Yaradıcılıq, mənəvi
mühit və...
Pandemiyanın
ağır və gərgin ritmi bizə təkcə "kosmik
tənhalığın" xofunu yaşatmadı, həm də
həyatımıza, ətrafımıza, məsləkimizə
yenidən baxmaq zərurəti gətirdi. Xüsusən də
hər cür fəaliyyəti tənzimləyən sosial
normalar baxımından yanaşdıqda, daha artıq əmin olduq ki, texnologiyalar, elmi nailiyyətlər
hansı səviyyədə inkişaf edir-etsin, bütün fəaliyyət
sahələrində, insan münasibətlərində mənəvi-etik
yanaşmalar və peşəkarlıq dəyişməyən
dəyərlər olaraq qalır.
İstənilən
situasiyada, ən müxtəlif vəziyyətdə münasibətlər hüquq
normaları ilə tənzimlənə bilər, mənəviyyat
isə insanın böyüyüb formalaşdığı
mühitlə bağlıdır. Bu mühitin keyfiyyəti
çoxcəhətli və heç də asan olmayan
qarşılıqlı münasibətlərin davamlı mənəvi kriteriyaları ilə
ölçülür. İctimai, mədəni mühitin
inkişafını şərtləndirən əksər etik
dəyərlərə ehkam kimi baxılması doğru olmasa
da, virtual məkanın mahiyyətindən və bir az da insan xarakterindən asılı olaraq,
azadlığın istismarı fonunda sürətlə artan mənəvi
aşınmaların passiv seyrçisinə çevrilməyə
də haqq qazandırılmamalıdır. Sosial şəbəkələrin
imkan verdiyi qeyri-məhdud azadlıqdan geninə-boluna barınan çoxluq
müşahidəçi və tənqidçi mövqeyindən
o qədər feyziyab olub ki, ağlına gətirə bilmir
ki, bu pozada daha çox təbiətindəki bütün mənfi cəhətləri faş
etmiş olur. Mədəni-mənəvi
balansın pozulması sözü gerçəklikdən uzaq
düşmüş, daha düzü, ayrı
salınmış dəyərə çevirib.
İş o yerə çatıb ki, bu gün ictimai rəyin
formalaşmasında yalanla doğrunun imkanları eyni olub, hətta
doğrunun meydanı gündən-günə daralır. Şantajla, yalanla, təhqirlə,
təhdid və böhtanla, ədəbsizliklə görünmək,
yadda qalmaq, vəzifə, mövqe, imkan və imtiyaz əldə
etmək kimi kütləviləşmiş pis nümunə
carilik gətirməklə
qalmayıb, mənəvi kapitalı - dəyərləri gərəksiz,
bir çox halda yaşamağa, özünütəsdiqə
və özünüifadəyə mane olan artıq yükə, nəsnəyə
çevirir. Mənəvi atmosferin ekosidi nəsillərarası
bağları zədələməklə qalmır, nəyin
yaxşı, nəyin pis olduğunu bilməkdən başlanan
tərbiyə anlayışını məsxərə,
ironiya hədəfinə gətirir.
Zaman, cəmiyyət,
onun təyinatı dəyişsə də, humanitar
düşüncədə, yaradıcılıq subyektlərində
"ənənəvi problemlər", ənənəvi
mövzular dəyişmir: imkan və iddia arasındakı
uyğunsuzluq, bəzi hallarda uçurum. Ədəbiyyatşünaslıq
bunu faciə kimi dəyərləndirir. Nadan
düşüncə isə, içində olduğu bu vəziyyəti
görmür, ya görmək istəmir, uğursuzluğunda
başqalarını günahkar bilir. Özfəaliyyət
səviyyəsində olan imkanlarına, iddia və
iştahasına mütləq səbəb isə,
aydındır: qısqanclıq, paxıllıq,
gözügötürməzlik adında "Çin səddi". Təsəvvür edin, oturmusuz,
işinizlə məşğulsuz, özünü,
iddialarını, iştahasını realizə və idarə edə
bilməyənin biri gəlir və deyir ki, nə vaxt gedəcəksiz,
biz də bir vəzifə görək. Bu və
bu tipli nadanlıqların nədən
qaynaqlandığını təkrar etməyə gərək
yoxdur. Gəncliyin maksimalizmi deyə haqq
qazandıranlar da tapılar. Burada qəribi ağlamaq
tutur, yadına düşür ki, yaxın illərəcən
nəsillərarası "anlaşılmazlıqlar" gündəmdə
gərdiş edirkən, birdən-birə vəziyyət dəyişdi.
