Folklorşünaslıq
ağırlıqlı görkəmli ədəbiyyatşünas
Azərbaycan elmi ictimaiyyəti Milli Elmlər
Akademiyasının müxbir üzvü Kamran Əliyevi
görkəmli ədəbiyyatşünas alim və
tanınmış yaradıcı ziyalılardan biri kimi dəyərləndirir. Ədəbiyyatşünaslıq
elmi də, bədii yaradıcılıq da Kamran Əliyevin təkcə
maraq dairəsi və ya fəaliyyət sahəsi deyil, taleyi
olub. O, həyatının mənasını elmdə və
ədəbiyyatda tapmışdır. Ədəbiyyatşünaslıq
sahəsində bir neçə istiqamətdə mühüm
elmi problemlərin işlənib hazırlanması və həllində
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Kamran Əliyevin özünəməxsus
böyük xidmətləri vardır.
Tanınmış ədəbiyyatşünas Kamran
Əliyev hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatında
romantizm ədəbi cərəyanının əsas tədqiqatçılarından
biridir. Azərbaycan ədəbiyyatşünaslıq elmində
romantizm nəzəriyyəsinin banisi və görkəmli
yaradıcısı akademik Məmməd Cəfər Cəfərovdan
sonra Kamran Əliyev bu nəzəriyyəni ayrı-ayrı
istiqamətlərdə inkişaf etdirmişdir. Belə demək olar ki, AMEA-nın müxbir
üzvü Kamran Əliyev akademik Məmməd Cəfərovun
meydana qoyduğu konsepsiyanı yeni elmi-nəzəri müddəalarla
daha da zənginləşdirmiş və dərinləşdirmişdir.
XX əsrin əvvəlləri Azərbaycan
romantiklərinin ədəbi-nəzəri görüşləri
ilk dəfə Kamran Əliyev tərəfindən sistemli şəkildə
araşdırılıb ümumiləşdirilmişdir.
Kamran Əliyev "Azərbaycan romantiklərinin
ədəbi-nəzəri görüşləri" probleminə
həsr edilmiş namizədlik dissertasiyasında ilk dəfə
olaraq XX əsrin əvvəllərində
yaşayıb-yaratmış romantik sənətkarların ədəbiyyat
haqqındakı baxışlarını geniş və
sistemli şəkildə araşdırıb təhlil etmiş
və elmi baxımdan obyektiv meyarlar əsasında qiymətləndirilmişdir.
O, bu elmi tədqiqat əsərində, həmçinin, Azərbaycan romantizmində sənətkar taleyi və
yaradıcılıq azadlığı məsələsini də
əsaslı şəkildə tədqiq edib əhəmiyyətli
ümumiləşdirmələr aparmışdır.
Romantik yazıçı və şairlərin bənzərsiz
sənət dünyasını öyrənməklə Kamran
Əliyev elmi fəaliyyətində romantizmə münasibətdə
davamlı bir prosesə imza atmışdır. O, XX əsrin əvvəlləri
Azərbaycan romantiklərinin bədii əsərlərinin
poetikasını tədqiqat obyektinə çevirmiş, bu
istiqamətdə vaxtilə akademik Məmməd Cəfər Cəfərov
tərəfindən müəyyən edilmiş müddəaları
davam və inkişaf etdirmiş, ən əsası ilə yeni
əlavələrlə daha da zənginləşdirməyə
nail ola bilmişdir. Bu məqamda Kamran Əliyev romantik sənətin
poetikasını köklü surətdə araşdırmaq və
aydınlaşdırmaq üçün Azərbaycan ədəbiyyatında
romantizm ədəbi cərəyanının təşəkkülü
məsələsinə də yenidən qayıtmış və
romantik ədəbiyyatın estetik prinsiplərini, sənət
ideallarını geniş şərh etmişdir. Məhz həmin bünövrə üzərində
onun romantik ədəbiyyatın poetikasını
araşdırması mühüm və əsaslı elmi nəticələrin
əldə olunmasını şərtləndirir. Buna görə də Kamran Əliyevin romantik ədəbiyyatın
aparıcı istiqaməti olan "Azərbaycan romantizminin
obrazlar sistemi"ndən bəhs edən doktorluq
dissertasiyası ədəbiyyatşünaslıq elmimizdə
romantizmə dair tədqiqatların sferasını daha da
genişləndirmiş və yeniləşdirmişdir. Romantizmdə "Romantik ədəbiyyat və
folklor" məsələsinin qoyuluşu və həlli isə
birbaşa Kamran Əliyevin adı ilə bağlı elmi xidmətdir.
