Lessinin susqunluğu  

 

Hekayə

 

(AVTOPORTRET-75)

Məlum oldu ki, Bayılın it bazarından aldığı, aylarla vitaminli it yeməkləri ilə bəslədiyi küçük heç kimə hürmür.

Əslində, daha ona küçük də demək olmazdı. Ötən üç ayda o qədər sürətlə böyümüşdü ki, bağ evinə gətirəndən sonra düzəltdiyi it damına sığmırdı.

Düzünə qalsa, it azarkeşi deyildi, amma həyatın axarı ilə bağ evində məskunlaşandan və bir yox, bir neçə it saxlayan qonşularını görəndən sonra qərara gəlmişdi ki, o da it alsın. Düşünmüşdü ki, bu it həm ona qulaq həyanı olar, həm də bağ-bağatı qoruyar.

Dərdini, bağ yerində qoyun bəslədiyindən, bir yox, üç it saxlayan ən yaxın bağ qonşusu ilə bölüşəndə, Əmiraslan oğlu Sədi:

- Ola bilməz, ay müəllim, - dedi, - itin peşəsi hürməkdi, necə yəni hürmür? Gedək mən onu hürdürüm.

Sədi bağ sahibindən əvvəl darvazadan içəri keçsə də, asta-asta itə yaxınlaşsa da, hətta şəklənib ona əl qaldırsa da, köpək hürmədi və o, birdən-birə:

- İlahi, yaratdığına şükür! - dedi. - Belə də gözəl heyvan olar?!

Əslində, elə üç ay qabaq bu köpəyin gözəlliyinə bənd olub almışdı.

Qonşu, köpəyin başına, burnuna bir-iki dəfə tumar çəkəndən sonra soruşdu:

- Adı nədi bu gözəlçənin?

- Lessi.

- İngilis adıdı?

- Bəlkə də...

Heyranlıqla bu qonur gözlü, bəmbəyaz köpəyə tamaşa eləyən bağ qonşusu birdən-birə gülümsədi:

- Ay müəllim, neynirsiz onun hürməyini, -dedi, - gözəlliyi bəsdi, bağın yaraşığıdı bu vallah.

Yox, o, yaraşıq xatirinə köpək böyütməmişdi, o istəyirdi ki, onun köpəyi bağa it-pişik, ya bir yad adam girəndə, heç olmasa, hürüb onu xəbərdar eləsin. Qışda kimsə onun nərgizlərinə dadanmışdı, səhər oyanırdı ki, dərib aparıblar... Heç kimin qarasınca söylənmirdi, ürəyində "yoxun üzü qara olsun" deyirdi.

Köpəyinin hürməməsi barədə it saxlayan daha bir qonşusuna - Şahin müəllimə də danışmışdı və təsadüfən o da gəlib çıxdı və köpəyə bir qədər heyran-heyran tamaşa eləyəndən sonra dedi:

- Bu başıbatmış nə gözəliymiş! - Və dərhal da soruşdu: - İtə-pişiyə də hürmür?

- Yox...

- Bəlkə yoxlayaq?..

Əslində, Şahin müəllimin məqsədi fürsətdən yararlanıb, itləri boğuşdurmaq, öz itinin necə bir köpək olduğunu göstərməkdi.

Bir qədər sonra Şahin müəllim Qanqal cinsindən olan qulaqları, quyruğu kəsilmiş itinin zəncirindən tutub gətirəndə, məsələdən halı olan daha iki bağ qonşusu onun darvazasından içəri keçmişdi.

Onun köpəyi Şahin müəllimin qanqal cinsindən olan yekəpər itinə sarı xallı qulaqlarını şəkləyib dartınsa da, hürmədi.

Və Şahin müəllim:

- Mən belə şey görməmişəm, - dedi, - it olasan, teretoriyana girmiş yad itə hürməyəsən?

Bu arada gəlib çıxmış kənkan qonşuları da söhbətə qarışdı:

- Bəlkə laldı bu?

"Bilmədiyi şeylərin professoru" kimi bir ayaması da olan Əmiraslan oğlu Sədi yenə dilləndi:

- Mən əsgərlikdə Tayqada olmuşam, orda da hürməyən itlər var idi, amma bu köpək o itlərə oxşamır.

Şahin müəllim üzünü it yiyəsinə tutub soruşdu:

- Heç bu gözəlçəni ac saxlamısınız?

