Mələklərin ruhaniyyət
xanası...
"Allah öz göstəriş və
tapşırıqlarını vermək üçün mələklərlə
göyqurşağında görüşür. Göyqurşağı mələklərin
xanasıdır"
Ustad Seyid
Məhəmmədhüseyn Şəhriyar
Görkəmli sənətkarımız, Azərbaycan-türk
muğamlarının şahbanusu Rübabə xanım
Muradovanın yadigarı hesab etdiyim Azərbaycanın Xalq
artisti Mələkxanım Əyyubova haqda yazdığım
bu ədəbi-essedə sirlər xəzinəsi olan milli sərvətimizlə
bağlı bəzi düşüncələrimi oxucularla
bölüşməyi lazım bildim. Əsl sənətin
gerçəkliyindən söz açmadan, birbaşa sənətkardan
danışmaq, zənnimcə, yağsız və şəkərsiz
halvaya bənzər. Keçək mətləbə!
Azərbaycanın muğam sənəti böyük mədəniyyətin,
dövlətimizin və millətimizin musiqi ənənəsinin
ən parlaq təcəssümüdür. Azərbaycan
muğam sənəti xalqımızın genezisi, təfəkkür
dünyası, poeziyası ilə sıx bağlı olub onun mənəvi
aləminin ümumbəşəri tərənnüm
obyektidir. Azərbaycan muğam sənətinin
daha da inkişaf etməsi və Avrasiya məkanında
bütün bölgələrə yayılaraq dünyanı
fəth etməsi üçün artıq zəngin
ifaçılıq ənənəsi yaranmış və bu
müqəddəs, şərafətli, mülki-cahan
arzuların günəş kimi doğmasına dövlət səviyyəsində
diqqət və şərait xeyli
artırılmışdır. Ələlxüsus
bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın muğamsevərləri ruhlandıran
qayğıkeşliyi və gənc sənətçilərə
himayədarlığı musiqimizin dönməzliyi və
sönməzliyidir.
Musiqi janrları içərisində muğam janrı qədər
unikal bir sənət növü olmadığını
söyləsək, heç də mübaliğə etmərik. Görkəmli mədəniyyət
xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyov
adına Bakı Musiqi Akademiyasının professoru Rafiq
İmrani "Muğam tarixi" kitabında yazır ki, hər
bir xalqın məişəti, adət-ənənəsi ilə
bağlı olan folklor musiqi nümunələri, mərasim, məişət
mahnıları, xalq mahnı və rəqsləri spesifik
xüsusiyyət daşımaqla aidiyyətinə görə mənsub
olduğu xalqa şamildir.
Bu mənada ərazicə yaxın qonşu olan
xalqların folkloru biri-birindən nəzərəçarpacaq
dərəcədə fərqlidir. Azərbaycan, türk, fars,
kürd, özbək, qazax, türkmən və s. xalqların
nəğmələri, şərqiləri, hətta rəqsləri
melodik dilinə, metroritmik xüsusiyyətlərinə, ifa
üslubuna görə biri-birindən kəskin surətdə
ayrılır. Bu musiqilərin hamısı mənşəcə
müxtəlif xalqlar tərəfindən, müxtəlif
dövrlərdə fərdi, özünəməxsus səciyyədə
yaradılmışdır. Bu da hər
şeydən əvvəl onların ayrı-ayrı köklərdən
ibarət olmasını sübut edir. Fəqət
muğam sənətində belə kəskin fərq hiss
olunmur. Muğamlar yalnız zahirən fərqlidirlər.
Azərbaycanda, İranda, Türkiyədə,
Ərəbistanda, Özbəkistanda, Qazaxıstanda ifa edilən
muğam sənət nümunələrinin
qarşılıqlı təhlili göstərir ki, muğam sənəti
ayrı-ayrı xalqlar tərəfindən yaradılmayıb.
Professor
İmrani sübut edib ki, muğamatın etnik kökü
birdir, vahiddir, yeganədir! Bu kök yalnız və
yalnız Azərbaycan-türk xalqı ilə
bağlıdır. Məhz buna görə
də vahid kökdən olan Azərbaycan muğam sənəti
digər xalqların yaradıcılığında inkişaf
formasına və milli intonasiya çeşidlərinə
görə bir-birindən fərqlənir. Başqa-başqa
bölgələrdə ifa edilən muğamlar ilk növbədə
milli koloritə, ifa xüsusiyyətlərinə görə
bir-birinə bənzəmirlər. Bu da hər
şeydən əvvəl muğam dəsgahlarımızın
milli zəmində formalaşıb inkişaf etməsi ilə əlaqəlidir.
