Musiqi sənətimizin fəxri
Bəstəkar Elnarə
Dadaşovanın yubileyi ilə
bağlı düşüncələr
“Bəstələdiyim musiqini
insanlara bəxş etməkdən zövq alıram”. Bu sözlər
müasir Azərbaycan sənətinin ən maraqlı
simalarından biri Elnarə Dadaşova ilə müsahibədəndir.
Elnarə xanımın ovqatını bariz ifadə edən həmin
sözlər onun həyat devizi
ola bilər. Neçə ildir ki, o, fəal yaradıcılıq
ömrü sürür,
yazıb-yaradır, dərs
deyir, tədqiqat işləri
aparır – hamısını da
sevgi, şövq və ürəklə.
Bakının ürəyi –İçərişəhərdə dünyaya göz açan Elnarə
xanım nəsil şəcərəsinə
görə içərişəhərli soyunun səkkizinci nəslinin təmsilçisidir.
İndiyədək
o, Şuşa əsilli ana nənəsi Rəxşəndə
xanımın
nağıllarını, onun toxuduğu xalıları,
ata nənəsi Püstə xanımın tikmələrini
xatırlayır. İxtisasca
inşaatçı olan atası Rəhim-Ağanın rəsmləri, anası –tibb
elmləri doktoru, “Şöhrət” ordenli əməkdar həkim
Sayalı xanımın kövrək poetik misraları da
uşaqların ruhunu
qidalandırmışdır.
Ailənin böyük övladı Minarə (hazırda
ADPU-nun “Musiqi alətləri fənlərinin tədrisi
metodikası” kafedrasını müdiridir) artıq
Konservatoriya nəzdində onillik musiqi məktəbində (Bülbül adına orta
ixtisas musiqi məktəbində) təhsil aldığından evdə
daim səslənən musiqi ortancıl bacının
ürəyini riqqətə gətirir, onu uca səslə
oxumağa ruhlandırırdı.
Bir neçə il sonra Elnarənin də sənədlərini
həmin məktəbə verirlər: o, məktəbin əfsanəvi
direktoru Kövkəb
xanım Səfərəliyevanın qəbul zamanı
apardığı sorğudan mükəmməl eşitmə
qabiliyyətinə görə müvəffəqiyyətlə
keçib, istedadlı pedaqoq İvetta Adolfovna Qudelisin sinfində
pianoçu kimi oxumağa
başlayır və tezliklə gözəçarpan uğurlar qazanır.
Tədris
proqramını
qısa müddətdə mənimsəmək
qabiliyyətinə malik Elnarəni tədricən eyni əsərlərin
təkrar-təkrar ifası darıxdırırdı. O,
atasının alıb evə gətirdiyi opera, balet klavirlərini maraqla
“mütaliə” edib çalar,
çox zaman da piano arxasında xəyallar aləminə dalıb,
təxəyyülünün məhsulu olan musiqini səsləndirərdi. Elnarənin
improvizasiyaları İ.Qudelisin diqqətini cəlb edir və müəlliminin
tövsiyəsi ilə o, hələ məktəbin ibtidai
siniflərində oxuyarkən bəstələrini nota
almağa
çalışır. Amma kompozisiya ilə ciddi məşğul
olmaq istəyinə evdə müqavimət göstərilir.
Anasının fikrincə, səhhəti o qədər də
möhkəm olmayan zərif qızağır bəstəkarlıq
peşəsinin öhdəsindən gələ bilməzdi. Lakin yaradıcılığa sevgi
hər şeyi üstələyir: artıq 9-cu sinifdə o, daha bir əfsanəvi
insan – Üzeyir bəyin yetirməsi, ilk qadın bəstəkarlarımızdan
biri olan Ədilə Hüseynzadənin sinfində kompozisiya üzrə məşğul
olmağa başlayır.
Bu gözəl, nəcib,
xeyirxah sənətçi haqqında daim sevgi ilə söz açan Elnarənin
xatirələrinə üz tutaq. “İlk dəfənilli musiqi
folkloruna diqqətimi
yönəldən Ə.Hüseynzadə olub. Eləbirinci
dərsdə o, ilk qələm təcrübələrimi dinlədikdən
sonra: “Qızım, sən azərbaycanlısan?” – soruşdu. “Bəli”, - deyə
astaca cavab verdim. “Bəs niyə bəstələrin Şopenin
üslubunu xatırladır?”
Bu
sualın doğurduğu ciddi götür-qoydan sonra məqsəd
müəyyənləşir:
milli qaynaqlara nüfuz edərək sənətdə öz
cığırını tapmaq. Həmin vəzifənin həlli yolları
məktəbdə yazılan simli kvartet, “Ana” romansı və
piano prelüdlərində qismən
sərgilənir.
1970-ci ildə
E.Dadaşova Azərbaycan Dövlət Konservatoriyasına- Qara
Qarayevin sinfinə qəbul
olunur.Q.Qarayevlə görüşünü həyatının
ən önəmli hadisəsi adlandıran Elnarə “ata qəlbli
müəlliminin” dərslərini, onun tövsiyələrini
minnətdarlıqla xatırlayır: “Həftədə
üç dəfə o nəhəng sənətkarla
ünsiyyətdə olmaq – bunu Tanrının mənə böyük bəxşişi kimi dəyərləndirirəm.Qara
Qarayev dahilik, nur, pozitiv enerji mücəssəməsi idi”.
Ötən
əsrin 70-ci illəri Azərbaycan musiqi sənətində əlamətdar dövr idi. Q.Qarayevin nailiyyətləri
hesabına
musiqimizin semiotik fəzası xeyli genişlənir.