Lap uşaqlıqdan it saxlamaqla bağlı, yaddaşında nə vardısa, atası ilı bağlı idi; dünyasını erkən dəyişmiş atası axşamlar işdən qayıdanda, hər şeydən öncə zəncirdəki köpəklə maraqlanırdı: ona yemək veriblər, ya yox? İtin su qabını boş görəndə isə, kimə gəldi, dişinin dibindən çıxanı deyərdi. Şahin müəllimə də elə bu tərbiyədən gələn əxlaqla cavab verdi:

- Əlbəttə, yox, heyvanı da ac saxlayarlar?

 - Məncə, bir-iki gün ac saxlasanız, hürəcək.

Yenə də söhbətə kənkan qarışdı:

- Yadında saxla, müəllim, iti nə qədər ac saxlasan, səni bir elə çox istəyəcək. Məncə...

Amma Əmiraslan oğlu Sədi onu sözünü bitirməyə qoymadı:

- Ağlın bizim itlərə getməsin...

Əslində köpəyinin vəfası, etibarı da onu maraqlandırmırdı. Ona lazım olan yalnız bu itin it kimi hürməsi idi.

Şahin müəllim:

- İnternetdə itlər haqqında çoxlu yazılar var, -dedi, - axşam baxaram, görüm bu nə məsələdi?

Kənkan bir qədər də yaxından köpəyə nəzər salandan sonra soruşdu:

- A müəllim, bunun parodası nədi?

- Nə bilim...

 - Bəs alanda soruşmadınız?

 - Soruşdum, dedilər ki, qarışıqdı...

Sədi dilləndi:

- Müəllim, bir də it küçüyü alası olsan, qarışığına yaxın getmə, yerli, öz küçüklərimizdən, itlərimizdən al ki, həm sən istəyən kimi hürsün, həm də qapı-bacanı qorusun, - dedi, - düzdür, yevropeyski itlər ağıllı olur, amma nəyinə lazım itin ağlı?

Başına cəm olmuş insanlara yox, harasa uzaqlara baxan itinə baxa-baxa susurdu. Qonşuları isə hələ bu itin gözəllliyindən danışırdılar. Yenə də araya çökən sükütü Şahin müəllim pozdu. Özü əlini ehtiyatla itin quyruğuna toxundurandan sonra:

- Hələ siz bunun quyruğunun uzunluğuna baxın.

Həqiqətən də Lessinin quyruğu uzundu; az qala boyu bərabərində idi.

Yenə Şahin müəlllim dilləndi:

- Amma heç quyruğunu bulamır... Görəsən, niyə?

O, saymazyana cavab verdi:

- Hə, quyruq bulayan deyil, heç mən onun quyruq buladığını görməmişəm.

Sözün bu yerində Əmiraslan oğlu Sədi də sözünü dedi:

- Çox maraqlıdı, mən deyərdim ki, görsətmə işdi, it olasan, quyruq bulamayasan?..

Şahin müəllim soruşdu:

- Yeməyi necədi?

O, bir qədər duruxandan sonra cavab verdi:

- "Çappi" xoşlayır, yavan çörəyə heç yaxın da durmur .

Sədi bu dəfə mənalı tərzdə gülümsəyəndən sonra dilləndi:

- Görürsən, müəllim, - dedi, - amma bizim itlərə daşdan yumşaq nə verirsən, gözünə təpir...

Və beləliklə, gec də olsa, bu qənaətə gəldi ki, bir də it-küçük sevdasına düşsə, yerli cins soraqlaşsın.

Yeni it sevdası arabir ağlına batsa da, bir təbii sual meydana çıxdı: bəs Lessini neynəsin?

Bu sualın, hələ ortaya atılmamış cavabını Sədi verdi:

- Bunu da aparın azdırın, müəllim, gözəlliyinə görə ona sahib çıxan tapılacaq, - dedi, - elə bilməyin ki, o küçədə qalacaq. İndi hamı gözəllik axtarır.

Qonşunun, köpəyi belə təriflədiyini görüncə:

- İstəyirsən, bağışlayım sənə, - dedi, - elə indicə xaltasından tut apar.

Sədi dərhal etirazını bildirdi:

- Nəyimə lazım? Öz köpəklərimi doyura bilmirəm.

Bir gün, iki gün, bir həftə, iki həftə ötdü, bu minvalla xeyli düşünüb-daşınandan sonra Lessini azdırmaq qənaətinə gəldi və bu zaman artıq payızın son ayı idi. Və o, köpəyə axırıncı dəfə ürəyindən gələn sözləri öz bağında dedi. Əslində ona görə dedi ki, ürəyini boşaltsın...

