Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Bütün bunlar militarist Yaponiyasının
işğal siyasətinin insanlığa qarşı olan cinayətlərini
aydın göstərir. Bu cinayətlər və böyük ərazilərin
işğalı xalqlara və onun özünə
görünməmiş bədbəxtlik gətirdi, buna görə
də militarizm ilə birdəfəlik vidalaşmaq zərurəti
yarandı.
Yapon hərbi rəhbərliyi
müharibənin son iki ilində ABŞ donanmasına
qarşı gücsüzlüyünü bütünlüklə
hiss edirdi. Ona görə də onun gəmilərini
partlatmaq üçün kamikadze adlanan gənc
pilotlardan1944-cü ildən başlayaraq kütləvi qaydada
istifadə etməyə başladı. Onların
idarə etdikləri hərbi təyyarələrin bakı
yalnız bir istiqamətə, gəmilərə qədər
uçuş üçün yanacaqla doldurulurdu. Pilotlar bomba yüklü təyyarəni gəmilərə
çırpıb, onu partlatmağa cəhd edirdilər, ən
azı ona hiss edilən xətər yetirirdilər. Kamikadze "ilahi külək" demək idi və
XIII əsrdə tufana, tayfuna çevrilən bu külək
Çin gəmilərində üzən monqol ordusunun
Yaponiyanı işğal etməsi planının
reallaşmasına imkan verməmiş, donanmanı və
canlı qüvvəni darmadağın etmişdi. Kamikadze pilotların meydana çıxması bir əsrə
yaxın müddətdən sonra samuray ruhunun intibahı,
reinkarsasiyası demək idi. Yaponiya
samurayların özünü qurban vermək kimi fədakarlığından
istifadə etmək yolunu yenidən tutmağa məcbur
olunmuşdu. Ağır, şiddətli
hücuma məruz qalan hərbi xadimlər üfüqdə məğlubiyyətin
alatoranlığı görünəndə samurayların təcrübəsindən
faydalanmaq istəmişdi. Bu, müəyyən
fayda versə də, Yaponiyanı qapını döyən məğlubiyyətdən
xilas edə bilməzdi və ölkənin şəhərləri,
sənaye mərkəzləri amerikan bombardmanlarından viran
qalırdı.
Amerikanlar 1945-ci ilin avqustunun birinci ongünlüyündə
iki şəhərə atom bombası atdılar. Hirosima və
Naqasakini viran qoyan və mülki əhalinin kütləvi
qırğınına səbəb olan bu yeni silah
növünün tətbiqi olduqca dəhşətli bir tədbir
idi. ABŞ prezidenti Harri Trumen bunu bir milyon
amerikan əsgərinin qarşıdakı döyüşlərdə
ehtimal olunan itkisinə yol verməmək məqsədini
güddüyü ilə izah etmişdi. Trumenin
bu mülahizəsi heç də əsassız deyildi. Mərhum prezident Franklin D.Ruzvelt hələ
Tehran konfransında (noyabr-dekabr 1943-cü il)
ürək ağrısı ilə demişdi ki, bir yapon əsgərinin
məhvi on dəfə artıq amerikan əsgərinin həlak
olmasına səbəb olur. Bu, amerikanlara olduqca
ağır gəlirdi, onlar insan həyatının itkisini
böyük kədərlə qarşılayır, onu
böyük faciə hesab edirdilər. SSRİ-də
isə döyüşlərdə ağır itkiyə yol
verilməsi adi hal hesab edilirdi. Bunun nəticəsində
II Dünya müharibəsində ümumi həlak olanların
sayında Sovet adamları onların yarıdan çoxunu təşkil
edirdi.
Bəzi məşhur Sovet sərkərdələri
kütləvi əsgər itkisinə anlaşılmaz bir
laqeydliklə yanaşırdılar, onu məqsədsiz
atılan pulemyot gülləsinin gilizindən fərqləndirmirdilər. Təkcə
Rjev döyüşlərində canlı qüvvənin bir
milyondan artıq itkisinə yol verilmişdi. Epir çarı Pirr Romaya qarşı İtaliyadaki
iki döyüşdə (b.e.ə. 280-279-cu illər)
ağır itki verməklə qələbə
çaldıqdan sonra demişdi ki, növbəti belə bir qələbə
mənim ordumu yoxa çıxaracaqdır, buradan da "Pirrin qələbəsi"
məfhumu əmələ gəlmişdir. Sovet ordusunun və
xalqının qələbəsi isə olduqca mühüm tarixi
hadisə olmaqla,
tam fərqli xarakter daşıyırdı, buna böyük
itkilər vermədən də nail olmaq çətin məsələ
idi.
