Medeyanın seçimi
Dahi rus yazıçısı
Dostoyevski deyirdi ki, sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta
cinayətlərini belə
ilahiləşdirər...
İyunun 21-də Akademik Milli Dram Teatrında premyerası keçirilən "Medeya"
monotamaşasının qəhrəmanı
Medeya da vaxtilə sevən, çox sevən bir qadın idi. Hətta o, ərini o qədər
sevirdi ki, vətənindən, atasından,
yuvasından imtina edib onunla tamam
başqa bir yerə, tanımadığı
şəhərə gəlmişdi.
Özü də onun bu imtinası cinayətsiz də ötüşməmişdi. O, həm də qardaş qatili bir bacı idi.
Lakin bütün bunlar onu narahat etmir,
vicdanını sızlatmırdı.
Çünki onun ağlı
da, ürəyi də, vicdanı da eşq idi,
məhəbbət idi.
Sevimli əri yanında olandan sonra ona
bu dünyanın özü belə gərək deyildi. Lakin Medeyanın məhəbbət
dünyası, eşq
səltənəti heç
də onun planladığı, xəyal
etdiyi kimi əbədi sürmür.
Yanlış seçim və
yaşadığı cəmiyyətin
yazılmamış qanunları
onun da dünyasını
başına yıxır.
O da cəmiyyətin qadına verdiyi dəyərin, daha doğrusu, dəyərsizliyin
miskin qurbanına çevrilir. Onun bir qadın
kimi gözəlliyi, cazibədarlığı, ərinə
olan sonsuz məhəbbəti, sədaqəti,
ona bəxş etdiyi iki övlad
belə xəyanətə
uğramasının qarşısını
ala bilmir. Bütün pisliklərini,
cinayətlərini bağışladığı,
hətta ört-basdır
etdiyi əri Yazo onu ağlına
belə gətirməyəcəyi
xəyanətlə üz-üzə
qoyub gedir. Artıq Medeya da atılmış,
təhqir olunmuş, ürəyi parçalanmış
bir qadındır.
Evripidin
"Medeya" əsəri
əsasında hazırlanmış
eyniadlı tamaşanın
bədii rəhbəri
Xalq artisti Azər Paşa Nemətov, quruluşçu
rejissoru Emil Əsgərov,
quruluşçu rəssamı
Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğlu, bəstəkarı
Kamil İsmayılov, səhnə hərəkəti
və plastika üzrə mütəxəssisi
Lalə Hacıyeva və işıq üzrə rəssamı
Rafael Həsənovdur. Medeya rolunu
sevilən aktrisa, Əməkdar artist Münəvvər
Əliyeva canlandırırdı.
"Medeya" faciəsinin
mövzusu "Arqonavtlar"
əsatiri silsiləsindən
götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz
qalmış qadının
nələr edə biləcəyini göstərməkdir.
Bəli,
qadın bir insanı ürəkdən
sevər, bağlanar, onunçün ağlasığmayacaq,
məntiqə gəlməyəcək
fədakarlıqlar edər,
ancaq xəyanətə
məruz qalarsa, nələr edə biləcəyini kimsə təxmin belə etməz. Necə ki, Medeya heç kimin ağlına gəlməyəcək
intiqam yolunu seçir.
Bədbəxt Medeya əri Yazonun ağlasığmaz
xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni,
qəlbini, vicdanını
satmasını ifşa
edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını
hiddətlə pisləyir. O, qadın
hüququnu müdafiə
edən üsyankara çevrilir. Artıq onun davası
təkcə özünün
alçaldılması, yaşadıqları
deyil. O, bütün
xəyanətə uğrayan,
alçaldılan, cəmiyyətdən
kənarlaşdırılan, xor görülən qadınların səsinə
çevrilir. O, qadının
yaradılmışların ən bədbəxti, ən miskini olduğunu deyir. Çünki qadın qəlbinin,
hisslərinin köləsidir.
