Qəzəllər

 

Mənim bu zar olan könlüm sevib, bir yarə aşiqdir,

Necə pərvaneyi-bidil yanar odlarə aşiqdir.

 

O zülfündən pərişanəm, ona peyvəstə heyranəm,

Demin təşbihi-Sənanəm, o da zünnarə aşiqdir.

 

Könül varlıq zamanından keçibdir malü canından,

Sənin ol xoş dəhanından çıxan göftarə aşiqdir.

 

Demin Məcnun olub rüsva, tutubdur daməni-səhra,

Həmişə zikr edər Leyla, qərəz, didarə aşiqdir.

 

Mən qılmın Züleyxanı, salıb gər Misrə qovğanı,

Sevib ol mahi-Kənanı, ona həmvarə aşiqdir.

 

Xəzani xəstəvü cahil, sevib bir yari- səngindil

Misali-rövnəqi-bülbül o, gülrüxsarə aşiqdir.

lll

 

Qədimi rəsmü adətdir ki, xadimlər xəta eylər,

Bu həm ayini-sultandır ki, əfv eylər, əta eylər.

 

Sala gər çahi-zindanə, aparsa ya ki, rizvanə

Kimin var etirazı, bir ümuri kim, Xuda eylər.

 

Dedim zülfə dəyər şanə ki, könlüm gəldi lərzanə,

Dedi məşşatədən sanma ki, bu kari səba eylər.

 

Əgər aşiq ola sadiq, budur şayəstə layiq

Ki, gər yetsə əli yarə, ona canın fəda eylər.

 

Cahanda hər iki həmdəm əgər yüz ittifaq olsa,

Bu çərxi-kəcmədar axir salar firqət, cüda eylər.

Şərafət malü dövlətdir ki, gər yoxsul bu dünyadə

Ola yüz mərifət kanı, ona kim etina eylər?

 

Kim istər izzətü rəfət, Xudadan həm dilər cənnət,

Xəzani xəstəyə hörmət edər, qərzin əda eylər.

lll

Alıbdır ləlin ətrafın məgər zülfi-dütadır bu?

Edər ya gənci-pünhanı siyanət, əjdahadır bu.

 

Baxanlar zülfi-pürçinə kim, salır rəxnələr dinə

Deyirlər hansı miskinə görən dami-bəladır bu?

 

Kuyini məskən eylərsən, könül, rizvanı neylərsən?

Zülfünə çin söylərsən, demə küfrü xətadır bu.

 

Ləbin ləlü gühər kanı, verir əmvatə əhyanı,

Görənlər neylər İsanı, əcəb möcüznümadır bu.

 

Xəzani, mən əzəl, əzhər mələkdir derdim ol dilbər,

Görənlər imdi söylərlər nüzul etmiş bəladır bu.

 

Müxəmməs

 

Ey dil, xiyal eylə ki, yaxşı-yaman hanı?

Sal bir nəzər cahanə, gör əhli-cahan hanı?

Yarü rəfiq getdi hamı, bir qalan hanı?

Bunda həmişə rəxti-iqamət salan hanı?

Bax gör əcəl yetəndə canın qurtaran hanı?

 

Gəlmiş cahanə gör necə sahibcəmallar,

Siminüzarü gülruxü hurimisallar,

Hanı o xoş məqal, o əhli-kamallar,

Vardır könüldə gərçi qəmi-mülkü mallar,

Çoxdur xəyalın, ölümdən aman hanı?

 

Əvvəl bu fani mənzilə Adəm gəlib-gedib,

Çox ənbiya, rəsuli-mükərrəm gəlib-gedib,

Şahani-ruzigar dəmadəm gəlib-gedib,

Bizdən səvay gör neçə aləm gəlib-gedib,

Amma ki, çoxdu şüğl itirib-axtaran hanı?

 

Söylə bu çərxə: - Adəmü Həvvanı neylədin?

Nuhu Xəlilü Musavü İsanı neylədin?

