Ədəbiyyatımızda yeni qələm, yeni obraz, yeni ruh
Dəyərli həmkarım, dostum, Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşovu həm insan kimi, həm jurnalist kimi cəmiyyətimizə tanıtmağa
ehtiyac yoxdur. Hamı onu
ağırbaşlı, istiqanlı,
səmimi, mətbuatda
böyük nüfuza
sahib ziyalı, həmişə
haqqın yanında olmağa çalışan
insan kimi tanıyır. Amma yaxın
zamanlarda "Mücrü"
nəşriyyatının çap
etdiyi "Qanıq, Hasan, bir də
Qaragöz" kitabı
Əflatun müəllimi
cəmiyyətimizdə, ədəbi
mühitimizdə biraz
başqa cür şəkilləndirdi, təqdim
etdi. Hətta ürəyimdə Amaşovu belə istedad sahibi ola-ola bədii yaradıcılığa gec
başladığına görə
qınadım da.
Hər uşaq yaşadığı
ortamın dəyərləri
və düşüncəsi
ilə böyüyür.
Kövrək duyğu və
düşüncələr o ortamdan toxum kimi uşağın beyninə səpilir, oradan rişələnib böyüyür, bir erroziyaya uğramazsa, çiçək-çiçək böyüyüb ətrafına
saçılır. Zaman keçdikcə
o düşüncə və
xatirələr uşağın
gələcəyini yönləndirir,
nəsihətçi kimi
həyatına işıq
tutur. Bizi insan edən körpəliyimizdən qazandığımız
əxlaqımız, təbiətimiz,
xarakterimizdir ki, müəllifin dediyi
kimi, hər insan uşaqlıq xatirələrindən ibarətdir.
Və əlavə edir ki, Qoşa Qar
mənim üçün
yaranışın mərkəzidir.
Çünki uşaqlıq dünyası
oralarda rişələnib.
Kitabı oxuyub başa vurduqdan sonra düşündüm
ki, müəllif həyatı hecalamağa başladığı ilk günlərdən
bütün gördüklərini
zay etmədən şüuraltına yığmış,
zamanı gəldiyində
usta və mahir əllə işləyib bizə çatdırıb.
Çox da böyük olmayan roman janrındə yazılmış, yeni və fərqli bir qələm olduğuna başından inandım, üslubu və ifadə şəkli də özünü mənə
birnəfəsə oxutdu. Əflatun müəllim
bütün obrazlara özünün fəlsəfi
dünyasından baxıb,
dostum özünün
saflığından da
əlavə edib işin içinə.
Kitabın bu qədər az
oxunduğu bizim kimi cəmiyyətdə insanların zövqünə,
ruhuna, marağına xitab edə bilmək asan iş deyil. Nə yazıq ki, kitabdan uzaq düşəli
yönümüz nəyə
sarıdır bilmirik,
bəzən də düşünürəm ki,
getməyə yolumuz qalmayıb, ülgüyə
sarı gedirik. Ülgüdən qurtuluşumuz olacaqsa
kitabla, oxumaqla, öyrənməklə olacaq.
Əminəm ki, səmimiyyətlə
yazılmış bu kitab insanlarımızın,
xüsusilə də gənclərimizin ruhuna xitab edəcək.
Qaragözlə Qanığın yaşantıları
uşaq kimi ağlatdı məni. Bəlkə
indi bəzi, daha dəqiq desəm, çox insanlar arasında yaranmış soyuqluq, özgə dərdini anlamaq hissinin öləziməsi, görmək
istəməyənə nəyisə
göstərməyin çətinliyi,
başqalarına badalaq
vurmaq səriştəliyimizin
artması... Qaragözlə Qanığı belə sevdirdi mənə?! Hətta Qanıqla
Qaragözün bir-birinə
olan sədaqət və məhəbbətlərinə
köks ötürərək
həsəd də apardım. Və müəllif məni
yaşayaraq yazdığına
inandırdı. Qərara aldım
ki, fərqli janrda yazılmış bu əsər haqqında şəxsi düşüncələrimi qələmə
alım. Tənqidçi kimi, ədəbiyyatçı
kimi deyil (haşa, bu fikirdən
çox uzağam), sadə bir oxucu
kimi, kitabdan nə alqıladımsa, onu ifadə edim. Gəldiyim ilk qənaət ondan ibarətdir
ki, heç bir yaradıcılıq işi onun sayı
ilə ölçülməməli
və dəyərləndirilməməlidir.
Məsələn, Servantes
bədii yaradıcılığına
"Qalateya" romanı
ilə başlasa da, dünya ədəbiyyatına yalnız "Don Kixot"la
möhür basıb.
Etiraf edək ki, bu əsər
bütün zamanların müasiridir,
dünyanın ən yaxşı sənət əsəri hesab olunur. Fikrimcə, əsərin bunca bəşəri olmasının
əsas səbəblərindən biri
yüksək bədii
üslubu, ispan dilinin və ispan milli mədəniyyətinin
dünyada tanınmasında
oynadığı roludur.
Çünki bəşəri idealları, meyarları və ənənələri
milli mədəniyyətlər
yaradır, yəni etnogenetik yaddaş mədəniyyətin toxumundadır.
Bu baxımdan Azərbaycan
mədəniyyətinin operadan
tutmuş meyxanasınacan,
dərviş toyundan
modern poeziyasına, hər
bir əsərinə qədər zəngin dünyası var. Bir də ola
o mədəniyyətin nüvəsində
uşaqkən qoynunda qaçıb oynadığın
yurdun təbiəti, havası, suyu, insanları, heyvanları, acı yaşantıları,
gözünlə gördüyün
və içində yaşadığın fərqli
həyat hekayələri.