Alman orduları üzərindəki qələbə
dünyanı faşizm ağalığı təhlükəsindən
azad etdi. Bu zəfəri başa gətirənlərin xatirəsi
unudulmayacaq, daim əziz olaraq qalacaqdır.
Özlüyündə tarixdə ilk dəfə
amerikanlar tərəfindən atom bombasından istifadə edilməsi
isə əslində insanlığa qarşı zidd bir hərəkət
idi. Bəzi
yapon tarixçiləri bunu "sarı irqə"
qarşı rasizm kimi qiymətləndirir və deyirdilər
ki, hətta Hitler məğlub olmayıb, vuruşunu davam etdirsəydi,
yalnız "ağ irqə" mənsubluğuna görə
ona qarşı bu silahdan heç də istifadə edilməzdi.
"Sarı irqə" aid olduğuna görə guya məhz
Yaponiyaya qarşı belə kütləvi qırğın
silahı işlənmişdi. Yüz minlərlə
dinc insanın itkisinə səbəb olan atom silahının tətbiqinin
dəhşəti, ciddi bir əsası olmayan istənilən
iddialara da haqq qazandıra bilər.
Yaponiyaya vurulan belə
ağır zərbədən sonra, 14 avqustda imperator Hirohito
radio ilə çıxış edib, xalqa müraciət etdi.
Bu vaxtadək onun səsi eşidilməmişdi, axı o, yerdəki
allah hesab olunurdu. İmperator
xalqı və ölkəsini qoruyub saxlamaq naminə təslim
olmaq tələbi ilə razılaşmaq lüzumunu qeyd etdi.
15 avqustda isə yaponlar müqaviməti
dayandırdığından müharibə başa
çatdı. 2 sentyabr 1945-ci ildə
ölkənin xarici işlər naziri Yaponiyanın qeyd-şərtsiz
təslim olması aktını amerikalıların
"Missuri" gəmisində imzaladı.
Yaponiya şəhərləri viran qalmışdı. ABŞ
silahlı münaqişədə əzdiyi öz dünənki
düşməninə siyasi, iqtisadi, sosial yardım göstərdi,
həm də dövlət onun himayəsi ilə yaradılan
yeni konstitusiya ilə demokratik quruluş relsinə
salındı. Ölkə öz yarasını sürətlə
sağaldırdı və az müddətdən
sonra xarici maddi kömək göstərilməsindən imtina
etdi.
Müharibədən sonrakı iqtisadi sağalma
Yaponiyanın həm də iqtisadi yüksəlişinə yol
açdı.
Geniş mənada öz mahiyyətinə görə, yapon
iqtisadi möcüzəsi adlanan hadisə II Dünya müharibəsinin
başa çatmasından Soyuq müharibənin sonuna qədər
davam etdi.
Yapon iqtisadiyyatının müharibədən sonrakı
durğunluqdan çıxması və inkişafı dörd
mərhələyə bölünür. Bunlar
1946-1954-cü illəri əhatə edən sağalma,
1955-1972-ci illərdəki yüksək artım, 1972- 1992-ci illərdəki
sabit artım və 1992-2017-ci illərdəki aşağı
artım dövrləridir.
İqtisadi sağalma prosesinə Koreya yarımadasında
gedən müharibə (1950-1953-cü illər) də köməklik
göstərdi. ABŞ hərbçiləri müharibədə
iştirak etdiyinə görə onların paltar və digər
məişət malları ilə təchiz edilməsi Yaponiya
sənayesinin üzərinə düşmüşdü.
Həm də Yaponiya Koreyada vuruşan amerikan silahlı
qüvvələri üçün logistika sahəsində də
yaxından iştirak edirdi. Çünki ABŞ-dan gəmi
ilə həmin malların daşınması hərbi problemlərə
səbəb ola bilərdi. Bu
növ tələbatların mövcudluğu yapon
iqtisadiyyatının sürətlə sağalmasında
mühüm rol oynadı.
