Qazi yazar yeni
kitablarını təqdim
etdi
Bu gün "Libraff" kitab mağazasında qazi yazar Zaur
Bayramoğlunun "Alabaş"
və "Qara
mamba" kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan müəllif, qonaqları
salamlayıb və hər iki kitaba
daxil olan hekayələr haqda məlumat verib.
Yazarın silahdaşı kapitan
Nicat Əbdülrəhmanov
onunla keçdiyi döyüş yolundan danışıb: "Zaur Xüsusi Təyinatlı dəstədə
xidmət göstərib,
minaçıxartma nəticəsində
gözlərini itirib.
Ancaq o, ümidini itirməyib.
Daim mübarizə aparıb.
Onun hekayələrindəki
obrazlar real hadisələrdən
götürülüb. Bizim şahid
olduğumuz hadisələri
sanki ilmə-ilmə vərəqə toxuyub.
Onunla fəxr edirəm. Bir döyüşçünün müharibə
zamanı hadisələri
qələmə almağı
daha təbiidir".
Döyüş yoldaşı baş
gizir Mahir Məmmədov qazi dostuna uğurlar arzulayıb, yazarın ədəbi fəaliyyətindən
əlavə insani keyfiyyətlərini də
dilə gətirib:
"Zauru öz işinin peşəkarı
olmaqla yanaşı, həm də gözəl insan kimi tanımışam. Xidmət etdiyi dövrdə qəhrəmanlığının, şücaətinin şahidi
olmuşam. Son hadisələr
onu göstərdi ki, Azərbaycanın mərd
oğulları
hər an düşməndən
qisas almağa hazırdır. Bu müharibədə əsl
qələbəni şəhidlər
qazandılar. Qazilər də
yarımşəhiddir".
Tarixçi Bəhlul İbrahimov
müəllifin tarixçi
olmağının hekayələrinə
təsirindən danışıb:
"Zaur döyüşçü
olmağıyla yanaşı,
həm də tarixçidir. Hekayələrində tarixi hadisələri
ustalıqla nəsrə
çevirib. Onun
tükənməyən həyat
eşqi əsərlərində
də hiss olunur. Hekayələrində qələbə əzmli obrazların və nikbin sonluqların olmağı
cəmiyyətə ötürülən
ən yaxşı mesajdır".
Bir sıra
ədəbiyyat və
incəsənət nümayəndələrinin,
İkinci Qarabağ müharibəsi qəhrəmanlarının
iştirakı ilə
keçirilən tədbir,
müəllifin hekayələrinin
müzakirəsi ilə
başa çatıb.
Əntiqə KƏRİMZADƏ
525-ci qəzet.- 2022.- 23 iyun.- S.9.