Dövlət-din münasibətlərinin
nümunəvi modeli
Azərbaycanda dövlət-din münasibətləri
yüksək səviyyədədir. Ölkəmiz müstəqillik qazandıqdan
və Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
təməlini qoyduğu
dövlət-din münasibətləri
bu gün də uğurla davam etdirilir.
Azərbaycan dünyəvi dövlət
olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq
qalıb, tarixən mövcud olan dini dözümlülük
ənənələrinin qorunması
və inkişafı,
eləcə də multikultural dəyərlərin
təbliği dövlətin
əsas siyasi prioritetlərindən birinə
çevrilib. Əminliklə demək olar
ki, Azərbaycan dini tolerantlığın
ən uğurlu modelini yaradıb, ərazisində fərqli mədəniyyət və
sivilizasiyaların harmoniyasına
nail olub. Bunun nəticəsidir
ki, ölkəmiz dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan
biri kimi tanınır.
Müstəqillikdən sonra xalqımızın mənəvi sərvətləri
olan dini ibadətgahların, məscidlərin,
kilsələrin və
digər dini ayinlərin icra olunduğu məkanların
təmirinə və bərpasına xüsusi diqqət ayrılıb. Azərbaycan Prezidenti
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva dinlə bağlı məsələlərə xüsusi
qayğı göstərirlər.
Azərbaycanın böyük zəfəri
ilə başa çatan 44 günlük Vətən müharibəsindən
sonra azad edilmiş ərazilərdə
bərpa-quruculuq işlərinə
başlanarkən Prezident
İlham Əliyev ilk olaraq ermənilər tərəfindən tamamilə
dağıdılmış tarixi və dini abidələrin bərpasını qarşıya
mühüm vəzifə
kimi qoydu. Prezident və birinci xanım işğaldan azad edilmiş ərazilərə
səfərləri zamanı
görülmüş işlərlə
yerindəcə tanış olurlar. Dövlət başçısı
və birinci xanım Ağdam və Şuşa məscidlərini
ziyarət etdilər, ora Quran hədiyyə etdilər. Bu gün Ağdamda, Şuşada, Hadrutda, Zəngilanda bilavasitə Prezidentin və Mehriban Əliyevanın diqqət və qayğısı ilə yeni məscidlər,
dini ibadət ocaqları qurulur, inşa olunur.
Bu ərazilərdə Heydər
Əliyev Fondunun gördüyü işlərin
miqyası da olduqca böyükdür. Heydər Əliyev Fondunun xətti ilə Zəngilan məscidi təmir və bərpa olunur. Bu işlər Şuşada və digər ərazilərdə
də gedir.
İşğaldan azad edilmiş torpaqlarımızla yanaşı,
digər bölgələrdə
də dini abidələrin bərpası
hər zaman ölkə rəhbərliyinin
diqqətində olub. Ötən dövr ərzində Bibiheybət,
Təzəpir, Şamaxı
Cümə məscidi
və digərlərinin
yüksək səviyyədə
bərpa olunması görülən işlər
sırasındandır.
Din sahəsində atılmış
mühüm addımlardan
biri də ölkəmizdə İlahiyyat
İnstitutunun yaradılması,
onun yeni bina ilə təminidir.
Aprelin 11-də Prezidentin
iştirakı ilə
İlahiyyat İnstitutunun
yeni binasının açılışı olub.
Hazırda bu İnstitut bölgənin aparıcı təhsil müəssisələrindən birinə çevrilib, Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır.
Mövzu
ilə bağlı danışan deputat Azər Badamov "525"ə
deyib ki, 70 il sovetlər dövründə dinə
və inaclara qarşı siyasət yürüdülsə də,
İslam dəyərlərimizə
bağlılığımız xalqımızı ruhundan
heç vaxt ayıra bilməyib: "Düzdür, məscidlər
bağlanmışdı, açıq
şəkildə ibadətlər
qadağan olunmuşdu.
Amma insanların ürəyində Allaha bağlılıq həmişə
yaşayıb. İslam
dəyərlərinə bağlılığımız
dövlət səviyyəsində
qorunub saxlanılır.