Azərbaycan romantik ədəbiyyatının
korifeyi Hüseyn Cavidin həyatı və
yaradıcılığının araşdırılıb
öyrənilməsinə yenidən qayıdaraq bu mövzuda
ayrıca bir monoqrafiya çap etdirməklə Kamran Əliyev
Azərbaycan romantizmi ədəbi cərəyanının tədqiqinin
akademik Məmməd Cəfər Cəfərovdan sonrakı
ikinci mərhələsini tamamlamışdır. XX əsrin doxsanıncı illərindən başlayaraq
XXI əsrin iki onilliyini əhatə edən bu dövr Azərbaycan
romantizminin tədqiqinin Kamran Əliyev mərhələsi
adlandırıla bilər.
AMEA-nın müxbir üzvü Kamran Əliyev demək
olar ki, tədqiqatdan kənarda qalmış Azərbaycan
romantizmi və folklor probleminin elmi həllinin
yaradıcısı və sahibidir. Bu, Azərbaycan
romantizminin milli əsaslarının müəyyən edilməsi,
işlənib hazırlanması və sübut olunması
baxımından Kamran Əliyev tərəfindən müəyyən
edilmiş yeni elmi istiqamətdir. Kamran Əliyevin müəyyən
etdiyi model Azərbaycan ədəbiyyatında mövcud olan digər
ədəbi cərəyanların da folklor qaynaqları, bəlkə
də folklor dayaqları ilə birlikdə,
qarşılıqlı üzvü əlaqədə tədqiq
edilərək yeni elmi nəticələr əldə
olunmasına imkan yaradır. Ədəbiyyatın
tarixi və nəzəriyyəsi baxımından əhəmiyyətli
olan bu elmi baxış Azərbaycan folklorşünaslıq
elmində də yeni nəzəri istiqamətlərdən
biridir. Romantizm və folklor mövzusu həm
də Kamran Əliyev üçün yazılı ədəbiyyatın
tədqiqindən şifahi xalq ədəbiyyatının
araşdırılmasına keçid üçün
körpü funksiyasını həyata keçirmişdir.
Azərbaycan ədəbiyyatının XIX-XX əsrlər
mərhələlərinin görkəmli
yaradıcılarının həyatı və
yaradıcılığının tədqiqində Kamran
Əliyevin adı ilə bağlı səhifələr kifayət
qədərdir. Kitablarından birinin adında ifadə
olunduğu kimi, "Mirzə Fətəlidən Hüseyn Cavidə
qədər"ki tarixi mərhələnin əsas
yaradıcı simalarının və ciddi elmi problemlərinin
öyrənilməsində Kamran Əliyevin rolu xüsusi olaraq
qeyd edilməyə layiqdir. O, XIX-XX əsrlərdə
yaşayıb-yaratmış və haqqında özünədərki
dövrlərdə tədqiqatlar aparılmış, kitablar
çap olunmuş sənətkarlar barəsində fərqli
elmi söz deməyə çalışmış və əksər
hallarda buna nail olmağı bacarmışdır. Bunu Kamran Əliyevin araşdırmalarının
adlarından da aydın şəkildə görmək
mümkündür. Sərlövhəyə
çıxarılmış adlar onun ənənəvi
mövzuya novator münasibətini ifadə edir.
"Şərqi oyadan zəng səsləri", "Mirzə
Cəlil müdrikliyi", "Cəfər Cabbarlının
romantik qəhrəmanları", "Mübarizliyin tərcüməsi"
və sair kimi araşdırma mövzuları ədəbiyyatşünaslıqda
müəyyən qədər diqqət yetirilmiş məsələlərə
yeni elmi münasibəti ifadə edir. Belə məqamlarda
Kamran Əliyev mövcud tədqiqatlara ehtiramla yanaşmaqla bərabər,
həm də mövzuya yenidən qayıtmaqla, problemi
özünün elmi təfəkküründən keçirməklə,
başlanmış işləri tamamlamış və daha da
dərinləşdirmişdir. Daha doğrusu, çox
hallarda əvvəllər tezis şəklində səsləndirilmiş
mətləblər
Kamran Əliyev tərəfindən konkret elmi problem
səviyyəsində tədqiq olunaraq, sistemli şəkildə
yenidən elmi ictimaiyyətə
çatdırılmışdır.
