Səni unutmayacağıq, Böyük
kapitan!
XATİRƏSİ
DAİM YAŞAYACAQ ELNUR ƏŞRƏFOĞLUNUN 48 YAŞINA
14
sentyabr, 2021-ci il
- Salam,
abi, necəsən?
- Salam,
İbo, aparatdayam.
- İrəliləyiş var? Allah kömək olsun,
abi, tez sağal.
- Hələ
yox. Sistem də vurulur.
- İnşallah yaxşı olacaq, sən güclüsən. Sən nələrə
qalib gəlmisən. Bu koronaya da qalib gələcəksən.
Yormayım səni, özündən muğayat
ol. Tez sağal, öpürəm.
"ÖLÜMÜ"
DƏ ÖMRÜNÜ UZATMADI...
Yuxarıdakı bu qısa dialoq Elnur Əşrəfoğlu
ilə messencerdəki (həm də bu dünyadakı) son
yazışmamızdı. Həmin vaxt koronaya
yoluxan Elnur müalicə aldığı klinikada süni tənəffüs
aparatına yenicə qoşulmuşdu. Vəziyyəti
kritik həddə çatmadığı üçün
telefondan istifadə edirdi. Aparata qoşulsa
da, ağlıma gəlməzdi ki, bir daha onunla ünsiyyət
qurmaq imkanım olmayacaq. Müasir dünyamızda
ölüm hər nə qədər ucuzlaşsa da, insan
sevdiyi, dəyər verdiyi şəxslərin bu dünyadan gedişini
heç vaxt təsəvvürünə gətirə bilmir...
Günlər keçdikcə Elnurun vəziyyəti
hamımızın gözlədiyinin əksinə olaraq daha da
pisləşirdi. Buna görə sentyabrın sonlarında
anası Zöhrə xanım Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya müraciət etdi. Buna
qədər yüzlərlə, minlərlə insanın şəfa
tapmasına yardımçı olan ölkənin Birinci
xanımı Elnur Əşrəfoğlunun da durumuna biganə
qalmadı. Mehriban xanımın məsələni
nəzarətə götürməsi hamımızın
Elnurun sağalacağına olan ümidini daha da
artırdı. Bəhram Bağırzadə kimi,
uşaqlığımızın digər qəhrəmanı
olan Elnur Əşrəfoğlunun da tezliklə ayağa
qalxacağına əmin idik...
Gəl ki, amansız əcəl arzularımızın
üzərindən xətt çəkdi. Oktyabın
11-də onun ölüm xəbəri yayıldı. Bu xəbər qısa zamanda sosial şəbəkələri
matəmə bürüdü. Əksər
hallarda hər şeyə tələsən millətimiz bu dəfə
də "ənənəsinə sadiq qaldı".
Elnurun ölümü ilə bağlı təəssüfünü
bildirənlərin, şəklini paylaşanların
sayı-hesabı yox idi... Lakin az sonra məlum
oldu ki, Elnur sağdır, korona ilə ölüm-qalım
savaşı davam edir. "Xəbəri yayan
Elnurun ömrünü daha da uzatdı" deyərək
sevinirdik də. Amma sevincimiz cəmi bir
neçə gün çəkdi. Oktyabrın
19-da Elnur gözlərini əbədi yumdu. Xəbəri eşidəndə nələr
keçirdiyimi bir Allah bilir. Təxminən
15 dəqiqə eyni yerdən tərpənə bilmədim.
Əlimdə isə siqaretin biri o birini əvəz
edirdi. Yağış da
yağırdı. Bu, təkcə göylərin
ağlaması deyildi, həm də axan göz
yaşlarını gizlətmək bəhanəsi idi...
Aylar keçsə də, hələ də sənin
ölümünlə barışa bilmirəm, Elnur. Bəlkə də,
məndən incimisən. O dünyadan baxıb, "mənim
haqqımda səndən başqa hamı yazdı" deyirsən.
Bağışla, abi, amma yaza bilmirəm. Sən dünyanı dəyişəndə də,
ölümünün 40 günü tamam olanda da, haqqında
kitab nəşr olunanda da yazmağa çalışdım.
Amma gözlərim önündə o qədər xatirə
canlanır ki... Bilmirəm hardan başlayıb,
harda bitirim. Kim bilir, bəlkə heç bu yazını
da digərləri kimi sona çatdıra bilmədim, yarıda
sildim...
UŞAQLIĞIMIZIN
QƏHRƏMANI...
Ötən əsrin 80-ci illərinin sonu dünyaya gələn,
futbol və jurnalistika ilə maraqlanan hər kəs
üçün sən uşaqlıq qəhrəmanı idin. Biz səni
aparıcısı olduğun "Sport daycest" verilişindən
tanıdıq. Gələcəkdə
şərhçi, jurnalist olmağı arzulayanlar
özünü sənə və Altay Əliyevə bənzətməyə
çalışırdı.
