Qalib Şəfahətin şəfaətli
misraları
Şair Qalibin "Eşqə batır
yanaqlarını" kitabındakı əsərlər
yığcamdır, lakonikdir, sözə qənaətlə
yazılıb.
Forma axtarışlarının rəngarəng
tapıntıları, həyat faktlarının, detalların
bolluğu misraların dinamikasını gücləndirir,
şeirlərin çəkisini, sanbalını
artırır.
O da
çox dəyərli və gözəldir ki, poetik fikirlər
ütülənmiş, trafaret qafiyələrlə,
sürtülmüş təyini birləşmələrlə
deyil, ilk baxışda göz qamaşdıran, duyğuları
qıcıqlandıran, bir az köntöv, lakin təzə bədii
obrazlarla ifadə olunur və müəllifi fərqləndirən
bu cəhəti biz, onun yaşıdı olan gənc şairlərin
yaradıcılığında da görmək istərdik. Ancaq bəzi hallarda forma və məzmunca təzə
yaradılan və təqdim olunan söz və yaxud ifadə
birdən-birə anlaşılmır. Yaradılmış
təzə, həm də yaxşı yonulmamış söz
misraların musiqi təranəsini "xaric" notlarla zədələyir.
Oxucu bu "xaric"in mənşəyini
araşdırır, onu doğru-düzgün anlamağa
çalışır. Bu, əlbəttə,
xoşagələndi, təqdir olunandı. Oxucu istər-istəməz oxuculuq "çərçivəsindən"
çıxır, daha geniş yaradıcılıq
sferasına daxil olur.
Şair Qalib bir şeirində "Ürəyimə
yağmır yağış, ürəyim quraqda
qalıb" - deyə fəryad çəkir. Bizi
düşünməyə vadar edir. Bəs,
axı, ay qardaş bu "quraqda" nə deməkdi? Quraqda qalmaq necə olur? Bəli! Üstünə
yağış yağmayan, sudan korluq
çəkən, dumandan, çisəkdən məhrum torpaq
dəmyə, quru torpaqdır. Şair sevgisiz, məhəbbətsiz
yaşamağı bitkisiz, cücərtisiz dəmyədəki
cansız, sönük həyata bənzədir.
Bir qayda
olaraq, işi düz gətirməyən, çətinliklərlə
üzləşən, əllərini göyə açıb, Allahdan,
tanrılardan aman istəyir, şaxsey-vaxseylərlə
başına-dizinə döyür. "Çünki
oldun dəyirmançı, çağır gəlsin dən,
Koroğlu" atalar sözüylə təsəlli tapır.
Lakin şair hesab eləyir ki, üzə
çıxan bədbəxtliyin səbəbini başqa yerdə
yox, özümüzdə axtarmalı və çətinlikdən
qurtarmaq yolunu da özümüz tapmalıyıq. Gəlin
"Vur başıma ürəyimi" şeirini birlikdə
oxuyaq:
Sevib-sevilə
bilməyib,
Danışıb dinə bilməyib.
Sənsiz
ki, ölə bilməyib,
Vur
başıma ürəyimi!
Etibarsız
sirdaş kimi,
Başsız
qalan, bir baş kimi,
Al əlinə,
vur daş kimi
Vur
başıma ürəyimi!
Adətən, şeir oxuyarkən misraları pillə-pillə
enib, vərəqin ayağındakı sonluğa, şeirin
finalına yaxınlaşırıq. Amma sən demə,
misra pillələri endikcə biz, kulminasiya nöqtəsinə
qalxırıq. Bu kriteriya Qalibin əksər
əsərlərində görünür. Amma bəzi şeirlərində forma
dağıntılarıyla üzləşirik. "Gecəni çəkib qoymuşdu
ayağımın altına, səhərə çıxmaq
üçün! Gecə qəflətən
sürüşdü ayağımın altından"... Fikir bitdi, şeir tamamlandı. Buna
təəssüflənir, lirik qəhrəmanın halına
acıyırıq. Lakin sonrakı "Gecədə
tapa bilmədi özünü, qaranlıq içində
itib-batdı" söhbəti şeirə yamaq kimi
görünür. "Eşqə
batır yanaqlarını", "Əllərində göy
üzü" və buna bənzər bir sıra misralardan
doğan assosiativ görüntülərin rəsmini
kağıza köçürmək və şərh etmək
olar. Lakin bu assosiativ təsir
ayrı-ayrı intellektlərin dünya görüşündən,
düşüncə tərzindən, poetik duyumun
kateqoriyasından, həssaslığın gücündən
asılı olaraq dəyişə bilər. Müəllif belə dumanlı misralardakı fikirlərə
aydınlıq gətirə biləcək heç bir detaldan
istifadə etmir. Nəticədə şeir
"təfsilatlar" mərəzindən qurtarır,
uzunçuluğa son qoyulur. Misranı
doğru-düzgün anlamaq şərəfi bizim
ixtiyarımızdadır və təbii ki, belə məqamlarda
"iman bir yerə, güman min bir yerə" gedir. Biz
də yozmalarla, fərziyələrlə, gümanlarla, bəlkələrlə
əlbəyaxaya çıxırıq! Şair,
şeirlə oxucu arasında görünüş yaratmağa
nail olur.
