Sən elə bu cür də bəsimsən, Ağdam!

 

Bu gün keçmişimə - uşaqlığıma, arzularıma qovuşacağım gündür. Bu gün 30 ildən sonra Ağdama gedəcəyim ilk gün, həsrətimə, Ağdamsız günlərə nöqtə qoyacağım son gündür.

Düzünü desəm, Ağdama getmək üçün çox fikirləşdim, çox düşündüm.  Gedimmi? Ağdamı o halda görmək.... Yandırılmış, dağıdılmış, hər cür işgəncəyə məruz qalmış Ağdamı kadrlardan izləmək belə çox ağrılıdır... Çox çətindir. Hətta "Getmə, nə var Ağdamda?", "Gedəcəksən, qanın qaralacaq", - deyənlər, son anda səfərdən imtina edənlər də oldu. Bütün bunlara kədərlənsəm də, Ağdam üçün qəlbim ağrısa da, heç nə məni ruhdan sala, fikrimdən, yolumdan döndərə bilməzdi. Mən bunları heç eşitmədim də.

Və bir də qəlbimi bürüyən sevgi tərəddüdlərimə üstün gəldi. Bütün cəsarətimi toplayıb, axır ki, "Ağdama - evimizə gedirəm", - dedim. Yol boyu həyəcan, kədər, sevinc, gözyaşı - hamısı bir-birini əvəz edir. Yerdəyəmmi, göydəyəmmi, bilmirəm. Bir onu bilirəm ki, Ağdama gedirəm...

Elə bilirdim ki, şəhərə ayaq basan kimi nə qədər dağıdılsa da, hər yeri tanıyacağam. Əslində gedəndə nə ilə qarşılaşacağımı bilirdim. Amma  görüşümüzün belə olacağını, bu qədər sarsılacağımı heç təsəvvür etməmiş, ağlıma da gətirməmişdim. Şuşa sevincindən sonra bir də Ağdam kədəri yaşadım. Çaş-baş qalmışdım. Məni keçmişimə qaytara biləcək yollar görünmürdü.

Sanki böyük bir boşuğa düşdüm bu gün. Burda ilk anda tanıya bildiyim Ağdam Cümə məscidi, Üzərlik təpə, bir də teatrın sütunları oldu. Bir də deyiləndən sonra Rimanın kitab mağazası və Mamedin qızıl dükanının qalıqlarını tanıdım. Və bu cür tanımam məni o qədər ağrıtdı ki... Ağrıma gəldi Ağdamı tanıya bilməmək. Utandım. Bu günlərdə Rəşad Məcid yazmışdı ki, Ağdamda gözüyumulu hər şeyi tapa bilərəm, amma gözü açıq mümkün deyil.  Mən də o vəziyyətə düşdüm. Gözü açıq heç nəyi tapmaq mümkün deyildi. Böyük bir tələyə düşmüş kimiydik. Yolsuzluq, susuzluq, kimsəsizlik. Bütün bunlar nəydi belə? Ağdamda ağdamlıq qalmamışdı. Hələ səfər yoldaşlarımın evlərinin axtarışı, tapa bilməyəndə isə necə məyus olmaları və üzümə baxıb "evimizi tapa bilmədik",  demələri ilə qəlbimə daha bir zərbə vuruldu.  Təkcə evlər, ağaclar yox, qaz, işıq, su xətləri də məhv edilmişdi.  Yalnız şəhid məzarlarını tənha qoymayan yenicə çiçək açan vəfalı nar ağacları həyatın varlığından xəbər verirdi. Bir də üzümü oxşayan, qəlbimi titrədən  doğma Ağdam havası.  Bu, məni daha çox kövrəltdi.

