Azərbaycan-monqol ədəbi əlaqələri
Orijinaldan ana dilimizə
tərcümə edilmiş monqol hekayələri haqqında
qeydlər
Azərbaycan-monqol ədəbi əlaqələri bədii
tərcümə yolu ilə genişlənərək
inkişaf etməkdədir. Milli-mənəvi dəyərlərin
təzahürü sayılan monqol ədəbi nümunələrinin
Azərbaycan dilinə tərcüməsi daima ədəbiyyatların
qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə
töhfə verir. Qarşılıqlı ədəbi
əlaqələr fonunda monqol dilindən tərcümə
olunan əsərlərin ana dilimizdə təcəssümü
həm də tarixi-ədəbi prosesdir. XX əsrin
ortalarından etibarən monqol ədəbi nümunələri
ikinci dil, rus-dili vasitəsilə Azərbaycan dilinə tərcümə
edilirdi.
Bilkənt Universiteti "Yazılı və şifahi tərcümə"
şöbəsinin dosenti, Türkologiya və tərcüməşünaslıq
üzrə elmlər doktoru Elvin Abbasbəyli ilk dəfə
müasir dövr monqol hekayələrini orijinaldan Azərbaycan
dilinə tərcümə edir. Monqol dilindən tərcümə
olunan Maqvan Erdenebatın "Portret", Davaadarj
Enxboldbaatarın "Dekabr qızı", Batnasan Qanhuunun
"Yeni başlanğıc" və Bayanmönx
Çoojçuluunçeçeqin "Güzgü
effekti" hekayələri Azərbaycan-monqol ədəbi əlaqələrinin
inkişafına bir töhfədir. Monqol ədəbiyyatından
dilimizə çevrilən nəsr nümunələri milli
münasibətlər zəminində hər iki xalq arasında
ünsiyyəti möhkəmləndirir.
Yeni nəsil monqol yazıçısı Maqvan
Erdenebatın "Portret" adlı kiçikhəcmli hekayəsi
özündə böyük məzmun daşımaqla bir
çox məziyyətlərə diqqət çəkməkdədir. Yazıçı
hekayədə ailə münasibətlərini
işıqlandırır, yaşlı və gənc nəslin
fikir ayrılıqlarını sadə dillə qələmə
alır. Hekayənin
baş qəhrəmanı səksən yaşlı qoca
Lamzavdır. Lamzavın həyatından bir
epizodu təqdim edən yazıçı bu epizoda müxtəlif
mənalar yükləyərək, eyni zamanda, qəhrəmanın
gəncliyinə nəzər yetirir. Səbrsiz
və tündxasiyyətli qoca Lamzav nəvələri və
övladı ilə birgə yaşayır.
Yazıçı hekayənin əvvəlində
Lamzavın xarakterinin mənfi tərəflərinə diqqət
çəkir.
Qocanın özünün də fərqində
olmadan formalaşan əsəbi xarakteri ailə üzvlərini,
xüsusilə, kürəkəni Nasanbatı təngə gətirir.
Müəllif hekayənin bu hissəsində ər
və arvadın fərqli düşüncələrini təsvir
edir. Nasanbat qoca Lamzavın xarakteri
haqqında nə qədər mənfi fikirdədirsə, əksinə
qocanın qızı ərinin bu nifrətini heç cür
anlaya bilmədiyini dilə gətirir. Ahıl
atasının yaş ötdükcə uşaqlaşan xasiyyətini
normal qarşılayan qadın, əri Nasanbatın
düşüncələrini şiddətlə
qınayır, hətta müqayisə aparır. "Sən əsəbiləşmə! Və yazıq atama da nifrət etməyi burax.
Qoca adamdır! Sənin atan olsaydı belə etməzdin".
Qoca Lamzav nəvələri ilə söhbətində
yaşlı və yorğun olduğunu dilə gətirsə də
həyat eşqinin sönmədiyi onun nitqindən məlum
olur. Televiziya kanalında eşitdiyi xəbərdən
çox xoşbəxt olan Lamzav daha da gümrahlaşır,
yaddaşını təzələyir. Uzun
müddətdir böyük bir həvəslə
arzuladığı və böyük rəğbət bəslədiyi
rəssamın sərgisinə baxacağı fikri onu xeyli həyəcanlandırır.
Lamzav öz gənclik portretinin rəssam
xanımın çəkdiyi şəkillər arasında sərgilənəcəyinə
əmindir. Qız övladının
"Ay ata, bu qədər həvəslənmənə dəyməz"
sözünə sərtliklə, əsəbi halda cavab verən
qoca portretini gənclik illərindən ona yadigar qalan sənət
əsəri kimi qiymətləndirir. Qoca gəncliyində
öz tablosunu rəssamdan hədiyyə olaraq istəyir, lakin
ala bilmir.
