Hərbi xidmətdən yayınıb Azərbaycana
qisas dalınca gələn qazax oğlu anıldı
Yenə Şəhidlər xiyabanına gedirdik. Budəfəki
ziyarətçilərimiz Xəzərin o tayından gəlmişdilər.
Beynəlxalq Türk Akademiyasının Prezidenti
Darxan Kıdırəli və Akademiyanın vitse-prezidenti
Füzuli Məcidli idi.
Başımda Aşıq Qərib dolanırdı. Şəhidlər
xiyabanında bayatı deyərlər, oxşayıb, öyərlər
şəhidləri. Mən də
Aşıq Qəribin anası ilə görüşü səhnəsində
oxuduğu gözəlləməyə bənd olub
qalmışdım.
Mən gəlmişəm
otağına,
Durum düşüm ayağına.
Bir rəhm
elə qonağınam,
Ana mən Qəribəm, Qərib.
2020-ci ilin 44 günündə Türk
dünyasının Zəfər tarixini qanlarıyla,
canlarıyla yazan igidlərimizin uyuduğu müqəddəs məkanda
əvvəlcə general-polkovnik Polad Həşimovun uyuduğu
sıradan başladıq ziyarətimizi. 1990-cı ilin
20 Yanvarından məzarlıq çiçəyi olan qərənfillərimizi
ehtiram əlaməti olaraq şəhid
oğullarımızın, qəhrəmanlarımızın
sinəsi üstünə düzdük.
II Şəhidlər xiyabanı hər gün olduğu
kimi gəlimli-gedimli idi. Həyat yoldaşı şəhid olandan
sonra başdan-ayağa qara geyinən bir gəlin gəldi.
Oğlu ilə birlikdə şəhidinin məzarının
üstünə su səpirdilər. Diqqətimizi
bir gənc qızcığaz da cəlb etdi. O da məzarların
ətrafında fırlanıb qurumuş çiçəkləri
toplayır, məzar başındakı ağacları
sulayırdı. 2020-ci ilin sentyabr ayından bu məkana
gələn doğmalar və dostlar, qohumlar və yadlar, qərib
ellərin yolçuları bu müqəddəs yerdəkiləri
unudulmağa qoymurlar.
Bu məzarlıqdan 300 metr yuxarıda isə 1994-cü
ildə salınmış Şəhidlər
xiyabanıdır. Bax orada dəfn olunan uşaqlar Qarabağ uğrunda
döyüşə gedəndə burada indi uyuyanların əksəriyyəti
ya doğulmamışdı, ya məktəbli idi, ya da hələ
yaşı döyüşə getməyə
çatmırdı... Burada uyuyan igidlər ötən 28 il ərzində indi uyuduqları məkandan 300
metr yuxarıdakı məzarlığı dəfələrlə
ziyarət etmiş, oradakı Şəhidlərin
qarşısında baş əymişdilər.
Ancaq burada uyuyan oğullar II Şəhidlər
xiyabanında bir qəribin uyuduğundan xəbərsiz idilər. O igidin qərib olduğunu
yalnız dostları - 776 saylı əlahiddə taborun
döyüşçüləri Saleh Əliyev, Yaşar Nəsibov,
Yusif Ağayev, İsgəndər Ağayev, Mürvət
Əliyev, Rövşən Babayev, Elxan Şıxəliyev,
Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov,
Fərzəli Pəsərək, Rəşid Əliyev və
digərləri bilirdilər. Lakin onu qərib
kimi deyil, əziz qardaşları kimi yad edirdilər. Bu gün də yad edirlər. Amma
ki, bir danılmaz həqiqət var, sinəsində
doğulduğun torpaqdan ayrı düşdünsə, qəribsən
ki, qərib. İstər sağ ol, istər də,
torpağın altında... Sağ olanda - doğmaların, yurd
yerin yadına düşəndə ürəyinin başı
göynəyəcək, ölüb torpaq altında
yatdınsa, torpağın, məzarın göynəyəcək...
Bizim yerlər
daşlı olar,
Gözəl qızlar saçlı olar.
Qərib
gözü yaşlı olar,
Ana, mən Qəribəm, Qərib.
Yəqin ki, oxucularım kimdən
danışdığımı bildilər. Söhbət
II Şəhidlər xiyabanında uyuyan qazax balası
Barımbetov Yerbol Turexanulıdan gedir.