Yeni nəslin nümayəndələri – A.Cəfərova,
A.Əzimov, A.Dadaşov, F.Əlizadə, F.Hüseynov,
İ.Hacıbəyov, C.Quliyev, R.Həsənova, C.Abbasov dünya musiqisinin təmayülləri axınında
özlərini yetərincə sərbəst hiss edir,
çağdaş vasitələri
bədii qayənin dolğun təcəssümünə
tabe etdirməyə çalışırdılar.
Bu sırada E.Dadaşova layiqli yer tutur. Hələ təhsil illərində
o, tanınır,
Tələbə Elmi Cəmiyyətinin üzvü, sonra isə sədri
kimi əzmlə çalışır, elmi konfranslara qatılır,
Ü.Hacıbəyli təqaüdünə layiq
görülür. Əlbəttə,
dövrün atmosferi onu da ağuşuna alır, axınlar
burulğanına qərq edir. O,yeni
texniki vasitələri, o cümlədən dodekafoniyanı da,
sınaqdan keçirmək istəyir, amma hiss edir ki, 12 təkrar
olunmayan ton əsasında musiqi bəstələmək metodu
ona yaxın deyil. Müəlliminin özünəxas yumorla deyilmiş
tövsiyəsini yada salır: “Elnarə, sən düz
yoldasan. Bu yoldan, çalış, sapınma! Əgər
yeni texnikanın tətbiqinə ehtiyac duyarsansa, ondan faydalan. Belə bir tələbat
yaranmazsa, özünü incitmə. Cəhənnəm
olsun yeni texnika!”
İlk uğurunu Elnarə Konservatoriyanın üçüncü kursunda qazanır. Dərs ilinin sonunda o, nüfuzlu professorların “məhkəmə”sinə öz Simli kvartetini çıxarır. İmtahandan sonra musiqimizin ağsaqqalı Cövdət Hacıyev Q.Qarayev sinfinin assistenti Fərəc Qarayevə: “Yeni bəstəkarın dünyaya gəlməsi münasibətilə Sizi təbrik edirəm!”söyləyir. Beləliklə, tələbə yeni səviyyə fəth edir, bəstəkar adlandırılmaq şərəfinə layiq görülür.
İstəklər gerçəkləşməyə başlayır, Q.Qarayevin təbirincə, “istəyirəm” və “bacarıram” arasında çarpazlaşma nöqtəsi müəyyənləşdirilir.
Bəstəkarlar İttifaqı qurultayının konsert proqramına daxil edilən Simli kvartet “Sovetskaya muzıka” jurnalında (1974, ¹5)tanınmış musiqişünas L.Karagiçeva tərəfindən müsbət dəyərləndirilir.
Əsər E.Dadaşovanın iri formada işləmək, hər bir hissənin janr ampluasına uyğun dəqiq, qabarıq material taparaq həmin yığcam materialı son həddəcən inkişaf etdirmək, hissələr arasında incə bağlantılar qurub dramaturji baxımdan inandırıcı bədii tam yaratmaq bacarığını üzə çıxardı. Buradaca bəstəkarın məxsusi musiqi dilinin əlamətlərini sezmək olar: milli musiqidən qaynaqlanan intonasiya və ritmlər bir növ neoklassisizm estetikası süzgəcindən keçirilir, bu cərəyana xas vasitələr kompleksi ilə birləşərək qeyri-adi simada təqdim olunur. Sankizamanın ahəngi ehmallıca Elnarənin musiqi dilinə müdaxilə edib onu təravətləndirir.
Mənə simli kvarteti 2000-ci ildə Bakıya gəlmiş məşhur polyak bəstəkarı, Köln Ali Musiqi Məktəbinin professoru, Şostakoviç irsinin bilicisi Kşiştof Meyerlə birgə dinləmək nəsib olmuşdur. K.Meyer əsərdə“kvartet texnikasının mahiranə tətbiqini”xüsusi qeyd etmişdir.
Sənətdə harmoniya axtaran E.Dadaşovanın ötən əsrin 60-70-ci illərinin üslub əlvanlığı şəraitində məhz neoklassisizmə maraq göstərməsi səciyyəvidir. O, Q.Qarayevin bədii kəşflərindən təkan alır, həmkarlarının uğurlu təcrübəsini də nəzərdən qaçırmır. Keçmişin üslub modellərinə üz tutan Elnarə onları milli musiqinin idiomları hesabına təravətləndirməyə çalışıb. “Yaradıcılığımda iki əzəmətli sütuna – muğam və aşıq musiqisinə dayaqlanıram”, - deyən bəstəkar bu yöndə daha inadkar axtarışlar aparıb.
Həmkarları E.Dadaşovanın buraxılış imtahanı üçün bəstələdiyi Konsert-simfoniyanın uğurunu, Dövlət imtahan komissiyasının sədri professor A.N. Dmitriyevin əsər haqqında yüksək rəyini indiyədək xatırlayırlar.Dmitriyev istedadlı gənc xanıma təhsilini Leninqradda davam etdirməyi məsləhət görür. Lakin Elnarə üçün alternativ variant ola bilməzdi: assistent-stajçı kimi yalnız və yalnız Qarayevin sinfində oxuyacaq. Belə də olur: yaradıcılıq əziyyətləri və sevincləri ilə dolu daha iki il – istəkli ustadının rəhbərliyi altında - onun peşəkartək püxtələşməsində əvəzsiz rol oynayır, buraxılış işi kimi tammetrajlı simfoniyanın yazılması ilə nəticələnir. Bu əsər, habelə Konsert-simfoniya Elnarəni ən ciddi yaradıcılıq vəzifələri həll etməyə qadir olan bir sənətçi kimi səciyyələndirir.
