İnanıb aldanma...

 

 

"İnanmasan, yaşamaq olmur"

əminliyi ilə yaşayanlara

 

 

Hər şeyə darılıb üzmə özünü,

Dildaş olmadığın dillərdən uzaq.

Üzə gülümsəyən üzgörənlərdən,

Əlinə əl yetməz əllərdən uzaq...

 

Öz yükün, öz yolun, mənzilin olsun,

Bil ki, gündoğanın, günbatanın var.

Gündə bir yol tutub ayaq döyəndə

Olmaz sədaqət, etibar.

 

Çətindir, bilirəm, ürək qızdırmaq,

Sənə ürəyindən "pay" verənlərə.

Bir az səbirli ol, bir az da ayıq,

Yerli-yersiz sənə say verənlərə.

 

İnanıb aldanma inandığına,

Aldana-aldana yaşamaq çətin.

Aldana-aldana yaşasan əgər,

İtər ləyaqətin, düşər hörmətin.

 

Demirəm, hamıdan çəkin, kənar gəz,

Bəlkə , ən böyük günahdır bu hal.

Daş daşdır, daşlarda inam olmasa,

Dağlar da diz çökər, düşər qalmaqal.

 

Bir qismət payıdır ömür , gün ,

Kiminə işıqdır, kiminə zülmət.

Zülməti işığa döndərənləri

Yaşadar məhəbbət, tapar səadət.

 

Yaşa, ürəyinlə, eşqinlə yaşa,

Necə ki, gözlərdən çəkilməyib nur.

Aldanma, yalmanma kimsəyə, nəyə,

İnsanı yaşadar sevgi qürur...

 

 

Allah adamı

 

 

Ürəyi Günəşə açılan adam,

Hardandır bu qədər sevgi, məhəbbət?!

Hardandır bu qədər hörmət, ehtiram?!

Bu qədər tükənməz, sonsuz sədaqət?!

 

Görünür, adam tək yaşamaq olar,

Təki, ləyaqətin, qeyrətin olsun.

Dünyanın yükün daşımaq olar.

Qəlbində təpərin, cürətin olsun.

 

Sən bunu bacardın, Allah adamı!

Prometey ömrünü yaşamağınla.

Əridi qəlblərin qaranlıqları,

Zülmətləri yaran gur işığınla.

 

Bacardın şeytanı mələk etməyi,

Bacaran yaşayır, yaradır ancaq.

Yaradan Günəşdir, qürub etsə ,

Sabah daha aydın, parlaq doğacaq.

 

 

Mən haqqın yazan əliyəm...

 

 

Mən Tanrının müjdəçisi,

Haqqın çarpan ürəyiyəm.

İnsanlığın qibləgahı,

Bəşəriyyət gərəyiyəm.                                         

 

Sözlə yoğrulub varlığım,

Zatımdadır yar-karlığım,

Özümdə öz güzarlığım...

Zamanda zaman dəmiyəm.

 

Abi-həyat cismimdədir,

"Lövhü-məhfüz" ismimdədir,

Adəm mənim qismimdədir...

Saf könüllər diləyiyəm.   

 

Mən gəlmədim, göndərdilər,

Göydən yerə endirdilər,

dedi onlar dedilər...

Mən onların mələyiyəm.

 

Yüküm yüklərdən ağırdır,

Dilim deməkdən yağırdır.

Qəlbim fağırdan fağırdır...

Haqqla nahaqq ələyiyəm.

 

Sorumluyam hər sorğuya,

Həm əyriyə, həm doğruya,

Haqdan gələn hər ağrıya

Dözən dəlidən dəliyəm.

 

Qalanmışam oddan oda,

Yaşayıram yaddan yada,

Haqq üçün olmuşam fəda...

Mən Haqqın yazan əliyəm.

 

Yol göstərən yolçum oldu,

Mən elçiyə elçim oldu,

Hər vəhyi bir ölçüm oldu...

Onunçün haqq ələmiyəm.                                                                         

 

Yaza-yaza ozan oldum,

Haqq sirrini yozan oldum,

Şərdən şəri pozan oldum.

İndi pirlər qələmiyəm...    

 

İtdi həqiqətin  həqiqət anı...

 

Yenə cin atına minibdi dünya,

Yüyəni İblisin yedəyindədir.

Yenə qan püskürür başsız başçılar,

Bilmirsən, kim dəli, kim divanədir.

 

Gözlər od saçanda itir ağıllar,

Beyinlər, ürəklər qəzəbə dustaq.

Dünya şairləri, söz adamları,

Dağılar dünyamız biganə qalsaq.