Yəqubi-zarı, Yusifi-Kənanı neylədin?

Ey bivəfa, əsasi-Süleymanı neylədin?

Ol şövkətü cəlalü büsati-rəvan hanı?

 

Söylə, oldu hadisi-Cəmşidü Keyqubad?

Zöhhakü Ərdəşir, Firiduni-əhli-dad?

Cənnət binası qoydu o Şəddadi-bədnihad,

Axırda namurad gedib, bulmadı murad.

Bir namdır, qalıbdır olardan nişan hanı?

 

Çox pəhləvan cahanda urub küsü təbili-cəng,

Bəhramü Qəhrəmanü Gərşasibi-nəhəng,

Gudərzi Givü Zal, Fəramərz, həm Pişəng,

Rüstəm ki, tab etməz ona bəbrü həm pələng,

Ol şiri-namdır Cahan pəhləvan hanı?

 

Qoşma

 

Bir şuxi-dildarə aşiq olalı,

Leylü nəhar işim əfğan olubdur.

Gecə-gündüz ağlamaqdan hicrində

Didələrim bəhri-ümman olubdur.

 

Bu künci-firqətdə halım bilən yox,

Ağlayanda əşki-çeşmim silən yox,

Ol yarın kuyinə gedib-gələn yox,

Taki deyə dərdim tüğyan olubdur.

 

Keçib şamım, tar olubdur məhfilim,

Pozulub gülzarım, gülməz bülbülüm,

Ol Yusifin fərağında mənzilim

Yəqubtək beytüləhzən olubdur.

 

Cananım, eşqində keçmişəm candan,

Həm malü mülkdən, həm xanımandan.

Bu şikəstə cismim nari-hicrandan

Yanıb pərvanətək suzan olubdur.

 

 

Bir tiri-müjganə aşiqəm, vəli

Eyb olmaz desələr olubdur dəli.

O qaşı hilaldan ayrı düşəli

Əlif təki qəddim kəman olubdur.

 

Ta görəndən bəri zülfi-reyhanı,

Bağlamışam ona dinü imanı,

İntəha deyəllər miskin Xəzani

Sevibdir zünnarı, Sənan olubdur.

                        

Gəraylı

 

Çox aşiq yetdi cananə,

Elə sərgərdan mən oldum.

Hamı kəs oldu xatircəm,

Genə pərişan mən oldum.

 

Şəmə yetişdi pərvanə,

Bülbül dəxi gülüstanə.

Hanı mənimtək divanə,

Bisərü saman mən oldum.

 

Məcnun görmüşdü Leylanı,

Vamiq üzari-Əzranı.

Bir dəm cəmali-cananı

Görməyib nalan mən oldum.

 

Mən kimi yoxdur avarə,

Zülf ucundan günü qarə.

Ey Xəzani, yalavlarə

Yandıran hicran mən oldum.

                  

Bayatılar

 

Oleydi tayca malın,

Soltanca, bayca malın.

Aya göz necə baxsın,

Görməsə ay camalın.

 

Aşiqəm gecə məndə,

Dərd məndə, gecə məndə.

Tiflintək ağlar aşiq

Ləbindən gec əməndə.

 

Aşiqəm yarə mən də,

Sızıldar yarə məndə.

Ölər olsam dirilləm

Ləbindən, yar, əməndə.

 

Yanan çıraq piysüzdür,

Rəqib, üzün pis yüzdür.

Aşiq der bu fənada

Yaxşı birdir, pis yüzdür.

   

Mən aşiq qar qalandı,

Qar yağdı, qar qalandı,

Qarğalar laçın oldu.

Laçınlar qarğalandı.

   

Bostan əkdim xiyarsız,

Gəlib dərmədim yarsız.

Yatdım yuxuda gördüm,

Oyandım ixtiyarsız.

 

 

 

Mir Mehdi Xəzani

 

525-ci qəzet.- 2022.- 25 iyun.- S.23.