Bununla belə, Azərbaycan ədəbi-elmi fikrinin elə
məsələləri də vardır ki, həmin problemlər
ilk dəfə, həm də mükəmməl elmi səviyyədə
Kamran Əliyev tərəfindən işlənilmişdir. "Mirzə Fətəli
Axundzadə və geopolitika", "Hacı Qara obrazı
"Təmsilat"ın bədii sistemində", "Məhəmməd
ağa Şahtaxtlı: bildiklərimiz və bilmədiklərimiz",
"Mirzə Ələkbər Sabirin poetik sistemində bədii
sözün təkamülü", "Hadi kədəri",
"Şaiq inamı", "Romantik nəsrin
hüdudları", "Abdulla Surun bədii
yaradıcılığı", "Romanın tarix üzərində
qələbəsi" və sair kimi tədqiqatlarında o,
qaldırılan məsələ ilə əlaqədar ciddi
araşdırmalar apararaq ədəbiyyatşünaslıq
elminə yeniliklər silsiləsi bəxş etmişdir. Belə məqamlarda AMEA-nın müxbir üzvü
Kamran Əliyev sadəcə məqalənin deyil, problemin
müəllifi olmaq funksiyasını yerinə yetirir.
Eyni zamanda, Kamran Əliyev Azərbaycan ədəbiyyatı
klassiklərinin tərcümeyi-halını və əsərlərini
onların mənsub olduqları ədəbi cərəyanlarla
birlikdə araşdırıb ümumiləşdirməyin fərqli
örnəklərini təqdim edir. Mirzə Fətəli Axundzadəni
maarifçi realizmlə, Hüseyn Cavidi, Abbas Səhhəti, Məhəmməd
Hadini, Abdulla Şaiqi romantizm cərəyanı ilə, Cəlil
Məmmədquluzadəni və Mirzə Ələkbər
Sabiri "Molla Nəsrəddin" ədəbi məktəbi
ilə üzvü əlaqədə və vəhdətdə
tədqiq etməklə o, bu qüdrətli sənətkarların
formalaşdırdıqları ədəbi epoxa haqqında
bütöv bir sistemi meydana qoyur. Həmin istiqamətdəki
tədqiqatlarında Kamran Əliyev özünəməxsus ədəbiyyat
nəzəriyyəçiliyi baxışları da olan
sanballı ədəbiyyat tarixçisi kimi diqqəti cəlb
edir. Ədəbiyyat tarixinin dərin qatlarından,
seçilmiş detallarından çıxış etməklə
və mövzunu ədəbiyyat nəzəriyyəsi ilə əlaqələndirməklə
o, görkəmli yazıçı və şairlərimiz
haqqında mühüm elmi əhəmiyyətə malik
olan ciddi elmi fikirlər
yürüdə bilmişdir. Buna görədir
ki, Kamran Əliyevin XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına
həsr edilmiş məqalələri portret-oçerklər
yox, problem-oçerklərdir. Eyni zamanda, həmin
məqalələr ədəbiyyat tarixi üçün
olduğu kimi, ədəbiyyat nəzəriyyəsi
baxımından da əhəmiyyətlidir.
Azərbaycan ədəbiyyatşünaslıq
elmində, folklorşünaslığın xüsusi bir qolu
olan folklor və yazılı ədəbiyyat problemi məhz
Kamran Əliyevin ardıcıl tədqiqatları sayəsində
müstəqil elmi istiqamətə çevrilmişdir. Həmin
problemə həsr olunmuş "Azərbaycan romantizminin
folklor qaynaqları"ndan başqa, bu mövzuda yazdığı
"Hüseyn Cavid və mifoloji obrazlar", "Hüseyn
Cavid və xalq dramları", "Məhəmmədhüseyn
Şəhriyar və folklor", "Paralel xronotopiyalar"
kimi araşdırmaları ilə o, folklor və yazılı ədəbiyyat
istiqamətinin miqyasını daha da genişləndirmişdir.