- Bax, Lessi, sabah yəqin ki, sənə sahib çıxan olacaq, əlbəttə, gözəlliyinə görə, gözəllər haçan ortalıqa qalıb ki? Amma yadında saxla, hürməsən, yəqin ki, yeni sahibin də gec-tez səni azdıracaq, hür, Lessi, hürməyən itə heç yal da vermirlər, hür, Lessi. Hür ki, sənin də it olduğunu bilsinlər, heç olmasa, adını it dəftərinə salsınlar, heç bilirsən, it dəftəri nədir? Eh... Lessi, Lessi sən belə şeyləri hardan biləsən? Sənin tayların altı aylığından aya-ulduza hürür ki, sahibindən bir "malades" alsın, amma sən... Təzə sahibinə quyruq da bulayarsan, quyruq bulayarsan ki, ac qalmayasan. Həm də bu dünya ki var, quyruq bulayanlarındı, lap pələng olsan da...

Dənizin sahilə yaxın sularında - xırda körfəzlərdə balıq seyrəlsə də, hava xoş olanda tilovlarını götürüb balığa gedirdi. Və belə günəşli, küləksiz günlərin birində Lessini də zəncirindən açıb maşının, Təbriz camaatı demişkən, sandığına mindirdi. Lessini həm də ona görə dəniz sahilində azdırmaq istəyirdi ki, kimsə ona sahib çıxana qədər ac qalmasın, heç olmasa, Şimal küləklərindən sonra dalğaların sahilə atdığı balıqlarla qarnını doyura bilsin.

Neçə gündən bəri tüğyan eləyən Şimal küləyi - xəzri anbaan sakitləşirdi və bir köhnə balıqçı kimi bilirdi ki, belə günlərdə ən əfəl balıqçılar da ovdan əliboş qayıtmaz.

Fırtına dənizdən sahilə yenə o qədər balıqqulağı çıxartmışdı, o qədər ölü balıq tullamışdı ki, hər daşı tanış körfəz üzünə yeni bir mənzərə ilə açıldı. Sahildə ölü balıq əlindən ayaq basmağa yer yoxdu... Qəribə idi, hamısı da başı bədənindən böyük, eybəcər siyənək balığı... Dəfələrlə bu doğma sahilin bu və buna bənzər mənzərələri ilə üzləşmişdi və onu heyrətləndirən şeylərdən biri də bütün günü dalğaların arasında şikar arayan qağayıların bu siyənəklərə tamah salmaması idi.

Tez-tələsik maşının sandığını açdı ki, tilovlarını nizamlayıb sevimli peşəsinə başlasın. Sandığın bir küncünə qısılmış köpək təlaş içində ona baxırdı, hava soyuq olmasa da, titrəyirdi, sanki anlayırdı ki, sahibi onu niyə maşının sandığına mindirib, niyə bu yerlərə gətirib?...

- Düş, Lessi, - dedi, - görünür, bizimki də buraya qədərmiş...

Balıq, yosun qoxusu nə qədər xoş olsa da, sanki köpək hər şeyi başa düşür, anlayırdı və ona görə də maşının sandığından düşmək istəmirdi.

...Və son nəhayətdə, o, köpəyin bəyaz, xallı qulağına əl atmalı oldu.

Sandıqdan zorla düşürülmüş köpək təlaş içində dənizə, dənizin sahilinə - ləpədöyənə səpələnmiş ölü balıqlara baxırdı və sanki sahibinin daha bir işarəsini gözləyirdi ki, düşdüyü yerdən tərpənsin. Amma sahibi daha köpəyi eyninə almadan tilov çantalarını götürüb dənizə, dibini qara-boz dalğalar döyəcləyən qayalığa yaxınlaşıb bambuk tilovlarını nizamlamağa, qarmaqlara soxulcan, bişmiş qarğıdalı dənəsi taxmağa başladı.

Hələ Lessi bir aylıq olanda o, nə qədər hulbalıq, xırda külmə, balaca şahmayı tuturdusa, hamısını gətirib Lessiyə yedizdirirdi və təbii ki, köpək balığın dadını bilirdi. Dəfələrlə fikir vermişdi ki, Lessi şahmayıları daha iştahla yeyir.

Sahilə səpələnmiş siyənəkləri qoxlaya- qoxlaya Lessi, nəhayət ki, bir qarışdan uzun olmayan bir dəniz fareli tapdı və dişinə çəkəndən sonra sahil boyu sağa, sola qaçmağa, atılıb-düşməyə başladı.