Bəllidir
ki, konsert
instrumental musiqinin teatr, oyun
poetikası ilə bağlı
parlaq bir janrıdır. Elnarədə öz Konsert-simfoniyasında məhz
bu məqamları qabardır, əsas diqqətini fortepiano və orkestr
arasında münasibətlərin orijinal tərzdə
quraşdırılmasına yönəldir, müxtəlif
tembr kombinasıyaları yaratmaqda
ixtiraçılıq sərgiləyir. Özü də
fortepiano ön planda olsa da, o, hər zaman orkestri “dinləyir”,onun – qoy əsas olsun –
amma səslərindən biri kimi çıxış edir.
Əsərin
janr atribusiyasını unutmayaq: Konsert-simfoniya. Yəni əsər
həm də o dövrün təmayüllərindən birinə
– konsertin simfonizm
prinsipləri ilə uzlaşdırılması təmayülünə
gözəl illüstrasiyadır. Musiqi dilində isə Elnarə
maraqlı bir mikst təqdim edir: aydın eşidilən milli intonasiyalar bir növ “klassisist” süzgəcdən
keçirilir, üstəlik xəfif
caz boyaları ilə zənginləşir.
Üçhissəli
Simfoniya o
zaman “fəlsəfi ümumiləşdirmələr”
janrında ərsəyə gələn əsərlər arasında dramaturji relyefin məxsusiliyi ilə
seçilir.
Simfoniyanın
dramaturji mərkəzi- Andantedə aşıq musiqisindən
qaynaqlanan mövzu
əvvəldə sanki təbiət mənzərəsini
canlandırır. Həmin mövzu inkişaf əsnasında tədricən
dramatik çalarlar əldə edir: burada bir növ məxsusi
obraz modulyasiyası- “elegiyadan faciəyə” (Sollertinski)
dönüş baş verir. Sonda tənha violinin muğam səpkili həyəcanlı
monoloqunda səslənən suallar cavabsız qalır: haqq
sözünə hay verən
tapılmır...
Q.Qarayev
simfoniyanın “Azərbaycan musiqisi üçün yeni və əhəmiyyətli”
olduğunu, onun partiturasının mürəkkəbliyini
qeyd edirdi.
İki
fortepiano və zərb alətləri üçün KonsertinodaE.Dadaşova
Azərbaycan xalq çalğı
ifaçılığı – sazəndə dəstəsinə
xas üsul və fəndləri
quraşdırdığı ansambla proyeksiya edir, konsert
janrının tələblərinə uyğun olaraq
yarış elementini önə
çəkir.
Beləliklə, təhsil illəri
bəstəkarın iri formalıyaratmaları ilə əlamətdar
olur. Qara Qarayev öz rəyində Elnarəni
olduqca çalışqan, “parlaq fərdiyyətə malik”
musiqiçi kimi səciyyələndirir. Cövdət
Hacıyev isə gənc bəstəkarı “yeni şəraitdə
folklor dalğasının ağıllı, istedadlı, məlahətli
nümayəndəsi” adlandırır. Tezliklə
E.Dadaşova Azərbaycan musiqisinin özgün simalı təmsilçilərindən
biri kimi tanınır.
Əlli
il ərzində bəstəkar E.Dadaşova musiqinin müxtəlif
janrlarında onlarla əsər yazmışdır: baletdən instrumental miniatürlərəcən,
simfoniyadan uşaq pyeslərinəcən,
konsert tipli opuslardan mahnılaracan.
“Axtarışlarımın əsas yönü artıq tələbəlik
dövründə müəyyənləşdirilmişdir.
Hazırda bütün musiqi ideyalarımı daha aydın və şəffaf dillə ifadə etməyə can
atıram, fakturanın ifaçı üçün mümkün qədər rahat
olmasına xüsusi diqqət yetirirəm. Hər
bir nota görə özümü cavabdeh hesab edirəm”, - deyə
bəstəkar vurğulayır.
İllər
ötür, amma E. Dadaşovanın musiqisində elə əvvəlcədən
özünü göstərən cəhətlər – pozitiv
enerji, melodik obrazın görümlülüyü,
intonasiyanın səmimiliyi, tembrlərə həssas
münasibət, ritmik
ixtiraçılıq, musiqi alətlərinin
“söhbətini” ustalıqla təşkil
etmək bacarığı
yenilməz qalır.
Bəstəkarın palitrasında işıqlı
boyalar üstünlük təşkil etsə də, burada məhdudiyyət
yoxdur. Azərbaycan
cazının ən parlaq siması Vaqif Mustafazadəyə həsr
olunmuş orqan üçünPostlüdünün birinci bölümündə müəllif
Vaqifin səciyyəvi çalğı ədasını,
mövzularla davranmaq
yollarını sanki “bərpa” edir, onun füsunkar portretini ustalıqla yaradırsa, matəm
xarakterli ikinci bölümdə Vaqif itkisindən doğan kədəri eyni qüvvə ilə
ifadə etməyə müvəffəq olur. Həyat və ölüm
obrazlarını təcəssüm etdirən iki təzadlı bölümün
qarşılaşdırılması üzərində qurulan
Postlüd bir növ sənətkarın şərəfinə
ucaldılan musiqi abidəsidir.
Xalq musiqisi
idiomları burada da
özünü incəliklə
büruzə verir: biz yalnız təhlil əsnasında musiqi toxumasında çox üzvi,
təbii şəkildə yer alan
“Gözəlim sənsən” nəğməsinin intonasiyasını
ayırd edə bilirik.
