Şəhid Ceyhun
dastanına göz yaşım - söz yağışım
Ceyhun Şalıyev
Qarabağ torpaqlarımız
uğrunda - II Qarabağ
müharibəsində Şəhid
olan 3000 igid oğlumuzdan - qardaşımızdan
biridir. Torpaqlarımızın işğal altında
qalmasına dözməyən
minlərlə igidimizdən,
səfərbərlik elan
edilən günü cəbhəyə yollanan gənclərimizdən biri
idi. Müharibəyə
gedən ölümü
gözünə alıb
gedir: "ya Qazi, ya da
Şəhid olacam. Namusla, şərəflə vuruşacam"
- deyə and içən
oğullardan biri olub.
Uca Allah onun
qismətinə 26 yaşında
Şəhidlik taxtı
yazdı. Cəbhəyə gedəndən 3 gün
sonra (27 sentyabr - 01 oktyabr) Şəhidlik şərbətini başına
çəkdi, 44 gün
Qarabağ səmasında
dolandı və sonra üz tutdu
gəldiyi göylərə.
Atası Şalıyev Nüsrət
I Qarabağ müharibəsinin
iştirakçısı olub. O zaman əliyalın Ordumuz bir şey edə
bilmədi və aradan 30 il sonra
II Qarabağ Müharibəsində
torpaqlarımızı məhz
həmin ataların oğulları işğaldan
azad etdilər - qanları, canları bahasına, haqqınız
ödənməz, əziz
ceyhunlar.
Ceyhunun tərcümeyi-halına nəzər
salıram: orta məktəbi əla qiymətlərlə bitirib,
ali təhsil
alıb, gözəl rəssamlıq qabiliyyəti
varmış, bacarıqlı
idmançı olub
... Bir sözlə, zəkası,
biliyi ilə hamının qibtə etdiyi, fərəh duyduğu oğul olub. Bütün ömürlüyü bu kitabda səhifələnib.
Tanış olduqca qürurlanacaqsınız
ki, bəli, torpaqlarımızı düşmən
tapdağında məhz
belə oğullar azad edə bilərdi.
Qarşınızdakı bu kitab Ceyhunun
Anasının - Sədaqət
xanımın dili ilə yazılıb. Xalası Rəna
müəllimə yazıb.
Başdan ayağa ağıdır,
fəryaddır, hıçqırıqdır,
nalədir, göz yaşı, dünyaya üsyandır. Ceyhunun keçdiyi
həyat yolunu, Vətən məhəbbətini, sevdalı
günlərini, dost-yoldaş
arasındakı hörmətini,
ləyaqətini, etibarını,
ata-ana sevgisini, xalaya-dayıya olan mehr-məhəbbətini muncuq
kimi sözə düzüb. Düzü birnəfəsə oxumaq olmur, 200 səhifəlik dərddən naxışlanmış
essedir: yaralı, bayatı düzümlü.
Mərsiyyənin nəzmlə yazıldığını
bilirdim, amma onun nəsrlə yazıldığını ilk dəfə Rəna xanımın bu nakam taleyə həsr etdiyi yazısında - kitabında
gördüm. Esse də
demək olar, amma yox, ağıdır,
mərsiyyədir. Müəllifin
- "Bu dərd yatdım,
durdum, ağacdan başıma alma düşdü və qeybdən ağlıma fikir gəldi kimi bir şey
deyil. Yazdığım
hekayəni yaşadım,
sonra yazmaq qərarına gəldim"
- bu cümləsinə
ağlımın, ürəyimin
harasındasa yer etmək istədim, tapa bilmədim: Rəna xanım, sizin böyük qəlbiniz, qoymağa yer tapmadığınız
ürəyiniz məni
heyrət içində
qoyub. Nə ağır karvana
sarbanlığı boynunuza
çəkmisiniz. Bir ömür
boyu sizi tərk etməyəcək
bir sızıltının,
odun-alovun içinə
atmısınız özünüzü.
Dərdə bu qədər
şəriklik çox
ağırdır, 32 ildir
mən də belə bir yükün
altındayam. O dərd
yükünün səndən
qopmağına da qıymırsan.
Rəna xanım ailələrinin Ceyhun ağrısını
ona görə anasının dili ilə yazıb ki, ana bəlkə
bir hovur sakitləşə, Ceyhun dərdinin daha dərd yox, tarix olduğuna toxtaqlana, əgər mümkünsə, bəlkə,
zaman hər şeyə məlhəmdir.
Əziz
Ceyhun, Ana torpağın
qoynunda rahat uyu, sən bu
xalqın, türk qövmünün qəlbində,
ruhunda əbədi yaşayacaqsan, sən ölməzlərdənsən, And
yerimizsən.
Ülvilər sırasındakı ruhun mübarək, ölməz Ceyhun!
Almaz ÜLVİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2022.- 29 iyun.- S.24.