Qarabağ, Şirvan, Mil-Muğan, Bakı, Naxçıvan
muğam ifaçılığı sənətində səs
sistemi və xüsusi spesifik dönmələr, zəngulələr,
burun zümzümələri, çənə oynatmaları,
xırdalıqlar var ki, onlar Azərbaycan milli xüsusiyyətlərini
müəyyənləşdirir və bunların cəmindən
də milli kolorit, milli təfəkkür və təkamül
məktəbini təmsil edən ənənəvi və
toxunulmaz, müqəddəs və bakirə
ifaçılıq üslubu yaradır. Azərbaycan
muğamları və fars dəsgahları
lad etibarı ilə eyni olsa da (səs sistemlərindən irəli
gələn cüzi fərqi nəzərə almasaq),
onların ifa tərzi müxtəlif üslublarda həyata
keçirildiyi üçün bu muğamların təsir dairəsi
bir-birinə ziddir. Belə ifa rəngarəngliyi
məhz musiqi sənətinin milli və mənəvi
çalarlarını üzə çıxarır və onu
milliləşdirir.
Muğamların
kim və hansı bölgənin və
yaxud hansı xalqın nümayəndəsinin ifa etməsindən
asılı olmayaraq, onun lad əsası qeyd etdiyimiz kimi,
müəyyən fərqi nəzərə almasaq, eynidir. Onları fərqləndirən əsas cəhət səs
sistemi və ifaçılıq üslublarıdır. Eyni zamanda, muğamların müxtəlif xalqlar,
bölgələr və məmləkətlər arasında
ifa formalarına, struktur quruluşlarına fikir versək
görərik ki, "mənşəcə bütün
muğamların kökü birdir" fikri özünü təsbit
edir. Azərbaycanda, Özbəkistanda, Tacikistanda,
İranda və Ərəbistanda ifa edilən muğamların
adları da əksərən eynidir. Ancaq Özbəkistanda
və Tacikistanda muğamın adlarında mövcud olan sait səslər
dəyişdirilib. Bu dəyişiklik
yalnız dialektlə bağlıdır. Məsələn:
Segah - Seqox, Çahargah - Çarqox, Dügah - Duqox və s.
Professor İmrani yazır ki, muğam
ifaçılığında milli ifa tərzi səs sistemindən,
ifa üslubundan, seçilmiş qəzəlin doğma dildə
tələffüzümdən, eyni zamanda, dialektindən
asılıdır. Danışıq ahənginin qanunauyğunluqları zəminində
muğamın melodik dilinin ritmik xüsusiyyətləri ilə
qəzəlin bəhrinin tam uyğun seçilməsinin milli
koloritə böyük təsiri var. Əruz vəznində
olan qəzəllərin uzun və qısa hecaları
muğamın melodik inkişaf xəttinin ritmlik komponentləri
ilə üst-üstə düşərsə, bu zaman xanəndə
uzun hecalarla muğam boğazlarını, səs
çalarlarını, müxtəlif musiqi boyalarını,
xırdalıqları sərbəst ifa edə bilir. Belə ifaçılıqda milli dəyərlərə
xas cəhətlər, tərənnüm üslubları sənətkar
səriştəsi daha qabarıq şəkildə üzə
çıxır. Xanəndəlik sənətində
İran fars, Azərbaycan (Təbriz) və
Azərbaycan (Qarabağ, Şirvan) məktəbləri
arasında hiss olunacaq dərəcədə fərq var.
İran muğam məktəbinin zəngulələrində
xanəndə uzun titrəyişləri ağız nahiyəsində
olan çanağa salır və boğaz telləri vasitəsilə
bu titrəyişlər əlaqələndirilir,
uyğunlaşdırılır. Azərbaycanda
ustadlaşan xanəndələr isə, o cümlədən,
Mələkxanım Əyyubova zəngulələri boğaz
telləri vasitəsi ilə ifa edirlər. Belə
ifa üslubları da zahirən səslənmə etibarı ilə
bir-birindən seçilir. Ümumiyyətlə, xanəndəlik
sənətində bir neçə cür oxuma üslubu var
ki, bu da Azərbaycan xanəndəlik məktəbini fars, ərəb, özbək, qazax və s.
xalqların xanəndəlik məktəblərindən yetərincə
fərqləndirir.
Azərbaycan xanəndəlik sənətində
mövcud olan dörd növ oxuma üslubu Mələkxanım
Əyyubovanın məharətlə
naxışladığı bu dörd növ muğamat
xanasının ilmələri əksər sənətçilərin
vurduqları naxışları üstələyib. Əfsuslar
olsun ki, bəzi muğam sevənlər elə zənn edirlər
ki, zəngulə "banlamaq və ulamaqdır".
