Şeyx Məhəmməd Rasizadə: alim,
ruhani və ədib
Azərbaycanın
dünyaya bəxş etdiyi işıqlı şəxsiyyətlərdən
biri də fədakar elm və din yolçusu Şeyx Məhəmməd
Rasizadədir.
Şeyx Məhəmməd
Rasizadə XX əsrin sonlarında, 1878-ci il
mart ayının 15-də, "Azərbaycanın qədim və
zəngin tarixə, mədəniyyətə və çoxəsrlik
dövlətçilik ənənələrinə malik olan ən
qədim şəhərlərindən" olan
Naxçıvanda Hacı Molla Abdulla Rasizadənin evində
dünyaya gəlib.
Şeirə, muğamata dərindən bələd olan
Hacı Molla Abdulla, çox məlahətli səsə malik
olub.
Şamaxı, Təbriz məclislərinə də dəvət
alan, Seyid Əzim Şirvanı ilə
yaxından tanış olan Hacı Molla Abdulla onun hörmət
və ehtiramını qazanıb. Seyid Əzim "Hacı
Molla Abdulla Şaxtaxtılıya" adlı mənzum məktubunda
Hacı Molla Abdullanın kimliyini, rövzəxanlıq məharətini,
"avazeyi-fəzli"ni,
yaşadığı dövrdəki məşhurluğunu
nişan verir, şəxsiyyətinə və sənətinə
yüksək qiymət verir. Onun S.Ə.Şirvaninin "Səni
Şahtəxtli derlər", - deyə nişan verdiyi Hacı
Molla Abdullanın yaşadığı dövrdə hörmət,
nüfuz sahibi və bütün Azərbaycanda yalnız bir
rövzəxan kimi deyil, şeirdən, sənətdən
baş çıxaran, "şerü əşarə"
can verən bir şəxs olduğunu, sağlığında
"Mavəraünnəhrdən... İraqü
İsfahana"dək yayılmış böyük bir
şöhrət qazandığını, eyni zamanda
"dövrünün maarifçi ziyalılarının da
diqqət mərkəzində olduğunu" təsdiqləməkdədir.
"Dövrünün maarifçi
ziyalılarının diqqət mərkəzində olan",
açıqfikirli, elmə, təhsilə dəyər verən
Hacı Molla Abdulla övladlarının
dünyagörüşünün, bədii
istedadlarının formalaşmasında, onlarda şeirə-sənətə
meylin oyanmasında böyük rol oynayıb. Hacı
Molla Abdullanın qız övladları Fatma, Ümmi Səlimə,
Xurşid ali təhsil almasa da, oğul övladları
istedadlı və təhsilli olub, Şeyx Məhəmməd
Tehranda, Hüseyn Cavid İstanbulda, Əlirza Gürcüstanda
təhsil alıb. Hacı Molla Abdullanın özünün və
oğlanlarının adlarının önündəki
"Hacı", "Şeyx", "Molla" sözləri
dini titul olmaqdan başqa, həm də onların biliklərinə,
təhsillərinə işarədir. Şeyx Məhəmməd
Tehranda, Hüseyn Cavid İstanbulda, Əlirza Gürcüstanda
təhsil alsa da, uşaqlıq və gənclik illərində
yaşadıqları coğrafi məkan, təhsil və tərbiyə
aldıqları sosial-mədəni mühit onların
dünyagörüşünün formalaşmasında,
yaradıcılıqlarında önəmli faktor olub. Doğulub böyüdüyü, təhsil və tərbiyə
aldıqları sosial-mədəni mühit onların mənəvi-iradi
keyfiyyətləri, xarakter, bacarıq və istedadları ilə
yanaşı, həm dünyagörüşlərini bir
çox cəhətdən müəyyənləşdirib.
