"Sülh küləyi
vətən daşın darasın"
AZƏR
LAÇINLININ ŞEİRLƏRİ HAQQINDA
Şair
Azər Laçınlı ilə dağ qonşusuyuq,
Xoşbulaq yaylağında, Qoşqar dağının ətəyində.
Sazlı-sözlü bir adamdı, dağa aşiqdi. Laçın həsrətini Xoşbulaqda
özünə bir kümə qaraltmaqla ovudub. Tez-tez mənə deyir, - əlini uzadıb Qoşqarı göstərərək,
- Qoşqar dağının
o üzü Kəlbəcərdi,
bir az gedirsən,
Laçındı, sağa
dönürsən, bir
az da düz
gedirsən, bir yal var, onu
aşırsan, dərəni
keçəndən sonra
soldakı kənd bizim kənddi, Şeylanlı. - Sonra addımları ilə yeri ölçür, o yana bu yana gedir, nəyisə
göstərir. - Qəşəm
müəllim, yüz
addım gedirsən qarşına çıxan
ilk ev bizim
evdi.
Evlərinin yerini göstərənəcən
Azər nə qədər əli və ayağı ilə uzun yollar
çəkir. Yorulmaq bilmədən. Əslində yol şairidir
Azər. Onun şeirlərində
yol vətəndir.
Görün nə deyir: "Yol tanıyır Azər yatan məzarı".
Bir misrada Azər öz həyatını tam şəkildə
verə bilib. Məhz yol
məzarı tanıyırsa,
demək, onun məzarının başı
adamla dolu olur, yol tapdanır,
yaşayır. Tapdanmasa, lələkləyir,
ölür. Əgər Azər
desəydi, məzarımı
adamlar tanıyır, bu artıq hamının
bildiyi və dediyi publisistikadır.
Azər
"yol"sözünə insan nəfəsini, sevgisini, düşüncəsini
yerləşdirib. Məncə, şairlik də elə burdan başlayır. Və
yaxud başqa bir misrada Azər
yenə yolu qaralayır: "Ağ günlərə yollar keçir qaradan".
Türk düşüncə tərzində
qara böyük mənasını ifadə
edir. Məşhur İran şairi
Söhrab Sipehri yazır ki, qarada nə qədər rəng ölür. Əslində qarada neçə rəng yaşayır.
Həqiqət saf qaranlığın
içindədir. Qara saç
olmasa, saçlarımız
ağarmaz, ağlıq
qaradan keçir.
Aşıq Ələsgər deyirdi ki, "Qışda dağlar ağ geyinər, yaz qara" yəni yaşıllıq, göylük
qaranın içindədir. Allahın həqiqəti
də qaranlığın
bətnindədir, Günəş,
işıq aldadıcıdır.
Əsas saf qaranlıqdır.
Azər bu cür informasiyalardan keçərək öz
"həqiqətini" ortaya
qoyur və bütün hadisələrin
qaradan keçdiyini deyir, o cümlədən,
yolun da...
Azər daim axtarışlara meyl edən şairdir. Obrazları dəqiqdir. İnsanda elə cizgilər tapır ki, istər-istəməz dodağın
ləpələnir. Aşağıdakı
şeirə baxaq:
Adama rast oldum, tapmadım
çıxış,
Şümaldır, bir cizgi üzündə
yoxdur.
İnsanın "cizgiləri" ilə yaxşı adam olmasını
dəqiq ifadə edən bu iki
misra göstərir ki, Azər bura
qədər müəyyən
bir yaradıcılıq
yolu keçib. Yaxşılıq insanın ən
başlıca cizgilərindən
biridir. Heç olmasa bəd
ayaqda ondan yapışmaq olur. Elə bir insana rast
gəlirsən ki, onda heç bir cizgi tapa
bilmirsən, şümaldır.
Azər insanı ağaca bənzədir. Ağacın budaqları onun yaxşılıqlarıdır, cizgilər isə insanın.
Azər obrazlar şairidir, sadəcə bunu ayırıb seçmək
gərək. Çünki onun saz havası üstündə
yazdığı və
oxuduğu şeirlər
obrazlar sənətini,
xüsusən bədiilik
qüdrətini kölgədə
qoyur. Bununla da onun modern
şeirləri kölgədə
qalır. Bəzən elə
bilirlər ki, Azər sadəcə bir xalq aşığıdı.
Dumana açıbdı dağ dərə qapı,
Dumanın ilməsi bərəkət
sapı.
Bahar butasına eşqin söyləyir,
Budaq sinəsində
tumurcuq topu.