Gənclərə meydan verilməməsi şikayətləri
yaradıcılıqla məşğul olanlara təqaüdlərin
verilməsi məsələsi ortaya çıxan kimi, 40-50
yaşlı "gənclər"in bir çoxu dərhal
valı dəyişdilər və xatırladılar ki, nə
gənclik, onlar yaşlı-başlı "qocalarla" bir
sıradadırlar. Səbəb - gənclərə bir il ərzində verilən təqaüdün məbləği
200 manatdı; yaşlılarsa, 300 manat alırdılar. Əlbəttə,
məsələnin sosial təminat yönündən baxanda
kimisə qınamağa dəyməz, reallıq budur ki, yaradıcı insanın
maddi vəziyyəti bu gün də acınacaqlıdır,
dövlətin bu vəziyyətə stimul kimi nəzərdə
tutduğu bu imkandan hər yazıçının istifadə
etmək haqqı var; ən azı, bir kitabını çap
etdirər, bir layihəyə qoşula bilər, ailəsinin
ehtiyacına sərf edər... Xoş məramdır, onu da
başa düşmək gərəkdir ki, hamını
razı salmaq çətindir, razılaşmaq lazımdır
ki, seçim və sıralamada mümkün qədər ədalətli
və həssas davranış gözləmək də
hamının haqqıdır. Bu baxımdan
Yazıçılar Birliyinin ədəbi orqanlarında, az da olsa, qonorar verilməsi yaradıcı fəaliyyətə
həvəsləndirmək, yaradıcı əməyin qiymətləndirilməsi
kimi, kül altında közərən od misalı ümid, əlyeridir.
27 il əvvəl, ölkə
iqtisadiyyatının ən ağır vaxtlarında
Yazıçılar Birliyinin ədəbi orqanlarına müəyyən
maliyyə vəsaitinin yönləndirilməsi ilə
bağlı verilmiş sərəncamı
yazıçılar bu gün də ürəkdolusu
razılıqla xatırlayırlar. Amma bu gün
istehlak səbəti, bazar reallıqları yaradıcı əməyin
qiymətləndirilməsinə, qonorar sisteminə yenidən
baxmağı qaçılmaz edir. Hələ ki,
olanımızı vicdanla, ədalətlə və
mümkün olduğu qədər səxavət və ən
başlıcası, açıq ürəklə
bölüşməkdə təsəlli tapırıq, Bəynmədiyimiz
Sovet sisteminin qonorar siyasətinə qibtə edə-edə,
azad Azərbaycanın yazıçısının "bir
romana bir maşın ala biləcəyi" qonorar məmnunluğunu
yaşayacağı ümidimizi, hələ ki,
"varını verən utanmaz" məsəli ilə
ovundururuq. Qonorarı alıb, azına-çoxuna
ağız büzməklə "feysbuk
azadlığında" öz səviyyəsini, sosial
statusunu "zooloji mənsubluq səviyyəsində"
nümayiş etdirənlər də olur. Nə edəsən,
kimin nəyi var, onu da qoyur ortaya... Amma təkcə qonorar
xatirinə yazmaq, nəyin bahasına olur-olsun, çap olunmaq
iddiası, "tələbi" redaksiya - müəllif
münasibətlərinin elə arzuolunmaz mənzərəsini
üzə çıxarır ki...