Sərgi
zalında rəssamın çəkdiyi təbiət mənzərələri
və fərqli insan tabloları qocanın əhvalını
bir az da yüksəldir, Lamzavı öz
tablosunu daha həvəslə axtarmağa sövq edir. Nəhayət öz portretini sərgi əsərləri
arasında tapan Lamzavın sevinci yerə-göyə
sığmır. O, bir anlıq gənclik illərinə
qayıdır, necə enlikürəkli, cəlbedici və ifadəli
gözlərə sahib olduğunu xatırlayır. Bütün diqqətini rəsm üzərində cəmləyən
qoca öz adının tabloda nə üçün
yazılmadığını sorğulamağa
çalışır. Yazıçı
qəhrəmanın təkidlə rəssamı axtarmaq istəyini,
ağlında dolaşan müxtəlif fikirləri təsvir
edir.
Portretinə baxdıqca cavanlığını
xatırlayan qoca Lamzav yaraşıqlı gənclik
dövrünün çoxdan keçdiyinə heyfslənir,
xoş xatirələri gözlərində canlanır. Lamzav rəsm əsərini
yaxın dostlarına göstərə bilmədiyi
üçün təəssüflənir: qırx il öncə çəkilən portretini
göstərə biləcəyi dostları artıq
dünyadan əbədi köçüblər.
Elvin Abbasbəylinin digər bir tərcüməsi
çağdaş monqol yazıçısı uşaq
kitabları, pyeslər, hekayə və romanlar müəllifi
Davaadarj Enxboldbaatarın "Dekabr qızı" hekayəsidir. Ədəbi fəaliyyətlə
yanaşı jurnalistika ilə məşğul olan
yazıçının "Dekabr qızı" hekayəsi
eyniadlı obrazla bağlı əhvalatdan bəhs edir. Hekayə dekabr qızı adlandırılan, hər
kəsin tanıdığı və sevimlisinə çevrilən
qadının kiçik əhvalatı haqqındadır.
Yazıçı əhvalatın baş verdiyi məkanı,
lifti, həm də şəhərə açılan pəncərə
olaraq təsvir edir. Şəhərin sakinləri
açıqürəkli, sadə, qonaqpərvər və səxavətlidir.
Geniş stepdə yerləşən gözəl
şəhərin məşhur və yeganə simvolu, turistlərin
maraqla qarşıladığı dar ağacıdır.
Keçmişlə müasir dövrü birləşdirən,
tarixi simvol hesab olunan, "şəhərin mədəniyyət
qüruru" dar ağacı insanlar üzərində dərin
təsirə malikdir. Şəhər sakinlərinin
qürur və fəxr yerinə çevrilən bu üç
yüz altmış doqquz illik dar ağacı, həm də
dekabr qızının fəxarət hissi ilə səsləndirdiyi
simvoldur. Dar ağacı tarixən
düşmənlərin məhvinə xidmət edərək
zaman ötdükcə qürur yeri olaraq şəhər sakinləri
tərəfindən qorunub saxlanır. Xalq
arasında bilinən "Fəxarət qürur hissinə bəzəkdir"
zərbi-məsəli uzun illərdir öz missiyasını
davam etdirən dar ağacı üçün deyilir.
Dekabr
qızı da öz növbəsində
yaşadığı şəhərlə fəxr edir, lakin
o da dar ağacının qurbanlarından birinə
çevrilir...
Müasir dövr monqol yazıçısı
Bayanmönx Çoojçuluunçeçeq silsilə hekayə
və şeirlər toplusunun müəllifidir. Ən yaxşı jurnalist
mükafatı və Monqolustanın Təhsil Nazirliyinin
mükafatına layiq görülən, "Tarix illəri",
"Mavi romans", "Tək qırmızı yarpaq"
kimi hekayə toplularını qələmə alan
yazıçının digər bir hekayəsi Elvin Abbasbəyli
tərəfindən orijinaldan Azərbaycan dilinə çevrilən
"Güzgü effekti" hekayəsidir.
"Güzgü effekti" hekayəsi qəhrəmanın naməlum qızın ruhunu görməsi ilə başlayır. Qaranlıq otaqda tək-tənha, bədbin halda oturan naməlum qız oğlanı xeyli qorxudur, təlaş içində yerində donub qalan gənc özünü ələ alaraq qızın kim olduğunu sorğulamağa çalışır. Diqqətlə müşahidə etdiyi qızın heç bir həyat əlamətinə, hissiyyata sahib olmadığını anlayır. Oğlanın şübhələri özünü doğruldur, dünyasını dəyişən bu qız hər kəs üçün təbii olaraq gözəgörünməzdir. Öz gözəgörünməzliyinin fərqində olan naməlum qız ata-anasının onu görə bilmədiyindən xeyli məyus olur. Naməlum qızla söhbət edən oğlanı bürüyən qüvvətli maraq hissi qorxu və təəccüb dolu baxışlarının önünə keçir. O, israrla insan düşüncəsinin hüdudlarını aşan hər şeyi görmək istəyini dilə gətirir: "Bunu çox istəyirəm. Biz sadəcə hər şeyin zahirini görürük, batinlərə bələd deyilik. İnsanların da üzünü görürük, ruhuna bələd deyilik". Qeyri-adi səslənən istək qarşısında qızın tərəddüdlü cavabı gecikmir. Gözlər hər şeyin əksidir, sən orada görmək istəmədiklərini belə görəcəksən və peşiman olacaqsan.
