Minlərlə atlının sərkərdəsi...
İRƏVAN
AZƏRBAYCAN DÖVLƏT DRAM TEATRININ UNUDULMAZ TAMAŞASI
HAQQINDA
Həyat
təkcə ayrı-ayrı fərdləri deyil, millətləri,
xalqları və onların yaratdığı maddi və mənəvi
dəyərləri də zaman-zaman sınağa çəkir.
Dünyanın qədim və unikal ərazilərindən birinə
malik Azərbaycan da əsrlər boyu belə imtahanlardan
keçməli olub. Hər dəfə də küllər
içindən yenidən boy göstərib, həm
özünün, həm də torpağının
yaralarını sarıyıb, yenidən dirçəlib,
qılıncı, süngüsü ilə öz sərhədlərini
özü çəkib. Qara torpağı Vətən deyib
yaşadan Şəhid ruhlarını ölməz, Qazi
qanını müqəddəs sayıb. Hər sınaqdan
üzüağ, alnıaçıq çıxıb! Mərdliyini,
Ədalətini, Kişiliyini, Rəşadətini qoruyub
saxlayan Azərbaycan rəzil və alçaq xislətinə
insanlığını qurban verən MƏKRli düşmənlə
hər dəfə də insafla davranıb;
basdığını kəsməyib, düşmənin
soyunu qurutmayıb, körpəsinə, qocasına, xəstəsinə
dəyməyib, rəhmdil, adil, ağlayana insaflı
davranıb...
Təəssüf
ki, qonşu sarıdan heç bəxti gətirməyib gözəl
millətimin! İllər boyu çörək, yuva verdikləri
zaman-zaman üstünə ayaq açıb
havadarlarının köməyi ilə
torpağımızı qarmalayıb, həyasızcasına
özlərinə vətən düzəldib, sonra da məqam
yetişəndə fürsəti, girəvəni fövtə
verməyib, bir zaman tula payı kimi onlara peşkəş edilən
əraziləri genişləndirmək üçün
müharibə sevdasına düşüb, hər dəfə
burnu ovulsa da murdar xislətindən əl çəkməyib.
Ötən
yüzilliyin sonlarında Sovet İmperiyasının
dağılmasını fürsət bilən ermənilər
növbəti dəfə Qarabağın işğalına
nail oldular. Azərbaycanda isə xarici kəşfiyyatın fitnəsi
ilə gerçəkləşən oyunların zəif bəndinə
çevrilən bir dəstə "liderin" səriştəsizliyi,
siyasi naşılığı üzündən
torpaqlarımızın 20 faizini itirdik. Təkcə
Qarabağdan yox, həm də ona bitişik 7 rayonumuzdan
yüzminlərlə vətəndaşımız silah
gücünə yurdlarını tərk etmək məcburiyyətində
qaldı. 30 illik həsrətə nəhayət
ki, son qoyuldu, ötən ilin sentyabrında başlayan Vətən
müharibəsinin qəhrəmanları Ali Baş Komandan
İlham Əliyevin qətiyyətli və ağıllı
siyasəti ilə 44 gündə erməni faşistlərindən
azad edildi.
30 il torpağımızın bir hissəsini
öz gücü ilə deyil, qarşılarında "əl
tulası" kimi quyruq buladıqları havadarlarının
qışqırtısı və bilavasitə hərbi dəstəyi
ilə işğal altında saxlayan haylar Şanlı ordumuzun
müzəffər hücumu qarşısında duruş gətirə
bilmədi. 30 ildən bəri dən əvəzinə
mina əkdiyi torpaqlardan qovuldu.
Azərbaycan
isə bu gün dünyanı heyrətə salan azman Qələbəsindən
sonra Zəfər yolu ilə bu gün Şuşaya gedir,
Füzulidə müasir hava limanı istifadəyə verir,
bütün Qarabağ boyu quruculuq işləri aparır,
torpağı dirildir, insanların inamını, yaşamaq həvəsini
özünə qaytarır və... bir daha dünyaya sübut
edir ki, Haqq nazilir, ancaq üzülmür! Ataların
şanlı yolunu oğullar inamla davam etdirir, Şəhid
qanı ilə suvarılan torpaqlarımızda HƏYAT yenidən
başlayır...
Yazıçı, dramaturq, şair Hidayətin İrəvan
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulan yeni
əsərinə baxmağa qəribə bir həyəcanla
getmişdim.