Bir
zamanlar yemək yeyəndə də gözümüzün
ucuyla oxuduğumuz dastanların, nağılların romantik ab-havası bizi
ömrümüz boyu tərk etmir. Şair Qalibin o sehirli aləmdən
baş alıb gələn "Sevgi nağılı"
şeiri bu gün nə qədər gərəkli, necə də aktualdır.
Sevgiləri, məhəbbətləri gündən-günə
cılızlaşan cəmiyyətimizi qəflət yuxusundan
oyadan təbil nərələridir. Bir qayda olaraq
nağıllarımızın sonunda göydən üç
alma düşür. Nağılçı
da bu almaların biri sənin, biri mənim, biri də
nağıl söyləyənin deyib, nağılı bitirir.
Nağılın mifik qəhrəmanı
ovsunlanmışdır. Uçan
xalça onu göyün yeddinci qatına qaldırır.
Nurlar içindəki kəhnəşan
xalçanın uçuş yoludur. Yollar
boyu yanıb-sönən "Mikma", "Qəyənduz"
ulduzları uçuşları tənzimləyən
işıqforlar "Kiçik Ayı bürcü" cəhətləri
göstərən kompasdır. Xəyalları
göylərdə dolaşan lirik qəhrəman birdən qeyzlənir.
"Alma nağılın sonunda
düşür. Sən lap əvvəlində yedin
almasını nağılımızın.
Nağılımızın sonunda alma
düşmədi...Daş düşdü sevgimizin
yarımçıq binasından". Və nə təəssüflər
ki, "Yandı bağrım hicr ilə, vəsli-ruhi yar istərəm,
Dərdiməndi xəstəyəm,
dərmanı-didar istərəm" - deyə fəryad
çəkmədi müasirimiz Məcnun. "Tutuşdu
qəm oduna şad gördüyün könlüm!
Müqəyyəd oldu ol azad gördüyün
könlüm" - deyə göz yaşlarını
axıtmadı Leyla! Biz sevgililərin halına
acıyırıq. Məhəbbət nə üçün bir belə
ucuzlaşıb? Heyfslənirik. Amma müəllif də bu suala cavab vermir.
"Ümidsiz qaldıq" şeiri sanballıdır,
ağırçəkilidir. Müəllif əsrlər
boyu millətimizin psixologiyasında tərbiyəvi-estetik
kriteriya kimi yaşayan, "Əlsizin əlindən tutmaq",
"Yıxılanı qaldırmaq", Ehtiyaclıya gərək
olmaq" kimi humanist normaların it-bat olacağından
ehtiyatlanır. Əlbətdə! Yeri var! Şair
bizi təkcə xalqımızın yox, cəmi
insanlığın rifahına hesablanmış adət və
ənənələrimizi yaşatmağa, zənginləşdirməyə
çağırır.
Yol vermədik
bir-birimizə
Yollarda azdıq.
Çatammadıq
son mənzilə!
Ümidləri
yelə verdik, yel apardı!
Arzuları
çölə atdıq, sel apardı!
Eşqə
əl uzandı, kəsəmmədik,
Əl apardı.
Bir sən
qaldın, bir də mən!
Ümidsiz, arzusuz, eşqsiz.
Olmuşuq
bir-birimizə gərəksiz!
Çinin Pekin şəhərindəki
Diyarşünaslıq Muzeyində xalqın tarixi
keçmişini və bu günlərini müqayisəli əks
etdirən eksponatlarla, fotosərgilərlə
tanışlıqdan sonra, elə burdaca vətəndəki
qohum-qardaşlar üçün xırda-para hədiyyələrlə
doldurduğun çantanı çiynimdən
aşırıb, çıxacaqsan eşiyə. Qədim
rikşalarla, son dəbli maşınlarla dolu küçələrdə
dolaşıb, yaşadığın ünvanı axtaracaqsan.
Lakin hanı! Hardadı, divarlarında
reklamları parlayan o otel? Nə qədər axtarsan da Səmtini, istiqamətini
tapa bilməyəcəksən! Səni
çaşqın görən çinli gənc yanında
ayaq saxlayacaq. Əlindəki çantanı
götürüb səni öz maşınında axtardığın otelə gətirəcək.
