Naxçıvanda I Tibbi Forum keçirilib  

 

 

Naxçıvan Dövlət Universitetinin inkişaf proseslərində yeni keyfiyyət mərhələsi başlanıb. 18-21 iyun tarixlərində ali məktəbin ev sahibliyi ilə I Beynəlxalq Tibbi Forum keçirilib. Ardıcıl tədbirlər müstəvisində universitetimizin reallaşdırmış olduğu Forum tədris prosesləri ilə yanaşı, elmi araşdırmaların da diqqət mərkəzində olmasının əyani sübutudur. Dünyanın 7 ölkəsindən tibb elmi üzrə 350 alimin, elm adamının, ümumilikdə isə 700-ə yaxın tibb mütəxəssisinin iştirak etdiyi Forum, universitetimizin Tibb ixtisası üzrə müəllim və tələbələrinin qarşıdakı dövrlər üzrə fəaliyyətlərində də yeni başlanğıc olacaq.

Forum mahiyyət etibarı ilə geniş tərkibli, nümayəndəli tədbir yığıncaq mənasını verməkdədir. Müasir müstəqillik illərində ilk olaraq, daha doğrusu, 1 fevral 1996-cı il tarixində xalqımızın Ümummilli lideri böyük Heydər Əliyev Forumu gənclərlə keçirdi. Böyük Gənclik hərəkatının əsasları olan həmin Forum hazırda da dövlətimizin siyasətinə çevrilmişdir. Təbii olaraq, Naxçıvan Dövlət Universitetində keçirilməkdə olan I Beynəlxalq Tibb Forumu həmin qayğının, diqqətin, siyasətin məntiqi və gerçək nəticəsidir, ifadəsidir. Bu forum, eyni zamanda, qarşıdakı dövrlər üzrə:

- tibb sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsinə tam əsaslarla hazırlıqlı olmanın;

- tibb yönümlü tədris proseslərində iştirakçı tərəflərin, ali təhsil müəssisələrinin və digər mütəxəssislərin ortaq fəaliyyətinin təmin olunmasının;

- müəllim və tələbələrin təcrübə, bilik araşdırma mübadiləsinin sürətlənməsinin və səmərəliliyinin daha da artırılmasının;

- cəmiyyətin daha sağlam həyat tərzinin təmin olunmasında elmi araşdırmaların mahiyyətinin ortaya qoyulmasının;

- ixtisaslaşmanın dolğun təminatında hüdudların, sərhədlərin və məsafələrin maneə obyekti olmamasının;

- tibb sahəsində yeniliklərin daha əlçatan olmasının;

- bütün bu sadalanan amillərin gerçək olmasının hərəkətverici qüvvəsi olaraq Naxçıvan Dövlət Universitetinin rolunun, mövqeyinin, potensialının, perspektivlərinin və hədəflərinin etibarlılığından xəbər verməkdədir.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən I Birinci Tibbi Forumu çərçivəsində yeni əməkdaşlıqlar üçün də münbit zəmin yaranmışdır. Forumda iştirak etmək üçün ali məktəbimizin qonağı olan Azərbaycan Tibb Universitetinin rektoru və başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Təbii olaraq, artıq universitetlərarası əməkdaşlıqlar yeni çağırışlar əsasında inkişaf etməkdədir. Eyni zamanda, beynəlxalq əməkdaşlıqlar fonunda yaranan strateji inkişaf xətti ölkəmizin digər ali məktəblərində əhatə etməkdədir. Və proseslərin gedişinə diqqət etdikdə aydın olur ki, burada Naxçıvan Dövlət Universiteti əlaqələndirici rola malik olmaqdadır.

Qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün geniş perspektivlər gətirəcək olan bu görüş mahiyyət etibarı ilə elmi araşdırmalara, tədris sahəsində təcrübə mübadiləsinə, əsərlərin, həmçinin, nəzəri biliklərin və təcrübi keyfiyyətlərin ortaq inkişafına əhatəlilik vermiş olacaq.

Görüşlərin təşkilinə, Forumun proqramına diqqət etdikdə aydın olur ki, ölkəmizin və xarici ölkələrdən qatılan tibb üzrə elm adamlarının marağı çox böyükdür. Bir sözlə, Naxçıvan Dövlət Universiteti özünün hazırkı inkişaf xətti ilə regional və beynəlxalq əməkdaşlıqların aparıcı qüvvəsinə çevrilməkdədir.