Bəxtim gətirdi ki, idman jurnalisti oldum. Çünki
bu sahə mənim üçün təkcə sevdiyim işlə
məşğul olmaq demək deyil, həm də səni daha
yaxından tanımaq imkanım oldu, dostlaşdıq. Elə bir gün gəlib çatdı ki, AzTV-də
canlı yayımda üz-üzə oturmuşduq. Sonra
birlikdə xarici səfərlər, mütəmadi müzakirələr,
bəzən futbolla bağlı mübahisələr...
Son illər isə bizi jurnalistlərin futbol
çempionatı birləşdirdi. İllər öncə növbəti
"Media kuboku"na sayılı günlər
qalmış Elnurdan zəng gəldi və mənim
yaradıcısı olduğum jurnalistlərdən ibarət
"Bakı" komandasında çıxış etmək
istədiyini dedi. Hətta yarızarafat, yarıciddi dedi ki,
"əslində, özüm komanda yaratmaq istəyirdim, amma
3 nəfərə zəng vurdum, üçü də dedi ki,
İbonun komandasında oynayıram. Ona görə
fikirləşdim ki, elə mən də "Bakı"da
çıxış eləyim". Yaxından
tanıyanlar bilir ki, Elnur futbolda təkcə şərhi yox, həm
də oynamağı əla bacarır(dı).
Uzun illər ərzində AzTV-nin
"Telefortuna" komandası ilə birgə təkcə
ölkə daxilində deyil, ölkə xaricində də
çempion və bombardir olmadığı yarış
qalmamışdı.
Elnur o qədər sadə, təvazökar insan idi ki,
komandamıza qoşulanda kapitan sarğısını ona təklif
etsəm də, razılaşmadı, "Bakı" sənin
komandandır, kapitan da sən olmalısan" demişdi. Elnur Əşrəfoğlu
kimi idman jurnalistikamızın əfsanəsi adlandıra biləcəyim
şəxslə bir komandada oynamaq bir yana,
onun oynadığı komandanın kapitanı olmaq həqiqətən
də qürurverici idi. O mənə "kapitan", mən isə
ona "Böyük kapitan" deyə müraciət edirdim. Çünki kapitanlıq sarğısı məndə
olsa da, istər meydanda, istər meydandan kənarda
komandamızın lideri də, kapitanı da, döyünən
ürəyi də məhz Elnur idi. "Bakı"da elə
bir atmosfer yaratmışdı ki... Media turnirlərindən
öncə həftədə iki dəfə futbol, ardınca
qonaqlıqlar. Qələbələrimizi
qeyd etmək üçün Elnurun digər sahədən olan
dostları da tez-tez bizə qoşulardılar.
Tanınmış aktyorlardan İlham Namiq Kamal, Çingiz
Əhmədov, futbol azarkeşi Tariyel, İsfəndiyar,
Yaşar dayı...
Bəzən
dostlarımız deyirdilər ki, futbol bir yana,
sizin məclislər nəyə desən dəyər. Bu məclislərin səbəbkarı da, təşkilatçısı
da, bəzəyi də məhz Elnur idi. İstənilən
şəxs telefonuna zəng etmədən belə, həftənin
ikinci və beşinci günləri Elmlər
Akademiyasının yaxınlığındakı qapalı
stadionda Elnuru tapa bilərdi. Amma bir şərtlə
ki, nə sözün varsa, yalnız futboldan sonra de. Çünki Elnur nəinki hansısa turnirə, adi
oyuna belə çox ciddi yanaşardı. Uduzmağı
qətiyyən sevməzdi. Futbolla nəfəs
alardı. Hər oyundan öncə istənilən
problemi həll etməyə hazır idi, yetər ki, oyun ərzində futboldan başqa heç nə
düşünməyəsən və bütün
gücünü meydanda qoyasan...
"525-Cİ
QƏZET"DƏ BÖYÜK BİR MƏKTƏB
KEÇDİM"
Elnurla bizi birləşdirən başqa bir cəhət
isə "525-ci qəzet"di. O, 1992-ci ildə, məndən 12 il əvvəl "525-ci qəzet"də
jurnalist kimi əmək fəaliyyətinə başlayıb.
Müsahiblərinin birində Elnur Əşrəfoğlu
jurnalistikaya - "525"ə gəlişi barədə belə
demişdi: "Jurnalistikaya marağım çox idi. Səbuhi (jurnalist Səbuhi Məmmədli) mənə
"525-ci qəzet"də işləməyi təklif edəndə,
düşünmədən qəbul etdim. Redaksiya
"Azərbaycan" nəşriyyatı ilə üzbəüz
binanın 1-ci mərtəbəsində - "Müxalifət"
qəzetinin redaksiyasında yerləşirdi. İki balaca otaq idi, qəzeti hazırlamaq
üçün lazımi avadanlıqlar yox dərəcəsindəydi.
