Ürəyi Vətən torpağında
döyünən qəhrəman
Bu gün - iyunun
29-da 25 yaşı olan
Vətən müharibəsi
şəhidi Cavid Bayramov döyüşlərə
ilk gündən qatılıb
və Füzuli, Cəbrayıl uğrunda döyüşlərdə iştirak
edib.
Atası
Azər Bayramovun dediklərindən: "Cavid
könüllü yazılmışdı.
Nə gizlədim,
"bəlkə, bir-iki
gün gözləyəsən"
dedim. Nəsə ağırlıq doldu ürəyimə.
Üzümə elə
qəribə baxdı
ki, hələ də o baxışları
görürəm... "Ata,
nə danışırsan?
İllərdi gözləyirik. Vətəndir, torpaqdır
bu, qala bilmərəm, birincilərdən
olmalıyam" dedi. Oğluma baxıb fərəhləndim.
Özüm Birinci Qarabağ
savaşının veteranıyam.
O vaxt yaralanmışdım,
şəhid olduğumu
düşünmüşdülər, ailəmizə də xəbər vermişdilər.
Mənə şəhidlik qismət
olmadı. Oğluma nəsib
oldu. Zaman-zaman o günləri, döyüşləri
xatırlayırdım. Düşünürdüm ki, niyə qoruya bilmədik torpaqları? Niyə şəhid
olmadım bu yolda? Hərdən fikirləşirəm ki, oğlum 30 ildi yaşadığım "kaş
ki"lərdən qurtarmaq
istədi məni..."
Cavid kimi oğullar bizi 30 illik ağrıdan arındırdılar, demək
istəmədiyimiz, amma
hər birimizin beynini oyan, ürəyini
deşən "məğlub"
sözündən xilas
etdilər.
Cavid Azər
oğlu Bayramov 1997-ci ildə Bakıda anadan olub. 2003-2014-cü illərdə Nərimanov rayonundakı Eldar Əliyev adına
93 nömrəli tam orta
məktəbdə təhsil
alıb. İkinci Qarabağ savaşında həmin məktəbin 3 məzunu şəhid olub: Mehrac İntiqam
oğlu Əhədov,
Babək Bəxtiyar oğlu Allahverdiyev və Cavid Azər
oğlu Bayramov.
Cavid məktəbin
sevimli, seçilən
şagirdlərindən olub. Müəllimləri ilə həmsöhbət
olandan sonra bu qənaətə gəldim, hər biri Caviddən ağısdolusu bəhs edirdilər.
Məktəbin psixoloqu Xətayə
Qurbanovanın dediklərindən:
"Çox nadir uşaq
idi. Elə bil bir ömür yaşayıb ikinci dəfə doğulmuşdu. İnanın, şəhid olan məzunlarımızın hər
biri seçilən şagird idi. Onlara "İnsan və cəmiyyət"dən dərs
keçirdim. Həmişə dərsə hazır olardı. Psixoloji testlər aparanda
ilk onun cavablarına baxırdım, çünki
fərqli olurdu. Müəllimlərin də çəkindiyi
şagird olur, o da elə idi.
Kimsə
yersiz hərəkət
etsə, onun baxışından özünü
yığışdırardı. Davakar deyildi, sadəcə, müdrik idi".
Cavid məzun olduğu il ATU-nun Nəqliyyat
və Logistika fakültəsinə daxil olur. 2014-2018-ci illərdə
universitetdə təhsil
alır.
Fakültənin dekanı texnika
üzrə fəlsəfə
doktoru Allahverdi Şərifovun dedikləri: "Cavidin oxuduğu qrupa 3 semestr dərs demişdim. Ən sevimli tələbələrim
olublar. Cavid də sevilən,
unudulmaz tələbəm
idi. Onun haqqında keçmiş
zamanda danışmaq çətindir. Çox nikbin
idi, həmişə üzündə təbəssüm
olurdu. Nəyəsə hirsli olsan belə Cavidi görəndə əsəbin
keçirdi. Nə deyim?
Savadlı idi, güclü
məntiqi vardı.
Universitetin fəxri idi.
İndi hamının fəxridi".
Cavid 2018-ci ildə
həqiqi hərbi xidmətə çağırılır. Hərbi Hava
Qüvvələrində müddətli
hərbi xidmət zamanı nizam-intizamı, məsuliyyəti, savadı
ilə hörmət qazanır.
Anası Kəmalə xanımla danışmaqda çətinlik
çəkirdim. Nə söyləyim? Nə soruşum? Sadəcə
bunu deyə bildim: "Ürəyinizdən
keçənləri deyin".
Anası
Kəmalə xanımın
dediklərindən: "Doymadığım,
həsrəti bitməyənimdir.
Boylu-buxunlu balamdı. Haqqında xoşagəlməz
söz eşidə bilməzsiz. Çox oxuyardı,
hamının savadlı
olmasını istəyirdi.
Cavid kimi oğullar eldən getdimi deyim? Yox, el üçün getdi. Vətən sevdalısı idi.