Bəstəkarın
yaradıcılığı nə qədər
çoxçeşidli olsa da, burada müəyyən məntiq aşkarlamaq
mümkündür.
Sevilən,
refrentək vaxtaşırı təkrarlnan janrlar
sırasında prelüd, romans, müxtəlif ansambllar,
uşaqlar, tədris repertuarı üçün əsərlər
qeyd
olunmalıdır.
Prelüdlər
haqqında E.Dadaşova belə deyir: “Hələ məktəb
illərində, Ədilə xanımın sinfində oxuyarkən
məhz fortepiano prelüdü timsalında milli musiqi dilinin,saz harmoniyasının Avropa harmoniyası ilə
uzlaşdırılması yollarını
arayıbaxtarırdım. Məncə, bəzi hallarda axtarışlarım əbəs
olmamışdır”.
Prelüdlərdə bəstəkarın aforistik yazı
ədası, minimum ifadə vasitələrinin köməyilə
cazibədar obraz yaratmaq bacarığı üzə
çıxır.
E.Dadaşova illər uzunu Bəstəkarlar
İttifaqında “Uşaq musiqisi” bölməsinə rəhbərlik
etmişdir.
Elnarə xanımın öz uşaqları musiqi ilə məşğul
olmağa başlayanda tədris vəsaitlərinin
kasadlığı problemi onun diqqətini çəkmişdi:
“Zənnimcə, balalarımızın elə ilk
çalışmaları zəngin, çeşidli materiala əsaslanmalıdır. Onlar lap əvvəldən
musiqini ana dilində qavramalıdır”.
Elnarə
xanım tədris repertuarında mövcud “ağ ləkələri” ləğv
etmək məqsədilə bir
sıra opuslar, o cümlədən
musiqidə ilk kövrək addımlarını atan
balalar üçün
icadçılıq
aşılanmış əsərlər bəstələmişdir. Məsələn,
“Uşaqlara” silsiləsində
bəstəkar sözün yardımına arxalanır.
O, A.Şaiqin “Ala-bula boz keçi”, “Xoruz” şeirlərinə
və s. bu kimi dillər əzbəri olan nümunələrə
üz tutaraq, pyeslərin
ifasına oyun elementləri qatır. Musiqi ilə hələ təzə-təzə
tanış olan uşaqlara pyeslərin ifasında iştirak
etmək – təkcə bir
barmaqla çalmaq, müxtəlif səsləri, küyləri
təqlid etmək imkanı
yaradaraq, o, məşğələlərin yeknəsəqliyini aradan
götürür, eyni zamanda
şagirdlərə ilk çalğı vərdişləri
aşılayır.Ümidvaram, bu şagirdlər gələcəkdə
musiqiçi olmasalar da, sonralar sənətə, səslər
dünyasına maraq göstərəcəklər.
E.Dadaşovanın
əsərləri 1990-cı ildə Ukraynanın Vorzel
Yaradıcılıq Evində SSRİ Bəstəkarlar
İttifaqının repertuar
komissiyasının iclasında dinlənilib, ekspertlərin müsbət rəyini
qazanmışdır: bu əsərlərin bütün keçmiş sovet məkanında
icbari musiqi tədris proqramlarında geniş istifadə olunması tövsiyə edilmişdir.
Bəzən
həmkarları: “Nə üçün qiymətli
vaxtını uşaqlar üçün musiqiyə sərf
edirsən?”- deyə Elnarəni xəfifcə
tənbeh edirlər. O isə tərəddüd
etmədən cavab verir:
“Bugünkü uşaqlar sabahAzərbaycan musiqisini təmsil edəcəklər,
ölkəmizin vətəndaşları
olacaqlar”. Bu sözlər bəstəkarı tək bu
günü üçün
yaşamayan əsl vətənpərvər kimi çox
gözəl səciyyələndirir.
E.Dadaşova nadir hallarda solist qismində
çıxış edən orkestr alətlərinin
böyük əksəriyyəti, o cümlədən faqot,
truba, valtorna, hətta tuba kimi “epizodik personajlar”
üçün musiqi yazmışdır. Yadımdadır, 2002-ci ildə
BMA-da ustad dərsi verən İndiana Universitetinin professoru
tubaçalan Kenion Uilson (KenyonWilson) E. Dadaşovanın tuba
üçün pyesini eşitmiş, bəyənmiş, tədrisdə istifadə etmək
üçün vətəninə
aparmışdır.
Xalq
çalğı alətləri də Elnarə xanımın
həmişə həvəslə araşdırdığı sahədir. Tar, kamança,qanun
üçün virtuoz, konsert tipli əsərlər
yazılıb, amma bəstəkar bu yöndə də
işini davam etdirmək niyyətindədir. 2011-ci ildə II
Beynəlxalq “İpək yolu”
Musiqi Festivalında səslənən
qeyri-adi bir kvintet – zurna,balaban, ney, tütək və fortepiano
üçün “Diptix” kompozisiyası təbii melodikliyi və
alətlərin obrazlı təfsiri ilə diqqəticəlb
etmişdir.
E.Dadaşova
vokal musiqiyə
xüsusi önəm verir. O, vokal əsərlərinə
küll halında ümumi bir ad da fikirləşib tapıb:
“Qadın ömrününsəhifələri”. Bəstəkar əmindir ki, söz intonasiya ilə ahəngdar
birləşərsə, onun təsir qüvvəsi birə-on
artar.