Həm də Kamran Əliyev çoxillik tədqiqatlardan və
müşahidələrdən sonra "folklor və
yazılı ədəbiyyat" probleminin elmi-nəzəri
modelini də müəyyən etməyə nail olmuşdur:
"Şübhəsiz, bu əlaqələrə ("folklor
və yazılı ədəbiyyat" probleminə - İ.H.)
ilk növbədə "genoloji hadisə kimi baxmaq
lazımdır. Yəni hər hansı bir folklor
mətni xalq tərəfindən yaradılırsa və xalq həmin
mətndə öz təfəkkür tərzini ortaya qoyursa, həmin
xalqın sənətkar nümayəndəsinin qələmə
aldığı bədii əsərdə də folklor
nümunəsində müşahidə olunan müəyyən
cizgilər özünü kifayət qədər büruzə
verməlidir. Digər tərəfdən, bu əlaqələrə
təfəkkür hadisəsi kimi də baxmaq lazımdır...
Həmin təfəkkür eyni bir mənbədən
qida alırsa, deməli, onlar arasındakı yaxınlıqlar
barədə kifayət qədər və cəsarətlə
danışmaq olar".
Uzun illər ərzində ümumi şəkildə
yazılı ədəbiyyatın əsas qaynaqlarından biri
kimi araşdırılan folklor ənənəsi problemi Kamran
Əliyevin özünəməxsus elmi yanaşmaları və
ciddi araşdırmaları ilə ədəbiyyatın hər
iki qolu arasında qarşılıqlı zənginləşmə
mənbəyi miqyasına
çatdırılmışdır. Yazılı ədəbiyyatın
folklor layını açmaqla o, həmçinin, bədii ədəbiyyatdakı
millilik amilinin daha dərin qatlarına işıq
salmışdır.
Kamran Əliyev son onillikdə daha çox
folklorşünas alim kimi ardıcıl olaraq fəaliyyət
göstərmişdir. Folklor və yazılı ədəbiyyat
sahəsindəki tədqiqatlarından başqa, onun
"Kitabi-Dədə Qorqud" dastanlarına həsr
olunmuş araşdırmaları indiyədək haqqında bir
kitabxana qədər kitab yazılmış
Qorqudşünaslıq elmində yeni səhifələr, qiymətli
əlavələr kimi dəyərləndirilməyə layiqdir.
Kamran Əliyev Azərbaycan
Qorqudşünaslığında fərqli elmi-nəzəri
baxış meydana qoyan folklorşünas alimdir. Onun "Dədə Qorqud" eposunun strukturu və qəhrəmanlarına
həsr edilmiş tədqiqatları tamamilə
Qorqudşünaslıq elminin yeni səhifələrindən
ibarətdir. Adlarından da göründüyü kimi,
"Dədə Qorqud" eposunda rəqəmlərin
simvolikası", "Beyrəyin qanlı köynəyi",
"Çoban oğlu Təpəgöz", "Dədə
Qorqud" gözəlləşməsi" də sair kimi məsələlər
Azərbaycan qorqudşünaslıq elminə ilk dəfə
Kamran Əliyev tərəfindən gətirilmişdir. Kamran Əliyev Qorqudşünaslığa yeni elmi
baxış bucağı gətirmişdir. Buna görədir
ki, Kamran Əliyevin Dədə Qorqud tədqiqatları,
xüsusən, "Açıq kitab - Dədə Qorqud" monoqrafiyası Azərbaycanda
olduğu kimi, Türkiyədə və İranda da elmi
ictimaiyyət tərəfindən böyük maraqla
qarşılanmış, bu mövzuda yazdığı kitabı həmin ölkələrdə
də çap olunmuşdur.