Ermənilərə nifrəti vardı.
Atası müharibə
iştirakçısı, anası Ağdam həsrətində yaşayan
biri... Ona görə Cavid
də, qardaşı da o torpaqların həsrətini çəkirdi.
Oğlum həsrətinə
qovuşdu... Tez-tez
"Necə ola
bilər ki, torpaqlarımız ermənilərin
əlində qalsın?
Bununla yaşamaq olmaz" deyirdi. Çox fikir edirdi, yurdunu sevirdi. Arzuları, ömrü yarım qaldı deyimmi? Yox, istəməzdi belə düşünüm. Özü narahat
idi torpaqlarımıza
görə, amma indi ruhu rahatdı
oğlumun. Gözüm yaşlı
olsa da, bilirəm ki, oğlum sevinir. Atasının gizli ağladığını hiss etmişəm. Cavid sevinc içində,
gülə-gülə yuxuma
gəlir, "Ana, ağlamayın,
atama denən ağlamasın, mən yaxşıyam" deyir.
Deyirlər, ölənlər yuxuda danışmaz, o danışır, ölməyib".
Kəmalə xanımın kövrək,
yanğılı səsindən
yansam da, qüruruna əyilirdim, heyran olurdum.
Cavid haqqında deyilənlərə
qulaq asdıqca, onu tanıdıqca boylu-buxunlu oğlanı görürdüm: işıq
dolu, sevgi dolu, həyat dolu...
Cavid kimi oğullarımız haqda yazanda düşünürəm
ki, nə qədər xəyalları,
arzuları vardı. Təəssüflənmədiyimi, ağrımadığımı
desəm, yalan olar. Amma bunun Vətən
təsəllisi, qalib adı, qələbə dadı var.
Cavid oktyabrın 8-i Füzuli uğrunda gedən ağır döyüşlərdə şəhid olub. İmkan olduqca ailəsi ilə əlaqə saxlayıb, "Hər şey yaxşıdı, qələbəyə gedirik" deyib. Şəhid olmazdan əvvəl də atası ilə danışıb, son sözləri belə olub: "Ata, Füzulini azad edəcəyik, bütün torpaqlarımızı işğaldan qurtaracağıq". Cavid igidliyi ilə ad qazanıb, mərdliklə döyüşüb, qələbəyə inanıb. Amma həmin gün döyüş yoldaşları kimi düşmən hiyləsindən xəbərsiz olub. Azərbaycan bayrağı ilə irəliləyən tankları görəndə Cavid və döyüş yoldaşları seviniblər. Pusquya düşdüklərini anlayan igidlərimiz son nəfəslərinə qədər döyüşüblər...
Bu döyüşün dəhşətini sözlərlə ifadə edə bilmərəm. Hazırda hərbi xidmətdə olan tabor komandiri kapitan Elçin Zeynalovun xatirələrini dinləmək belə ağır idi: "Bir həftə addım-addım, səngər-səngər irəliləmişdik. Bircə yaralımız vardı. Gözlənilməz oldu düşdüyümüz vəziyyət. Tankları gördük, əlində bayraq tutan əsgər dilimizdə tərtəmiz danışırdı. Elə bildik özümüzünkülərdi. Birdən atəş başladı. Erməni tankları ilə üz-üzə qaldığımızı anladıq. Çox ağır döyüş idi, çox itki verdik. Amma geri çəkilmədik. 12 tankla necə döyüşmək olar? Müharibənin dəhşətini elə bil onda gördük. Əsgərimiz Əliyev Cavid qumbara atanla öndəki tankı vurmasaydı, bir nəfər də o mühasirədən salamat çıxmazdı. 56 yaralı, 16 şəhidimiz oldu.
Bütün şəhidlərimizin ruhu bizimlədi. Bu oğulları böyüdən anaların qarşısında diz çökürəm".
Həmin döyüşdə Cavid Bayramov da şəhid olur. Tutduqları mövqedən geri çəkilməyən oğullarımız tankların qarşısına canlarını sipər edirlər. Mərmi Cavidin köksünü yarıb ürəyini tənindən ayırsa da, Vətən torpağından qopara bilməyib.
"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan Cavid Bayramovun ürəyi həmin döyüşdə Füzuli torpağına qarışdı - Vətən oldu! İndi hər yerdə Cavid kimi igidlərimizin ürəyi döyünür.
P.S. Cavidin sevdiyi olub. Bu barədə
danışmasa da, valideynləri hiss edib.
Binəqədi rayon Şəhidlər xiyabanının gözətçisi
arada bir qızın Cavidin görüşünə gəldiyini
deyib. Ata-ananın
baxışları o qızı
axtarır, "o qızı
tapın" deyir... Ürəyimdən keçdi ki,
kaş o qız bu yazını oxuya. Bəlkə, o qızı tapdım...
Kamalə
ABİYEVA
525-ci qəzet.- 2022.- 29 iyun.- S.24.