Elnarə
xanım Nizamiyə, Füzuliyə də üz
tutmuş, XX əsr poeziyasından da (H.Cavid, Ə.Cavad,Ə.Cəmil,M.Müşfiq,
S.Vurğun, B.Vahabzadə,T.Elçin) vaz keçməmişdir.
Vokal
musiqinigözəl duyan E.Dadaşovanın romanslarında ilk əvvəl
təbii intonasiyanın, yaddaqalan melodik obrazın
mövcudluğu önəmlidir. Təsadüfi deyil ki, Şövkət Ələkbərova,
Elmira Rəhimova, Rauf Adıgözəlov, Mobil Babayev,
Gülnaz İsmayılova, Ramil Qasımov kimi müğənnilər
bəstəkarın musiqisinə
diqqət yetiriblər.
Əməkdar artist Fəridə Məmmədova
bu romansları xüsusi bir şövqlə təfsir edir. “Məhz
vokal musiqidə bəstəkar qəlbinin zərifliyi, səmimiliyi
açılır”, - söyləyən F.Məmmədova
oxuduğu mahnı və
romansların forma
biçimliliyini, vokal xəttinin
rəvanlığını
vurğulayır. Onun təbirincə,
bəstəkar hər bir miniatürü şeir mətninin
xarakterinə uyğunlaşdırır ki, bu da son nəticədə vokal əsərlərin bir-birindən
fərqli simada təzahür etməsinə səbəb olur. Həqiqətən,
E.Dadaşovanın vokal lirikasının obraz diapazonu genişdir: nurlu
elegiya, hicran dərdi, doğma
torpağa məhəbbət, təbiətin seyrindən doğan ruh yüksəkliyi.
“Məncə, bütün əsərlərində,
mövzusundan asılı olmayaraq, Elnarə xanımın səsi - qoy pəsdən
olsun- eşidilməkdədir. Çünki həmin romansların əsas personajı elə o
özüdür – gah şıltaq qız, gah ismətli xanım, gah fədakar ana,
gah da
qayğıkeş övlad:
bütün bu rollarda sanki bəstəkar
özü çıxış edir. Ən əsası isə hər bir
vəziyyətdə sevib-sevilən, hər şeyə ürək
yanğısı ilə yanaşan, könlünün hərarətini
insanlara bəxş etməyə hazır Qadın...”
Romansların konkret bədii həlli hər dəfəözünəməxsusdur.
Məsələn,
bütün inkişaf xətti kulminasiyaya yönələn “Rəngimdöndü sənsiz”
(Füzuli) romans-rübaisi və
ya prototipi, zənnimcə, “Çal, oyna” el havası olan
- dolğun lirikanı şux ritmlərlə uzlaşdıran
“Vüqarlı dağları sevirəm” (H.Sözlü), “Sana düşüb meylim”
(Ə.Cavad) miniatürləri bir-birindən necə də fərqlənir!
Yazın vəsfinə həsr olunmuş “İlk bahar” (H.Cavid) isə aşıq
musiqisi ruhunda bəstələnmış nikbin, gümrah,
daxili coşqu doğuran bir mahnıdır. Bu mahnını dinlədikcə S.Raxmaninovun “Bahar suları”
romansını xatırlayır və
düşünürdüm ki, eyni mövzunu – təbiətin
oyanışı mövzusunu
tamam fərqli vasitələrlə
təcəssüm etdirmək olar...
Nədən
yazırsa-yazsın, hansı janra üz tutursa-tutsun,
E.Dadaşova bütün əsərlərində xalq
musiqisi çeşməsindən su içir. Qeyd edək ki,
Elnarə xanım vaxtilə Azərbaycan
Konservatoriyasının Folklor
Kabinəsində saxlanılan
milli musiqimizin müxtəlif nümunələri – layla,
ağı, rəqs, aşıq havalarının səs
yazılarını nota köçürmüş, təhlil etmişdir.O,həmin işi bu
gün də davam etdirir,növhə, ağı, mərsiyə,
oxşama və laylaları nota salır. Bəstəkar el
havaları üzərində həvəslə
çalışaraq onları al-əlvan naxışlarla bəzəyir. R.Adıgözəlovun ifasında yadda
qalan “Sarı gəlin”i, kamera
orkestri üçün “Tərəkəmə”ni, “Süsən sünbül” mövzusu əsasında
orqan üçün variasiyaları
xatırladaq.
E.Dadaşova
xalq musiqisi ilə
bağlı işinə ciddi yanaşır:
“Axı sənə əsrlərin süzgəcindən
cilalana-cilalana keçərək
kamil bir formada təzahür edən sənət nümunəsi həvalə
olunub. Bacarırsansa, ona rövnəq ver, amma el nəğmələri
ilə naşı rəftaretməyəixtiyarın yoxdur!”
İyunun
23-də “Qarabağ
rənglərinin musiqisi”
konsertində Səidə Tağızadə tərəfindən
ifa olunan “Sarı gəlin”in
xoral janr adına malik fortepiano versiyasında əsas melodik xəttin
səs-şaxələrlə əhatə
olunması ərsəyə gələn
musiqi toxumasının məxsusiliyini doğurub fərqli bir təəssürat
yaratdı, bəstəkarın el havasına “rövnəq vermək”
bacarığını əyani sərgilədi.