Müstəqilliyimizə qovuşanda
dövlət rəhbərliyinə
qayıdan Ulu öndər Heydər Əliyev də İslam dininə bağlılığımızı və hörmətlə yanaşdığını açıq
şəkildə ifadə
etdi. Ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Məkkəyə
Həcc ziyarətinə
gedərək dövlətimiz,
xalqımız üçün
öz dualarını
etdi".
A.Badamov
deyib ki, dinimizə bağlılq və məscidlərə
xüsusi diqqətlə
yanaşılması Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
yüksək hörmət
və ehtiramla hər zaman ifadə olunub: "Bu gün ölkəmizdə
2 minə yaxın məscid fəaliyyət göstərir ki, bu məscidlərin yenidən qurulması üçün ölkə
rəhbəri sərəncamlar
imzalayıb, dövlət
büdcəsindən vəsaitlər
ayrılıb. Yeni tikilən
məscidlərin açılışlarında
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak edirlər. Məscidlərin
yenidən qurulmasında
Heydər Əliyev Fondu da yaxından
iştirak edir".
Deputat xatırladıb ki, işğaldan azad etdiyimiz ərazilərdə
67 məscid erməni vandalları tərəfindən
dağıdılıb, təhqir
olunub: "Amma cənab Prezident və Mehriban xanım o dağılmış
məscidlərə daxil
olanda İslam dininin qaydalarına yüksək riayət edir və yenidən
qurulması, bərpası
üçün tapşırıqlarını
verirlər. Mehriban xanım tərəfindən
işğaldan azad olunmuş ərazilərdəki
məscidlərə müqəddəs
Quran kitabı hədiyyə
edilib. Bu gün Şuşa şəhərindəki üç
məscid məhz Heydər Əliyev Fondu tərəfindən bərpa edilir".
A.Badamov
dini kadrların hazırlanması üçün
İlahiyyat İnstitutunun
fəaliyyətini də
yüksək qiymətləndirib:
"Bu institutda dini biliklərə yiyələnmiş
mütəxəsislər hazırlanır
ki, bu da
ümumən ölkədə
İslam əxlaqının
formalaşmasına xidmət
edəcəkdir.Təbii ki,
dövlət başçısının
dinimizə və Allaha bağlılığı
digər dinlərə
də hörmətlə
yanaşmasında özünü
göstərir. Ölkəmiz dini müxtəlifliyi ilə zəngindir. Məhz bütün dinlərə
hörmətlə yanaşmağımızın
göstəricisidir ki,
Azərbaycanda kilsələr
və sinaqoqlar da dövlət vəsaiti ilə bərpa olunaraq möminlərin istifadəsinə
verilib. Həm də bütün
dinlərin və konfensiyaların fəaliyyəti
üçün Prezidentin
Ehtiyat Fondundan mütəmadi maliyyə vəsaitləri ayrılır".
Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, Prezident İlham Əliyev hər zaman dini məbədlərin təmirinə, bərpasına və qurulmasına böyük diqqət və qayğı göstərib. Din sahəsi dövlətin ən prioritet məsələlərindən biridir. O qeyd edib ki, istər islam dininə aid məscidlərin yenidən qurulması, tikilməsi, istərsə də digər dinə aid olan ibadətgahların bərpası və yenilərinin tikilməsinə ayrılıqda böyük diqqət və qayğı göstərilir: "Bu, dünya üçün bir nümunədir. Prezident İlham Əliyev tərəfindən də bu sahədə məqsədyönlü işlər görülməkdədir. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə məhv edilmiş dini abidələrin, məbədlərin bərpasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyeva ilə Ağdamda, Şuşada və işğaldan azad edilmiş digər bölgələrdə bərpa olunan məscidlərə ziyarətinin dəfələrlə şahidi olmuşuq. Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə tarixi mədəni abidələrin bərpası işlərində mühüm addımlar atılıb. Təzəpir, Şamaxı məscidlərinin bərpa işlərinə böyük diqqət ayrılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan multikultural, tolerantlığın inkişaf etdiyi bir ölkədir. Abidələr, dini ziyarətgahların qorunması həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən sistemli şəkildə həyata keçirilir".
PƏRVANƏ
525-ci qəzet.- 2022.- 21 iyun.- S.5.