Otağın yanan işığı və uşaqların səs-küylə daxil olması ilə gözdən itən qız gənc oğlanın fikrini qətiləşdirir: o, ruh görmüşdü. Gənc artıq öz qeyri-adiliyinin fərqindədir: heç kəsin görə bilmədiyi ruhu görmüş, səsini eşitmişdi. Bir müddət tək qalan gənc öz-özünü sorğulamağa başlayır. Gördükləri barədə heç kimi inandıra bilməz onu dəli adlandırarlar, artıq onun üçün insan gözləri ayna tək hər şeyi əks etdirir. Baş verənlər haqqında həyat yoldaşını inandırmaq cəhdi boşa çıxan gəncin təlaşlı vəziyyəti uzun müddət davam edir. Oğlan artıq qarşılaşdığı şəxsin ondan əvvəl nə etdiyini duyur, gözlərinə uzun-uzun baxdıqca nə düşündüyünü görə bilirdi. Bu qeyri-adi bacarığı ilə içdən-içə fəxr edən oğlan tezliklə acı həqiqətlə üz-üzə qalır. İlk zərbəni həyat yoldaşından alan gəncin daxilindəki fəxr hissi tezliklə dərin kədər və qəlb qırıqlığı ilə əvəzlənir. O, həyat yoldaşının gözlərinə baxaraq baş vermiş xəyanəti film kimi izləyir, inandırıcı yalanlar gənci daha böyük və dərin bir boşluğa sürükləyir.
Sahib olduğu bu qeyri-adi bacarıq gəncin həyatını dəyişməyə başlayır. Vaxtının çoxunu işdə və yoldaşları arasında keçirən oğlan insanların qeyri-səmimi davranışlarını, onun arxasınca necə danışdıqlarını görə bilir, xeyli məyus olur. Gənc düşünür: hər kəs, hər şey saxtadır. İnsanların əsl üzü yalnız onun görə bildiyi həqiqətlərdə gizlidir. Tezliklə ətrafındakı saxta münasibətdən, ikiüzlü və səmimiyyətsiz insanlardan soyuyur. Artıq həyatındakı hər şey yalandan və böyük bir boşluqdan ibarətdir. Yaxın keçmişdə yaşadığı bütün xoşbəxtliklər həyat yoldaşı ilə birgə onu tərk edir. Naməlum qızın "peşman olacaqsan" sözü çoxdan özünü doğruldur, gənc yaxşı ola biləcək heç nə ilə qarşılaşmırdı. Bu qeyri-adi bacarıq ona yalnız tənhalıq və bədbəxtlik gətirir. Gəncin psixoloji durumu gün-gündən pisləşir, həyat mənasını itirir. Artıq tək reallıq dünyanın fani və yalan olduğu gerçəyidir. Səfil, səliqəsiz və nizamsız həyat tərzi yaşayan gənc arxasınca danışılan acı həqiqətləri qəbul edə bilmir. Ehtiyatlı, ikiüzlü və riyakar davranan insanların qeyri-səmimi sözləri gənci daha da bədbinləşdirir. Oğlan bütün bu yalanlardan və ikiüzlü münasibətdən çıxış yolunu həyatına son verməkdə görür.
Bayanmönx Çoojçuluunçeçeq "Güzgü effekti" hekayəsində həyat qanunlarının ziddinə gedən gəncin yarım qalan taleyini qələmə alır. Naməlum qızın ruhu ilə rastlaşan oğlanın bütün həyatı dəyişir və acınacaqlı sonla bitir. Yazıçı gənc oğlanın obrazında insan iradəsinin tab gətirə bilmədiyi həyat həqiqətlərini göz önünə sərir. İnsanın görüb-eşitdiyi hər şeyin onun mənəvi-psixoloji vəziyyətinə dərin təsirləri hekayədə öz əksini tapır.
Monqol dilindən tərcümə olunan nəsr
nümunələri dərin mövzuları kiçik mətləblərdə
əks etdirən çağdaş dünyanın hekayələridir.
Azərbaycan dilinə orijinaldan tərcümə olunan monqol
hekayələrinin təməl xüsusiyyəti müasir həyat
gerçəklikləri və psixoloji məqamların bədii
əksidir. Yığcam süjet xəttinə
malik hekayələrdə yeni dövrün reallıqları və
müasir insan düşüncələri qələmə
alınır. Çağdaş zamanın nəbzini tutan
"Dekabr qızı", ailə-məişət məsələlərini
əks etdirən "Portret" hekayəsi, mənəvi məsələlərin əks olunduğu "Güzgü
effekti" və ölümlə həyat arasında
tutunmağa çalışan insan haqqında olan, lakonikliyi
ilə seçilən "Yeni başlanğıc" hekayəsi
həyatın içindən süzülüb gələn
epik nümunələrdir.
Lamiyə
NƏSİROVA
Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya
ədəbi əlaqələri" şöbəsi
525-ci qəzet.- 2022.- 23 iyun.- S.14.