2008-ci ildə E.Dadaşova vaxtilə Məmməd Saleh
İsmayılov kimi nüfuzlu etnomusiqişünasın
tövsiyəsi ilə araşdırmağa
başladığı işi bitirib, “Azərbaycan rəqslərində
melodik yönəlmə və modulyasiyalar” mövzusunda namizədlik
dissertasiyasını müdafiə etmişdir. E.Dadaşova isbatlayır ki, melodik rəsmin
gözəlliyi, təbiiliyi ilə
seçilən rəqs
havalarının melodik
quruluşunu ciddi məntiq “idarə edir”. Məqamdaxili, paralel və ya I, II dərəcəli
qohumluq münasibətləri
əsasında baş verən
yönəlmə və modulyasiyaları üzə çıxararaq,
E.Dadaşova onların təzahür hallarının müxtəlifliyinin
sadalanması ilə kifayətlənmir, mühüm ümumiləşdirmələrə
gəlib çıxır.
İllərdir, Elnarə xanım bəstəkar,
araşdırıcı kimi işini müəllimliklə
uzlaşdırır. O,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının “Musiqi nəzəriyyəsi”
kafedrasının nüfuzlu
pedaqoqlarındandır, müxtəlif fənləri –solfecio, harmoniya,
musiqi əsərlərinin təhlili, partitura qiraəti, ən
əsası da illər uzunu polifoniyanı uğurla tədris
edir. Elnarə xanım zəngin təcrübəsini
ümumiləşdirərək faydalı elmi-metodik işlər
– 7 dərs vəsaiti, 5 fənn proqramı, bir sıra metodik
tövsiyələr yazmışdır.
E.Dadaşovanın “Solfecio” fənni üzrə tərtib etdiyi dərs vəsaitləri musiqi məktəblərinin
şagirdlərinəAzərbaycan musiqisinin məxsusi məqam çalarlarını duymaq vərdişinin
aşılanmasına xidmət edir. Elnarə
xanımın rəhbərliyi altında onlarla diplom işi
yazılmışdır. Bir müddət o, bəstəkarlıq
kafedrasında “İxtisas” fənni üzrə də dərs
demişdir: bəstəkar-məzunları sırasında iki
gözündən əlil olan İlqar Əhmədov, xarici
ölkə tələbələri
də var.
“Bu həyatda
nə ilə məşğul oluramsa olum, nə dinləyirəmsə
dinləyim, təəssüratlarım, əldə etdiyim məlumatlar
sonucda yaradıcılığımda əksini tapır”, - deyən Elnarə
xanım elmi qənaətləri
və polifoniya sahəsində biliklərini bir növ ortaq məxrəcə
gətirən “21 fuqa” silsiləsi haqqında söz
açır.
Bəllidir
ki, XX əsrdə
neoklassisizm, neobarokko təmayülü məcrasında
polifonik musiqiyə maraq bərpa
olunmuşdur: Şostakoviç, Hindemit, Şedrin ilk əvvəl
yada düşən isimlərdir. Q.Qarayevin elə son opusu seriya texnikasında
yazılmış 12 fuqadır. Elnarə xanımın
polifonik silsiləsinin özəlliyi ondadır ki, o, major-minor
ardıcıllığı prinsipindən imtina edərək,
fuqaları Azərbaycan məqamlarının
qohumluq əlaqələrinə əsasən düzənləyir: bəstəkar I dəftəritəşkil edən
15 fuqanı üç-üç
- Rast, Şur, Segah kimi paralel qohum məqam-tonallıqlarda bəstələyib, kvarta dairəsi üzrə hərəkət
edir. Silsilənin II dəftərində fuqalar məqam-tonallıqların
I dərəcəli qohumluq prinsipinə uyğun olaraq
Bayatı-Şiraz ailəsinə mənsub Müxalif, Zabul,
Hümayun, Şüştər, Çahargahda yazılıb. Beləliklə, silsilə quruluşunun hələ çox-çox
əvvəl bərqərar olmuş
qaydalarını E.Dadaşova milli musiqi
qanunauyğunluqları hesabına dəyişdirir, texniki vəzifələrin
həllini bədii qayənin təcəssümünə
tabe etdirir.
Düşünürəm
ki, E.Dadaşova
XXI əsrin zirvəsindən Üzeyir bəyin məqamlar
əsasında musiqi bəstələmək təliminə
üz tutaraq, həmin təlimin hələ də aktual
olduğunu, onun yaradıcı tətbiqi sayəsində
inandırıcı, gözəl bədii nəticələrin
əldə olunmasının mümkünlüyünü
isbat etməyə çalışır.
2012-ci
ilin dekabrında bəstəkarın
ən böyük arzusu reallaşdı: 36 il əvvəl
Q.Qarayevin xeyir-duası ilə üzərində
çalışmağa başladığı “Sayalı”
baletiAzərbaycan Dövlət Opera və Balet
Teatrının səhnəsində tamaşaya qoyuldu. Valideynlərinin əziz xatirəsinə ithaf etdiyi bu baletin mövzusu (əsas
personajlar Sayalı və Rəhim
Elnarə xanımın ata-anasının adlarını
daşıyır) ülvi məhəbbət hissinin vəsfidir. Novruz ərəfəsində,
təbiətin oyanışı fonunda cərəyan edən
hadisələr (iki gənc - Rəhim və Kərim
Sayalının sevgisini qazanmaq naminə mübarizə
aparırlar) baletin məxsusi nurlu, el avazları və ritmlərindən
yoğrulmuş musiqisini doğurmuşdur: təravəti,
geniş nəfəsi ilə seçilən lirik melodiyalar
şux, şıltaq ritmli rəqs parçaları ilə
ardıcıllaşaraq sonda orkestr boyaları günəş
şüalarıtək bərq vuran Apofeoza gətirib
çıxarır. Simli kvartetin III hissəsinin musiqi
materialına əsaslnan Adajionun (bu fraqmentin baletə daxil edilməsi xoreoqraf Pulumb Aqilliunun təşəbbüsüdür)
musiqisi isə adamı həyəcanlandırır, kövrək
emosiyalar doğurur. Bəstəkarın
anası vaxtilə
bu musiqini dinlədikdən sonra duyğulanaraq onun dərin
hüzn obrazı ilə bağlılığını
sezmiş və Elnarə xanıma:“Düşünmüsən
ki, mən həyatda yoxam və ona görə də bu qüssə
dolu musiqini yazmısan?” sualını ünvanlamışdır. Bəstəkar
o zaman
anasını əmin etməyə
çalışmışdır ki, bu qəmli obraz
yalnız konsepsiya ilə
bağlıdır. Lakin Sayalı xanımın vəfatından
az sonra onun adını daşıyan baletdə həmin musiqinin orkestr təfsirində
yer alması kədərəhvalını daha da
dərinləşdirir:
Adajio “vida nəğməsi” kimi səslənirdi...
