Fəqirin göz yaşı
(Nəzirə)
Felyeton
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi,
publisist, təbib, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularından olan Həsən bəy Ağayev 1905-1906-cı
illərdə çap olunan "Həyat" qəzetində
müntəzəm olaraq publisistik məqalələri ilə
çıxışlar edib. Müəllifin "Fəqirin
göz yaşı" sərlövhəli yazısını
oxuculara çatdırır və zənn edirik ki, materialda əksini
tapan bir sıra məqamlar auditoriya üçün maraqlı
olacaq.
Hamunun məlumudur ki, zənginlər fəqirlərin ah və
nalə, göz yaşınə inanmayıb, onların halətinin
məhlikəliginə (məhlikə - təhlükə) səbəb
onların tənbəligini həmişə nöqteyi-nəzərdə
tutarlar. Böylə suyi-zənn (suyi-zənn - bədgümanlıq)
isə əksər ovqat ilə aşağıda olanların fəna
yollarə düşməklərinə səbəb olub,
onları insaniyyətlik cəhətilə daha alçaq dərəcəyə
salıyor və cürəbəcürə bəd əməllərə
vadar ediyor.
Cahillər küçəsinə bir günü səs
düşdi ki, Cəfər Qulu qəflətən ölub. Mərhum Cəfər Qulu
faqır, zəif, artıq dərəcədə kasıb,
aqıldan bir az gödək, heç təvanası
(təvana - taqət) yoq bir şəxs imiş. Kəndisi
də axır vəqtlərdə həmi oğurluqə
qurşanmış, həmi də müskiratə
(müşkirat - spirtli içki) şüru etmiş,
çünki tanışları ğeyr millətlərdən
eşitmiş imiş ki, ruzgarın təlxiliqini ancaq məctlik
halətində unutmaq mümkündür. Oğurluğu
əksər ovqati-məstlik halətində edər imiş:
kiminin anbarinə, kiminin zirzəmisinə, kiminin dükanınə
girərmiş. Xülasə, mərhum dünyadə
çox pis gün keçiriyormuş.
Xülasə, dari-bəqayə (dari-bəqa - əbədilik
evi) gedənədək Nəkir və Münkər hazır
oldular. Rəqib dəftəri boş bir tərəfdə,
etiyəd dəftəri dolu digər tərəfdə
durmuş idilər. Mərhumun işləri
mizanə burulmaq üçün bir məhkəmə quruldu.
Hüzurə bir gözü ağ, digər
gözü qarə bir tərəzi gəldi. Səvab məlaikəsi
[rəqib) dəftərini qoydu tərəzinin ağ
gözünə, xəta məlaikəsi isə etiyəd dəftərini
tərəzinin digər gözünə. Mərhumun cəme əmri
xətadan ibarət olmağı cəhətindən tərəzinin
qarə gözü ağır gəlib ağ
gözünü həvayə qaldırdı. Cəfər
Qulu cəhənnəmə gedəsi oldu. Bunu görüb
etiyəd üzünü Cəfər Quluyə tutub dedi:
görürsən nə qədər xəta etmisən,
oğurluq, müşkirat, dilində həmişə yalan,
böhtan, iftira, söyüş və qeyri-nalayiq sözlər.
Öləndə də tövbəsiz ölmüsən!
Allahın qəzəbinə layiqsən! Məzar ki, cəhənnəmdən
bir pəncərə açılacaq və qiyamətəcən
cəhənnəm əzabi çəkəcəksən! Rəqib
isə allahın mərhəmətindən ümidini kəsməmiş,
Cəfər Quluyə: tövbə et
"deyərdi". Ay Allahın zəlil bəndəsi,
tövbə et. Allahtəalanın rəhmi
hədsizdir, bağışlar səni, tövbə et.
Çünki Cəfər Qulu cəhənnəmi
dünyadə ikən çəkmiş imiş. Ona binaən məlaikələrin
sözlərinə etina (etina - əhəmiyyət vermə)
etməyib, öz-özünə fikir edirdi: tövbə nədir!
Cəhənnəmə! Cəhənnəmə
də gedərəm. Cəhənnəm hali ki, mənə
aşinadır! Cəhənnəmə dünyadə
ikən örgənmişəm.
Kənardə
əlində gürz tutmuş Münkər istədi ki,
gürz ilə vurub cəhənnəmdən məzarə pəncərə
açsın, bu haldə rəqib yüzün etiyəd Nəkir
və Münkərə tutub dedi: Cəfər Qulu barəsində
bir neçə sözüm var. Doğrudur, xəta çox
edib. İndi isə də tövbə etmiyor.