Bu dəhşətli mənzərəni seyr etdikcə qəlbimdəki suallar bir an məni rahat buraxmır. Gözlərim dolur. Hanı Xan qızının imarətindəki çal-çağır, hanı nəğmə, gülüş səsi?  Hanı qonaqlı-qaralı Ağdam?  Hanı Ağdamın ağ damlı imarətləri? Yoxsa Rəmişin yanıqlı çalğısı, Qədirin nalə çəkən səsi, Aygünün titrək nəğmələri sənin səsin, sənin fəryadınıydı, Ağdam?  Tacirin ən hissiz insanı belə oyadan, duyğulandıran "çölünə, düzünə vətən deyirəm", - dediyi sənmiydin, Ağdam? İlk şəhidilərimiz, silahsız güllə qabağına gedən Əlinin, Bəxtiyarın yurdu sənmiydin, Ağdam? Xudayarın yüz minləri ağladan "Keçdi xəyalımdan öz gözəl yurdum", -  dediyi Vətən sənmiydin? Qarabağın Simurqu Faiqin eşqindən məst olduğu, Yaqubun, Fred Asifin, Canpoladın, Allahverdinin və adını çəkə bilmədiyimiz minlərlə oğulun gözünü qırpmadan uğrunda canlarından keçdiyi Vətən sənmiydin?  Bütün varını, yoxunu Ağdamın müdafiəsi üçün xərcləmiş, bu gün də əsirgəməyən ağdamlıların Vətən dediyi sənmiydin? Ağdamda uşaqdan böyüyə hamının fəxrlə "Ağdamlıyam", - dediyi o gözəl şəhər sənmiydin? Və nəhayətdə cəbhə jurnalisti Hacı Eyvaz Əliyevin qələmi ilə haray qoparıb bütün ağdamlılara müraciətlə "Əgər oğulsansa, silaha sarıl, qoru Ağdam adlı Ana Vətəni. Vətən sənin xidmətini heç vaxt unutmaz", - dediyi Vətən sənmiydin, Ağdam?

İllərlə gözlədiyim, xəyalımda yaşatdığım Ağdam şəhəri!

Hardasan, Ağdam? Niyə səsimə səs vermirsən? Sənmi bizdən utandın?  Gözlərimi qaldırıb üzünə baxmağa xəcalət çəkirəm.

 

Kaş ki, kaş ki belə görüşməyəydik. 

30 ildir ki, həsrətindəyəm, Ağdam.. 

 

Mən səni heç vaxt unutmadım. Uğurlarım olanda da, minlərlə adamın arasında özümü tənha hiss edəndə də çox istədim ki, sənə gələm, sənə sarılıb səninlə dərdləşəm, sevincimi, kədərimi səninlə bölüşəm. Mən səni çox axtardım, həsrətini çox çəkdim, Ağdam. Tozunun, torpağının həsrətini çəkdim. Yollarının, havanın, suyunun həsrətini çəkdim. Sənli günlərimin həsrətini çəkdim. Ancaq görüşünə gələ bilmədim, Nağıllara, yuxulara çevrildin. Yuxularımda  gördüm səni.  Sən yuxularımın şəhəri oldun, Ağdam. Səninlə ancaq qəlbimdə danışa bildim. Səni görmək istəyəndə yuxulara üz tutdum...

Tələbə yoldaşlarım tətillərdə, bayramlarda rayonlarına gedəndə mən də elə istədim ki, rayonumuza - Ağdama gedəm. Elə istədim ki, gedəm Ağdamda küçəmizi göstərib "bu küçə bizim küçədi, bütün döngələrini əzbər bilirəm, -  deyəm. Rəcəb Gözəlov küçəsindən Vidadi küçəsinə qədər yenə piyada gedəm. Atam da mənə acıqlana. Olmadı, Ağdamda xəyallarım dolaşdı. Mənə gözləmək, səbr eləmək qaldı. Və axır ki, axır ki, o gün gəldi. O gün bu gün imiş, Ağdam. Amma çox təəssüf, indi dolaşmağa nəinki bir küçə, bir döngə tapdım, burda heç bir cığıra da rast gəlmədim.

