Vəli müəllimlə görüşməyimə vəsilə oldu. Məni böyük ehtiramla qəbul etdi, son dərəcə diqqətlə dinlədi, sonra məni təqdim etmək üçün rayon komsomol komitəsinin katibi Akif Həsənovu kabinetinə dəvət etdi. Akif Həsənova mənim komsomol siyasi təhsil sistemində tikinti təşkilatlarından birində təblığatçı müəllim təyin edilməyimi tapşırdı. Sonra lazım olanda onunla çəkinmədən  əlaqə saxlamağımı bildirdi. Akif Həsənov mənimlə söhbət etdikdən sonra 13 saylı tikinti sahəsinə təbliğatçı müəllim kimi fəaliyyət göstərməyimi məsləhət bildi.

Oktyabr ayının sonunda Vəli müəllim məni söhbətə dəvət edib rayon komsomol komitəsinin idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri vəzifəsinə məsləhət bildi,  namizədliyimi rəhbərliklə razılaşdırdıqdan sonra, 1980-ci il noyabrın 8-də Bakıya Azərbaycan Komsomolu Mərkəzi Komitəsinə söhbətdən keçməyə göndərdi.

Noyabrın 10-da rayon komsomol komitəsi bürosunun qərarı ilə şöbə müdiri təsdiq edildim.

Vəli müəllim zəhmətə, bacarığa, yeniliyə, təşəbbüskarlığa, yüksək biliyə, insanın işləmək həvəsinə xüsusi diqqət və qayğı göstərirdi. O, mənim kimi onlarla gəncin irəli çəkilməsində təşəbbüskar olub, təşəbbüslərini gerçəkləşdirib.

Vəli Nəcəfqulu oğlunun birinci katib işlədiyi müddətdə komsomolun nüfuzu xeyli yüksəldi. Qabaqcıl gənclərin iş təcrübəsi öyrənilib yayıldı. Əmək qabaqcılları mükafatlandırıldı, onlara mənzillər verildi.

Zəngilanın yüzlərlə gənci zərbəçi komsomol tikintiləri olan Uzaq Şərqdə Baykal-Amur Magistralı  Krasnoyarsk Ağır Ekskavatorlar zavodunda işə göndərildilər.

Gənclərin fiziki və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində məqsədyönlü tədbirlər hazırlanıb həyata keçirildi. Çağırışyaşlı və çağırış yaşınadək gənclər arasında aparılan işlər nəticəsində hərbi xidmətə yola salınan gənclərin hamısı komsomolun üzvü idilər.

Xalidə Həsənova, sonra Güllər Bədəlova Azərbaycan Ali Sovetinin deputatı, onlarca əmək qabaqcılı olan gənc rayon və kənd sovetlərinin deputatı seçildilər. Vəli Quliyev isə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, rayon pariya komitəsinin büro üzvu və rayon sovetinin deputatı seçildi. Bütün bunlar Vəli Nəcəfqulu oğlunun Zəngilan gənclərinin rəhbəri olduğu müddətdə olub.

Vəli müəllim 1982-ci ildə Bakı şəhərində ali  siyasi təhsil almağa göndərilib. 1984-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1996-cı ilin yanvarınadək Zəngilan rayon partiya komitəsində təskilat şöbəsində təlimatçı, rayon partiya komitəsi yanında partiya komissiyasının sədri, təşkilat şöbəsinin müdiri, Zəngilan kənd XDS İcraiyyə Komitəsinin sədri və Zəngilan kənd ərazi icra nümayəndəsi vəzifələrində işləyib.

Azərbaycana qarşı elan olunmadan başlayan müharibə Zəngilanı da əhatələyirdi - sərhəd olduğuna görə ermənilər Zəngilana da həmlələr, hücumlar edirdi. O illərdə Vəli müəllim həmişə əsgər və zabitlərin yanında olurdu, onun da təşəbbüsləri və bilavasitə iştirakı ilə döyüşən orduya  maddi və mənəvi dəstək göstərilirdi...

Mühasirə taleyi yaşayan Zəngilan işğal edildi. Araz onsuz da ayrılıq çayı idi, indi həm də belə ayrılıq çayı oldu.

1996-cı il aprelin 24-də Zəngilan rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsinə irəli çəkildi. 26 avqust 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin edildi və 2011-ci ilin aprelinədək bu vəzifədə işlədi...

Vəli müəllim Zəngilanı sevirdi, zəngilanlıları sevirdi. Bu sevgi zəngilanlılar üçün ümid idi, onun timsalında dövlətə inam idi. Hamı inanırdı ki, Zəngilan işğaldan azad ediləcək, hamı ev-eşiyinə qayıdacaq...

Vəli Nəcəfqulu oğlu Zəngilan rayon icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə  Zəngilan rayonundan olan məcburi köçkün və qaçqınlar respublikanın 43 rayonunda məskunlaşmışdı. Vəli müəllim bütün qaçqınlarla görüşüb onların problemlərini öyrənib vaxtında köməklik göstərməyi və aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırmağı özünün gündəlik fəaliyyəti hesab edirdi.

Abşeron rayonun Masazır qəsəbəsində, Sabirabad rayonun Rüstəmxanlı kəndi yaxınlığında  salınmış qəsəbələr, əlavə olaraq  Montin qəsəbəsində Azərbaycan Neft Şirkətinə məxsus uşaq bağçasının yerində 24 ailə üçün ev tikilib və ya yenidən qurularaq qaçqınların istifadəsinə verilib. 9 orta məktəb tikilib, onlardan 4-ü humanitar təşkilatların dəstəyilə inşa edilib. Rayonda fəaliyyət göstərən 39 məktəb binası təmir edilib və lazımi avadanlıqlarla təmin edilib. Şəhid ailələri üçün evlər tikilib, onların mənzilləri təmir edilib. Qaçqınların sıx məskunlaşdıqları yerlərdə xeyir-şər yerləri tikilib onların istifadəsinə verilib.

Bunlar az deyil. Bunlar Zəngilana, Zəngilanın timsalında dövlətə sədaqətlə xidmətin təzahürü kimi tarixləşib...

1999-cu ildən 2004-cü ilədək " Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar   Dövlət Komissiyası" nın üzvü olub.

Vəli Quliyev 2011-ci ilin mayından  2013-cü ilin dekabrınadək "Hidromarşservis" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətində sədr müavini işlədi...

"Zəngilan işğaldan azad ediləndə elə bildim ki, dünyaya təzədən gəlmişəm...", - Vəli müəllimin Zəfər sevinci belədi...

Heydər Əliyev siyasətinə bu gün də sadiq qalan Vəli müəllim cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və özünü YAP-ın sadiq əsgəri hesab edir.

Vəli müəllim həm də gözəl ailə başçısıdır. İki oğlu və bir qızı ali təhsilli mütəxəssis kimi müxtəlif dövlət orqanlarında əmək fəaliyyətlərini uğurla davam etdirirlər.

Gənclik dostum Vəli Nəcəfqulu oğlunu 70 illik yubleyi münasibətilə ürəkdən təbrik edir, ona bol-bol könül xoşluğu və doğma rayonda görüşüb ağsaqqallıq missiyamızı şərəflə yerinə yetirməyi arzulayıram.

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2022.- 21 iyun.- S.13.