Hissləri nə istərsə,
onları etməyə
bir növ məcburdur. Ancaq bəs
hisslər yanılarsa,
ya da qarşındakı
o hisslərdən istifadə
edib, onu qəddarcasına tapdayıb
keçərsə? Bax
bu zaman qopar tufan, başlayar
fəlakət... Medeya özü
də bunu etiraf edir. O deyir ki, doğrudur,
qadın zəif və zərif məxluq kimi yaradılıb, amma o, xəyanətə uğrayarsa,
onun qəzəbindən
qorxmaq lazımdır.
Bəs Medeya Yazondan və cəmiyyətdən öz
qisasını necə
alır? Ən qəddar və həm də ən miskin bir metodla: öz
övladlarını öldürərək.
O, bilir ki, əri Yazona bundan daha müdhiş
bir cəza verə bilməz. Bəli, Medeya öz analıq hissləriylə
tapdalanmış qadınlıq
qürurunun arasında
qalır. O, övladlarını
sevir, çox sevir. Özü də bir ana məhəbbətiylə
sevir. Amma qadınlıq qüruru,
intiqam atəşi onun yaxasını buraxmır. O, mütləq
şəkildə iki yoldan birini seçməlidir.
Ya qürurundan vaz keçib, bədbəxt həyatını davam etdirməli, ya da intiqam alıb
içində yanan atəşi söndürməlidir.
Ən nəhayət, Medeya böyük iztirab içərisində öz
övladlarını öldürür.
Ancaq onun övladlarını öldürdüyü
səhnədə üzündəki
əzab, iztirab o həddə gəlib çatır ki, bir anlıq düşünürsən, Medeya
övladlarını öldürərək
ona xəyanət edən Yazodan intiqam alır, yoxsa, bir xəyanətkara
iki uşaq doğan özündən?...
Monotamaşada dekorasiya, aktrisanın geyimi və işıq effektləri olduqca uğurlu seçilmiş, verilən mesaja birbaşa xidmət edirdi. Səhnədə və obrazın geyimində istifadə olunan qara və qırmızı tonlar Medeyanın faciəsinin rəngləri kimi olduqca effektiv idi. Rejissorun əsərə toxunuşları və yozumu da maraqlı təsir bağışlayırdı. Səhnə əsərinin əvvəlində suyun içərisindən çıxan Medeyanın bir neçə dəqiqə heç bir söz demədən etdiyi hərəkətlər sanki onun əzablarının, daxili sarsıntılarının ifadəçisi idi. Onun suyun içindən çıxması, vacib qərarlarında suya qaçıb girməsi, ya da sonda suya batması varlığın ilkin başlanğıcı və axır ünvanı olan suya işarədir. Həmçinin, su təmizlik rəmzidir. Medeya suda özünün keçmiş təmizliyini, saflığını axtarırdı. Onun övladlarını öldürüb suya atması onları öldürərək saflıqlarını qorumasına, özünün sonda suya batması da bütün günahlarının ən üst səviyyəsinə çatıb, günahsızlığa, yəni saflığa yetməsinə işarə kimi də anlaşılır.
O, səhnənin dörd tərəfindən sallanan uzun kəndirlərdən tutub harasa dırmaşmaq, ya da hardansa çıxmaq istəyir. Bu, Medeyanın düşdüyü dərin psixoloji və mənəvi sarsıntılardan, üzləşdiyi faciələrdən qaçmaq cəhdidir. El arasında belə bir atalar sözü var: dənizə düşən ilana sarılar. Medeyanın da sarıldığı o kəndirlər düşdüyü bataqlıqdan çıxmaq üçün axtardığı yollar idi. Ancaq Medeya başa düşür ki, bundan qaçış yoxdur. Bütün yollar onu bircə yerə aparıb çıxaracaq: amansız taleyinin kor dalanına...
Medeyanın qədim tarixə malik
faciəsi illərdir səhnələrin, kitabların, filmlərin
mövzusu olur. Hər
kəs ona bir cür yanaşır, hər kəs bu faciəni bir yöndən
şərh etməyə çalışır. Bu da Akademik
Milli Teatrın, rejissor
Emil Əsgərovun faciəyə
yanaşması idi. Bu
mövsümün son
premyerası olan "Medeya"
inanırıq ki, gələn mövsüm özünün
uğurlu taleyini yaşayacaq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 23 iyun.- S.16.