Uşaqlığımı keçirdiyim evimizi görmək istədim. Əlimi divarlarına sürtüb "Axır ki, evimizdəyəm və həsrət bitdi", - demək üçün. Oxuyub başa çatdıra bilmədiyim məktəbimizi görmək istədim. Sona çatdıra bilməsəm də,  gözəl, əziz məktəb illərini, çalınmayan son zəng günümü xəyalən də olsa, yenidən yaşamaq üçün. Bağça olmayanda bağçanı, məktəb olmayanda bizə məktəbi əvəz edən, teatrı, teatrın  binasını axtardım. Hər beşinci gün saat üçdə qarşısına  toplaşıb kinonun başlamasını səbirsizliklə gözlədiyimiz "Dostluq" kinoteatrını görmək istədim. Amma... Amma nə məktəb var, nə ev, nə teatr, nə kinoteatr, nə də Ağdamı xatırladacaq başqa bir şey. Hələ nəinki evimizi, məktəbimizi görmək,  hətta onlara gedən yolları belə tapmaq mümkün deyildi. Bütün yollar silinmişdi Ağdamda. Uşaqlığımı axtardım. İstədim ki, söyüd ağacından asılmış yelləncəyimizi, hündürlüyündən qorxmayıb gündə azı on dəfə üstündən tullandığım nənəmin təndirxanasını, dəfələrlə üstündən yıxılıb qol-qıçımı sındırdığım alça ağacını, kölgəsi və qonağı əksik olmayan, bütün həyatımızın şahidi nəhəng tut ağacını, hovuzda bizdən yem gözləyən balıqları, xalamın heç kimi toxunmağa qoymadığı və hətta baxmağa belə qısqanclıqla yanaşdığı bənövşələri görəm. Nənəmin bişirdiyi çörəklərin, həyətdəki qızılgüllərin, zanbaqların, bənövşələrin, bir də torpağının, havanın yalnız sənə məxsus ətrini duyam.  Və deyəm ki, bunlar uşaqlığımın yadigarıdır. Amma deyiləcək, fikirlərimi təsdiq edəcək, məni keçmişə qaytara biləcək bir işıltı belə görmədim. Qovuşa bilmədim xatirələrimin gerçək üzü ilə.

Uşaqlığım, xatirələrim Ağdamdakı daşı daş üstündə qalmayan evlər kimi yandırılmış, dağıdıılmışdı. Mənim xatirələrim də burda məhv olmuşdu.

Elə ona görə də Ağdam həsrətimə son qoya bilmirəm. Heç nə ilə təsəlli tapa bilmirəm.

İndi səninlə dərdləşmək istəyirəm, Ağdam. Məni dinləyə biləcəksənmi? Buna gücün çatacaqmı?

Burda ayağımı yerə basmağa belə qorxdum, ürək eləmədim. Elə bildim ki, addım basdığım hər yerdə diri-diri basdırılmış uşaqların, qadınların, əsirlərin hələ ölməmiş, çabalayan bədənləri var. Və hər addım basdığımda onlara əzab verir, onları incidir kimi hiss etdim özümü. Yerdən utananda göylərə üz tutdum. Orda da didərgin və narahat ruhlar qarşıladı məni. Yenə utandım.

Sanki qulaqlarıma qrad, güllə səsləri gəldi yenə. Səksəndim bir anlıq. İşgəncələrə məruz qalmış məsum uşaqların fəryadını, naləsini eşitdim. Və mən bir şeyə əmin oldum və duydum ki, Ağdamda hələ də bir fəryad dolaşır. Və o fəryadlar heç vaxt susmayacaq. Qulaqlarım uğuldadı.

Ayaqlarım dondu. Ətrafıma baxdım. Hər daşın üstündə işləməkdən qanayan əsir barmaqlar gördüm, qırılan, didilən əsir dırnaqları gördüm.

Çarəsiz döyünən ürəklər gördüm. Ümidsiz gözlər gördüm. Bizdən əlini üzmüş yaralı əllər görüm. Gecikmişdik. Qəlbim titrədi. Ruhum sarsıldı. Göz yaşlarımı saxlaya bilmədim. Bu gün  mən Ağdamda Ağdam görmədim. Ağdam boyda məzarlıq gördüm. Bir də bir kənarda yeni salınan bir şəhər gördüm. O, mənim böyüdüyüm və yaddaşıma əbədi həkk olunan Ağdam deyildi.

