Şuşada ad günü
Deyir, sevinci sevincə, kədəri kədərə qatmazlar; hər birini ayrıca, sonuna qədər yaşayasan gərək. Ancaq mən qatdım, iki möhtəşəm sevinci bir-birinə qatdım - hər bir insanın, illah da qadınların
ildə bir dəfə özlərini
özəl və gözəl, önəmli
hiss etdikləri doğum
günü sevinci ilə dünyanın bütün sevinclərini
üstələməyə qadir Şuşa
sevincini bir-birinə qatdım.
Mənə görə, hər iki duyğunun - sevincin də, kədərin də ən ali məqamını yaşayarkən insanın duyğuları sanki keyiyir, süstləşir. Və məncə, bu, Yaradanın insana bəxş etdiyi bir lütfdür. Çünki elə məqamlar var ki, hətta ən qüdrətli insan qəlbi belə o ağır yükün altına girməkdə acizdir. Bu, sevgidə də belədir, nifrətdə də, sevincdə də, kədərdə də. Mən həyatda hər şeyi duyğuları ilə yaşayan, beyindən daha çox qəlbin diktəsinə uyan bir insan kimi bu hadisələrə çox həssas yanaşıram. Ona görə də bəzən bu duyğulardan birinin həddindən artıq çox olduğu məqamlarda sanki donub qalıram. Belə hallarda beynim qəlbimin köməyinə çatır elə bil. Yaşadığım anı duyğularım dərk etməkdə çətinlik çəkəndə beyin onları öz yaddaşına həkk edir və daha sonra onları xırda-xırda, hissə-hissə, xatirələr şəklində mənə yenidən yaşadır. Məncə, sevincin də, sevginin də xatirəsi özündən daha gözəldir.
Sizə ömrümün ən böyük, fövqəltəbii sevincindən - Şuşa sevgisindən danışacağam.
Bu gün onunla görüşə getdim. Və yenə yaşadığım anın möhtəşəmliyi qarşısında duyğularım donub qaldı, sanki sinəm ağır bir yükün altında əzilirmiş kimi, nəfəs almaqda çətinlik çəkdim. Elə bil, o an o xoşbəxt dəqiqələri yaşayan mən deyil, bir özgəsi idi. Eynilə Ağdama ilk səfərimdə olduğu kimi. Amma Ağdamda yaşadığım hisslər gördüyüm dəhşətli mənzərənin yaratdığı şok vəziyyətindən qaynaqlanırdısa, burada o qədər çox duyğu çaları vardı ki, heç bilmirəm hansını yaşayırdım əslində: sevincmi, sevgimi, qürurmu, iftixarmı, çaşqınlıqmı, otuz beş illik həsrətdən doğan kədər və təəssüfmü..? Bilmirəm. Bircə onu bilirəm ki, xoşbəxt idim. Hər cığırına bələd olduğum uşaqlığımın şəhərində idim. Və Ağdamdan fərqli olaraq, nə qədər uçurdulub-dağıdılsa da, burada tanıdığım yerlər olduğu kimi qarşımda idi. Sonra uşaqlığım əlimdən tutub məni qaçırtdı, oğurladı məni ətrafımdakı insanların arasından. "Gəl gedək, özüm gəzdirəcəm bu dəfə səni", - dedi. Və mən özüm də hara geydiyimi bilmədən o çox məhrəm, doğma, səssiz, kimsəsiz, bir az da ürküdücü, ensiz küçələrlə baş alıb getdim. Xatirələrimin şəhərini dolaşmağa getdim...
Şuşa mənimçün nədir? Şuşa mənimçün körpə vaxtı ilk dəfə "oppalara" getdiyim yerdir.
Ağlım kəsəndən, gözəllikləri hiss etməyə başladığım andan sonra təbiətin cilvəli bir qadın kimi necə sarsıdıcı bir gözəlliyə malik ola bildiyini ilk dərk etdiyim yerdir Şuşa. Natəvanın "Qərənfilinin" bitdiyi, Üzeyirin ocağında onun "Uvertüra"sının ilk dəfə sehrinə düşdüyüm məkandır...
Bazara girəndə burnumu qıcıqlayan şipşirin yemiş qoxusu, narıncı kağızlı dondurmanın, sapsarı inək qaymağının, sac üstündəki napnazik yuxanın, bir də dadı damağımdan getməyən turş suyun özünəməxsus dadıdır Şuşa!..
Qaranlıq düşənədək Qala divarlarının başında oynadığım qayğısız uşaqlığım, 10-12 yaşımdaykən Xan qızının bulağından başımı başlara qoşub səhənglə su daşıdığım cığırlardır Şuşa!..
Özümü "Dədə Qorqud" filmində çiynində səhənglə su daşıyan Günelə bənzətdiyim günlərdir Şuşa!
Şuşa çox şeydir, Şuşa hər şeydir...
İlk oğrun baxışları duyduğum, duyduğumun nə olduğunu ilk dərk etdiyim yerdir Şuşa!..
Və bu gün doğum günümün sevincini kölgədə qoyan yeganə sevincdir Şuşa sevinci! O sevinc bu gün elə hey axıb töküldü gözlərimdən, üstündən keçdiyim hər otun, hər çiçəyin üstünə töküldü, göyərdi, cücərdi, pöhrələndi, məndən qat-qat böyük bir dünyaya çevrildi Şuşa sevinci!..
Dolaşdım çınqıllarına qədər
bələd olduğum o
küçələri... Yaddaşıma həkk edərək,
sevərək, sevilərək, üzülərək, ağlayaraq dolaşdım Şuşamı...
Ürəyimlə beynimin görüşdüyü
ortaq nöqtə idi bu gün Şuşa.
Elə orda da qoyub gəldim onu. Gətirmədim
özümlə - hər dəfə hüzuruna
gedə bilmək üçün gətirmədim...
Şahrun
SÜLEYMANOVA
525-ci qəzet.- 2022.- 22 iyun.- S.9.