Krımdan səs salan
"Qobustan" gündəliyi
Atalar deyiblər ki,
qonaq-qonağı istəməz, ev yiyəsi hər ikisini.
Qismətimizə bunun əksi düşmüşdü
ki, adını eşitcək çiçəyimiz
çırtladı. Sevincimiz
öz yerində, gəlişi ilə suallarımızı da cavablandıracaqdı: səhhəti,
dədə-baba yurdu Babək rayonunun Cəhri kəndindəki doğmalarının hal-əhvalı,
jurnalistin yeni yaradıcılıq planları...
Doğma
elində əl-əl
gəzib topladığı
kəklikotu, sarıçiçəklə...
bu dəfə də eynimizi açacaqdı.
Zənnimdə yanılmamışdım, fəqət
təbəssümə bürünmüş
göz yaşları istər-istəməz bizi
də kövrəltdi. Necəsiz
sualının cavabını
gözləmədən dedi:
"Əflatun müəllim,
yadındamı Naxçıvanda
ağır xəstə
yatanda Azərbaycan Mətbuat Şurasına, sizə zəng edib gileyləndim ki, palatamın qapısını açan
dost-tanış, qonaq-qara
yoxdur. Belə anda insan çox həssaslaşır,
gözü qapıda qalır, kimin döyəcəyi sorağında
olur. Telefonda qısa danışdıq,
dedin ki, darıxma, özümüzü
dostlarla təcili sənə yetirərik.
Çox
keçmədi Azərbaycan
Mətbuat Şurasının
sədr müavini Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı
xəbər" qəzetinin
baş redaktoru Aydın Quliyev və Mətbuat Şurasının əməkdaşı
Əvəz Rüstəmovla
birlikdə palatanın
qapısı döyüldü.
Bu, mənə bəxş edilən yeni həyat eşqi idi ki,
sağalmağıma məlhəm
oldu. İndi əvvəlkindən xeyli yaxşıyam. Gücüm,
həyat eşqim öz yerində. Krımda, Sevastopol radiosunda
deyilməmiş, yazılmamış
o qədər sözüm
var, təəssüratım
var..."
Sonra əlavə etdi ki, Cəhridən əliboş dönməyib,
yenə o çöllərin,
düzlərin bitkilərini
əli ilə toplayıb, pay gətirib.
Söhbət xeyli çəkdi. Əvvəl kəndi
xatırladıq. Sovet
dönəmində Bakı
Dövlət Universitetində
təhsil alan
gənclərin əksərinə
buralar tanış idi. Ali təhsili
bitirməzdən öncə
oradakı hərbi poliqonda hazırlıq keçir, zabit rütbəsi almaq şərəfinə layiq
görülürdülər.
Dostlarımdan biri yarızarafat, yarıciddi deyirdi ki, naxçıvanlıya
jurnalist olmaq asandır, ona görə də birinci peşə sayılır. İkincisi baxır özünə
nəyi seçirsən.
Hər halda çoxunun jurnalistikaya bağlılığı
həm də bir hobbidir.
Cəhri də Cəlil Məmmədquluzadə yurdunun
istisnasız məkanlarından
sayılır. Baxmayaraq ki, qəhrəmanımız
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini
bitirib, əvvəl-axır
lövbərini həmin
peşəyə salıb.
Özü də Krım
sahilinin göz oxşayan əsrarəngiz
güşələrinin birində.
Həmin
tarixçəyə birgə
nəzər salaq, romantikaya bənzər həyat lövhələrini
vərəqləyəq.
Kiçik haşiyə: Həbib
kişi ilə həyatımın
arasında müəyyən
paralellər var. Yaşımızın
70-i ötməsinə baxmayaraq,
yenə qəribəlik
axtarışındayıq. Bəlkə həyatın zövqü-səfası
da bundadır. Böyük bacım və qardaşım Ərdəbildə doğulub,
mən isə Gəncədə. Həmişə
çətinlik axtardığımdan
jurnalist təhsili alan kimi
Azərbaycanın ucqar
guşəsini - Neftçalanı
seçmişəm. Qəzetdə işləmişəm. Salyan,
Bakı, özüm də bilmirəm son mənzilim haradır. Bəlkə Həbibin seyr etdiyi Arazın o tayıdır. Bəlkə həyat
yoldaşımın uyuduğu
Bankə qəsəbəsi
sonuncu məkanım olacaq.