Bunun gərək bir səbəbi ola. Səbəbsiz şey olmaz. Bu fəqirin
qəlbini bir qalın qabıq basıb örtübdür.
Öylə örtübdür ki, qəlbinə
heç bir şey siraət etmiyor. Ancaq siz
bir sual edin ki, pəs böylə qabıq nərədən və
nə tövr əmələ gəldi? Bu
yazıq cəm'e dünyadə ömründə bir
işıqlı gün görməyib. Siz
onu cəhənnəm əzabı ilə qorxudursunuz. Əmma ondan xəbər almalı, cəhənnəm
əzabından qorxurmu ya yox. Şəksiz
qorxmuyor. Çünki dünya özü
onun üçün bir cəhənnəm surətində
keçib. Zəlil dünyadə dərd və
bəla və məşəqqəti-ruzgardan səvayi öz həmcinslərindən
və həmməzhəblərindən cövr (cövr -
zülm) və cəfadan səvayi bir şey görməyib.
Həmişə özü ac, xırdə uşaqları
aç və lüt, aclıqdan növbənöv azarlarə
giriftar olmuş! O səbəbdən gah çürəkçi
dükanınə, gah qonşusu Hacı Daşdəmirin un ilə dolu olan anbarinə girirdi (Hacı onu
saxlamışdı məzənnə qalxandə atrıq qiymətə
satmaqə]. Cəfər Qulu təbiyyən
oğru degil; onun ürəgini qabıq örtüb isə də
uşaqlarinə olan məhəbbətini örtməyib; onun
ürəgini qızdıran ancaq tək bu müqəddəs
hissidir; vəhşi heyvan heyvan olduqdan o da öz balaları üçün
həmişə azuqə və onları mühafizə eləmək
fikrində olur. Pəs bu insan olduqdə nə
tövr uşaqları üçün çörəkə
getməsin? Bunun uşaqları
hamısı aclıqdan tələf oldular. Çünki ataları mahir oğru degil idi. Harayə girir idisə tutulurdu,
dögülmüş və əzilmiş evə əli
boş qayıdardı. Cəfər Qulunu
ancaq tənbəllər evdə tənbəllikdən dögməzdilər.
Xırdalıqda onu ata və anası
dögüb-sögürdülər. Vəqtində
atası onu nə məktəbə, nə bir sənətə
qoymadı. Evlərində
sögüşdən və ğeyri naşayistə sözlərdən
başqə bir şeyi eşitməyib, bu yoldə tərbiyə
tabdı. Bir az böyük olandan sonrə
düşdü küçə uşaqları cəhallər
(cəhallar - cahillər), qolçomaq və qoçular
içinə. Bunlar dəxi zarafatən kimi bir
yumruq, kimi təpik, kimi üzünə tüpürcək,
kimi söküş əta edərdilər ona.
Müxtəsər
Cəfər Qulu məhz dögülməgə guya
yaranmış imiş, onun ölümünə dəxi
ümdə səbəb dögülmək olub: çürəkçi
dükanındə tutub o qədər əngəzdəmiş
imişlər ki, bir gün əmr edib səbahi günü
dünyanın pəs bu rəhm adamlarının yüzündən
xilas oldu. Dükanə də balacə azarlı qızı
üçün çürək oğurlamaqə gedib
imiş! Baxınız yazığın bədənində
sağ yeri qalmayıb deyə rəqib Cəfər Qulunun kəfənini
qaldırdı, həqiqət mərhumun bədəni
tulux-tulux olub gömgök gögərmiş idi. Əcəba böylə ruzgardən müsəlmanların
bir-birilərilə böylə rəftar eləməkindən
insan qəlbi qabıq ilə örtülməzmi?
Dünyadə islamın ancaq bir adı qalıb, ədalət,
faqirə rəhm və mürüvvət yox. Biçarə
ömründə bir kimsədən bir xoş şirin söz
eşitməyib. Cəfər Qulunun xətalar
etməginə səbəb ancaq öz həmməzhəbləridirlər.