Digər tərəfdən Birləşmiş
Ştatlardan kömək alması və daxili iqtisadi islahata
nail olması Yaponiyanı 1950-ci illərdən 1970-ci illərə
qədər olan dövrdə, obrazlı deyilsə, yüsəkdə
uçmağa qadir etdi və o, Şərqi Asiyanın
inkişaf etmiş ölkələrindən birincisi oldu.
1955-1972-ci illərdəki yüksək artım tempi
iqtisadi möcüzənin baş verməsinə səbəb
oldu. Bu qəfləti uğur illəri ərzində
Yaponiya dünyanın ikinci böyük iqtisadiyyata malik olan
ölkəsinə sürətlə çevrildi. Ona görə də bu dövr həm də
Qızıl Altmışıncı illər adlanır.
1960-1964-cü illərdə Baş nazir olmuş Nayato
İkeda, o, bundan əvvəl isə Beynəlxalq Ticarət və
Sənaye naziri olmuşdu, ambisiyalı "Gəlirin ikiqat
artırılması planı"nın
müəllifi sayılır. Həmin plana görə,
Yaponiyanın ümumi daxili məhsulu (ÜDM) on il ərzində iki dəfə artmalı idi. Bu, sadəcə şüar deyildi, real vəzifə
olmaqla, onu həll etmə vasitələri də
hazırlanmışdı. Bu dövr həqiqətən
də rekord artım illəri kimi tanınır. İqtisadi möcüzənin
başlanğıcı isə 1965-ci ilə təsadüf
edir.
İkeda hökuməti "Gəlirin ikiqat artırılması planı"nı həyata keçirmək üçün investisiyanın hədəf seçilməsinə görə vergiləri azaltdı, sosial təhlükəsizlik şəbəkəsini genişləndirdi, ixracı intensiv olaraq artırdı və sənaye inkişafını həyata keçirdi. Kredit faizi xeyli azaldıldı, infrastruktura hökumət investisiyası böyüdü, ticarət liberallaşdırıldı. İkeda yapon iqtisadi möcüzəsinin mühüm fərdi arxitektoru olmaqla, həm də ağır sənayenin inkişaf etdirilməsi siyasətini aparırdı.
Yuxarıda qeyd olunan plana görə, on il ərzində Yaponiya iqtisadiyyatının həcminin iki dəfə artması nəzərdə tutulmuşdu, bu da ildə ÜDM-nin 7,2 faiz armasına nail olmaq demək idi, lakin artım tempi planda nəzərdə tutulduğundan daha yüksək olmaqla, ildə 10 faizdən yuxarı oldu və 7 ilə iqtisadiyyatın həcmi iki dəfə böyüdü. 1980-ci ildə 1965-ci ilə nisbətən, yəni 15 il sonra ÜDM 11 dəfə artaraq, 1 trilyon ABŞ dollarını təşkil etdi. 1980-ci ildə Yaponiya həm də digər ölkələrə beynəlxalq iqtisadi kömək göstərməkdə ABŞ-ı ötüb keçərək, dünyada başlıca donor dövlətə çevrildi. Sürətli inkişafa dair başqa bir misal da çəkmək olar. 1958-ci və 1987-ci illər arasında baş verən tarixdə görünməmiş ən yüksək inkişafın bir sıçrayışını qeyd etmək olar. Bu dövrdə əhalinin orta real gəliri beş dəfə artmışdı.
Lakin 1992-ci ildən başlayaraq ÜDM istehsalı aşağı templə artmağa başladı. 2010-cu ildə onun ABŞ-dan sonra ikinci qüdrətli iqtisadi dövlət olması yerini daha sürətlə inkişaf edən Çin Xalq Respublikası tutdu.
Militarizmin bəlaları və ehtirasla çalışma nümunəsi
Yapon xalqı olduqca işgüzar xalqdır, əsrlər boyu bu xüsusiyyət onların şüuruna, düşüncələrinə hopmuşdur və özünəməxsus mühüm keyfiyyətləri ilə onlar daim seçilmişlər. Onların əməyə təbii tələbatdan irəli gələn xüsusiyyət kimi baxmalarına, qəribəlik həddində olan zəhmətkeşliklərinə, daha doğrusu, fəal əməyə vurğunluqlarına, işin uğuru naminə sağlamlıqlarını, hətta bəzən canlarını qurban vermələrinə təəccüb qalmamaq olmur, axı bunlar az qala fantastik xarakter daşıyır. Ona görə də qədim yunan filosofu Sokratın, öz qədim həmyerlilərini hərəkətə gətirmək üçün təklif etdiyi mozalan sancması prinsipindən istifadə zərurəti bu xalq üçün yaddır. Yaponlar hansı sahənin inkişafına öz əməyini və ağlını sərf edirdisə, adətən olduqca yaxşı nəticələrə nail olurdu. Bu da onların hər bir işə, hər bir məqsədin və vəzifənin həyata keçirilməsinə əsl ehtirasla girişməsi ilə əlaqədar idi.