I Tibbi Forumda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqları üçün yeni perspektivlər də yaranmışdır. Forumda iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Karadeniz Texnik Universitetinin rektoru və başçılıq etdiyi nümayəndə heyəti ilə də görüş olduqca səmərəli müzakirələrlə keçmişdir. Universitetimizlə Türkiyə Cümhiyyətinin Ali Məktəbləri arasında çox səmərəli əməkdaşlıqlar güclü əsaslar üzərində olmaqla, mövcuddur.

Forum yüksək elmi, regional, milli və hətta beynəlxalq əhəmiyyətinə görə də əlamətdar oldu. Əsl bayram əhval-ruhiyyəsində keçən Forum, eyni zamanda, etibarlı dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında elmin və xüsusilə də, Naxçıvan Dövlət Universitetinin rolunu bir daha göstərmiş oldu. Bu tədbirlər, həm də qarşıda daha əhəmiyyətli inkişaf səhifələrinə keçid üçün etibarlılıq gətirəcəkdir.

Forumda iştirak edən qonaqlarımız tərəfindən Naxçıvan Dövlət Universitetinin hazırkı inkişaf potensialının yüksək dəyərləndirilməsi hər birimizə böyük qürur verdi. Xüsusilə, onların dəfələrlə Zəfər qazanmış ölkənin belə gözəl tədbirlər keçirməsi növbəti böyük sevinc gətirir deməsi hər birimizə yeni qürur gətirmiş olurdu.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə reallaşan l Tibbi Forum 19, 20 və 21 iyun tarixlərində bölmələr üzrə davam etdi. Dörd salon üzrə (A, B, C, D) nəzərdə tutulmuş olan bölmələrdə, laparostopik cərrahiyyə kursu, cərrahiyyə, laparostopik kolorektal cərrahiyyə, ginekologiya, invaziv endoskopiya, uşaq cərrahiyyəsi, hepatologiya, ERCP (ERXP) kursu, modern Tibbi Texnologiyalar, urologiya, Böyrək Transplantasiyası, oftalmologiya, pediatriya l və ll, tələbə Elmi-Tədqiqat İşləri üzrə maraqlı məruzələr dinlənilməkdə və müzakirələr aparılmaqdadır. Bölmələr üzrə müzakirələr qarşılıqlı sual cavablarla keçirilmişdir.

Bu möhtəşəm tədbirdə iştirak edən hər bir iştirakçı özünü rahat hiss edir, muxtar respublikanın təbiətini, əhalisini, sosial-iqtisadi inkişafını, dayanıqlı elmi mühitini, təhsil və tədris sahəsindəki perspektivlərini və bu sahələr üzrə təşəkkül tapmış olan dövlət siyasətini olduqca mühüm dəyərlər olaraq ifadə edirdilər. Eyni zamanda, hər bir nümayəndə Naxçıvan Muxtar Respublikasının inkişafını, abadlaşmasını, modernləşmə proseslərinə, elmə və elm adamlarına olan yüksək qayğının xoş təəssüratlarını ifadə etdilər. Bütün bunlarla da, onlar, özlərini Naxçıvan sakini olaraq hiss etdiklərini bəyan edirdilər.

Forumda iştirak edən, Rusiya Cərrahlar Cəmiyyətinin sədri Yuri Starkov bildirdi ki, Naxçıvan Muxtar Respublikasını həm də tarixi abidələr diyarı olaraq gördülər. Burada elmin çoxsahəli inkişafı üçün əsaslı potensial vardır. Alim bildirdi ki, Naxçıvanda ilk dəfə olmasına baxmayaraq, səmimi, doğma və mehriban münasibətlərə böyük dəyər verirlər. Muxtar respublikanın timsalında Azərbaycan mətbəxtinin bir-birindən dadlı yeməklərini də ayrıca qeyd etdilər.

İstanbul Tibb fakültəsinin ümumi cərrahiyyə şöbəsinin müəllimi Levent Avtan da l Tibbi Forumun yüksək əhəmiyyətə malik olduğunu qeyd etdi. Qardaş Türk ölkələrinin ortaq elmi araşdırmaları üçün mühüm nəticə olduğunu bildirdi. Qeyd etdi ki, bu, qarşıdakı mərhələlər üçün yeni bir başlanğıc olacaq. Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Ali məktəbləri ilə əməkdaşlıqlarını yaxından izlədiklərini ifadə edən alim, bunu çox zəruri uğur olaraq dəyərləndirdi.

Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı da Forumun əhəmiyyətini bildirdi. Qeyd etdi ki, Forum nəticəsində qardaş Azərbaycan və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının alimləri ilə ortaq elmi çalışmalar üçün zəmin yarandı. Alimlər I Tibbi Forum zamanı çox xoş təəssüratlarla öz ölkələrinə qayıdacaqlarını bildirdilər.