Bax, bu mənzərəni kimsəyə
arzu etmək istəmirsən. Cəmiyyətin mədəni-mənəvi
səviyyəsinin göstəricisini müəyyən etməli
olan yazıçının düşüncə və davranışında
keçid dövrü xaosunun travmalarının fəsadlarının
xroniki klinikasını müşahidə və hiss etmək təkcə
ağrılı deyil, həm də
qorxuludur. Kim nə istəyir, elə
yazır - bu, fərdin azadlıq nümunəsidir, arxasında
statistik determinizmin durduğu bu nümunələrin milli
azadlığa, milli özünüdərkə xidmət
etdiyini iddia etməyə, gözləməyə dəyməz
(Halbuki milli özünüdərk - artıq keçilmiş
mərhələdir). Yazdığını
redaksiyaya təqdim etmək, dərcini arzulamaq haqqını
kimsə müəllifə qadağan edə bilməz. Amma müəllif unudur ki, seçim etmək də
redaksiyanın hüququdur, bu hüququ "AYB üzvüyəm,
mən ildə bir dəfə çap olunmalıyam" təhdidləri,
vəzifə səlahiyyətləri... ondan ala bilməz.
Yeri gəlmişkən, jurnal yalnız AYB
üzvü olan müəllifləri dərc etmir, əsas olan
mətndir, istedadın işartısdır. AYB üzvlüyü nə istedadın göstəricisidir,
nə də çap olunmaq üstünlüyü verir. Üstəlik, redaksiya dərc etdiyi yazıya görə
müəllifə qonorar verirsə, iddiası yerə-göyə
sığmayan ədaların "bazar qanunlarından"
baxanda da seçim etmək redaksiyanın haqqına işləyir.
Nəyə pul vermək hər bir alıcının öz
işidir, sən öz zay məhsulunu almağı ondan tələb
edə bilməzsən, təkid və israr, "xod tapmaq,
"tapşırmaq", ərkyana xahişlər işə
yaramayanda, jurnal əməkdaşlarının peşəkarlığını,
səriştə və zövqünü lənətləmək,
bəsit və ucuz zövqünlə qiymətləndirmək,
"sən dərdli, mən yaralı"
züytutanlarınla birlikdə "qara piar", "səlib
yürüşü"... aynanı vurub sındırmaq kimi
gülünc və primitiv yoldur. "Belə olmaz, mən
neçə illərdir yazı gətirirəm, məni
çap eləmirsiz, sabah mənim
bioqrafiyamda niyə yazılmasın ki, "Azərbaycan"
jurnalında çap olunub?!" Aha! Bir yandan bəyənmir,
sosial şəbəkədə hikkəsindən yazır ki,
redaksiya ilan yuvasıdır, az qala nifrin
edir, şikayətlə "qorxutmaq"dan qalmır, bir yandan
da bioqrafiyasının qrafasında jurnalın yeri və
çəkisi haqqında düşünür. Əgər
pis yazıramsa, filankəs məndən niyə yazıb, filankəs
oxuyub bəyənib, deyib, get, jurnal
çap etsin. Adam filankəslərdən yazını, təbriki,
məqaləni, resenziyanı, rəyi necə
qopartdığını özü çox yaxşı
bilir, düşünür ki, o xahiş-minnət,
yalvar-yapışlar tetatet olub, kimsə görməyib, amma
yazını hamı oxuyacaq, yazı bioqrafiyasının
şanlı səhifəsində zəmanət, vizit kartı
kimi qalacaq, amma onu bilmir ki, bu "sabun operası" ilə
obıvatelin gözünə kül üfürə bilərsən,
sənəti, şəxsiyyət, peşəkarlıq və ləyaqəti
qiymətləndirən çoxluq, "hamam suyu ilə dost
tutmaq" şakərilə "elektorat toplamaq" fəndgirliyinə
güldüyü kimi, belə hay-küyün altında nə
gizləndiyinı yaxşı bilir. Və istəyirsən,
çox istəyirsən ki, yazıçı tanıyıram
ki, bütün günü başqalarının
yazılarını metr ədası ilə təftiş edir,
az qala özündən başqa kimsənin
yazdıqlarını bəyənmir, amma istedadsız
"tanışının" xahişini edəndə, niyəsə
"prinsipiallığını" unudur, "mən
ölüm"ün biri bir qəpikdən havada
uçuşur, bütün - bacarıq və səylərini
səfərbər edib, həmin o istedadsızın
yazısının jurnalda çapına nail olmağa
çalışır, sonra yenə qabağa
düşüb, mükafat siyahısına saldırır
adını, sonra da səfərlər, ezamiyyətlər
siyahısında bu həmin adlar dövr eləyir... O hörmətli
filankəslər bircə dəfə də vicdanlarını
papaq əvəzi qoysunlar qabaqlarına,
"qapılarını, telefonlarını, kabinetlərini
yağır edənlərin"
sırtıqlığından can qurtarmaq haqqında
düşünməsinlər, abrına qısılan
istedadın xahişini etsinlər, yazının dəyərinə
baxsınlar, gülümsəyən təbəssümlərin
neon işıqlarına, miskin xahişlərin vədedici ərkinə
yox. Belədə düşünürsən ki, bəlkə
bu və bu qəbildən olan eybəcər vəziyyətlərin
artmasının günahı onların qabağına
düşənlərdədir?!. Tərəzinin
gözü bir dəfə əyilirsə...