Etiraf edim ki, Həbib kişinin həyat universitetləri daha daşlı-kəsəklidir, hər
oğul ağırlığına
dözə bilməz. İstəsəydi rahatca Naxçıvanın,
Bakının məktəblərinin
birində dərs deyər, qəzetlərdə
işləyərdi. Günlərin
birində mən getdim deyib qısaca
cavab vermişdi:
"Harada top-tüfəng səsi
eşitsəniz, orada".
Abxazların güllə səsindən
cadar-cadar olmuş məskənlərini gördü,
oradan Krıma, baş şəhər Sevastopola ömür-gününü
bağladı.
Həyat universitetlərinin daşlı-kəsəkli
günlərini yaşadıqca
daha mətinləşdi. Yaşantıdan zövq aldı, bəlkə elə o, özünü məhz bu həyata hazırlamışdı. Həyəcanlı günlərin
imtahanlarında bazarda
daşıdığı yükdən
çıxardığı halal pulun zəhmət
haqqından bir pay ayırıb ev
kirayəsini və
Vera xalanın məktəb
açmaq üçün
ayırdığı otağın
haqqını ödədi,
Azərbaycan və rus dillərində radio verilişlərini təşkil
edəndə əməyindən
zövq aldı.
Bunlar faktdır. 77 illik ömrün 28 ilini vətəndən uzaqlarda, insanlara bəxş edilən ömrün əbədi yadigarlarıdır. Onu dolanbaclı
yollarda şux saxlayan, qəddini əyməyən vücudu
həyata inamından qaynaqlanır. Lövbərini liman şəhəri Bakıdan Sevastopola dəyişən iradə,
dözümü və
bir də qələmidir. Deyə bilmərəm
ki, yad eldə
Azərbaycan dili məktəbi açmaq ideyası ona kimdən yadigardır.
Tarixdən yaxşı bilirik
ki, klassiklərdə buna aid misallar çoxdur.
Onu başa
düşmək heç
də hər adamın işi deyil. Nadanlar lağ edir, sözü zarafatla deyir, "rahat dünya ona dar gəlir"
atmacalarını işə
salırdılar. Bəziləri irəli gedərək
"Azərbaycanfilm"in qəhrəmanları
Cəbiş müəllimə,
hələ Moşuya da bənzədirdilər.
Sınmayıb Firdovsidən misal
çəkirdi. Belə ki,
zindanda yatan şairin "köməyinə"
çoban gəlmişdi.
Bilmişdi ki, xalq heç də onu güman etdiyi qədər tanımır. Çoban isə
onu şairə yox, uzun saqqalına
görə qurd aparan keçiyə bənzədir.
Həbib müəllimin indiyədək
4 kitabını oxumuşam. İlk ikisinə
Yusif Dirili ön söz yazıb - "Krım gündəliyi, Qobustan"a
(2007) və "Bura Vətəndir, Azərbaycana
səyahət"ə (2014). "Bakı xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev "Qobustan radiosu mətbuat aynasında (Krım-Azərbaycan
dostluq körpüsü)
1997-2015)" kitabını səciyyələndirib. Azərbaycan Yazıçılar
Birliyinin üzvü, yazıçı-publisist Fariz
Çobanoğlu "Qobustan"
Krım efirində
1997-2014" kitabı yazarın
öz portretidir ki, səmimi qələmə görə
sağol düşür.
Daha böyük minnətdarlıq
isə 300-dən çox
yazıya ərklə
imza atan, bununla qürurlanan müəllifin özünədir.
Əgər o, illər boyu
əziyyətə qatlaşmasaydı,
Krımda həmvətənlərimizi,
yarımadada yaşayan
ukraynalıları, rusları,
yunanları, moldovalıları...
tanıtmasaydı, xüsusilə
II Dünya müharibəsi
qəhrəmanlarının portretlərini cızmasaydı,
onları ya tanımaz, ya da ötərgi məlumata malik olardıq.
