ADMİU-da teatr
bayramı
Geridə
qoyduğumuz iki il özünün
çox qəribə
və çərçivələrə
sığmayan hadisələriylə
əlamətdar oldu. Dünya bu iki ilin
içərisində böyük
bir pandemiyanı çox çətinliklə
sığışdırdığı halda, biz xalq olaraq, pandemiyayla yanaşı, müharibə
dövrünü də
yaşadıq. Hazırda pandemiyanın
yumşaldığı zamanda
və postmüharibə
dövründə bu iki dəhşətli hadisənin cəmiyyətimizdə,
iqtisadiyyatımızda, düşüncəmizdə,
mədəniyyətimizdə, təhsilimizdə qoyduğu
izləri görməmək
mümkün deyil.
Fikrimcə, pandemiyadan ən çox zərər görən sahələrdən
ikisi təhsil və mədəniyyət
oldu. Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universiteti
(ADMİU) isə az sayda qurumlardan biridir ki, bu iki
sahənin ikisini də özündə birləşdirir. Səhnəmizə aktyor, rejissor, müğənni, xanəndə
hazırlayan bir təhsil ocağında təbii ki, tədris də daha çox praktiki xarakterdədir.
Bu günlərdə bütün
təhsil ocaqları kimi, ADMİU-da da imtahanların, məzunların həyəcanı
yaşanmaqdadır. Xüsusən, IV kursu bitirən tələbələrimizin diplom
imtahanı və məzuniyyət həyəcanlarını
görməmək mümkün
deyil. Başqa təhsil ocaqlarında
tələbələr bir
otaqda bilet çəkərək yazılı
və şifahi imtahanlar verirsə, bizim tələbələrimiz
öz tamaşalarıyla,
çəkdikləri filmlərlə,
konsertlərlə yekun
imtahanlarını verirlər.
ADMİU-da tələbə
tamaşalarından adi
və normal heçnə
yoxdur. Demək olar ki, hər semestrin axırı, hansısa əlamətdar günlərdə
və ya qastrollarda müxtəlif kurs tələbələrimiz
tamaşalarla çıxış
edirlər. Ancaq nəzərə alsaq ki, bu günlərdə
göstərilən tamaşaların
əksəriyyəti IV kursu
bitirən, yəni peşəkar təhsilə
yiyələnib bircə
addımdan sonra sənətə atılmağa
hazırlaşan yetkin
tələbələrin yekun
işləridir, onda ürək rahatlığıyla
"ADMİU-da teatr bayramı" yaşanır
deyə bilərik.
Bəli,
diplom tamaşalarını
oynayan tələbələrimiz
dünənin, bu günün qorxaq, məlumatsız gəncləri
deyil, dörd il ərzində
peşəkar müəllimlərdən,
incəsənət xadimlərindən
dərs alan, dəfələrlə ADMİU səhnəsində və
qastrollarda tamaşalar
oynayan, səhnənin,
tamaşanın, seyrçinin
nə olduğunu bilən gənclərdir.
O gənclər ki, bəlkə 1-2 ay sonra onlardan çoxunun səsi respublikanın müxtəlif teatrlarından
gələcək, seriallar,
filmlər vasitəsiylə
evlərimizə qonaq olacaqlar. Bu gün
isə onlar doğma universitetlərinin
səhnəsində son dəfə
müəllimlərinin, tələbə
yoldaşlarının qarşısında
tamaşa oynayırlar.
Yazımın əvvəlində heç
də əbəs yerə pandemiyadan söz açmadım. Çünki
bu gün univeristeti bitirən tələbələrimiz dörd
ilin iki ilini pandemiya şəraitində onlayn təhsil alan
gənclərdir. Bu durumun həm onlar, həm də müəllimləri
üçün nə
qədər çətin,
xoşagəlməz olduğunu
təxmin etmək heç də çətin deyil. Ancaq cari ay ərzində baxdığımız diplom
tamaşaları onu da sübut etdi
ki, peşəkarlıq
hər zaman öz sözünü deyir. Aradakı iki illik itirilmiş zamana baxmadan, ADMİU-nun peşəkar
pedaqoqları, səhnəmizin
tanınmış sənət
nümayəndələri böyük
bir səylə bu açıqlığı
qapada, həmin gəncləri uğurlu şəkildə yetişdirə
biliblər.
Bir neçə
gün öncə Xalq artisti, ADMİU-nun professoru Bəsti Cəfərovanın kursu
Eduardo de Filopponun "Silindr"
tamaşası ilə
universitetlə vidalaşdı. İtalyan neorealizminin
ən parlaq nümayəndələrindən biri olan Eduardo de Filippo 55 pyesin müəllifidir. Azərbaycan teatrında
isə onun "Silindr" pyesi daha çox tanınır. Aqostino və
Bettino, Rita və Rodolfo qonşularının
komik, məzəli, düşündürücü macərasından bəhs edən pyes mövzusuyla bütün dövrlər üçün
aktualdır. Sevindirici haldır
ki, istedadlı IV kurs tələbələrimiz
bu tamaşanın öhdəsindən yüksək
peşəkarlıqla gəldilər.