Bir
yazının dərci məsləhət bilinmirsə, bu, müəllifə "ölüm
hökmü" oxumaq deyil, buna görə keçmiş
şöhrət və yaradıcılığın tutalqa
edilməsinə gərək yoxdur, neçə kitabın
çıxıb, neçə dilə tərcümə
olunmusan, əsərin hansı ölkənin hansısa dərnəyində
səhnələşdirilib, hansı araçılıqlarla
neçə müsabiqənin mükafatını alıb
qoymusan evə, kitabına kim ön söz, son söz, ara
söz yazıb, bunlara ehtiyac yoxdur, onsuz da əksər
müsabiqələrin, münsiflərin iş prinsipi bir ovuc
içi qədər kiçik olan ölkənin cameəsində
hamıya bəllidir!.. Yazısına, istedadına
arxayın olan müəllif nə redaksiya qapısını
yağır edir, nə nigaran olur, sadəcə, növbəsini
gözləyir, amma heç vaxt soruşmur ki, yazım
hansı nömrədə gedib? (əzərdə
tutulurmu yox ha, gedib!) Yazısının kimin
redaktə etdiyini də soruşmaz, heç vaxt da deməz ki,
filankəs kimdir ki, onun yazdığı nədir ki, mənim
yazımı oxuyub, rəy bildirsin, bəyənməsin? Çünki həm də yüksək mədəniyyət
sahibidir, yazıçıdır, sözə dəyər
verir, yaradıcı əməyə hörmət bəsləyir,
subordinasiya gözləyən mədəniyyət sahibidir.
Yazısı geciksə də, dərc olunmasa da,
heç vaxt "guya verdiyiniz yazılar nədir,
görürük də kimləri çap edirsiz" - deyib,
xislətinin naqisliyi ilə ətrafı zəhərləməz.
Jurnalın mətn seçimi siyasəti
"Əlyazmalara rəy verilmir və müəllifə
qaytarılmır" qeydində ifadə olunub, bunu birdəfəlik
başa düşmək və qəbul etmək bu qədərmi
çətindir?!
Peşəkar təcrübə birmənalı qəbul
edib ki, bir yazı bir redaksiyaya təqdim olunar, redaksiya qonorar
verdiyi mətnin çap hüququnu da alır, redaksiya həmin
mətni dərc etdikdən sonra müəllif onu təkrar nəşr
üçün başqa yerə təqdim edə bilər. Bizdə isə
bu sahədə bir mənzili bir neçə adama eyni vaxtda
satmaq təcrübəsi hökm sürür. Yazını redaksiyaya təqdim edir, hələ
yazı sifariş olunubsa, bu yazının oxunub dərcə
hazırlanması üçün redaksiya əməkdaşları
zəhmət çəkib, material çapa göndərilib,
bir də görürsən bu du ha, həmin yazı, saytda, qəzetdə,
sosial şəbəkələrdə dövr eləyir. Eyni vaxtda yaxın profilli nəşrlərdə
görünmək şöhrət deyil, görünmək
acgözlüyüdür. (Görünmək, gündəmdə
olmaq, gözü yağır etmək peşəkarlıq
deyil, ucuz şou effekti priyomudur, "toy tutmağa
hesablanmış" bir vasitədir. Bədii
yaradıcılıq, ədəbiyyat şou maraqlarına
yönəldilirsə, bu, sənətin və peşəkarlığın
süqutudur). Bu sırada istinad mədəniyyəti bizim
nəşrlərin hələ də çata bilmədiyi səviyyə
olaraq qalır və bunun oğurluq olduğunu bilə-bilə
bu adı özünə rəva bilənlər də nə qədər
desən... Plagiat ifadəsini bilərəkdən
yazmadım və bu oğurluğun altında qısqanclıq,
şəxsi-qərəzlik kimi xəbis bir eybəcərliyi
sezmək də çətin deyil.