Azərbaycan Dövlət Rus Dram Teatrının nimdaş
tamaşa salonunda illərdən bəri doğma yerlərin həsrəti
ilə yaşa dolan, ancaq ürəklərinin lap dərin
guşəsində "Biz bir gün o torpaqlara yenidən
qayıdacağıq!" inamını qoruyub
yaşatmağı bacaran, eynən bütün Qarabağ
sakinləri kimi evinin açarını qoynunda gəzdirən
Qərbi Azərbaycanlıların hər birinin əlini
sıxdıqca inanırdım ki, bu əllər, bu mərdürəkli,
qoçaq və iradəli insanlar xəyalən Böyük
Qayıdış gününə kökləniblər, 30 il
bütün əziyyətlərə dözüb də Vətəni
unutmayan yurddaşlarımızın gözlərində
gördüyüm ümid işartısı mənə o
nimdaş salonu da, o solğun işıqları da, təmtəraqsız
foyedəki ab-havanı da unutdurdu. Birdən-birə hələ
orta məktəbdə oxuduğum, sonralar isə Bakıda ali təhsil
aldığım illərdə rayonumuza, tətilə getdiyim
vaxtlar, imkan tapıb İrəvan Azərbaycan Dövlət
Dram Teatrının tamaşalarına baxmağa can
adığım illəri xatırladım. Bəli, "Ah, nə
gözəl günlər idi!" - təəssüf
qarışıq nostalji nidası ilə yenə bu teatrın
- artıq tərkibi də, repertuarı da yenilənən, son
30 ildə Bakıda fəaliyyət göstərən mədəniyyət
ocağının daha bir yeni yaradıcılıq nümunəsi
ilə tanışlığımın təəssüratını
bölüşməyə səbrsizlənirdim.
Teatrda hər hansı bir tamaşanın araya-ərsəyə
gəlməsi üçün necə mürəkkəb bir
yaradıcılıq prosesi getdiyindən
tamaşaçıların böyük əksəriyyətinin
bəlkə də xəbəri yoxdur. Teatr əslində çox mürəkkəb
bir orqanizmdir və məşhur "Teatr asılqandan
başlayır!" deyimi də daha çox
tamaşaçılara aiddir və məncə, son vaxtlar dəbdə
olan bəzi trendlərə daha çox uymağı mədəniyyət,
yenilik, xarizmatizm, kreativlik sayanlar hara, niyə və nə
üçün gəldiklərinə məhz elə o
asılqanın yanından keçərkən qərar versələr,
tamaşa salonunda özlərini mədəni və
sayğılı aparmağa çalışarlar.
Bizim İrəvan Azərbaycan Dram Teatrı
ömrünün ahıl, fəaliyyətinin yetkinlik və
müdriklik çağında olsa da, təəssüf ki, hələ
də tamaşa hazırlayıb təhvil verənəcən
zülm çəkir (Bu da başqa bir məqalənin
mövzusudur!).
Bu başdan qeyd edim ki, bu kollektiv çətin və əziyyətli
olsa da, qarşılaşdığı bütün
etinasızlıqlara və qarğaşalara rəğmən
yenə öz əzəli ənənəsinə sadiq
qalıb, cüzi imkan və şəraitə baxmayaraq möhtəşəm
bir tamaşa hazırlamağa nail olub.
Adı
teatrının tarixi ilə həmişə qoşa çəkilən,
bu mədəniyyət məbədini uzun illər bədxahların
təsir və təzyiqindən qoruyan, Ermənistanın ən
yüksək siyasi daşnaq sürüsündən
qorumağa müvəffəq olan və bütün hədə
və təhdidlərə məhəl qoymadan teatrın fəaliyyətini,
varlığının qorumaq, onu yoludan və ali məqsədindən
yayındırmağa cəhd edən düşmənlərlə
mübarizədən yorulmayan, kollektivin qazandığı bir
çox uğurlarda böyük rolu olan
yazıçı-dramaturq Hidayət son anadək teatrı tək
qoymamağa çalışdı. Və böyük ürək
ağrısı, ancaq vətəndaşlıq qeyrəti ilə
yazdığı "Burdan min atlı keçdi" əsərində
qismən də olsa, o dövrün ab-havasını,
üzümüzə dost deyən, arxadan kürəyimizə
xəncər saplamağa hazır olan hayların lap yuxarı səviyyədə
qurduqları planları çözələyir. Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin
siyasi mübarizəsinin Moskva dövründə bu faşist
xislətli qonşularımızın istər aşkar, istərsə
də gizli şəkildə qurduqları oyunları ifşa
edir, Azərbaycan liderinə qarşı qurulan məkrli
planların haradan, nədən və kimlərdən qaynaqlandığını
çəkinmədən bildirir. Bir vaxtlar
direktor kimi şəxsən özünün üzləşdiyi
təhdidlərdən söz açır, yerli azərbaycanlıların
başına gətirilən müsibətləri çox
inandırıcı və real detallarla təsvir edir.
Bu əsər
yuxarıda iftixarla bəhs etdiyim şanlı Qələbəmizin
memarı, Ümummilli liderimiz Heydər Əliyevin bədxahların,
bu "azğın erməni qövmünün" iç
üzünü açmaqla və teatrın İrəvan
mühitində üzləşdiyi ağılasığmaz
çətinliklərdən mətinliklə keçdiyini
xatırlatmaqla mən yurdumun qəriblik
ağrılarını yaddaşımın bir küncünə
sıxışdırıb, bu yazını tamamlayana qədər
o axşam baxdığım tamaşaya qayıtmaq istəyirəm.