Maşından düşəcəksiniz. Çinli gənc cütləşdirdiyi əllərini
sinəsinə sığıb bəlkə on dəfə, ya bəlkə
onbeş dəfə sənə baş əyəcək.
Üzü gülər, kefi kök oğlan səcdələri
böyük məhəbbətlə, özü də gülə-gülə
yerinə yetirəcək. Əslində sən
ona minnətdarlığını bildirməlisən. Vaxt itirib, yanacaq işlədib. Amma
noolsun? Çinli gənc bir ehtiyaclıya
yardım əlini uzatmaq, kömək etmək imkanı
qazanıb. Sən ona bir "Gərək
olmaq" xoşbəxtliyi bağışlamısan.
Şairin
əksər şeirlərində nəzərə çarpan
bir cəhətin, - çoxluğuna daha çox
ehtiyacımız olan - az sözlə dərin
fikirlər söyləmək cəhdi və
bacarığıdır və biz də bu üslubun sirayətedici
olmasını istərdik. Ümumbəşəri
şeir xəzinəsinin ən parlaq işçiləri ustad
Füzulinin qələmindən çıxanlardı. Uzaqgörən ustad, təkcə şairləri yox,
"hər ləhzə yoxdan var olan"dan istifadə edənlərin
hamısını sözü qədir-qiymətə mindirməyə
çağırıb. Füzuli
kamanından poeziya hədəflərinə tuşlanan
oxların heç biri boşa getməyib. Sərrast,
mahir nişancan bütün oxları Allahın rizası və
mehriylə hədəflərdə onluqlara oturdub.
"Ver sözə ehya" deyib, sözün qədrini
artıran şair sidq ilə öz qədrini də
artırıb, heç özü də bilmədən şöhrət zirvələrinə
yüksəlib. Söz gözəlinin
nazından inciməyin. Onun ədalarını sevə-sevə,
şıltaqlarına dözə-dözə özünüzə
ram edin. Lazım gələrsə rəndələyim,
onu vəznin qəlibinə oturdun. Söz
yanındakı sözlərin mənasını anlatmağa
xidmət etsin. "Gər çox istərsən, Fizuli,
izzətin, az et sözü" deyərək,
bu təxirəsalınmaz problemin həllinə səfərbər
olduğunu bildirir, həmkarlarını, qələm
dostlarını da bu vacib məsələnin həllinə həvəsləndirirdi.
Lakin kimə deyirsən? Sən
saydığını say! Şərqin
canlı korifeyləri hər fəsli bir qatır yükü
dastanlar yazmaq, divanlar bağlamaq işini davam etdirirdilər.
"Yerin qulağı var". Bu kəlamın doğruluğuna yapon şairləri
bizi əsaslı inandırdılar. Füzuli
babamızın məskun olduğu Ərəbistandan çox
uzaqlarda yaşayan Yaponiya şairləri Füzulinin "az et sözü" tövsiyəsini
eşitdilər. Beş misrada 32 heca olmaq şərtiylə
"Tanka"lar yazaraq başladılar. Gündoğar ölkədə qısa yazmağa
meyllər gücləndi. Şair Baş -Yo üç misralıq - hər
misrası dörd-beş hecalı "Hokku"ların müəllifi
kimi məşhurlaşdı. Türkdilli xalqların
şair oğlu Nazim Hikmət Füzulinin "az
et sözü" kəlama uyğun qısa şeir nümunələri
yaratdı.
- Papirosun
varmı, - dedim,
- Var, -
dedi!
- Kibrit?
- Yox!
- Papirosunu küllərin atəşi
Yandırar
dedim!
Şair
Qalib Şəfahət can həkimidir. O, işini yaxşı
bilən, bu sənətin sirrlərindən agah olan
loğmanlardan biridir. Bütün həkimlər
kimi o da Hippokrat andına sadiqdir. Andın müddəalarında
qızıl xəttlə keçən insan
ucalığını ucalarda saxlamaq, şəxsiyyətə
qayğı və diqqət göstərmək kimi yüksək
insani dəyərləri iş təcrübəsində
reallaşdırır, şeirlərində təbliğ edir.
Sevgilim, qəlbimi
qırma,
Soyuğa,
borana tab gətirə bilməzsən!
Hələ
neçə qarlı, çovğunlu
Qış
var qabaqda!
Dolğun,
ictimai məzmunlu, həm də böyük Füzulinin "az et sözü" tövsiyəsinə
uyğun əsərlər yazan Qalibin
yaradıcılığının ziq-zaqlı yollarından
şərəflə keçəcəyinə
inanırıq.
May 2022
Yusif
HƏSƏNBƏY
525-ci qəzet.-
2022.- 22 iyun.- S.18.