Bu şeirdəki materiallar
əsasən, aşıq
şeirinə aid elementlərdir. İlmə,
buta, eşq, duman, dərə, bərəkət, top və
sair aşıq şeirimizdə çox işlənən, xüsusən
heca və gəraylı "tikintisində"
istifadə olunan ifadələrdir. Azər bu
ifadələri bir yerə yığıb aşıq şeir formasından çıxararaq
yeni bir xətt yaradır və bununla dünya şeirinə çıxır. "Dumanın ilməsi bərəkət sapı"
misrası Azəri ümumilikdən azad edir və onun
fərdi yaradıcılıq
stixiyasını təsdiqləyir.
"Budaq sinəsində
tumurcuq topu" misrasında tumurcuğun topa bənzədilməsi gözlərimiz qarşısında
tablo yaradır.
Biz bu səhnəni dəfələrlə görmüşük,
ancaq tumurcuğa top demək heç vaxt ağlımıza gəlməyib.
Bilirəm ki, Azər ona
aşıq şair deyəndə bir qürur hissi keçirir. Əgər onun şair
adının yanından
"aşıq" sözünü
müvəqqəti silsəm,
bilirəm ki, məndən küsər.
Mənim
fikrimcə, başqa aşıqlardan fərqli olaraq Azər modern şairdir. Bu ifadəyə
baxın: "Sülh
küləyi vətən
daşın darasın".
Vətən daşını sülh küləyinin daraması
ifadəsi çox gözəl orijinal ifadədir. Mənə elə gəlir ki, ədəbiyyatımızda
az şair
olar ki, sülh istəyini bu cür ifadə
edə bilsin.Vətən
daşını güllə
də daraya bilər, bir az dərindən düşünsək, vətən
daşı insan da ola bilər.
Amma bütün məqamlarda şairin arzusu budur ki, daramaq
və daranmaq məsələsində ancaq
əsas rolda sülh küləyi olsun. Şair "daramaq" sözünə
görə "sülh"
sözünə "külək"
sözünü qoşub.
Və gözəl də alınıb.
Şairin əksər şeirlərində
qəm-kədər öz
atını dördnala
çapır. "Dördnala"
sözünü ona görə deyirəm ki, Azər atları
çox sevir, həm də çox yaxşı tanıyır və at onun şeirlərindən bir obraz kimi
keçir:
Xoş günləri qürbət
eldə çağırdım,
Qəm tez uçub yuva qurdu sinəmdə.
Çünki şairin sinəsi həmişə qəm yuvasıdır. Bu, elə
qəm ki, bunun həzzi bütün sevinclərdən
üstündür. Şair
qəmi daha da çox sevər,
çünki bu qəmin müqabilində demək, hardasa bir mövcud olan gözəl bir duyğu var, insan var,
bir sözlə, ayrıldığın böyük
bir dünya var, "mən" var. Əgər bu qəm olmasaydı, axtardığın "O" da
olmazdı. Qəmin şirinliyi hardasa,
bir "mən"in olmasının təsdiqi kimi deyilmi? Bu misralarda da...
Yayda uca zirvə ağ görünsə
də,
Güllər köynək yırtar qar ətəyində.
Azər həqiqətin lövhəsini o qədər gözəl yaradır ki, bəzən aşıq şeirinin hazır və köhnəlmiş qəlibləri ona fikrini tam ifadə etməyə imkan vermir. Şair dağın başındakı qarı köynəyə bənzədir və çiçəklər də bu köynəyi yırtır.Yəni həyat bu şeirdə var gücü ilə çırpınır. Gül və qar anlayışı 15 yaşlı qızın sinəsinə bənzədilir. Təbiətlə insanın oxşarlığı şair qələmində orijinal bir şəkildə sərgilənir.
Bir gün görəcəksən, eşqimiz mənlə,
O son mənzilimə getdi, ay gedən.
Azərin mütaliəsi sazla bağlıdır. Onun kitabı sazın
pərdəsi və havalarıdır. Amma o, bu
havaları aşıq
kimi yox, şair kimi hiss edir. Azər başqasının sözünü oxuyan aşıqlardan uzaqlaşır.
Öz həqiqətinə enir.
Biz bilmirik ki, bu "Ay gedən"nin adı nədir? Bu, kimdi,
haradan gəlib, hara gedir? Min illərdir, gedir.
Sarı Aşıqdan da gedib, Abbas Tufarqanlıdan
da, indi də Azərdən gedir. Və min illərdi, o öz
həqiqətinə doğru
addımlayır. Azərin əsas
"işi" bu şeirdə budur ki, bu gedənin
əvvəlinə bir
"getdi" sözünü
artırır. "O son mənzilimə getdi, ay gedən!" Bəli, hamı son mənzilə gedəcək, amma o
"ay gedən" milyon
il də
keçsə, öz gedişində olacaq. Dünyaya gələn hər yeni şair bu "Ay gedən"i saxlamaq istəyəcək,
amma o dayanmayacaq.
Qəşəm NƏCƏFZADƏ
Əməkdar mədəniyyət işçisi
525-ci qəzet.- 2022.- 22 iyun.- S.22.