Hacı Molla Abdullanın ilk oğul payı olan
Şeyx Məhəmməd Rasizadənin də
dünyagörüşünün formalaşmasında
doğulduğu ailə və təhsil aldığı
mühitin önəmli rolu olub. Kiçik
yaşlarından oxumağa maraq göstərən, kitabın,
elmin aludəçisi olan Şeyx Məhəmməd ilk təhsilini
mollaxanada alıb, müqəddəs Quranı, fars
və ərəb dilini mükəmməl öyrənib. Təhsilini Tehranda davam etdirib, "Şeyx"
titulunu qazanıb.
Uzun illər "könlünü din, fəlsəfə
və elmi hikmətə" bağlayan, dövrünün
qabaqcıl fikirli adamlarından, böyük maarifpərvərlərindən
olan Məhəmməd Rasizadə "qardaşı Hüseyn
Cavidi Türkiyəyə oxumağa göndərib, maddi
qayğılarının bir qismini üzərinə
götürüb". Hüseyn Cavid İstanbuldan Naxçıvana, Qurbanəli
Şərifzadəyə göndərdiyi məktubunda (1910)
qardaşı Şeyx Məhəmməddən "fəzilətpərvər
qardaşım" - deyə bəhs edib (Fəzilətli -
sözü əslən ərəb mənşəli olub, insanda ağıl, kamal, elmi-mərifət,
mərdlik, yüksək mənəviyyat alicənablıq kimi
sifətlərin ümumi adı).
Oğlu
Tahir Şeyxin portretini sözlə ən gözəl cizgilərlə
rəsm edib: "Rindanə xislətli", "alnında zəka",
"gözlərində dərin bir məna"
daşıyan "Şərqli bir filosof". Cavidin
"fəzilətpərvər" qardaşı, Tahirin
"rindanə xislətli" atası Şeyx Məhəmməd
müasirlərinin xatirələrində də hörmət və
ehtiramla xatırlanır. Görkəmli ədəbiyyatşünas
Əli Sultanlı yazır: "Cavidin böyük qardaşı
Məhəmməd Rasizadə mükəmməl təhsil
görmüş bir vaiz idi. Vaizlikdən ziyadə
müəllimlik və mühərririklə məşğul
idi. Naxçıvanda Sovet hakimiyyəti
yarandıqdan sonra Naxçıvan Pedaqoji məktəbinin dil və
ədəbiyyat müəllimi olmuşdur" (4, 1982, 87).
Naxçıvan mühitinin mötəbər şəxsiyyətlərindən
olan Şeyx Məhəmməd Rasizadə görkəmli
yazıçı-publisist, teatr xadimi C.Məmmədquluzadə,
E.Sultanov, Q.Şərifzadə, Ə.Xəlilov, S.Xəlilov,
M.Ə.Süleymanov, N.Şeyxov, Ə. Sultanov, M.C.Şurbi,
Ə.Sultanlı, M.C.Cəfərov, İ.Axundov, Çakər və
s. müasiri olub.
Elmi dinlə, dini elmlə vəhdətə gətirən
"şərqli filosof" dünyəvi təhsil vermək
yolunu tutub (1906), ömrü boyu elmə, maarifə xidmət
edib. Naxçıvandakı "Məktəbi-xeyriyyə"
və "Üsuli cədid" məktəblərində
lisan müəllimi kimi çalışıb. Bir sıra görkəmli şəxsiyyətlərə
dərs deyib, Azərbaycanı öyrənən Tədqiq və
Tətəbbö Cəmiyyətinin Naxçıvan bölməsinin
tarix, ədəbiyyat bölməsinə rəhbərlik edib.
Filologiya elmləri doktoru Fərman Xəlilovun
"Naxçıvanı öyrənən elmi cəmiyyət"
kitabında toplanmış 21 may 1925-27 avqust 1928-ci illərə
aid Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin
material-protokollarında Naxçıvanı öyrənən
cəmiyyətin işində əsl ziyalı, vətəndaş
qeyrəti ilə çalışan Şeyx Məhəmmədin
adına tez-tez rast gəlinir. Cəmiyyətin
iclas protokollarından məlum olur ki, Şeyx 1930-cu ildə
"Şərur dairəsinə səyahət haqda qeydlər"
adlı yazı yazıb, "Dillərin tülu və
qürubu" mövzusunda məruzə edib. Şərur qəzasında aparılmış
ibtidai tədqiqat haqqında məqaləsi "Azərbaycanı
öyrənmə yolu" jurnalında dərc olunub.