Başa düşdüm ki, mən o Ağdamı bu gün ikinci dəfə və həmişəlik itirmişəm. Elə onunla bərabər, uşaqlığımı da, xatirələrimi də itirmişdim. Bir anlıq qəlbimdən keçdı ki, kaş ki gəlməyəydim. Amma dilimə gətirmədim. Yaxşı ki demədim.

Və nə yaxşı ki, gəlmişəm, dedim. Qollarımı açıb yaralı Ağdamı qucaqladım.

Sən nələrə dözmüsən, Ağdam!

Öz yurdunda qul kimi işlədilən əsirlərə baxıb ürəyin yananda, fəryad çəkəndə kim sənə təsəlli verdi?. Kim axan göz yaşlarını sildi?  Yazda bənövşələr, zanbaqlar açanda kim onları əzizlədi, kim onlara tamaşa etdi, Ağdam? Yoxsa bizsiz bənövşələr açmadı, otların, ağacların  göyərmədi? Ağdama bizsiz  heç yaz gəlmədi, bəlkə? Köksündən hər ağac qoparılanda, hər ev-eşik yandırılanda qəlbindən nələr keçdi, nələri, kimləri xatırladın? Düşmən səni yaralayanda səsinə kim səs verdi? Yaralarını kim sarıdı? Ayağına dəyən daş  kimin qəlbini ağrıtdı, kim onu qəlbində  hiss etdi və kim səni əzizlədi, Ağdam?  Kim sənin qucağına sığındı, dərdini dinlədi? Kim səni bu günə qədər yaşatdı, Ağdam? Gözlərin yolda qalanda kim sənə "Gələcəklər, ümidini üzmə”, -  dedi. Kim, kim? 

Nə cür dayana bildin bu qədər işgəncəyə, bu qədər zülmə? Necə sinə gərdin?  Yoxsa qoynunda yatan 6 min şəhidin sənə güc verdi? 6 min övladın üçünmü yaşadın?

Bütün bunlardan sonra sən məni dinləyəcəksənmi?  Sənə yenə "yurdum" deyə biləcəyəmmi? Yenə anamız olacaqsanmı? Yoxsa məni bağışlamayacaqsan?

27 il səni düşmənlə tək tənha qoyduq. Bağışla, Ağdam, bağışla.  Kaş ki tarixi geri döndərə bilsəydik...

 Qoy elə olsun. Xatirələrim elə qəlbimdə qalsın. Qoy mənə əziz olan xatirələrim yanmış, dağılmış olsun. Qoy uşaqlığımdan əsər-əlamət qalmasın, Ağdam. Mən onları heç xatırlamayım da. Amma təki sən var ol, bizim ol, aramıza ayrılıq girməsin. SƏN BU GÜN ELƏ BU CÜR DƏ BƏSİMSƏN, AĞDAM!  Sən yaralı halınla da mənə əzizsən, doğmasan, Ağdam. Səni yenidən mənə bəxş edən Allaha şükürlər olsun! Və qoy bütün dünya sənə baxıb görsün ki, düşmənimiz necə aciz, cılız və ləyaqətsizdir. Qoy görsünlər ki, sənin varlığın düşməni necə narahat edirmiş, bizimlə düşmənçilik etməyə belə layiq olmayanların qəlbində bizə necə böyük nifrət var imiş. Bütün dünya görsün ki, düşmən sənin daşınla, divarınla, ağacınla da döyüşüb. Qoy görsünlər ki, ərazisi 1150 km2, əhalisi 150 min olan bir şəhəri məhv etmək üçün bütün Ermənistan ordusu necə səfərbər olubmuş.

Mən sənin torpağına, suyuna, havana vətən demişəm, Ağdam. Qoy bu gün sənə baxanlar mənim gözümlə baxsınlar. Sən bu gün elə bu cür gözəlsən, əzizsən, Ağdam.

 

Səltənət Əliyeva

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet 2022.- 25 iyun.- S.18.