Kamran Əliyevin folklorşünaslıq tədqiqatlarında
"Koroğlu" eposunun poetikası məsələsi fərqli
elmi yanaşma əsasında
araşdırılmışdır. Alimin dastanda dəlilik
məsələsinin mahiyyəti aydınlaşdırdıqdan
sonra Koroğlunun özünü də "dəlilərin dəlisi"
adlandırması məşhur xalq qəhrəmanına fərqli
elmi baxışın nəticəsidir. O, Azərbaycan
folklorşünaslıq elmində ilk dəfə olaraq
"Koroğlu" eposunda dəliqanlılıq, dəli nərə,
dəlisovluq, dəli könül anlayışlarını
şərh etdikdən sonra bu faktorların həm də
baş qəhrəmana daha çox aid olduğu qənaətinə
gəlmişdir. Beləliklə, Kamran Əliyev
tərəfindən folklorşünaslıqda "Dəli
Koroğlu", yaxud "dəlilərin dəlisi"
konsepsiyası işlənib hazırlanmışdır. Folklorşünas alimin "Koroğlu" eposunda dəli
aşıq" araşdırması da "dəlilərin dəlisi"
versiyasını tamamlamağa və möhkəmləndirməyə
xidmət edir. Bundan başqa, Kamran Əliyevin tədqiqatları
"Koroğlu" dastanında "Bədii məkanın
genişliyi", "Fiziki gücün semantikası" məsələlərinə
də "ilk imzası atılmışdır. Belə ki, o,
ilk dəfə olaraq "Koroğlu" dastanındakı məkan
məsələsini Çənlibel sferasından
çıxararaq daha geniş mənalarda bu
anlayışın aşağıdakı kimi geniş elmi təsnifatını
vermişdir: "Koroğlu" dastanında məkanın xarakteri
üç mühüm məqamla təyin olunur: real məkan,
ara məkan və ideal məkan. Real məkan paşaların hakim olduğu
İstanbul, Ərzincan, Rum, Qars, Toqat və
başqalarıdır. İdeal məkan isə
heç vaxt dəyişmir. Bu, Çənlibeldir.
Real məkanla ideal məkan arasında keçid xarakteri
daşıyan bir ara məkan da mövcuddur
ki, bu, konfliktin həlli məkanıdır (Kamran Əliyev,
Çağdaş folklorşünaslığın problemləri.
Bakı, "Elm və təhsil", 2017, s.126).
Bundan başqa, Kamran Əliyevin "Koroğlu"
dastanında fiziki gücün atributları kimi müəyyən
etdiyi "dəryadan sıyrılıb çıxan atlara,
ildırım parçasından (oddan) hazırlanmış
qılınca və Qoşabulaq suyu ilə cilalanan dəli bir
nərəyə sahib olan" Koroğlunun fiziki
gücünün semantik mənalarının epos
poetikasının strukturunu təmizləyən, tam şəkildə
özündə əks etdirən mühüm bədii vasitələr
olmasına dair mülahizələri də mühüm nəzəri
qənaətlərdən ibarətdir.
Beləliklə, Mükəmməl ədəbiyyat
tarixçisi kimi qəbul olunan Kamran Əliyev həm də
professional folklorşünas olmağın da əsl nümunəsini
göstərmişdir. Belə məqamlarda ədəbiyyat
tarixçiliyi mənbə, yaxud yanaşma metod olmaqla onun
folklorşünaslıq baxışlarını daha köklü
surətdə ifadə etməsinə şərait
yaratmışdır. Müstəqillik
dövrü Hazırda folklorşünaslıq elminin
inkişafında Kamran Əliyevin böyük xidmətləri
vardır.