1993-cü ilin fevral ayında 776 saylı tabora Xüsusi Təyinatlı
kimi qəbul olunmuşdu. 1992-ci ilin payızından 1993-cü ilin
fevral ayına qədər 6 ay müddətində
Qazaxıstanın Kapçekay hərbi desant bazasında əsgərlik
xidməti keçmişdi. 6 ay ərzində
öyrəndiklərini gəlib Azərbaycanın
torpaqlarının azadlığı uğrunda
döyüşdə tətbiq etməyə
başlamışdı. Doğma
yurdundakı hərbi hissəni nədən özbaşına
buraxıb gəldiyini soruşanda, demişdi ki, mən həm
də bizim daxili işlər nazirinin müavini, polkovnik Saylau
Serikovun qisasını alıram. Milis
polkovniki Saylau Serikov 1991-ci ildə Qarakənd üzərində
vurulan helokopterdə şəhid olmuşdu.
Yerbol Barımbetov belə qeyrətli bir türk oğlu
idi. Türk tarixini dərindən öyrənmək
üçün tarixçi olmaq istəmişdi. Bu
arzusunu da keçid balı
aşağı olduğundan gerçəkləşdirə
bilməmişdi.
Bu gün isə doğma yurdundan, türklərin ATA YURDU
Qazaxıstandan onu ziyarətə türk dünyasının
adlı-sanlı tarixçisi, tarix elmləri doktoru Darxan
Kıdıralı özü gəlmişdi.
Yerbol, yəqin ki, ruhlar aləmində çox şeydən
xəbərdarsan. Bəlkə elə sənin ürəyindəki
arzuları göyərdənlərdən biridir Darxan
Kıdıralı. Axı Beynəlxalq
Türk Akademiyasının rəhbəri olduğu vaxtdan,
türk dünyasının tarixinə yeni bir işıq, yeni
bir yol salıbdır. İndi o yolda sənin
arzuların göyərir.
Məzarı qarşısında Darxan
Kıdıralı da, Füzuli Məcidli də, mən də
yenə təzim etdik. 20 yanvarın qırmızı göz
yaşı olan qərənfillərimizi sinəsi üstünə
düzdük. Sonra Darxan Kıdıralı
məzar başında Quran oxudu. Dayandı.
Fikrə getdi. Diqqətini
Yerbolun ölüm tarixi çəkdi. Dedi ki:
"Ah nə
yazıq... Onun ki, şəhid olduğunda 20 yaşı var
imiş... Şəhidlər öz yaşlarından sonra böyüməzlər. Tanrı dərgahına uçduqları yaşda
qalarlar".
Yenə gözlərimin yaşını bulaq edib,
Yerbolun baş daşından boylanan şəklinin
üzünü başıma örtdüyüm qazax milli kəlağayısının
ucu ilə sildim. Sonra həmin kələğayı ilə
gözlərimin yaşını qurutdum.
Hər iki dostum Darxan Kıdıralı da, Füzuli Məcidli
də dərin bir fikrə getmişdilər. Mən isə
ürəyimdə Yerbolun yolunu gözləyə-gözləyə
harada olmasından xəbərsiz dünyadan köçən
atası Turexan və anası Satkulla danışırdım.
Yenə beynimdə Aşıq Qəribin gözəlləməsi
dolanırdı.
Canım
ana, gözüm ana,
Ana, mən Qəribəm, Qərib.
Sənə
vardır sözüm ana,
Ana mən qəribəm, qərib.
Bacı, mən qəribəm, qərib.
Anası
oğul həsrəti ilə dünyadan köçən,
gözü düz 28 il
doğmalarını, onu sevənləri gözləyən
Yerbol qardaşımızın indi ruhunun gözləri o Vətən
yollarından yığılmışdı. Yerbol
Berimbetovun burada qərib olduğunu bildiyim gündən
Qazaxıstandan gəlib-gedən qonaqlarımı onun ziyarətinə
gətirirəm. Özümü Yerbolun
bacısı sayıram. Başqa cür ola
bilməz axı. Mənim Vətənimin
torpaqlarıının azadlığı uğrunda şəhid
olan oğulun bacısı olmaq şərəf borcumdur!
