Kim deyir
ki, indi Balışlar ölmür?
Hadisə vaqe olur Mingəçevir
Dövlət Dram Teatrında.
Teatrın baş rejissoru Vüsal Mehrəliyev Uilyam
Şekspirin "Otella"
pyesi əsasında hazırladığı "Yad"
tamaşasında qadın
(Byanka) obrazını
aktyor Ceyhun Əhmədova həvalə
edir. Təbii ki, ilin-günün
bu vaxtında qadın rolunu kişinin oynaması birmənalı qarşılanmır.
Uzun müzakirələrdən sonra
bəlli olur ki, rejissor bunu
aktrisa çatışmazlığı
səbəbindən etməyib.
Bəs yaxşı niyə edib? Bu sualla şəxsən Vüsal bəyə müraciət
edəndə belə bir cavab alıram:
"Qadın obrazını
kişi aktyora həvalə etməyim təxəyyülümün, beynimin
məhsuldur".
Əslində, elə bu cavab kifayət edir ki, söhbət
bağlansın, ancaq yox... Məsələ bizim bildiyimizdən
də ciddidir. Çünki söhbət təkcə
bu tamaşadan getsəydi, rejissor yozumu deyib, üstündən
keçə bilərdik,
ancaq regionlarda aktrisa problemi həqiqətən yaşanır.
Mən demirəm ha, nazirlik rəsmisi deyir. Düzdür, məsələ
hələ ki, kişi
aktyorun qadın rolunu oynayacağı qədər ciddi deyil, necə ki, yüz il
öncə olduğu kimi Əhməd Ağdamski, Hüseyn Ərəblinski
qadın rollarını
oynayırdı, ancaq
problem hələ də
aktualdır. Bəs niyə?
İstər aktyoru olsun, istərsə də aktrisası, maddi təminat, maaşın azlığı problemin əsas səbəblərindən
biridir. Regiona işləmək üçün gedən bir aktrisa çox
güman kirayədə
yaşayacaq, bundan əlavə, vaxtaşırı
yolpulu verib evinə gəlib-getməsi
və sairə və ilaxır. Gənclərə stimul verəcək
əsas vasitələrdən
biri də maaşda dəyişən
rəqəmdir. Necə ki,
bir vaxt bunu region məktəblərinə
üz tutan müəllimlərin məvacibində
etmişdilər.
Göründüyü qədər, bu üsul müsbət mənada öz təsirini göstərdi də.
Amma və lakin aktrisa və
region problemi, müəllim
və region problemi kimi həll oluna bilməz. Ümumiyyətlə, kənardan gələn insan kapitalı ilə maksimum neynəmək olar ki? İllərdir legionerlərlə bir şey edə
bilməyən futbol üzrə Azərbaycan millisi bunun bariz
nümunəsidir. Deməli, öz
odumuzda bişməliyik.
Amma necə? Gəlin, bir
qədər səmimi
olaq. Ucqar bir kənddə
böyüyən aktrisa
öz bölgəsindəki
teatrda necə öpüşəcək? Bəlkə də öpüşənlər
tapılacaq. Əminəm ki, tapılanların da sayları azdır. Ah, mentalitet,
mentalitet...
Ümumiyyətlə, bizdə aktrisa peşəsi uzun müddət asan qəbul edilməyib. Hamımızın bildiyi bir həqiqəti
yenidən söyləmək
mənasız göründüsə,
bir-iki nümunə çəkim. Məsələn, Xalq artisti Zemfira
Nərimanova mənimlə
müsahibəsində demişdi
ki, bir dəfə
atası onun tamaşasından yarıda
çıxıb. Yaxud da
"Ayan Mirqasımovadan
səhnə soyunmaq tələb edirsə, aktrisa soyunmalıdırmı?"
sualıma Ayan xanım "Azərbaycan kinosu açıq-saçıq
səhnələrə hazır
deyil" cavabını
vermişdi. Eyni sualı Ayaz Salayevə verəndə Ayaz müəllim dedi ki, aktrisalarımız
incəsənət naminə
soyunmalıdırlar, aktrisa
bunu işinin bir hissəsi kimi qəbul etməlidir, istəmirsənsə,
seçmə bu sənəti, gəlmə
kinoya.
Vaxtilə region teatrlarından birində çalışan rəfiqəm
təxminən belə
bir şey danışmışdı ki,
onun karyerası əmisi oğlunun gəldiyi ilk tamaşada başa çatıb.
Bilmirəm, bəlkə də belə lazımdır. Kimin sözü olduğunu dəqiq xatırlamıram, ancaq bir dəfə belə bir şey oxumuşdum ki, "Tarkovski olmaq istəyən əyalət teatrının rejissoru bədbəxtliyə məhkumdur. Çünki o, Tarkovski ola bilməyəcək, ara yerdə özünü də itirəcək".
Bəlkə, heç bizim aktrisamızın Merilin Monro olmağa ehtiyacı da yoxdur.
Hamımıza bəllidir ki, cəmiyyət həm də yazılmamış qanunlarla idarə olunur. Lap "Qanun naminə" filmindəki kimi. Axı Məmmədxan kənd klubunun dram dərnəyində aktrisalıq edən arvadı Balışı qısqandığı üçün öldürmüşdü... Kim deyir ki, indi Balışlar ölmür? İndi onlar heç səhnəyə çıxmadan, ürəklərinin bir küncünə dəfn etdikləri səhnə sevdası ilə birgə ölürlər.
Bir sözlə, məsələ elə mürəkkəb, mövzu elə dərindir ki, içinə girsən, çətin çıxa biləsən. Təbii ki, bu gün kifayət qədər istedadlı və belə şeylərin kompleksini yaşamayan aktrisalarımız var. Amma vallah-billah sayları çox deyil. İstənilən halda özümüzü aldatmadan problemlərdən dürüst şəkildə danışmalıyıq.
Bu arada,
belə böyük-böyük
danışmağıma baxmayın, mən özüm
də bəzi əngəlləri heç
öz içimdə belə aşa bilməmişəm. Sizə bir sirr açım, həyatımda
bir dəfə də olsa,
özümü aktrisa
kimi sınamağı həmişə çox istəmişəm. Bu
yaxınlarda tanış bir rejissor bu arzumu
eşidibmiş kimi mənə
filmində oynamağı təklif etdi. Haşa, mənim aktrisa olmaq kimi bir
iddiam yoxdur, ancaq nə yalan deyim, qırış üzümə məskən
salmamış, bir kamera
ilə yoldaşlıq etmək pis olmaz deyə düşündüm.
Ssenarini sevə-sevə oxudum.
Di gəl, ssenaridə açıq-saçıq
səhnələrin olduğu yerə gələndə
anladım ki, arzum
ürəyimdə qalsa,
yaxşıdır. Ancaq bir
qızım olsa, ona ən
birinci öyrədəcəyim şey cəsur olmaq olacaq. Bəlkə, heç
onun aktrisa olmaq kimi bir
iddiası da olmadı, amma
belə bir arzusu yaranarsa, o, anasından daha cəsur olmalı...
Aytac Sahəd
525-ci qəzet.- 2022.- 25 iyun.- S.15.