Yazılı söz təfəkkürün məhdudluğunu
və bəsitliyini amansızca faş edir. Bu, xüsusilə
son dövrlərdə dövriyyəyə məqsədli
şəkildə salınan çap mediasına qarşı
çox uğursuz çağırışların fonunda
daha qabarıq görünür. səbəbləri
təkcə elektron medianın sürət və operativlik baxımından
üstünlüyü, əlçatanlığı və
digər məziyyətləridir. Amma bunların
özünəməxsusluqları ilə yanaşı,
ümumi, ortaq xüsusiyyətləri də inkar oluna bilməz.
Hər bir məsələnin cəmiyyətin müzakirəsinə
çıxarılması özlüyündə yaxşı
işdir. Amma
bu tipli
müzakirələrdə naşılıq, közü
öz qabağına eşmək, qeyri-peşəkarın
savadsızlığı, ən əsası, polemika mədəniyyətinin
yoxluğu ictimai rəyi yanıltmaq məqsədinə rəvac
verir. İnternet resursları ilə yazılı medianın
qarşılaşdırılması zamanı nəşrlərin profilinin, dövriliyinin nəzərə
alınmaması qeyri-peşəkarlq nümunələrinin
sayını artırır, bu qədər. İkincisi, ittiham
ladında köklənmiş bir müzakirədə tərəflərin
bərabər qaydada təmsilçiliyini təmin etməyi
"unudan" Dəyirmi masa moderatorlarının qəzetlə
jurnalın, saytla qəzetin prinsip özünəməxsusluqlarını
ağlına belə gətirmədən "separat
danışıqlar" formatında yönləndirdiyi
söhbətdən çıxarılan nəticəni
qısaca ifadə etmək istəyəndə, niyəsə,
yadıma Sokratla bağlı bir pritça düşür.
Oxuculardan üzr istəyərək, həmin pritçanı
bu yazıya əlavə edirəm: deməli, bir gün Sokrat
şəhər meydanına gələrkən bir uzunqulaq
yolunun üstündə ağnayıb Sokratın
üst-başını toza bulayır. Sokrat
heç nə olmamış kimi,
halını-tövrünü pozmadan yoluna davam edir.
Meydandakılar arasında Sokratı sevməyənlər
fürsət bilib ona lağ edirlər: "Yerdən bir
çubuq götürüb uzunqulağı vurub qova bilməzdin?"
"Sokrat tövrünü pozmadan sakitcə deyir: "Yox,
çünki uzunqulaq yanından ötənin Sokrat olduğunu
bilmir, amma mən onun uzunqulaq olduğunu bilirəm!"
Bir müddət əvvəl qəzetlərin birində ədəbiyyat profilli media orqanlarının fəaliyyətinə həsr olunmuş "müzakirə" keçirilmişdi, iştirakçıların az bir qismi peşəkar zövqü şübhə doğurmayan insanlardı və elə məhz onların xatirinə yazıya göz gəzdirmək olar deyib, mətni gözdən keçirəndə, təəccübləndim; mövzuya metodoloji yanaşma yanlış olmaqla yanaşı, məsələnin qoyuluşu qeyri-peşəkarın diletant yanaşmasından başqa bir şey deyildi, başdan-ayağa bir niyyətə köklənmişdi ki, varsa da bizik, yoxsa da bizik, ədəbi proses deyilən hər nədirsə, onu hər üzünə biz idarə edirik, bizdən başqası yalandır... Ətrafını kiçiltməklə, aşağılamaqla özünü yüksəkdə hiss etmək - məhz aşağıda olanın yaşadığı natamamlıq kompleksidir, başqa heç nə.