Aktyor Ceyhun Dadaşov isə özünün IV kurs tələbələrinə tamamilə
başqa, daha sirli, mürəkkəb, mistik bir əsər
seçmişdi. Şekspirin "Maqbet" pyesi
əsasında hazırlanmış
"Ledi Maqbet" tamaşası aktyordan təkcə aktyorluq qabiliyyəti deyil, plastika, mistik cazibə, tamaşaçısından
isə son dərəcə
diqqət və yüksək hazırlıq
tələb edirdi.
Əlbəttə, özünəməxsus teatr düşüncəsi
olan və bədii fəaliyyətində
də hər zaman seçilən Ceyhun Dadaşovun bu cür ağır
mövzuya müraciəti
heç də təəccüblü deyil.
Əsas olan odur ki,
tələbələr öz
gözəl ifalari ilə əsərin əsas ideyasını əks etdirə bildilər.
Əməkdar artist Nofəl Vəliyev
bu il
iki qrupunu məzun edir. Onlardan biri "Teatr sənəti" fakültəsinin
Aktyor sənəti ixtisasının, digəri
isə SABAH qruplarının
IV kurs tələbələri
idilər. Nofəl müəllimin
kurs rəhbəri olduğu Teatr sənəti fakültəsinin
tələbələri çox
gözəl, maraqlı
bir tamaşayla universitetə "Əlvida"
dedilər. Bu, məşhur
dramaturq Martin MakDonaxın
"Lineynin trilogiyası"na
daxil olan 3 əsərindən biri -
"Lineynin gözəllik
kraliçası" pyesi
əsasında hazırlanmış
"Linen vilayətinin gözəllik
kraliçası" tamaşası
idi. Əsərdə Meq adlı 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı, ərə getməmiş
Morin Folan adlı qızın taleyindən danışılır. Olduqca mürəkkəb
və ağır mövzuya malik əsər aktyordan həm də cəsarət, tabuları qıra bilmək bacarığı da tələb edir. Ümumiyyətlə, N.Vəliyevin tələbə
tamaşalarının hamısında
bu nüansı müşahidə etmək
olar. O, tələbələrini
təkcə klassik, ənənəvi teatr səhnəsinə hazırlamır,
onlara ən müasir zamana xitab etməyi, səhnədə cəsarətli
davranmağı və
sənətinin ən
incə mahiyyətinə
qədər varmağı
öyrədir.
N.Vəliyevin "SABAH"
qrupları IV kurs tələbələri isə
Aleksandr Ostrovskinin
"Tufan" tamaşası
ilə diplomlarını
müdafiə etdilər. Bu əsərdə ailədaxili
münasibətlər, cəmiyyətdə
əzilən qadınların
bədbəxtliyi ən
gözəl şəkildə
əks olunub və tələbələr
də bunu uğurla canlandıra bildilər. Sevindirici və qürurverici
haldır ki, tələbələr bu tamaşanı yaxın günlərdə Türkiyədə
keçirilən 34-cü Dənizli
Beynəlxalq Teatr Festivalında da uğurla təqdim etmişdilər.
Əlbəttə, teatr səhnəsinə aktyor hazırlayan universitetdə musiqili teatr unudula bilməz. Diplom tamaşaları içərisində Əməkdar artist Şövqi Hüseynovun IV kurs tələbələrinin hazırladıqları Martin MakDonaxın "İnişmaandan gələn şikəst" əsəri bu baxımdan əlamətdardır. İki hissəli əsərdə bir şikəstin həyatı, cəmiyyətdə qarşılaşdığı çətinliklər öz əksini tapıb. Burada tələbələr seçdikləri teatr növünün xüsusiyyətlərinə sadiq qalaraq həm tamaşa oynayır, həm də mahnılar ifa edirdilər. İspan musiqiləri üzərində yazılmış mahnıların sözləri də elə tələbələrə, müəllimləri Şövqi Hüseynova aid idi.
ADMİU Azərbaycan dili ilə yanaşı, həm də rus dilində təhsil verdiyindən, təbii ki, rusdilli məzunlarımız da var. Xalq artisti, professor Cənnət Səlimovanın kursu olan bu tələbələr universitetlə Anna Zabitenin "Marqarita" əsəriylə sağollaşdılar. Burada da həm Cənnət Səlimova fərqi, həm də tələbələrin istedadı özünü ən gözəl şəkildə göstərdi.
Dərs ilinin son günlərini yaşadığımız bu zamanda baxdığımız diplom tamaşaları böyük səhnəyə yola saldığımız tələbələrin yüksək hazırlığını və pedaqoqlarımızın peşəkarlığını bir daha sübut etdi. Bəli, ADMİU rəhbərliyi və müəllimləri Azərbaycan incəsənətinə, mədəniyyətinə istedadlı, keyfiyyətli, bacarıqlı kadrlar hazırlamaq, gələcəyin böyük sənət adamlarını yetişdirməklə məşğuldur. Əsas odur ki, növbəti mərhələdə sənət və sənətçi diqqətdən kənarda qalmasın. Biz də bu gün bu universitetin hüdudlarını tərk edən tələbələrimizə seçdikləri sənətdə bolluca uğur və diqqətdən kənarda qalmamağı diləyirik.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 25 iyun.- S.17.