Qurban bayramı olar, qurbanın yağlı və
böyük parçələrini həmişə
özü dərəcədə təvanə (təvanə -
var-dövlət) sahibləri göndərərlər ki, əvəzində
də öylə ət payı gəlsin? Qurbanın
dərisini satar ki, qurbanə verilən puldan bir miqdar ələ
gəlsin? Əli aşağədə olan
qonşuları, dul övrətlər, yetim uşaqlar, topal qocələr
heç yadə düşməzlər. Oruc
bayramində fitrə sədəqəsinə müstəhəqq
(müstəhəqq - ehtiyacı olan) olan şəxsə verməzlər
ki, öz kasıb qohumu var isə ona verərlər və
halanki, böylə qohumlarə həmişə müavinət
etmək vəzifələridir, nəinki tək böyük
bayramlardə.
Yerə yıxılanın əlindən
yapışmazlar. Ancaq özlərindən böyük və
qüvvətliyə hörmət və xidmət edərlər
ki, onlar də əvəzində gələcəkdə bir mənfəət
verələr, oruc, namaz və Həccə ticari nöqteyi-nəzərindən
baxarlar. Həccə gedərlər ki, ovdətındə
(övdətində - geri dönəndə) adlarinə
Hacı deyib hörmət və xidmət etsinlər. Orucu, namazı və Allahtəalanın qeyri əmrlərini
biheşt və hürilər qazanmaq niyyətilə əmələ
gətirirlər. Xəms və zəkat vermək yoq! Ehsanlarınə həmişə təvanlarını
dəvət edərlər.
Cəmiyyəti-xeyriyyələri, darülyetimanları və qeyri bu cins müqəddəs və xeyirli məcmulərdən (məcmu - toplanmış) müsəlman arasındə bir nişanə yoq və halinki böylə məcmu'lərin xərcini örtməgə mənbələr çox çoxdur. Ancaq milli namusə malik olmaq və mədəni qonşulardən ibrət almaq lazımdır. Yəqin ki, müsəlmanlardə bu iki ziqiymət hisslər olsə idi böylə fənalıqdə olmaz idilər, təvanlılar (təvanlılar - dövlətlilər) əcnəbi beynində isimləri məşhur olmaq üçün əcnəbilərə köməgi və ehsani artıq həvəs ilə etməkdə oluyorlar. Böylə olan surətdə neçə müsəlman arasındə Cəfər Qulu kibi xəta sahibi insan olmasın? Hərgah müsəlmanlar Qurani-Məcidə müvafiq dolansaydılar, şəksiz böylə olmaz idi! Hərgah Cəfər Quluyə bircə dəfə, bircə müsəlman səmimi qəlbdən bir xoş söz demiş olsə idi, bu da adam olardı, bu günə, fənalıqə düşməz idi. Ürəgini qabıq örtüb basmaz idi deyə səvab məlaikəsi şəfalı əlini qoydu Cəfər Qulunun çiyninə. Cəfər Qulu isə böylə sözlər ömründə heç eşitməyib dəvam edəmmədi. Böylə şirin xoş sözlər necə ürəgi dağlamasın, daş olsə dəvam edəmməz! Cəfər Qulu tabi-avər (tabi-avər - tab gətirən) olmayıb yıxıldı rəqibin ayaqlarınə və hönkür-hönkür başladı ağlamağə və dedi: Allahtəalə səndən razı olsun, ürək qızdıran sözlər o dünyadə olmadı isə də, darülbaqidə eşitdim. Bu haldə cəhənnəm əzabı dəxi mənə ağır olmaz, çünki öz fənalığımı, dərd və xətalarımı düşündüm...
Cəfər Qulu ürəkdən ağlayırdı. Qəflətən onun göz yaşının bir qətrəsi tərəzinin həvadə olan ağ gözünə düşdü və dərhal tərəzinin digər qarə gözü yüngülləşib həvayə qalxdı. Fəqirin göz yaşı böylə ağır imiş. Məlaikələr buna təəccüb etdikdə rəqib dedi: bir tövbə edən günahkar yüz adını Hacı qoyub və yüz kərrə iş görənlərdən və heç kimsəyə bir mənfəəti olmayanlardən, xoşraq və yovuqraqdır!
Allahtəalə Cəfər Qulunun xətalarından keçib ona biheşt qismət elədi!
"Həyat" qəzeti. 1905-ci il,
30
sentyabr, ¹ 75
Ərəb
əlifbasından çevirdi:
Fatma
ƏLİZADƏ,
Bakı
Slavyan Universiteti, Jurnalistika kafedrasının müəllimi
Həsən
bəy AĞAYEV
525-ci qəzet.-
2022.- 22 iyun.- S.19.