Müzakirələr, masaətrafı toplaşmalar ictimai əhəmiyyətli məsələlərlə bağlı problemlərin həlli yollarını aramaq, ümumi işin xeyrinə təkliflər vermək, faydalı nəticələrə gəlmək üçündür, kimlərisə "yıxıb-sürümək", kin, qərəz qusmaq, yoluna maneə bildiklərinə badalaq vurmaq vasitəsi deyil.
Aşkar-gizli, fərq etməz, hər cür xidmətin, fəaliyyətin mahiyyətində müəyyən təkidlər və təkliflər var. Onlar cəmiyyətin mənəvi durumuna, cəmiyyət üzvlərinin bədii-estetik, intellektual inkişafına bu və ya digər dərəcədə təsir edir, bəzən seçimə vaxt və imkan da vermir.
Kütləvi mədəniyyət, kütlə psixologiyası yaradıcı, ağıllı münasibəti yox, nəfsin və emosiyanın idarə etdiyi səviyyənin azadlığını təbliğ edir, yəni asana qaçır. Bazar münasibətlərinin idarə etdiyi mühit qazancın mənəvi kapital adına xərclənən əxlaqi sərvətlərini talan edir. Bütövlükdə psixoloji aşınmalara məruz qoyulmuş insanı, sosial şizofreniya yaşamağa məhkum qalmış cəmiyyəti gözləyən təhlükələrin kütləviləşməsi həm də onların "zamanda davamlılığını" şərtləndirir.
İki ilə yaxındır ki, üz-üzə qaldığımız naməlum düşmən - pandemiya bizdən ailədə, cəmiyyətdə, iş yerində, kollektivdə davranış və ünsiyyətimizi mənəvi normalarla bağlı təlimlərlə tənzimləməyi diktə edir. Odur ki, hər bir fərd, xüsusən yaradıcı insan, mənəvi məsuliyyət hissini ziyansız təqdimatın gözlənilməsinə səfərbər etməyi unutmamalıdır. Bu, yalnız subyektiv qənaət və müşahidələrin nəticəsi kimi düşünülməməlidir, Postulat bioetika elminə əsaslanır. Elmin müxtəlif sahələrini əhatə edən bioetikanı həyat etikası da adlandırırlar. Mənəvi münasibətlərin kriteriyaları haqqında elm olan bioetika bioloji və insani keyfiyyətlərin birləşməsidir. Ötən əsrin 69-cu ilində bu termini ilk dəfə işlətmiş amerikalı bioloq V.Potterin bu qənaəti insan hüququna və insan ləyaqətinə hörmət hissini sağlamlığın bərpası, əldə olunması və qorunmasında əsas amil kimi görür. Bir-birinə sözlə, məsləhətlə, tədbirlə kömək etmək borcunun vacibliyini insanlara xatırladan deontologiya da münasibətlərdə etik məqamların gözlənilməsini vacib, zəruri, mühüm sayır. Demək olar ki, bütün peşə, sənət, ixtisaslar üzrə etik prinsiplər tövsiyə olunur.
Bioetikanın da, deontologiyanın da elm kimi təqdim
və müdafiə etdiyi bu yanaşmalar ədəbiyyatın,
bədii sözün bətnində böyüyüb. Demək
olar ki, bütün fəlsəfi təlimlər, hər
cür yaradıcılıq konsepsiyaları şəxsiyyət-cəmiyyət
münasibətlərində ahəng axtarıb, onu
qorumağın yollarını təklif edib. Bu
gün də bu axtarışlar davam edir. Əgər nəticələri
ümumiləşdirsək, belə demək
mümkündür: cəmiyyətin və insanların
problemi, əsasən, ünsiyyət
və münasibətlərdə intonasiyanın düzgün
qoyulmamasından, münasibətlərin sərhədlərini
və adını düzgün qoya bilməməkdən
yaranır. Bu da hökmən təqdimat mədəniyyətinin
arzuolunmaz səviyyəsini formalaşdırır. İnsan
özü haqqında nə düşünürssə,
hansı fikirdədirsə, o deyil, nəyin haqqında, necə
düşünürsə, odur.
Südabə
AĞABALAYEVA
525-ci qəzet.-
2022.- 22 iyun.- S.14;15.