M.Ə.Sabir yazır ki:
"Banlamayın,
banlamayın, cücələr,
Banlamamaqdır sizə əhdim mənim".
Yerli-yersiz
"banlamamaq" və ya "ulamamaq" üçün
möhtəşəm musiqi peyğəmbəri
Bülbülün "Füzuli təsnifləri"ni vaxtaşırı dinləmək və dərk
etmək zəruridir. Bülbülün muğam məktəbi
təfəkkür və təkamülün nəğmələşən
sədasıdır! Bülbül muğam məktəbi
dəmirçilik yox, zərgərlik sevir. Muğamın
zərgərlik zərifliyini qoruyan Mələkxanım
Əyyubovanın hər zaman sadiq qaldığı dörd
növ oxuma üsulu aşağıdakılardır:
1.
Boğazda oxuma üslubu
2.
Başdan gələn səs
3. Çənənin
köməyi ilə oxuma üslubu
4. Burunda
oxuma (zümzümə)
Boğazda oxuma üslubunda xanəndə səs tellərinin
vasitəsi ilə ağciyərdən gələn hava
axınını ağız boşluğuna
ötürür. Oradan isə səs axını
ağız vasitəsilə havalanır. Bu
cür oxuma üslubunda əsas güc səs tellərinin
üzərinə düşür.
Başdan gələn səs termini ustad xanəndələrin
arasında çox işlənir. Belə oxuma üslubu
ilə səs axını ağız boşluğunun arxa
divarları vasitəsilə çanağa oxşar
boşluğa verilir. Səs burada bir
növ rezonansa gəlib ağız vasitəsilə kənara
ötürülür. Səsin burada xaricə
ötürülməsi bir növ əks-sədaya bənzər
tərzdə səslənir.
Çənə ilə oxuma üslubunda səs
ağız boşluğuna verilərkən çənə
vasitəsilə orada vibrasiya (səsin ritmik titrəyişi) əldə
olunur. Çənənin yan tərəfə tez və ya
gec hərəkəti ilə vibrasiyanın surətini
artırıb azaltmaq olur. Bu üsul ilə
çox vaxt muğam qəzəllərinin son uzun hecaları
oxunur.
Burunda oxuma (zümzümə) üslubu səsin zərifliyini,
kövrəkliyini əks etdirməyə imkan yaradır. Burunda oxumada səs
daha təsiredici, qəm gətirən olur. Adətən, rəngarəng səs
çalarlığı yaratmaqdan ötrü, təkrar olunmuş
hər qəzəl beytindən biri zümzümə ilə
oxunur. Eyni zamanda xanəndədən
asılı olaraq qəzəllər və qoşmalar
bütünlükdə və ya bir hissəsi zümzümə
ilə oxuna bilıər. Cabbar Qaryağdı oğlu,
Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov,
Yaqub Məmmədov, Arif Babayev, Hacıbaba Hüseynov,
Ağaxan Abdullayev, Rübabə Muradova, Sara Qədimova, Yavər
Kələntərli bu üsuldan məharətlə istifadə
ediblər. Ümumiyyətlə, "Segah"
muğamlarını burun zümzüməsi göynətməsə
bilin ki, ocağın palıd közünü şam
yonqarı dəyişib.
Cabbar
Qaryağdı oğlu məclislərin birində qırx il istifadə etdiyi xanəndə dəfini yetirməsi
olan gənc Xan Şuşinskiyə bağışlayanda Qurban
Pirimov soruşub ki, "Ay Cabbar, qırx ilin sədaqətli
dostuna necə qıydın?" Cabbar əmi cavab verir:
"Axır ki, arzuma çatdım. Mənim
kimi burnunda zümzümə göyərdən xanəndəmiz
yetişib".
Qırx ildən çox yaradıcılığına
hörmət bəslədiyim, Baba dağının nəğməkar
sonası Mələkxanım Əyyubova ilə bağlı
bir neçə xatirəmi yada salmağım yerinə
düşər. 1982-ci ilin Novruz günləri ərəfəsində
yurdumuzun "Acınohur" qışlağında
"Çoban baharı" bayram şənliyinə bəstəkar
Rəşid Nəsiboğlunun rəhbərlik etdiyi
"İrs" ansamblı da dəvət olunmuşdu.