Kamran Əliyevin tədqiqatlarında ustad məsələsinə diqqət xüsusi yer tutur. Onun böyük elm xadimi, AMEA-nın müxbir üzvü Abbas Zamanova ustad kimi münasibəti ədəbiyyatda və elmdə varislik məsələsinə ibrətamiz bir nümunədir. Vaxtilə Cəlil Məmmədquluzadənin "huşyar dostu" Eynəli bəy Sultanovu nəzərdə tutaraq "Sən olmasaydın, mən də sadəcə qeyri müəllimlərin içərisində yaddan çıxmışdım" etirafına iqtibas etməklə Kamran Əliyev özünün elmi taleyində professor Abbas Zamanovun müstəsna rolunu xüsusi olaraq diqqətə çatdırmışdır. Bu, həm də zəngin elmi fəaliyyətə, mühüm elmi xidmətlərə malik olan Abbas Zamanovun keşməkeşli taleyinin, elmi fəaliyyətinin də daha dərindən və əsaslı şəkildə tədqiq edilməsi ilə nəticələnmişdir. Kamran Əliyevin "Abbas Zamanov olmasaydı" kitabı haqqında heç də az yazılmamış Abbas Zamanova dair qiymətli elmi əlavələrdən ibarətdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyev əsərlərinin 10 cildlik külliyyatını çap etdirmişdir. Bu oncildlikdə onun Azərbaycan ədəbiyyatının tədqiqi və ədəbiyyatşünaslıq məsələlərinin araşdırılması istiqaməti bütün reallıqları və imkanları ilə aydın şəkildə görünməkdədir. Çoxcildlik külliyyatdakı əsərlərə istinad edərək demək mümkündür ki, Kamran Əliyev ədəbiyyatşünaslıq elminin bütün əsas sahələri: ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və folklorşünaslıq istiqamətlərinin hər biri üzrə araşdırmalar aparmış, universal ədəbiyyatşünas alimliyin özünəməxsus modelini meydana qoymuşdur. Tanrı ona nəinki elmi əsərlərini, hətta rəyləri, müsahibələri, bədii əsərlərini və publisistikasını da öz sağlığında çap etdirib geniş ictimaiyyətə və oxuculara çatdırmaq imkanı yaratmışdır. Hətta oncildlikdə Kamran Əliyevin praktik fəaliyyətində müşahidə etdiyimiz, lakin heç zaman oxumadığımız onun dilçilik elminə dair araşdırmaları ilə tanış ola bilirik. Bunların arasında Kamran Əliyevin "Azərbaycan dili" adlı 124 səhifədən ibarət olan dərs vəsaiti də vardır. Əgər biz Kamran müəllimin görkəmli ədəbiyyatşünas olduğunu bilməsə idik, "Azərbaycan dili" dərs vəsaitinə görə onu tanınmış dilçi kimi qəbul edə bilərdik. Kitabda Kamran Əliyevin "Fonetika", "Leksika", "Morfologiya", "Sintaksis", "Nitq mədəniyyəti və üslubiyyat" bölmələri üzrə təqdim etdiyi yazılar elmi-praktik olduğunu göstərir. Kamran Əliyev, həmçinin, abituriyentlər üçün yazdığı "Ədəbiyyat" adlı dərs vəsaitini də on cildliyə yerləşdirməklə özünün görkəmli bir ədəbiyyatşünas alim olmaqla bərabər, həm də "mənən, ruhən pedaqoq" olduğunu nümayiş etdirir. Bu kitabları ayrıca nəşr etməklə Azərbaycan dilini və ədəbiyyatını elmi şəkildə öyrənən yeni nəsillərə kömək etmiş olarıq.
AMEA-nın müxbir üzvü Kamran Əliyev ədəbiyyat tarixçiliyinin əsl mahiyyətinin açılması üçün professional folklorşünas qismində çıxış edən, folklordan yaradıcı istifadənin nümunəsini göstərən fərqli ədəbiyyatşünasdır. Şifahi xalq ədəbiyyatının problemlərini ədəbiyyat tarixçiliyi ilə əlaqəli şəkildə araşdıranda da o, bənzərlikdən qat-qat çox fərqlidir. Kamran Əliyev Azərbaycan ədəbiyyatşünaslıq elmində fərdi elmi siması olan görkəmli ədəbiyyatşünas alim olub. Nəticə olaraq demək olar ki, AMEA-nın müxbir üzvü Kamran Əliyev folklorşünaslıq ağırlıqlı görkəmli ədəbiyyatşünas alim kimi ehtiramla yad edilir.
Azərbaycan ədəbiyyatşünaslıq elminin mənalı səhifələrinə çevrilmiş elmi əsərləri Kamran Əliyevin böyük ömrünün sanballı və mənalı yekunudur. Hesab edirəm ki, ədəbiyyatşünaslıq məsələlərinə Kamran Əliyev səviyyəsində baxış müstəqillik dövründə Azərbaycan ədəbiyyatının və ictimai fikrinin yeni təfəkkür işığında yenidən və əsaslı şəkildə dəyərləndirilərək, təqdim olunmasına təminat verir. Bu, Kamran Əliyevin görkəmli bir ədəbiyyatşünas kimi xidməti mənasında tarixin şərəfli arxivinə daxil olmuşdur. Bu, eyni zamanda, Kamran müəllimin ölməz əsərləri ilə elmi həyatını davam etdirməsi deməkdir.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2022.- 25 iyun.- S.14;15.