Sahildə, yəqin ki, qanadları mazuta, bəlkə də xam neftə bulaşdığından uça bilməyən bir qağayı balası da vardı və bu sahillərə yem dalınca gəlib çıxmış qarğalar, deyəsən, bu zavallı qağayı balasına da şikar kimi baxırdılar və hər yaxınlaşdıqca onu dimdikləyirdilər. Lessi nəinki qağayı balasına cumdu, əksinə, qarğaları qovmağa başladı. Kim bilir, bəlkə də sadəcə qarğalarla oynamaq istəyirdi. Axı Lessinin hələ oynayan vaxtı idi.

Yiyəsi köpəyin birdən-birə tövşüməyə başlamasının səbəbini kəsdirə bilmədi, axı ömründə ilk dəfə boynu xaltasız qalmış bu it bir o qədər qaçmamışdı, yorulmamışdı. Acgözlüklə yerdə nə varsa, hamısını qoxlayırdı və sanki, ona birdən-birə verilən bu azadlıqdan qorxurdu...

Sonra Lessi sahil boyu qaça-qaça, yorta-yorta körfəzdən xeyli aralanıb gözdən itdi. Qağayı balasına şikar kimi can atan qarğalar, bir-birilərinə xəbər göndəriblərmiş kimi bir anda çoxaldılar və uçmaq öz yerində, qaçmağa da heyi qalmayan quşu dimdikləməyə başladılar. Qağayı balası, bəlkə də, son gücünü toplayıb özünü dənizə atsa da, dalğalar onu yenidən ləpədöyənə çıxartdı.

Başı dalbadal tilovlarına düşən külmələrə, şahmayılara qarışdığından bir də yana çevriləndə gördü ki, sahildə qağayı balasının ləpədöyənə səpələnmiş bir neçə topa tükü və quma qarışmış lələkləri qalıb və geri qayıtmış Lessi iştahla, tükləri, lələkləri qızartmış qanı yalayır.

Tilovuna dalbadal balıq düşürsə, dənizdən necə qayıdasan? Hər halda, bir şeyi dəqiq bilirdi ki, gün batmamış, hava qaralmamış bu sahildən getməlidi. Çünki artıq, dəqiq bilirdi ki, hava qaralandan sonra maşını rahat sürə bilmir. Nə etməli, yaş öz işini görüb, necə deyərlər, karvan keçib.

Otuz-qırx ilin nimdaş tilov çantalarını, tutduğu balıqlarla bir yerdə maşının sandığında yerbəyer eləyəndən sonra, Lessi də, bir gözü sahibinin üzündə, sandığa sıçramaq istəyəndə qapağı örtdü. Və astadan pıçıldadı:

- Əlvida, Lessi...

...Maşının aynasından köpəyin necə təlaş içində qaçdığını görürdü, amma hamar yola çıxandan sonra sürəti artıranda Lessi dayandı...Bir həftə Lessi gözləri önündən çəkilmədi. Günbəgün bu qənaətə gəlirdi ki, itə qarşı insani addım atmayıb... Və ahıl yaşında daha bir günaha batıb. Səkkizinci gün - bütün gecəni Lessini yuxuda görəndən sonra - daha dözə bilmədi, balıq havası olmasa da, tilov çantalarını götürüb həmin körfəzə gəldi ki, Lessini tapsa, qaytarıb apara.

Axşama kimi dənizə tilov atsa da, bir gözü ətrafda idi. Demək olar ki, bağı dənizə çox yaxın olduğu üçün hər gün balığa gələn Seyid kişi də and içdi ki, bu həndəvərdə o söyləyən nişanda it gözünə dəyməyib.

Seyid birdən-birə soruşdu:

- Ay müəllim, bir halda ki, o küçük elə ağıllı, elə gözəl idisə, bəs onu niyə azdırırdın?

Kəsə cavab verdi:

- Hürmürdü.

Seyid də dərhal dilləndi:

- Hürməyən iti azdırallar da... Düz eləmisiniz...

Yol boyu, sükan arxasında da Lessini düşündü və son olaraq bu qənaətə gəldi ki, Lessini unutmaq üçün, bazar günü yenə Bayılın it-pişik bazarına gedib küçük axtarsın. Əlbəttə, qarışıq-filan yox, yerli küçük. Və hürməyinə əmin olandan sonra alsın. Adını da Alabaş qoysun.

 

 

20 oktyabr, 2019-cu il.

Truskaves

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2022.- 25 iyun.- S.20;24.