Ansamblın gənc solisti Mələkxanım Əyyubova
qışlağın dörd bir yanını bürüyən
Novruz tonqallarının əhatəsində "Qaragilə"
mahnısını nə cür oxudusa, bəstəkar dostumuz
Rəşid Nəsiboğlu üzünü gözləri
dolan ustad şairimiz Məmməd Araza tutub dedi: "Şair,
gözlərin dolmasın. Muğamat
dünyamıza ikinci Rübabə xanım gəlir".
Məmməd Araz gülümsəyib Rəşid Nəsiboğluna
dedi: "Rəşid, sənin üçün ikinci Rübabə
xanım, mənim üçün ikinci Sara xanım gəlir".
1992-ci
ilin yanvar ayında Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov
başda olmaqla respublikanın 100 nəfərdən çox
dövlət, təsərrüfat adamları, elm, mədəniyyət
və incəsənət xadimləri yenicə müstəqil
olmuş Azərbaycanın ilk elçiləri kimi qardaş
Türkiyə Cümhuriyyətinə rəsmi səfərə
getmişdik. Mən o zaman Dövlət Radio və
Televiziya Verilişləri Şirkətinin sədri vəzifəsində
çalışırdım.
O
zamankı mədəniyyət nazirimiz, indiki Rusiyadakı səfirimiz
Polad Bülbüloğlunun məsləhət bildiyi bir dəstə
musiqiçi də, o cümlədən, Mələkxanım
Əyyubova və Aşıq Zülfiyyə İbadova da səfərin
iştirakçıları idilər. Səfərin
ikinci günü Türkiyə Cümhuriyyətinin Prezidenti
Turqut Ozalın və Baş nazir Süleyman Dəmirəlin
iştirakı ilə nümayəndə heyətimizin şərəfinə
rəsmi ziyafət təşkil edilmişdi. Məclisin
şirin yerində Mələkxanım "Segah" təsnifini
necə oxudusa, Zülfiyyə xanım "Yanıq Kərəm"ini
nə cür çaldısa, Turqut Ozal hər ikisini rəhbərliyin
oturduğu süfrəyə dəvət elədi. Ələlxüsus Mələkxanımın
Rübabəsayağı vurduğu xallar Türkiyə
Prezidentini kövrəltmişdi. Turqut Ozal
Mələkxanımdan soruşdu ki, "Can Azərbaycanda
hankı sahədə çalışırsınız?"
Mələkxanım cavab verdi ki, işsizəm.
Turqut Ozal üzünü Zülfiyyə
xanıma tutub soruşdu ki, yavrum sən necə?
Zülfiyyə xanım da cavab verdi ki, mən
də işsizəm. Turqut Ozal üzünü hər ikisinə
tutaraq dedi: "Bizim TRT-nin başqanı Aydın bəy məclisdədir.
Bakıda iş tapılmırsa, Ankarada tapılar". Ayaz Mütəllibov bu vəziyyətdən xeyli pərt
olmuşdu. Onu toxtatmaq, əcaib səhnəni qapamaq
üçün Turqut Ozala yaxınlaşıb dedim:
"Sayın Cümhurbaşqanım! Dünən
səfərə çıxmamış bu qızların hər
ikisinin əmri verilib. Dünəndən
etibarən hər ikisi AzTV-nin solistləridir. Qızlar xəbərsizlər". Yalan deyirdim. Əlbəttə,
Bakıya qayıdan gün hər ikisini şirkətə
işə götürdük. Qızlar bəxtəvərlər
kimi səhnə tərəfə dönəndə, Turqut Ozal
mənə işarə elədi ki, yaxın gəl.
Yaxınlaşdım, Turqut Ozalın dilindən
aşağıdakı kəlmələri eşitdim:
"Murat bəy, sizdən bir ricam var. Məleykəmizdən
muğayat olun. Onun mürşüd avazında
insana ruh verən ruhaniyyət var". Hərdən
düşünürəm ki, qardaş Türkiyəmizin
Prezidenti Turqut Ozalın ruhunu oxşayan Mələkxanım
Əyyubova, Prezident Süleyman Dəmirəlin ruhunu oxşayan
Qarabağın sona bülbülü Sara Qədimova olub.
Dahi bəstəkarımız
Üzeyir Hacıbəyov Azərbaycan-türk
muğamlarının özəyində pöhrələnən
bu dörd növ oxuma üslubunu təhlil edərək
yazır ki, Rast, Şur, Segah, Şüştər,
Çahargah, Bayatı-Şiraz və Humayun Azərbaycan-türk
musiqisinin yeddi əsas ladıdır.