Naxçıvan
Tədqiq və Tətəbbö Cəmiyyətinin
material-protokollarından: 1, 4, 6, 9, 10, 24, 28, 33, 34, 36, 38, 39, 40,
41 və b. Şeyx Məhəmmədin çəmiyyətdə
fəaliyyət göstərən müasirləri; M.Mirheydərzadə,
M.Xasayev, A.Musazadə, Ə.Həsənzadə, Y.Qazızadə,
Ş.Əfəndizadə, X.Hacılarov, Q.Hacılı, V.Həsənzadə,
H.Səfərli, Ə.Rüstəmov, Ə.Qılmanov, N.Əfəndizadə,
Ə.Sadıqzadə, M.Hacınski, R.Paşazadə, M.Əhmədovla
birlikdə cəmiyyətdəki fəaliyyət dairəsinin
genişliyi aşikar görünür.
Vətənini sevən bir "vətən
daşı" olan Şeyx Məhəmməd tələbələrini
başına yığıb kənd-kənd, oba-oba gəzərək
şifahi xalq ədəbiyyatı nümunələrini
toplayıb, tarixin səhifələrindən silinmək təhlükəsi
yaşayan abidələri arayıb-axtarıb, ərsəyə
gətirib. Naxçıvan folklorunun toplanması sahəsində
diqqətəlayiq işlər görüb. Topladığı folklor nümunələrini
öz əli ilə, əski əlifba ilə dəftərlərə
köçürüb. Haliyədə bu dəftərlərin
bəzisi; "El ədəbiyyatı",
"Bayatılar", "Atalar sözləri",
"Nağıl" və sair Hüseyn Cavidin
Naxçıvandakı ev-muzeyində mühafizə edilir.
Həm də
şair və jurnalist olan Şeyx Məhəmmədin XX əsrin
əvvəllərindən "Şərqi-Rus", "Həyat",
"İrşad", "Tazə həyat", "Təkamül",
"İqbal", "Füyuzat", "Açıq
söz", "Hürriyyət" kimi qəzet və
jurnallarda, sonralar isə Sovet mətbuatında, xüsusilə,
"Şərq qapısı" qəzetində xalqı
maarif, elm və mədəniyyətə səsləyən
şeirləri dərc olunub. Onun şair kimi
imzasına "Ədəbiyyat qəzetəsi", daha
çox "Şərq qapısı" qəzetində rast
gəlinir. 1924-1929-cu illərdə qəzetin
redaktoru bacısı Xurşidin oğlu Abbas Gülməmmədovun
olması ictimai sistemlə barışmış Şeyx Məhəmmədin
tez-tez şeirlərinin qəzet səhifələrində boy
göstərməsinə yol açır. Şeyx Məhəmməd
də bir çoxları - Səməd kimi, Rəsul kimi,
Rüstəm, Rahim və digərləri kimi şeirlərində
rejimin tələblərinə əməl etməli olur, Rəsul
Rzanın yenilikçi poeziyasını "Bolşevik
yazı" şeirinə görə alqışlayır:
"Alqışlaram səni əski yazımla,/Təbrik edirəm
bu sınıq sazımla..." Bu səslər
Şeyxin deyil, vaxtın, zamanın səsi idi. Bir tərəfdən
də, "əski yazım" və "sınıq
sazım" sözləri ilə Şeyxin
sınıqlığını, məcburiyyətini ifadə
edir (Bakıda Hüseyn Cavid "əski mövzulardan"
yazdığı üçün qınandığı
kimi, Naxçıvandada Şeyx Məhəmməd "əski
şair", "köhnə ədəbiyyatın təmsilçisi"
kimi qınanırdı). "Köhnə ədəbiyyatın
təmsilçisi və məftunu" sayılan Şeyx Məhəmmədin
"yenini və cavanı qəlb genişliyi ilə
qarşılamağa özündə qətiyyət
tapması", "ədəbi mühitə yenicə
atılmış cavanın bir gün özünün