"Qanıq, Hasan, bir də
Qaragöz"ü oxuduqca
eyni qənaətə
gəldim. Bu kiçik
əsərdə insanın
iç dünyasının
zənginliyini hər vərəqdə oxudum, gördüm.
İlk baxışda
müəyyən məlumata
malik olduğumuz hadisələr burada yeni, cəlbedici obrazda və epizodlarla təqdim olunub. Əsər uşaqlıqda
eşitdiyim nağıllarla
üz-üzə qoydu
məni. Qarabağ bölgəsindəki, Cinlidərə, Narlıdərə,
Qızıllıtəpə, Dəlikdaş, Vadyom, Səsverən kimi toponimlərimizi xatırlatdı,
uşaqlıq xatirələrimi
oyatdı, qəribə
müqayisə etdim, necə bənzərik, eyniyik. Hər biri haqqında
da maraqlı əfsanələr danışılırdı.
Keçmişdə kimin heyvanı
axşam örüşdən
gəlmir, çöldə
qalırdısa, sahibi
tez kəndin mollasına gedib qurd ağzı bağladırmış ki,
canavar gecə heyvanına yaxın gəlməsin. Hava işıqlaşanda
bir də görürlərmiş ki,
inək döşüdolu
südlə dayanıb
darvazaya. Cinlərlə bağlı hətta o qədər əfsanələr
eşidirdik ki, şər qarışandan
sonra yanımızda böyük olmadan evin digər otağına keçə
bilmirdik. Eyni ənənəyə, inanca
burda da rast gəldim: "Buraların adamları indi də elə
fikirləşirlər. Kiminsə nəyisə
çöldə qalanda
onu qurdun cəddinə tapşırır".
Özümü bu fikirlərin varisi kimi hiss elədim, yəni kitab ruhuma xitab etmişdi.
Doğrudan da dünya mədəniyyətinin elə böyük abidəsi varmı ki, milli özəlliklərdən məhrum olsun? Xeyr, yoxdur, olması mümkün deyil. Ən böyük sənəti milli mədəniyyətlər yaradır. Əsər o qədər orijinal üslubda, rahat ifadə vasitələri ilə qələmə alınıb ki, oxucunu nəinki yormur, kitabı oxuya-oxuya keçmişə səyahət edir, dincəldir, özünü Qoşa Qarın təmiz havasında hiss etdirir, gözəl Faxralını tanıtdırır. Müəllif yaşadığı, böyüdüyü ortamın, mühitin içsəl dəyərlərini, insanların həyatını, ömürlüyünü, obrazların daxili təlatümlərini dramatik çalarla verməyə nail olub. XX yüz ildə xalqımızın necə əzab-əziyyətlərə, ağır sarsıntılara, təhqirlərə məruz qaldığını, bir göz qırpımında xain güllələrin qurbanı olduğunu öyrədici dillə ifadə etmişdir. İnsan nə qədər güclüdürsə, o qədər acı çəkib, fikri xalqımızın ən doğru ifadəsidir. Hələ uşaqlıqdan görüb eşitdiyi bir çox həyat hekayələrindən bəhs edir müəllif. Kimlərinsə danışmaq istədiyi, amma ona bu fürsətin verilmədiyi, kimlərinsə də, içinə atdığı, danışmaq istəmədiyi rəngli hekayələri. O hekayələr ki, arzu ilə ümidin arasında qalıb yorulub yorğun düşüblər, aydın bir sabahı gözləməkdən gözlərinin kökü saralıb kədərdən.
Baş verən bütün hadisələrdə insan təbiətlə, can dostu heyvanlarla iç-içədir. İstər Qaragözlə Qanığın yaşadıqlarını, istərsə də Qoja ilə Güllünün həyatını oxuduqca müəllifin daxili həyəcanını, bəzən qəlb sıxıntısını, kədərli duyğularını, hətta göz yaşlarını hiss edirdim. Bədii ədəbiyyatımızda və türk mədəniyyətində köpək obrazı hər zaman fədakar, sədaqətli, sahibinə vəfalı dost kimi ifadə olunub. Mahatma Gandi "Bir ulusun böyüklüyünü və əxlaqi gəlişimini heyvanlarla necə davrandıqlarına baxaraq öyrən" demişdi. "Qanıq, Hasan, bir də Qaragöz"ün əsas qəhrəmanı qanıq dostu Qaragözün faciəsinə sonuna qədər onun arxasınca gedərək, ulayaraq üsyan edir.
Anladığım qədər müəllif
kitabın sonrakı bölümlərində
yaşadığı uşaqlıq xatirələrini daha da
olqunlaşdırıb, içinə ilahi
sevginin dadını qatacaq.
İçərisində qurulan gözəl
xəyallar da olacaq. Nə
gözəldir xəyal qurmaq. Bu gün qurulan
xəyallar sabahkı gerçəkliyimiz,
yaşantımızdır. Gənc Güllü
ilə daha yaxından tanış olacaq, nakam Güllü
nənəsinin, Qojanın keçmişini,
duyğularını, acılarını, sevgilərini arayacaq. Biz də onun aradıqlarını oxuyacağıq.
Əminə
YUSİFQIZI
Yevlaxda
çıxan "KÜR" qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
525-ci qəzet.- 2022.- 25 iyun.- S.19.