Lad nədir? Lad musiqinin səs sırasının
quruluşu, səslərin yerləşdirilməsi üsulu,
musiqi əsərlərinin, xüsusən də
muğamların həm cismidi, həm ruhu. Bir sözlə,
Üzeyir bəy bizlərə izah edir ki, yeddi muğam
ladımız həm qan damarımızdır, həm də
can damarımız!
Muğamların
dadına, ruhumuzun ladına toxunmaq olmaz, dəyişmək
olmaz!
Mələkxanım
sənətə gəldiyi gündən
çalışıb ki, "şaqqıldağı,
şaqqıltısı, şırpıltısı"
ruhumuzu didən yırtıcı caynaqlardan, gecə-gündüz
xalqın hesabına yağ-bal içində üzüb, millətə
ayran satan "qaymaq"lardan, kök
salmayan, kök atmayan, həm köksüz, həm də
gövdəsiz budaqlardan, öz rəngini, ahəngini silmək
üçün "dad dəyişən, lad dəyişən,
ulduzlardan, dad dəyişən meyvələrdən, sinəsində
qurd bəsləyən meynələrdən,
zövqümüzü, qəlbimizi, ömrümüzü
keyləşdirən iynələrdən" uzaq olsun. Bayağı dünyanın giriş yolu
bayağı musiqidən başlayır. Əslində,
bu gün meydan sulayan musiqiyə bayağı musiqi yox,
"cındırsayağı" musiqi deyilməlidir.
"Cındırın" axırı "andır"
olmasa, zövqümüzü bit basacaq. Mədəniyyət
könül xoşluğudur, gödəniyyət qarın
boşluğu! Mədəniyyət aş qazanıdır,
gödəniyyət xaş qazanı! Təbii musiqinin
yarğanı da var, xırmanı da! Dəni də var, dəyirmanı
da! Kürəsi, təndiri də var,
yağı-şoru-pendiri də! Əfsuslar olsun ki, indiki
"dilingilərin" unu var, şəkəri var,
yağı var, fəqət halvası yoxdur! "Balvankalar,
fonoqramlar, aranjimanlar, şansonlar, şlyagerlər, replər,
poplar, roklar" doğma ladlarımızı
yadlaşdıran "həftəbecər-ləvəngilər"
zəmanəsinin ən ağrılı mərəzi budur ki,
melodiya yoxa çıxıb. Melodiyasız
həyat gözləri kor olmamış, ürəyi kor
olanların manqurt düşərgəsidir. Ruhaniyyət
avazımız ülviyyətə ruh verməsə, qalan da
yazıqdır, gedən də yazıq! Güdən də
yazıqdır, didən də yazıq!
Ağzımızın, süfrəmizin, ruzumuzun
dadını dəyişsələr, birtəhər dözmək
olar. Vay o günə ruhumuzun, ladımızın
dadını dəyişələr. Həmin
gün "manqurd"luq tapacaq bizi. Bax onda ustad Şəhriyarın
söylədiyi "mələklərin göy
qurşağı" "tüləklərin gey
qurşağı" olacaq!
Yazımı
"Segah"ın pərvanəsi sayılan Rübabə
Muradovanın yadigarı, "Bayatı-Kürd"ün divanəsi
olan Qulu Əsgərovun yetirməsi Mələkxanım
Əyyubovaya həsr etdiyim kiçik bir şeirlə
tamamlayıram:
Söz kəramət
sultanıdır, muğam qüdrət dastanı
Məmləkətdi,
səltənətdi, xilafətdi muğamat!
Həyat
giriş qapısıdı, ölüm çıxış
qapısı,
Şəhadətdi,
ziyarətdi, ibadətdi muğamat!
Qəlbimizin
cövhəridi, ruhumuzun gövhəri
Təravətdi,
lətafətdi, gülafətdi muğamat!
Şakərində
mərhəmət var, nə sınır, nə
sındırır
Dəyanətdi,
mətanətdi, fəzilətdi muğamat!
Yozulmayan
möcüzədi, pozulmayan kitabə
Ülviyyətdi, şərafətdi, ləyaqətdi muğamat!
Yandıranı yandırandı, donduranı donduran
Xoş ülfətdi, sədaqətdi, məhəbbətdi muğamat!
Rübabənin yadigarı Mələkxanım bilir ki,
Yavər, Şövkət, Sara, Zeynəb, Həqiqətdi muğamat!
P.S. "Azərbaycan-Türk" musiqisinin
müşərrəf sona bülbülü Mələkxanım
Əyyubovanın bənövşə yaşı mübarək,
yasəmən ömrü hümayun olsun!
Murat Baykal
525-ci qəzet.- 2022.- 23 iyun.- S.11;16.