Tibbi Forumda iştirak edən qonaqlar Forum proqramı çərçivəsində Əshabi-Kəhf Ziyarətgahı Dini Mədəni Abidə Kompleksini ziyarət etmiş, Xan Sarayında, Mömünə Xatun Türbəsində və Açıq Səma Altında Muzeydə, Duzdağ Fizioterapiya Mərkəzində və Muxtar Respublikamızın dilbər guşələrindən biri olan Batabatda olublar.

Forumda iştirak edən Özbəkistan Respublika neyrocərrahiyyə mərkəzinin həkimləri, neyroonkoloqlar Sizdikkhodjaev Sardarkhoja və Akhmedov Sukhrob istər Forum, istərsə də, proqram çərçivəsində tarixi və dini ərazilərlə tanışlığın əhəmiyyətini yüksək dəyərləndirdilər. Həm dini, həm də tarixi turizm məqsədli fəaliyyət sferaları üçün yaradılan təsisatların gələcəkdə turist mobilliyi üçün mühüm dəyərini bildirdilər. Qeyd etdilər ki, Naxçıvan Muxtar Respublikası barəsində nəzəri məlumatlara malik olmaqla yanaşı, öyrəndikləri biliklərlə yerində tanış olmaq onlarda ayrıca məmnunluq yaratdı və bu sahədə Forumun böyük önəmini qeyd etdilər.

 

I Tibbi Forumda iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Yeditepe Universitetinin rektoru və nümayəndə heyəti ilə görüş də yüksək səmimi şəraitdə keçdi. Güclü əsaslarla davam edən beynəlxalq əməkdaşlıqlarda qardaş Türkiyə Cümhuriyyətinin ali məktəblərinin rolu və əhəmiyyəti böyük olacaq ki, bu sırada İstanbul Yeditepe Universitetinin də yerini görmüş olacağıq.

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşün qarşıdakı dövrlərdə nəticələrini də şaxəli şəkildə görmüş olacağıq. Belə ki:

- ixtisaslaşma sahəsində ardıcıl əlaqələrin inkişafı;

- təhsil səviyyələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi;

- ortaq layihələrin, təlimlərin reallaşması;

- elmi araşdırma nəticələrinin mübadilə olunması;

- müəllim, tələbə, elm adamlarının mübadiləsi və tədris sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsi və digər mühüm məsələlər görüşün gətirəcəyi perspektivlərə aid olacaq.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən I Tibbi Forumu ll günün bölmə iclaslarında da tibb elmi üçün aktual mövzular üzrə müzakirələr aparıldı. Həmin iclaslar da tibb elminin aktual problemlərinin araşdırılması ilə baş tutmaqdadır. Belə ki, iclaslarda, cərrahiyyə, pankreas xəstəlikləri, plastik estetik və rekanstruktiv cərrahiyyə, endokrinologiya, virus Hepatitləri, HCC (Ağır Kliniki Hallar), qara ciyər transplantasiyası, qastroenterologiya, onkologiya, oftalmologiya, pediatriya - l və ll, infeksion xəstəlikləri, stomatologiya sahələri üzrə çox aktual mövzular ələ alınmışdır. Bölmə iclaslarında məruzələr ətrafında müzakirələr keçirilmiş və verilən suallar cavablandırılmışdır.

Forum iştirakçıları universitetimizin bu

 üstünlüklərini dəfələrlə yüksək dəyərləndirmiş, istər məruzələrdə, istərsə də şəxsi söhbətlərində ən xoş təəssüratlarını bildirmişlər. Dövlətimizin bu sahədəki diqqətini və qayğısını da ən böyük zənginlik olaraq qeyd etmişlər. Hörmətli rektorumuzun Türkiyə və Yaponiya ali məktəbləri üzrə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasındakı uğurlu fəaliyyətinin qürurverici nəticəsi olaraq, bu Forum, Tibb alimlərinin timsalında digər araşdırma sahələrinin mütəxəssislərinə də stimul olacaqdır.

Beləliklə, Forum bir daha göstərdi ki, ərazinin kiçik olması ideyaların böyük olmasına heç bir məhdudiyyət gətirə bilməz. Böyük dövlət qayğısı, yüksək təşkilatçılıq və qonaqlarımıza doğma münasibət Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında olduqları üçün onlara böyük qürur gətirmiş oldu. Bütün tərəfləri ilə, universitetimizin reallaşdırmış olduğu bu uğurlar, xüsusilə, tibb işçilərinin peşə bayramı günləri üçün mühüm töhfə oldu.

 

Cavadxan QASIMOV

Naxçıvan Dövlət Universitetinin

dosenti, İqtisad üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 24 iyun.- S.11.