Vaxtilə Meydzi Bərpası xaricin imperialist ekspansiyasından qorunmaq və öz imperiyasını genişləndirmək məqsədilə həm də militarizm yolunu tutmuşdu. Yaponiya XIX əsr Prussiyasını, imperator Mutsihito isə miniatür qaydada öz müasiri, kansler Otto fon Bismarkı yada salırdı. Asiya və Sakit Okean regionunda Yaponiya özünü ağa kimi görməyi arzulayırdı və II Dünya müharibəsinin ilk iki ilində buna əsasən nail olmuşdu. Lakin militarizm əvvəllər nə qədər dadlı meyvələr verirdisə, sonralar ABŞ-ın və müttəfiqlərin güclü səyi ilə yapon siyasi və hərbi rəhbərliyinə zəhərli meyvələri də daddırmalı oldu.
Çoxlu əraziləri - Çinin və Hind-Çinin bir hissəsini, Filippini, İndoneziyanı və Sakit okeandakı adaları işğal edən Yaponiya silahlı qüvvələri II Dünya müharibəsinin son iki ilində isə əvvəlki iki ilin tam əksinə, bütün sahələrdə ağır məğlubiyyətə uğrayıb, olduqca azacıq bir itki ilə yalnız öz ərazisini qoruyub saxlaya bildi. Taleyran Vyana Konqressində "legasy" - "irs" terminini ortaya atmaqla Fransanın Napoleondan sonrakı ərazi bütövlüyünü qoruyub saxladığı kimi, Yaponiya da ABŞ-ın siyasi və hərbi nüfuzuna boyun əyməklə öz ərazisinin toxunulmazlığını əsasən təmin edə bildi.
II Dünya müharibəsinə Amerikanın hərbi bazasını məhv etməyin təbil səsləri altında girən Yaponiya öz məqsədlərinə çatmaqda Hitlerin bədnam ekspansiya siyasətindən geri qalmaq istəmirdi. Lakin sonda fiasko ilə üzləşdi və ağır məğlubiyyətə düçar oldu. Militarizmə sərf olunan ehtiraslı zəhmət yaponlara xeyir vermək əvəzinə, ölkənin az qala bütünlüklə viran qalmasına gətirib çıxardı. Müharibə əvvəlki təcavüzkar siyasətin ziyanlı olduğunu sübut etdi və müharibədən sonrakı dövrdə yapon xalqı bütün gücünü və diqqətini ölkənin şəhərlərini bərpa etməyə, sənayeni yeni əsaslar üstündə qurmağa və inkişaf etdirməyə, qabaqcıl texnologiyaları tətbiq etməyə verdi. Ehtiras öz tətbiq nöqtəsini dəyişib, militarizmdən uzaqlaşmaqla, Yaponiyanı müasir sənaye dövlətinə çevirmək vəzifəsini yerinə yetirilməsinə ünvanlandı. Artıq hərbi gəmilərə, böyük xərc tələb edən aviasiya vasitələri daşıyan gəmilər və hərbi təyyarələr hazırlamağa ehtiyac sıradan çıxdı, hərbi-sənaye kompleksinin hər şeyi udan inhisarının əvəzinə mülki sənayeyə, əhalinin tələbatına uyğun və ixraca yararlı mallar istehsalına diqqət artırıldı. Bu vəzifələrin həlli olduqca müsbət nəticələr verdi, dünyada "yapon möcüzəsi" adlanan proses meydana gəldi. XX əsrin son rübündə Yaponiya ümumi daxili məhsulun istehsalına görə ABŞ-dan sonra ikinci yerə çıxdı. Yapon texnikası növləri, minik avtomobilləri, televizorlar, məişət malları dünya bazarında rəqabətə davamlılığı ilə seçilirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.-
2022.- 22 iyun.- S.21.