E.Dadaşova
Azərbaycan
Dövlət Xor
Kapellası (bədii rəhbər və baş dirijor
Gülbacı İmanova, xormeyster Yulizana Kuxmazova) ilə də müntəzəm əməkdaşlıq
edir. Onu da deyək ki, vaxtilə C.Cahangirov kimi xor sənətinin xiridarı
Elnarə xanıma diqqətini məhz bu sahəyə yönəltməyi
məsləhət görmüşdür. Bəstəkarın
xorla “görüşü” yaradıcılıq arsenalında
polifonyanın ifadə imkanlarının fəxri yer
tutması ilə bilavasitə bağlıdır.
Elnarə
xanımın musiqi
palitrasında ən müxtəlif
- dramatik, bəzən düşüncə, həyəcan, bəzən qəhrəmanlıq,
mübarizlik, bəzən də yumor, zarafat
aşılanmış “rənglərə” yer var. Lakin sonucda,
bütün maneələrə baxmayaraq, günəş
şüaları zülməti yarıb keçir. 2021-ci ilin
noyabrında Zəfər gününə həsr olunmuş “Qarabağ –Azərbaycandır”
adlı əzəmətli konsert proqramında E.Dadaşovanın “Vətən sağ olsun”
döyüş cəngisi Ramil Qasımov və Fəxrəddin
Kərimovun idarə etdiyi simfonik orkestr tərəfindən
uğurla ifa olundu. Bu əsər Elnarə xanımın qəlbində
çağlayan yurd-oba sevgisini, doğma torpağın azad olunmasından doğan hədsiz
sevinci, qalibiyyət ovqatını çox gözəl təcəssüm etdirirdi.
Yeri gəlmişkən, E.Dadaşovanın xalq, nəfəs
alətləri orkestrləri üçün marşları da var. Onlardan biri 2004 -cü ildə ANS TV-nin
“Qızıl marş” mükafatına layiq
görülmüşdür.
Bəstəkarın əsərlərini
dinlədikcə onun aşağıdakı fikrini
xatırlayıram: “Musiqi obrazı
ürəkdə yaranmalı, onun təcəssümü - ən
xırda detallaracan - beyində götür-qoy olunmalı, ərsəyə
gələn yenidən ürəyə ötürülüb,
duyğular süzgəcindən keçirildikdən sonra insanlara
çatdırılmalıdır”. Yəqinelə bunagörədir
ki, bəstəkarın musiqisi peşəkarları
da qane edir, dinləyicilərin də könlünə
yol tapır.
Elnarə
xanım musiqi
həyatında həmişə çox fəal mövqe
tutmuşdur. “İş
otağımın divarları mənə darlıq edir”,- deyən
bəstəkarhələ lap cavan yaşlarından dinləyicilərlə
-məktəblərdə, uşaq evlərində, klublarda
görüşüb, musiqi haqqında söhbətlər
aparmış, auditoriyanın heyətindən asılı
olaraq məxsusi ünsiyyət forması seçməyi
bacarmış, özünün və həmkarlarının əsərlərini
çalıb təbliğ etmişdir. E.Dadaşova maarifçilik ruhlu fəaliyyətinə
görə çeşidli mükafatlarla, o cümlədən 1986-cı ildə ÜmumittifaqBilik
Cəmiyyətinin sədri, Nobel
Mükafatı laureatı akademik N.G. Basov tərəfindən
imzalanmış Fəxri Fərmanla
təltif olunmuşdu.
Elnarə
xanım vaxtaşırı iri elmi konfranslarda
çıxış edir, televiziya verilişlərinə qatılır, burada müxtəlif məsələlərə dair
öz mövqeyini bəyan etməkdən
çəkinmir. Onu abidələrimizin qorunması, milli-mənəvi
dəyərlərimizin gələcək nəsillərə
çatdırılması, səslənən məkanımızın
durumu da narahat edir. Müsahibələrindən
birində “Analaylasını eşitməyən
uşaqları gələcəkdə mankurta çevrilmək
təhlükəsigözləyir”, - deyən bəstəkar
daim uşaqların təlim-tərbiyəsi ilə
bağlı məsələlərə ictimaiyyətin diqqətini
cəlb etməyə çalışır.
Elnarə
xanımın parlaq
natiqlik qabiliyyətini,həmsöhbətlərini enerjisi ilə alışdırmaq
bacarığını da vurğulamalıyam.
Yadımdadır ki,
aparıcısı olduğum “Xaqani, 27”
verilişində Elnarə xanımı görən Bəxtiyar Vahabzadə mənə zəng vuraraq qonağımın musiqisindən, sualları dolğun
cavablandırmaq bacarığından, nəhayət, səlis
azərbaycancasından aldığı xoş təəssüratları
bölüşmüşdür.