Buna baxmayaraq, ilk gündən o balaca
otaqlardakı atmosfer mənə xoş gəlmişdi. "525-ci qəzet" elə ilk sayından öz
sözünü deməyi bacarmışdı. Qəzet nəyə görə populyar idi? Çünki kollektiv gənclərdən təşkil
olunmuşdu, sərbəstlik var idi, qəzetin
yaradıcısı Rəşad Məcid heç kimin işinə
qarışmırdı. Bu, gənclərə
rahat işləməyə, öz ideyalarını həyata
keçirməyə imkan verirdi. Burada
böyük bir məktəb keçdim. "525"də
1993-cü ilin payızına kimi işlədim. Qısa müddət "7 gün" və "Azərbaycan"
qəzetləri ilə əməkdaşlıq etdikdən sonra
1993-cü ilin sonlarında Azərbaycan Televiziyasına işə
düzəldim. 1994-cü ildə sonradan
xeyli populyarlıq qazanan "Sport daycest" müəllif
verilişimi hazırlamağa başladım. Burada "525"də öyrəndiklərim
karıma gəldi".
ƏŞRƏFOĞLUNUN
YADİGARI - MƏTİN ELNUROĞLU
Elnurdan yadigar iki övladı qalıb - bir qız, bir
oğul. Yaşca kiçik olan Mətin də atası kimi
futbol həvəskarıdır. Qəribədir ki, Elnur və
yadigarı Mətinin azarkeşlik etdiyi İngiltərənin
"Liverpul" klubu uzun müddət çempion ola bilmirdi. Bəzən Elnur
zarafatca "bircə "Liverpul"un növbəti
çempionluğunu görə bilsəydim..." deyirdi.
Qismətdən 2020-ci ilin mayında,
"Liverpul" 30 illik fasilədən sonra yenidən
İngiltərə çempionu oldu. Və bu arzusu
reallaşandan təxminən ilyarım sonra Elnur bizi birdəfəlik
tərk etdi...
Mətin hazırda futbolla peşəkar səviyyədə məşğul olur. Kim bilir, bəlkə də gələcəkdə atasının həvəskar səviyyədə məşğul olduğu bu idman növündə böyük uğurlar qazandı. Erkən yaşda ata itirməyi Allah heç bir övlada qismət eləməsin. Çünki hər bir ata övladlarını yerbəyer etdikdən sonra gözünü birdəfəlik yummağı arzulayır. Elə Elnur da tez-tez Mətinin gələcəyi ilə bağlı düşünürdü. Amansız əcəl onun narahatçılığının əbəs olmadığını göstərdi. Amma atası bu dünyadan tez köçsə də, Mətin Elnurun dostları, əzizləri üçün bir əmanət, bir yadigardır. Mətin də bilir ki, atasının ruhu daim onu izləyir. Eynən bu fotoda Mətinin köynəyində yazıldığı kimi - "Ata hər zaman yanımdadır".
ALTAY ƏLİYEVİN DOST, HƏMKAR VƏFASI
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, ötən əsrin son, hazırkı əsrin isə ilk 10 illiyində Azərbaycanda futbol şərhçiliyi deyəndə göz önünə ilk növbədə Elnur Əşrəfoğlu və Altay Əliyev gəlirdi. Digər dostlar kimi, Altay Əliyevə də Elnurun vaxtsız ölümü çox pis təsir etdi. Etibarlı dost, həmkar olaraq o da dostunun, həmkarının, sabiq iş yoldaşının xatirəsini daim əziz tutur. Təsadüfi deyil ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən minifutbol üzrə "Zəfər kuboku"nun baş sponsoru məhz Altay Əliyevin rəhbəri olduğu ETOPAZ şirkəti idi. Sözügedən turnirin final oyunu bu günə - iyunun 19-na təyin olunmuşdu ki, bu da səbəbsiz deyildi. Çünki bu gün Elnur Əşrəfoğlunun 48 yaşı tamam olurdu. İAM-ın sədri Elşən Məmmədov bizimlə söhbətində bildirdi ki, "Zəfər kuboku"nun final görüşünün 19 iyunda - Elnur Əşrəfoğlunun ad günündə keçirilməsi məhz Altay Əliyevin ideyası idi.
Bu gün final oyunundan öncə jurnalistlər, idman ictimaiyyətinin nümayəndələri səhər saatlarında E.Əşrəfoğlunun məzarını ziyarət etdilər, məzarına gül dəstələri qoydular. Yarışın final görüşü başlamazdan əvvəl isə Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından mükafat təqdim olundu.
Elnur, o dünyada rahat yat, dostların, səni sevənlər bu dünyadakı yadigarın olan Mətinə hər zaman dəstək olacaqlar. Sənin xatirən isə bir ömür boyu qəlbimizdə yaşayacaq. Səni heç vaxt unutmayacağıq, Böyük kapitan!
İbrahim CƏFƏROV
525-ci qəzet.-
2022.- 22 iyun.- S.17;24.