Jurnalist bunlardan ötərgi deyil, ətraflı söhbət açıb. Daxili İşlər
Nazirliyinin generalı,
mərhum Həsən
Şirinovun bu işdə xeyirxahlığını
unutmaq olmaz. O, əliboş, cibi boş həmyerlisini Krıma yola salıb. Ömrünün sonunadək ona
səmimi münasibət
bəsləyib.
Sevastopol məktəbində uzun illərdir ki, Azərbaycan dili sevdirilir, tədris edilir. Yer darısqal olduğundan cəmi 15 nəfər müdavimi var. Çox yaxşı olardı ki, Təhsil Nazirliyimiz və Diaspora Komitəmiz bu xeyirxah kişinin səsinə səs verib, dəstəklərini
əsirgəməsinlər.
Eyni qayğını
Sevastopol Radiosunda görmək
arzusundadır. Onlar Azərbaycan həqiqətlərinin
təbliğindən yorulmur,
geniş axtarışları
ilə diqqəti çəkirlər. Bu işdə "Qobustan"ın
aparıcısı Leyla
Kərimovanın üzərinə
məsuliyyət düşür.
Sevastopol jurnalistlərinin cəmən
çəkilən bir
fotoşəkli var. Həbib
kişi reklam xatirinə deyil, əlində tar həmkarlarının əhatəsindədir.
Onun sayəsində bizim milli çalğı alətlərini yerli camaat yaxşı tanıyır. Saxarnaya Qorlovkada
da oxucularla görüş onun öz dünyasının
ləzzətini çəkdiyini
göstərir.
Yerli camaatın Sovet dönəmindən hörmətini qazanmış görkəmli bir ictimai xadim də var - Ümummilli liderimiz Heydər Əliyev. 1974-cü ildə Sapun dağda çəkdirdiyi tarixi görüntüləri jurnalist A.Bajenov lentə alıb. Vilayət hərbi muzeyindəki kadrlar həmyerlilərimizin igidliyinə işıq saçır.
Burada kontr-admiral Zinur Hüseynovun, azərbaycanlıların ağsaqqalı Hidayət Musayevin, Gövhər Əliyevanın və başqalarının kitablardan boylanan sətirlərini hamı maraqla oxuyur.
Yarımada lövhələri sübut edir ki, azərbaycanlılar yaşamağı, işləməyi, döyüşməyi, çalıb-oxumağı bacaran fundamental zəka sahibləridir. Həmin keyfiyyətlər əsas verir ki, bu xalqı sevəsən, onunla çörək kəsəsən, halal tikəni bölüşdürəsən. Hətta qohum-əqraba da olasan.
Dalğalarda klassik Azərbaycan şair və yazıçılarından, müasirlərdən, musiqimizin Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və digər korifeylərindən, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı cahanşümul qələbələrdən açılan söhbətlər könülləri oxşayır.
"Qobustan"ın dalğalarında Fərhad Turanlının, Oljas Süleymenovun, ukraynalı şair Mikolanın, Səməd Vurğunun dostu Yuşenko Yakuboviçin və digər tanınmış şəxsiyyətlərin yaradıcılığı canlandırılır. Bu, kiçik radionun yaratdığı böyük möcüzədir.
2014-cü ildə Həbib Əli oğlu ilə tanışlığımız yox idi. Mətbuat Şurasına təşrif gətirmişdi. Onun jurnalistikaya dərin marağı bizdə təəssürat yaratdı ki, niyə indiyə qədər tanımamışıq. Şuranın Ahıl Jurnalistlər Məclisində fürsətdən istifadə edib görüş keçirdik. 20 yanvar 2014-cü ildə "Azərbaycan həqiqətlərini ölkə hüdudlarından kənarda, müntəzəm və peşakarlıqla təbliğ etdiyinə görə" diplomla mükafatlandırdıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə verilən Fəxri diplom onun layiq görüldüyü ən yüksək mükafatdır.
Həbib müəllim yenə yol
üstündədir, Krıma, Sevastopola tələsir.
Axı, onu yenə şərəfli zəhmət
və bir də həsrətində olduğu dinləyiciləri gözləyir.
Rəhim
HÜSEYNZADƏ
İranlı
Mühacirlər Cəmiyyətinin sədri, Əməkdar
jurnalist
525-ci qəzet.- 2022.- 22 iyun.- S.20.