Bəstəkarın
musiqisi həmişə ifaçıların diqqət mərkəzindədir, vətəndən
xaricdə - ABŞ, Kanada,
İtaliya, Fransa, İsveçrə, Almaniya, Ukrayna, Türkiyə,
Rusiyanın konsert
salonlarında, məsələn, “Gaudi” (Simli kvartet), “Doppler”
(İki fleyta və fortepiano üçün “Səda” pyesi)
kimi məşhur ansamblların,
tanınmış Azərbaycan artistlərinin təfsirində
səsləndirilib. Əsərlərinin İtaliyada “Donne in Musica” təşkilatının
xətti ilə təbliği də
səciyyəvi faktdır. 2022-ci ilin aprelində ABŞ-da yaşayıb
çalışan həmyerlimiz
fleytaçalan Ceyran Həsən “Odlar yurdunun musiqisi”
konsert proqramı çərçivəsində Elnarə Dadşovanın
“Muğamsayağı” əsərini uğurla ifa edib.
E.Dadaşovanın
yaradıcılığını musiqişünaslar həvəslə
araşdırır,
jurnalistlər diqqətlə izləyirlər.2015-ci
ildə “Azərbaycanfilm”
kinostudiyasında Elnarə
xanıma həsr olunmuş “Bəstəkar” adlı sənədli film (ssenari
müəllifi və rejissor - Aydın Dadaşov) çəkilmişdir.
Şadam ki, mənə
E.Dadaşovanın
yaradıcılığını araşdırmaq, onun
haqqında kitab və məqalələr yazmaq, onunla televiziya
verilişləri hazırlamaq, illər ünsiyyətdə
olmaq nəsib olub. Belə ki, “Azərbaycan musiqi tarixi”nin (layihənin rəhbəri
– akademik Zemfira Səfərova)
beçinci cildində bəstəkar haqqında
oçerki yazmaq məhz mənə həvalə olunmuşdu.
Onun
yazıb-yaratmaq eşqi bir an belə səngimir.
“İşləməyəndə ağırlaşıram”, –
söyləyən bəstəkar indi vaxt
qıtlığını daha kəskin duyur, musiqi bəstələnməsinə
mane olan nə varsa, ondan özünü kənarlaşdırmağa
çalışır.
Elnarə
Dadaşova bu
gün həm bəstəkar, həm alim, həm də pedaqoq
kimi nəzərəçarpan uğurlar qazanıb. Həmin uğurları fəxri
və elmi adlar da təsbit edir: o, Əməkdar İncəsənət
Xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professordur. Bəstəkar İttifaqının İdarə
heyətinin üzvü, İttifaqın “Kamera -vokal
musiqi” şöbəsinin sədridir. 2013-cü
ildə E.Dadaşova Azərbaycan kütləvi informasiya
işçilərinin Həmkarlar İttifaqının
“Qızıl qələm” mükafatı ilə təltif
olunub. Yubiley ilində isə Elnarə xanım “Azərbaycanın
Milli Lideri Heydər Əliyevin anadan olmasının 99 illik
yubileyi münasibətilə dövlətə və dövlətçiliyə
sadiq ziyalı” kimi“Qafqaz- Media” İctimai Birliyinin “Heydər zirvəsi 99” fəxri diplomu və medalı ilə
mükafatlandırılıb.
Elnarə xanım işlərinin bolluğuna baxmayaraq, ailəsini heç zaman diqqətsiz qoymur, mehriban həyat yoldaşı və anadır.Onun yoldaşı Vaqif ali təhsilli mühəndisdir. Böyük oğlu Rüstəm informasiya texnologiyaları üzrə ali təhsilli mühəndisdir.Kiçik oğlu Fəqan isəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraş kimi (akad.Ö.Eldarovun sinfi) bitirib,Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Ümumiyyətlə, Elnarə xanım gözəl simalı, gülərüz, geniş qəlbli bir insandır, hamıya yardım etməyə hazırdır. Nə deyək, belələri bizim yaradıcı adamlar arasında nadir hadisə!
Hələ sənət yolunun əvvəlində
“Azərbaycan gəncləri” qəzetində (28 aprel, 1973)
E.Dadaşova haqqında səciyyəvi başlığa malik
məqalə dərc olunmuşdur: “Səslər
sorağında”. Bəli, 50 il bundan əvvəlki kimi
E.Dadaşova ecazkar, ahəngdar səslər
sorağındadır. Nadir istedadı, əməksevərliyi,
inadkarlığı sayəsində arayıb
tapdığı yaradıcılıq cığırı ilə
inamla addımlayır.
Çalışır öz ürəyini dinləsin,
fikirlərini mümkün qədər aydın, şəffaf dildə
ifadə etsin. Ən vacib olan mətləbləri - Vətənə, anaya, övlada,
təbiətə sevgini musiqi dilinə çevirməyə
çalışır. Bir şey şübhəsizdir: nədən yazırsa yazsın,
janrından, mövzusundan asılı olmayaraq, bəstəkarın
əsərlərindəki ovqat işıqlı, boyalar parlaq, əlvan,
duyğular nəcib və xeyirxahdır. Qoy gələcəkdə
də ünlü bəstəkar, nəcib və xoşniyyət
insan, gözəl xanım Elnarə Dadaşovanın musiqisindən
nur, günəşli enerji, nikbinlik,
rəngarəng, dolğun emosiyalar əskik olmasın!
Zümrüd
DADAŞZADƏ
Professor,
Əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2022.- 25 iyun.- S.16;17.