Kərim Tahirov İFLA prezidenti Barbara Lison ilə görüşüb

 

Ankarada Türkiyə Prezident Kitabxanasında keçirilən 36-cı CENL-in illik iclasında iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov IFLA-nın (Beynəlxalq Kitabxanalar Assosiasiyaları Federasiyası) hazırkı prezidenti Barbara Lison ilə görüşüb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Kərim Tahirov 30 il öncə Ermənistan tərəfindən işğal olunan 2020-ci ilin noyabrında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərəzilərimizdən, oradakı tarixi abidələrin, mədəniyyət müəssisələrinin, eləcə kitabxanalarımızın tamamilə dağıdılmasından danışıb.

O, işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından 2020-ci ilin dekabr ayında keçmiş IFLA prezidenti Christine Mackenziyə məktubla müraciət ünvanlayaraq, işğaldan azad olunan regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini bildirib. Cavab məktubunda IFLA-nın müharibəni qətiyyətlə qınadığını, tarixi abidələrə, mədəniyyət müəssisələrinə bilərəkdən zərər verməyin qəbulolunmazlığını qeyd edən Christine Mackenzie həmçinin dağıdılmış kitabxanaların fotolarını Blue Shield UNESCO-dakı həmkarları ilə paylaşmaq üçün icazə istəyib. Lakin təəssüf ki, missiya göndərilməsi ilə bağlı xahişimizə bu günədək cavab alınmayıb.

Bu səbəbdən Kərim Tahirov IFLA prezidenti Barbara Lisona müraciətində, dağıdılmış bölgələrdəki kitabxanaların vəziyyətini dəyərləndirmələri üçün mütəxəssislərdən ibarət bir missiyanın təşkilini xahiş edib.

Azərbaycan Milli Kitabxanası olaraq həm CENL-in, həm IFLA-nın nümayəndələrini öz ölkəmizdə qəbul etməyə hazır olduğumuzu bildirən Kərim Tahirov xanım Barbara Lisonu bu ilin oktyabrında Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək işğaldan azad olunmuş ərazilərimizdəki kitabxanalara baxış keçirməsi üçün ölkəmizə dəvət edib. Görüşün sonunda Kərim Tahirov bildirib ki, bir zamanlar işğala məruz qalan ölkə olaraq Azərbaycan Respublikası hər cür müharibəni və işğalı qətiyyətlə qınayır, belə halların yaşanmaması və təkrarlanmaması üçün İFLA-nın və digər beynəlxalq təşkilatların belə hallara ciddi münasibət bildirməsi çox vacibdir. İFLA prezidenti dəvəti qəbul etdiyini bildirərək, belə hadisələrdən çox təəssüfləndiyini bildirib.

 

525-ci qəzet.- 2022.- 22 iyun.- S.13.