"Burdan
min atlı keçdi" əsərinin səhnə
variantında yaradıcı heyət daha çox yaşamaq,
var olmaq üçün vuruşan, hər gün bədxahlarla
mübarizə aparmağa məcbur olan Teatrın, hər
gün bu gəlmələrin təhdidləri ilə üzləşən,
aktyorların və teatr rəhbərlərinin ailəsini
dolandırmaq üçün hər cür əziyyətə
qatlaşsa da dədə-baba torpaqlarını tərk etmək
istəməyən sadə insanların yaşantıları,
orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyə
ali məktəb tapmayan və Bakıda oxuyub qırmızı
diplomla geri qayıdan, lakin Ermənistanda işlə təmin
olunmayan gənclərin faciəsi, hətta əsərin müəllifi
kimilərini könülsüz də olsa işlə təmin
etməyə məcbur olanları əsassız iddialarla
günahlandırmağa, əsas onları əsas məqsəddən
yayındırmağa vadar etməklə "Türksüz
hayastan" planını gerçəkləşdirmək istəyənlərin
gizli planlarını faş edir.
Tamaşanın
bir çox epizodunda o vaxt Moskvada ali vəzifədə işləyən
və biliyi, bacarığı, xarizması ilə Kremldəkilərin
hamısından bir baş ucada dayanan bu dahi şəxsiyyətin
elə ermənilərin təhriki və bilavasitə
planları ilə işdən uzaqlaşdırılması
planını necə canfəşanlıqlahazırlamaları
barədə söhbətlər gedir. Çünki
Heydər Əliyevin vəzifədən
uzaqlaşdırılması "Miasum - birləşmə"
planının gerçəkləşməsi, yeni ərazilərin
ələ keçirilməsi arzusunun reallaşması idi.
Və ermənilərin bu gizli planları gözlər
önünə sərgiləyən tamaşanın təqlin
etdiyi ideyanı, "heç vaxt ermənilərin olmayan
torpağımıza qayıtmağın, bu yerlərdə
yenidən binə qurmağın vaxtı çatıb"
fikrini gerçəkləşdirmək yolunda atılan
addımdır. Və bir də: daşnaq tör-töküntülərinin,
onları Moskvadakı və xaricdəki çoxsaylı
havadarlarının fitvası ilə keçmiş SSRİ rəhbərliyindən
uzaqlaşdırılan Heydər Əliyev yenidən Vətənə
döndü. Heç bir təhdid və hədələrə
məhəl qoymadan Azərbaycanı küllər içində
dirçəltməyi bacardı, xalqa Ümid, İnam, Güvənəc
hissi aşıladı, onu böyük və qüdrətli
bir xalq olduğuna inandırdı!.
Ömrünün
ən böhranlı anlarında, həyatının ən
çətin dönəmlərində belə mövqeyindən
geri çəkilmədi, hiyləgər və məkrli
düşmənlərinin bütün tələlərinə
rəğmən dimdik ayaqda durmağı bacardı! Həm də
bu qayıdışla o ermənilərin arzu və niyyətlərini
çiçəkləməyə qoymadı, 30 illik
işğala 44 gündə son qoymağı bacaran, Azərbaycanın
yeni tarixini yazmaq qüdrətində olan mübariz bir Rəhbər,
müdrik bir Lider yetişdirmək missiyasını da yerinə
yetirdi!
C.Cabbarlı
adına İrəvan Azərbaycan Dövlət
Dram Teatrının yeni tamaşasında rol alan aktyorların hər
birinin ifasını təhlil etmək istərdim, ancaq kimlərinsə
zəhmətini kölgədə qoyacağımdan
ehtiyatlanıb bu fikrimdən vaz keçirəm! Çünki
bu ağır və gərgin anlarla dolu çətin yolu onlar
hamısı bərabər keçirlər. Odur ki, bu
teatrın yaşaması, var olması adına
çalışan hər kəsə minnətdarlığımı
bildirir və əmin olmaq istəyirəm ki, teatr
özünün növbəti yuvarlaq yubileyini əzəli və
əbədi Vətənimizdə - İrəvanda qeyd edəcək
və o zaman 10 milyonluq ordunun önündə məğrur
duruşu ilə əbədiyyət ömrü yaşayan Ulu
öndərimizi zaman axarında dördnala çapan od
qanadlı atlının ayaq səsləri Qarabağdan
Göyçəyə,Vedibasara, Zəngibasara, Zəngəzura,
bir sözlə, bütöv Azərbaycana yayılacaq!
Teatrın
kollektivini ürəkdən təbrik edir, əsərin müəllifi,
istedadlı şair, yazıçı-dramaturq Hidayətə,
tamaşanın bütün ağırlığını
çiyinlərində daşıyan aktyorlara - İftixar
Piriyevə, Natiq Əliyevə, Nazi Rüstəmova, Məzahir
Süleymanova, Səmayə Nəbiyevaya, Günel Əliyevaya,
Sərvər Əliyevə, Əmrulla Nurullayevə,
quruluşçu rejissor Firudin Məhərrəmova, musiqi və
səhnə tərtibatçılarına uğurlar və
yeni tamaşaların sevincini arzulayıram.
Telli PƏNAHQIZI
telejurnalist, şair və publisist
525-ci qəzet.- 2022.- 21 iyun.- S.11.