Yeni monotamaşa:
"Vidalaşmadan getməyin..."
İşləyən qadın üçün həftə sonu istirahət günüdür
demək, fikrimcə, ciddi haqsızlıq olar. Sadəcə həftə
sonu iş yerin dəyişir, bu dəfə evdə işləyirsən.
Elə bu həftə sonu da səhərdən ev işlərinə
başım elə qarışmışdı ki,
qəfil saata baxanda 17-ni göstərdiyini
gördüm və xatırladım ki, düz bir saat
sonra bir həftədən bəri
baxmaq istədiyim tamaşanın nümayişi
başlayacaq. Yorğunluğuma
baxmadan, tələsik
hazırlaşıb evdən
çıxdım. Bir
də bilirəm axı, artıq uzun müddətdir mənim yorğunluğumu
aradan qaldıran qüvvə məhz teatrdır. Elə mən də istirahətə gedirdim...
İndiki
dövrdə incəsənət,
sürətlə qaçan
zamanın ətəyindən
tutub bircə anlıq saxlamaq ehtiyacından başqa bir şey deyil.
Bunu da məhz
xəyalpərəstlər edər, elə deyilmi? Zamanı saxlamaq... Necə də romantik səslənir... Amma eybi yox, qoy,
biz xəyalpərəstliyimizlə zamana da, dövrana
da qalib gələcəyinə inanan
Don Kixotlar olaq. Bununla kiməsə zərər vermirik ki... Bacarsaq, incəsənətimizə xeyri
dəyəcək, əksinə.
Məkansız, yurdsuz-yuvasız şəraitdə
2016-cı ildən bəri
yaratdığı və
bütün sənətruhlu
insanların doğma ocağına-teatrına çevrilmiş
"M Teatr"ın rəhbəri,
zəhmətkeşi Xalq
artisti Vidadi Həsənov da hərdən o Don Kixotu xatırladırdı. Amma
onun davası yel dəyirmanlarıyla deyil, sənətə ögey münasibət bəsləyənlərlə idi.
Nə xoş ki, bu "dava"
illər sonra qismən də olsa, nəticəsini verdi və bu
gün "M Teatr"
öz məkanında
sənətsevərlərini qəbul edir (bu haqda "M Teatr" yeni məkanda: uğurun səhnə həlli" yazımda yazmışam
artıq).
"M Teatr"ın yeni məkanda ilk böyük işi adlı monotamaşa oldu. İyunun
11-12-də məkanın açılışı
ilə premyerası baş tutan əsərin 3-cü nümayişi
iyunun 19-u oldu. Hə, mənim də tələsdiyim tamaşa məhz bu idi.
Xoşbəxtlikdən bazar günü olduğundan yollar boş idi və
mən vaxtında teatra çata bildim. Öncə Xalq artisti Vidadi Həsənov əvvəllər zəhmli
hesab etdiyim, tanıdıqca isə qəlbindəki gözəlliklərdən
gələn gözlərindəki
işığı, üzündəki
nuru kəşf etdiyim simasıyla teatrın yeni məkanı və tamaşa zalının dekorasiyası haqqındakı
o maraqlı əhvalatı
danışırdı. O əhvalatı mən artıq günlər öncə yuxarıda adını qeyd etdiyim məqaləmdə yazmışdım.
İndi
isə tamaşa başlayır... Səhnə
əsərinin məğzinə
keçməzdən öncə,
qeyd edək ki, "Vidalaşmadan getməyin" adlı tamaşanın müəllifi
Rövşən Ağayev,
quruluşçu rejissoru,
Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar
Məmmədzadə, rəssamı
Ülkər Əliyevadır.
Monotamaşa tənha bir kişinin öz dilindən tökülən
həyat hekayəsidir. Arvadı
vəfat edən, övladlarının axtarıb,
aramadıqları bu kişi ahıl
yaşında dörd
divara məhkum qalıb. Bu yaşda
sinəsinə çökən
tənhalıqdan yaxa qurtarmağın tək yolu isə evin
hər tərəfindən
asılmış arvadının
fotoşəkilləridir. O, bu şəkillərlə
"danışdıqca" biz də onun həyatını
öyrənmiş oluruq.
Aktyor Oktay Mehdiyevin təsirli, canlı, səmimi ifasıyla tənhalığa
məhkum edilmiş bir kişinin daxili iztirabları, mənəvi sarsıntıları,
ruhundakı ağrılar
tamaşaçıya birbaşa
sirayət edir. Aktyor öz
mükəmməl oyunuyla
aktyor-tamaşaçı arasındakı
baryeri, səhnəylə
tamaşa zalı arasındakı maneələri
dağıdır. O, gah
tamaşaçıya, gah
arvadının şəkillərinə,
gah övladlarına, gah qonşularına, gah da özünə
müraciət edir. Yetər ki, birindən biri onun bu çağırışlarına
hay versin, öz səsindən başqa insan səsi də eşitsin... Danışdıqca miskin qoca keçmişin xatirələrinə
dalır. Arvadını, övladlarının körpəliyini
xatırlayır. Hiss olunur
ki, onlar birgə xoşbəxt ömür sürüblər.
Ya da bu tənhalığın,
iztirabların yanında
hər cür keçmiş xoşbəxtlik
mücəssəməsi kimi
xatırlana bilər.
Bütün bu sarsıntıların təsiriylə "qocalıq
bizə cavanlıqda elədiyimiz günahların
cəzasını çəkmək
üçün verilmiş
vaxtdır"-deyən
kişinin aciz göz yaşlarının
müşayiətilə ölümünü
gözləməkdən başqa
çarəsi yoxdur. Ancaq bu gözləmə az
qala bütün ömrünə bədəl bir həqiqəti
onun üzünə vurur: Deyirlər
ki, əsl kişi öz arvadına sevdiyini deməz. Əslində
isə, bu, belə deyil. Sevgini vaxtında, gec olmadan etiraf etmək,
hətta hər nəfəsdə demək lazımdır.
Yoxsa, O.Mehdiyevin personajı kimi şəkillərə, bədənsiz
libaslara hayqırmağa məcbur qalarıq...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 21 iyun.- S.8.