mühit yaradacağını peyğəmbər bəsirətliliyi
ilə sezməsi" şairin oğlu - Xalq
yazıçısı Anar tərəfindən yüksək
qiymətləndirilib: "Qoca şair ilk qələm təcrübələrini
oxuduğu, ona doğma olmayan üslubda yazan gəncin yolunun, məsləkinin
bir gün izlənəcəyini, ədəbi mühitə
yenicə atılmış cavanın bir gün
özünün mühit yaradacağını peyğəmbər
bəsirətliliyi ilə sezmişdi. Ən
sevimlisi isə odur ki, köhnə ədəbiyyatın təmsilçisi
və məftunu olan bu insan yenini və cavanı qəlb
genişliyi ilə qarşılamağa özündə qətiyyət
tapmışdı".
Nə
yenini, nə sosializmi vəsf edən
ləri alqışlaması Şeyx Məhəmmədin yaxasını əzablardan xilas edə bilməyib. Çalışdığı iş otağı əlindən alınıb, işdən çıxarılıb. Ömrünün bir neçə ilini yalnız itirdiklərini geri almağa həsr etsə də, heç nəyi geri qaytara bilməyib. Yaşadığı qorxunc illərdə belə müəyyən tədqiqatlar aparan, "xalqının geridə qalmasını acı bir həqiqət olaraq hiss edib, bunun çarəsini yalnız xalqı ziyalandırmada görən" Şeyx Məhəmməd Rasizadə, işdən çıxarılana qədər müəllimliklə məşğul olub. "Qardaşı və dostu" Cavidi təhsil alması üçün İstanbula göndərib, "məsrəflərini" müəyyən qədər təmin edib. Ruhani təhsili almış, Şeyxlik rütbəsinə yüksəlmiş, gözəl müəllimlik və mühərrirlikliyi ilə yanaşı, həm də istedadı olan Şeyx Məhəmmədin Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür.
Təəssüf ki, "cavankən dərin məfkurə yarğanları ilə ayrılan bir epoxadan çıxaraq digər epoxaya düşmüş Şeyx Məhəmməd Rasizadə yollar ayrıcında buraxılıb". İşıqlı ziyalı, imanlı bir din adamı, "fəzilətpərvər" Şeyx Məhəmməd Rasizadə "kommunizm yezidlərinin", "adamcıl div ideologiyanın" qurbanı olub ("Kommunizm yezidləri"nin 37-də Şeyxlərimizin başına nə oyunlar açdıqları bəllidir).
Maarif xadimi, jurnalist, tədqiqatçı və şair Şeyx Məhəmməd Rasizadənin həyatını və fəaliyyətini əks etdirən tədqiqata, işlərinin obyektiv dəyərləndirilməsinə ciddi ehtiyac var. Uzun illərdən sonra Rasizadələr nəslinə aid bəzi arxiv materialının tapılması Şeyx Məhəmmədlə bağlı bəzi faktların gizli qaldığını, gün üzünə çıxarılmasını gözlədiyini söyləməyə imkan verir.
Yunan filosofu Senekanın çox bəyəndiyim
bir sözü var: "Mən özüm haqqında
danışmağı sevmirəm. Mənim haqqımda
gördüyüm işlər danışır". Şeyx
Məhəmməd Rasizadənin xalqı
qarşısındakı xidmətləri onun haqqında
danışa biləcək qədərdir.
Lütviyyə
ƏSGƏRZADƏ
Filologiya
elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi
525-ci qəzet.-
2022.- 24 iyun.- S.13.