 

Dünya yaranmayıb topla, tüfənglə,

Dünyanı yaradan SÖZ olub ancaq.

Sözün qüdrətindən, sözün gücündən

İblis , şeytan da düşübdü qaçaq.

 

Bu dünya fəlakət burulğanına

O zaman düşdü ki, SÖZ güllələndi.

Söz öldüyü gündən çaşdı ağıllar,

Dünya qana düşdü, qana bələndi.

 

İtdi həqiqətin həqiqət anı,

Dünyada top, tüfəng hakimi-mütləq.

Çaşan ağılları, coşan qanları

Kimlər yedəkləyib, kim oturdacaq?!

 

Sonu görünmür heç bu qan-qadanın,

Dəyişib yerini haqq ilə nahaqq.

Dünyaya düzəni gətirən ancaq,

Şairlər olacaq, Tanrı olacaq...

 

 

Şükür dərgahına, şükür, ay Allah

 

 

Şükür dərgahına, şükür, ay Allah,

Bu gecəm keçdi ağrı-acısız.

Bu gün səhəri açdım gülərüz,

Bu gün Günəşi gördüm qayğısız.

Kaş, hər günüm belə xoş açılardı,

Görəydim dünyanın üzündə gülüş.

Böləydim hamıya sevgi payımdan,

Hamının bəxtinə düşəydi görüş.

 

Pis-yaxşı bu ömür qismətimizdi,

Sevgiylə yaşamaq - başqa bir aləm.

Yaşayaq, güvənək, edək etibar...

Üzməsin ömrü, qoy, nifrət, kədər, qəm.

 

Dünyaya gəlsək sevgi oduyla,

Heyif ki, köçürük ağrı-acıyla.

Ancaq ən sağalmaz dərdi insanlıq

Sağaldıb eşq adlı bir ilacıyla.

 

Hər addım, hər nəfəs, hər gülüş səsi

İnsançün xoşbəxtlik möcüzəsidir.

Vaxtında qədrini bilmədik deyə

Bu dünya bizimçün qəm nəşəsidir.

 

Verdiyin bu ömrə, xoş günə şükür,

Onsuz da, bu dünya gəldi-gedərdi.

qədər karvanlar köçsə , dünya

Elə yaranışdan təzəcə-tərdir.                                       

 

Bizi aldatsa da, çox təzə-tərlər,

İnamla yaşadıq üzü sabaha.

Bir ömür içində neçə min kərə

Gah şeytana uyduq, gah da Allaha.

 

Yaşadıq, yaşatdıq dövrü, zamanı,

Hərə öz çiyninə düşən yük ilə.

Ümidlər, arzular qağayılar tək

Dalğalar qoynunda çırpınır hələ...

 

Yolun, de, haradır...

 

Yolun, de, haradır, ey haqq yolçusu?

- Tanrım muradımı verdiyi yerə.

- Özün bilə-bilə gedirsən ora?

- Yox, Tanrım çağırıb özü bu kərə.

 

... Hər anım beləcə sınaq içində,

Sorğu-sualdadır günüm-güzarım.

Hər sorğu-sualdan qazandığımsa

Bir təmiz adımdır, bir etibarım.

 

Mənə bu dünyanın var-dövlətindən

Çatan bir qələmdir, bir kağız.

Narahat gündüzüm, yuxusuz gecəm

Həmdəm olub mənə qoymadı yalqız.

 

qədər olsa da ilham qaynağım,

Hökm onundur, hökmdar da o.

Mən yazıb-pozmuşam onun əliylə,

Qoymadı bir yol da məni darda o.

 

Mənsə taleyimin yolçusu oldum,

Alnıma yazılan yazıyla birgə.

Onunçün uca Haqq dərgahında

Mənə yer verdilər - birinci cərgə.

 

vaxt ki, haqq deyib dilim, qələmim

Həmişə yoluma nur ələnibdir.

Bir anlıq şeytana uyanda könlüm,

Yerim , Göyüm silkələnibdir.

 

Hərə öz yolunun karvanbaşıdır,

Xeyri də, şəri də özünə agah.

Bir addım atırsa xeyirə sarı,

Bir addım qazanır özünə günah.    

 

İndi mən mənəm, özüm özüm.

Cismim onundur, ruhum da onun.

Hərdən soruşuram: "Axı mən kiməm"?

Sual da onundur, cavab da onun!!.

 

qədər suallar cavabsız qalıb,

qədər cavablar suala möhtac.

Cavab tapılsa da çox suallara,

Çox cavablara da vardır ehtiyac...

 

Xanəli KƏRİMLİ

 

525-ci qəzet.- 2022.- 24 iyun.- S.15.