Neftçalada Şahanə Müşfiqlə görüş keçirilib

 

İyunun 18-də Neftçala Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının katibi, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin mətbuat katibi, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqlə gənclərin görüşü keçirilib.

"Qonağımız var" layihəsi çərçivəsində keçirilən görüşdə rayon ziyalıları, Mərkəzin üzvləri, gənclər və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbiri giriş sözüylə açan Gənclərin İnkişafKaryera Mərkəzinin Neftçala nümayəndəliyinin tədbirlər və layihələr üzrə mütəxəssisi Əfsanə Abdullazadə Ş.Müşfiqin yaradıcılığı haqqında geniş məlumat verib, onun Neftçala gəncləriylə artıq ikinci görüşü olduğunu vurğulayıb.

Şahanə Müşfiq çıxışında qazandığı uğurları, bədii yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı rolu, jurnalistika fəaliyyəti və s. haqqında məlumatlar verib, gənclərin suallarını cavablandırıb.

Tədbirdə iştirak edən Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədri Gülqədəm Mirzəzadə, Neftçala rayon "Gündoğar" qəzetinin baş redaktoru Bədirə Niftəliyeva və başqa rayon ziyalıları çıxış edərək Şahanə Müşfiqin az yaşına rəğmən qazandığı uğurlardan danışıb, onun gənclər üçün bir örnək olduğunu vurğulayıblar.

Görüşün davamında Şahanə xanım yeni işıq üzü görmüş "Hərənin öz romanı" kitabı və müəllifi olduğu digər bədii ədəbiyyat nümunələrindən bəhs edib, tədbir iştirakçılarına və Mərkəzə yeni kitabını imzalı hədiyyə edib. Tədbirin sonunda qonağa xatirə hədiyyələri təqdim olunub.

 

MEHRİ

 

525-ci qəzet.- 2022.- 21 iyun.- S.9.