Sərdar Amin yeni
kitabını təqdim
etdi
İyunun 18-də yazıçı-publisist Sərdar
Aminin "İfşa"
adlı kitabının
təqdimat mərasimi
keçirilib. Təqdimatda tanınmış qələm adamları, oxucular iştirak ediblər.
Təqdimatı açıq elan edən gənc nasir və şair
Nadir Yalçın Sərdar
Aminin çağdaş
Azərbaycan ədəbiyyatındakı
yeri və rolu barədə söhbət açıb. O qeyd edib ki, bu
kitaba qədər müəllifin iki romanı, bir şeirlər kitabı və Azərbaycanın tarixindəki bəzi məqamlara aid kitabı çap olunub. Müəllifin sayca beşinci
kitabı olan "İfşa"da son iki ilin publisistik yazıları cəmləşib.
Nadir Yalçın bildirib ki, kitabdakı
yazılar həm mövzu, həm də üslub baxımından olduqca təqdirəlayiqdir.
Kitabın redaktoru, yazıçı
Şərif Ağayar
Sərdar Aminin şəxsiyyəti və
yaradıcılığı arasındakı mütənasibliyi
vurğulayıb. O, müəllifin
bir fikir adamı kimi qiymətli qələm sahibi olduğunu bildirib və qeyd edib ki,
kitabda toplanan yazıların hər biri müəllifin aydın təfəkkürünün,
ayıq düşüncəsinin
nəticəsidir.
Professor, ədəbi tənqidçi
Cavanşir Yusifli öz çıxışında
Sərdar Aminin yazı metodu barədə söhbət
açıb. O qeyd edib ki, müəllif
ədəbiyyatda yaratdığı
sanballı və qərəzsiz obraza sadiq qalıb. Professor bildirib ki,
Sərdar Amin istər bədii əsərlərində, istərsə
də publisistik yazılarında üslub-forma
tələblərinə lazımi
şəkildə riayət
edir.
Rəşad Məcid, Seyfəddin
Hüseynli, Əlisəmid
Kür, Xədicə İsmayıl, Samirə Əşrəf, Rəvan Cavid və başqaları
da çıxış
edərək Sərdar
Aminin yaradıcılığı
barədə söhbət
açıblar və
müəllifə xoş
arzularını çatdırıblar.
Sonda Sərdar
Amin bütün qonaqlara minnətdarlığını
bildirib və yeni təsis etdiyi "partizan.az" incəsənət
portalı barədə
tədbir iştirakçılarına
məlumat verib.
Müəllif kitabları imzalayıb və xatirə fotoları çəkilib.
ÜMİD
525-ci qəzet.- 2022.- 21 iyun.- S.8.