Baurum
Yerbol, məni bacı kimi qəbul edirsənsə, bilirəm
ki, sənin 20 yaşlı məzarın üstünə bizim
digər şəhidlərimizin üstünə gətirilən
toy-nişan xonçaları gətirilmədi. Səni
oxşayıb-ağlayan olmadı. Səni, bizdən neçə
min kilometr uzaqda olan doğmaların axtardı. Hər
dəfə məzarının başına gələndə,
səni bacı əvəzi oxşayıram. Həsrətli günlərini necə keçirdiyini
soruşuram. Doğmalarının
yuxularına qonaq gedib-getmədiyini bilmək istəyirəm.
Anan Satkul sənin yanına kaytış
boldımı? Bəs atan necə? İndi birlikdəsinizmi?
Bu ilin aprel ayının 20-də qardaşın Nurbol, əminoğlu
Yermek məzarını ziyarətə gəldilər. İndi məzarının
üstündə ata yurdunda dəfn olunan ananın və
atanın uyuduğu torpaqdan pay var. Torpaq ruhun daşıyıcısı,
söz aparıb gətirənidir. İndi yəqin
ki, ruhlar aləmində atan və ananla rahat danışa bilirsən.
Yəqin ki, onlara deyirsən ki ana, gözlərim
yollara baxa-baxa qalmışdı. Bilirdim ki, bir gün məni
tapacaqsınız:
Qəribəm
ağrıyar başım,
Ümmana döndü göz yaşım.
Bəs
hanı Nurbol qardaşım,
Ana, mən Qəribəm, Qərib.
II Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin
məzarını ziyarət edib, müqəddəs məkandan
uzqalaşdıq.
XI Qlobal Bakı Forumuna gələn qonaqlarımız -
Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan
Kıdırəli və Akademiyanın vitse-prezidenti Füzuli
Məcidli elə Şəhidlər xiyabanından hava
limanına yola düşdülər.
Qazaxlar, dünyadan əməli saleh insan köçəndə
deyərlər ki, "kaytış boldı". Yəni ki, gəldiyi
yerə döndü. Axı insan Tanrı zərrəsidir.
Yer üzünə göndərilir ki,
yaxşı əməllərlə yaşasın. Yerbol qardaşım bizim igid oğlanlarımızla
birlikdə Tanrı dərgahına kaytış bolıblar.
Yerlərinin rahat olduğuna şübhə yox.
Çünki məqamları ən uca məqamdır.
Azərbaycan şəhidləri ilə eyni məkanda
uyuyan qazax xalqının qəhrəman oğlu Yerbol
Barımbetovun doğmalarının da gözü yollardan
yığılıb. Öz qardaşını ziyarət edib
qayıdandan sonra, Nurbol Barımbetov Qazaxıstan mətbuatına
müsahibə verərərk, qardaşının necə
böyük məqama, hörmətə sahib olduğunu deyib.
Qərib
gedər iz itirər,
Əlin
xudaya götürər,
Qərib
ölsə kim götürər
Ana mən qəribəm, qərib.
Bacı mən qəribəm, qərib.
Yerboldan
28 il xəbər olmayanda, doğmaları
elə bilmişdilər ki, izi itib, tozu da yoxdur. Lakin
Yerbol Barımbetovun da, Şəhidlər xiyabanında uyuyan
naməlum və qərib olan digər şəhidlərin də
xatirəsi bizim üçün əzizdir.
Mən inanıram ki, Yerbol Berimbetovun xatirəsinin Azərbaycanda
əbədiləşdirilməsi üçün mütləq
hər hansı bir meydanın, küçənin adı veriləcək. Bu, həm də
Qazaxıstan və Azərbaycan dostluğunun əbədi
simvoluna çevriləcək. Bir də xatırlatmaq istəyirəm
ki, sağlığında Qarabağdakı erməni
separatçılarına qarşı igidliklə
döyüşən o qazax qəhrəmanı Yerbol Barımbetov
Turexanulı Qazax və Kəlbəcər, Ağdərə
uğrunda gedən döyüşlərdə həm də kəşfiyyatçı
kimi xüsusilə seçilib. 1994-cü ildə
Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən
mükafatlandırılıb. Atəşkəs elan
olunmasına az qalmış, 1994-cü ilin
20 aprelində Yerbol Barımbetov sonuncu döyüşündə
yaralanaraq şəhid olur.
Allah rəhmət eləsin!
Aida EYVAZLI
525-ci qəzet.-
2022.- 24 iyun.- S.16.