Uşaqlar üçün zövqlü
şeir sovqatı
Uşaqlar surəti olan, lakin hələ
yazılmamış əsərdir. Əvvəl özləri
yaranır, sonra öz dünyalarını yaradır. Həyatın ən unudulmaz və əvəzolunmaz
dövrü olan uşaqlıq dünyanın sevinc mənbəyidir.
Bu sevinci artıran zəruriyyətlərdən
biri də uşaqlar üçün yazılmış əsərlərdir.
Uşaqlar üçün ideal hekayə, kitab və
ya elm yoxdur. Onların zövqlərinin və
fikirlərinin fərqli olduğu üçün oxumaq
üçün seçdiyi mövzular da rəngarəngdir.
Biz böyüklər uşaqları sevdiyimiz
kimi, onlara oxumağı da sevdirməliyik. Uşaqlar
böyüklərdən diqqətli olduğu üçün
onların beyinlərində gördükləri hər məsələ
haqqında daha tez fikir formalaşır. Hər
xırda detallar haqqında onlarda maraqlı suallar yaranır.
Onlar dünyanın dürüst
çağlarında olduqları üçün yalnız həqiqətləri
görmək və eşitmək istədikləri kimi,
oxuduqlarının cəmiyyətlə, təbiətlə əlaqəsini
axtarır. Qəhrəmanı özləri
olan bu əsərlər uşaqlar üçün doğma və
maraqlı olmaqla yanaşı, həmçinin, ibrətamiz
olmalıdır. Dünyanın ən maraqlı
kitabları əsrlərlə marağını itirməyən
uşaqların dünyasına həsr olunmuş əsərlərin,
Lüis Kerollun "Alisa möcüzələr
diyarında", Redyard Kiplinqin "Mauqli", Joze Qomes
Ferreyranın "Cəsur Joanın qəribə macəraları",
təyyarəçi-yazıçı Antuan de
Sent-Ekzüperinin "Balaca şahzadə" adlarını
çəkmək olar.
Azərbaycan
ədəbiyyatı tarixində uşaq ədəbiyyatı
"Kitabi-Dədə Qorqud", "Koroğlu", dastanlarındakı ailə mədəniyyəti,
qəhrəmanlıq motivləri əsasında yaranan hekayət
və nağıllarla başlasa da, XIX-XX əsrdə
formalaşmışdı. Bu dövrlərdə Rəşid
bəy Əfəndiyevin, Sultan Məcid Qənizadənin, Seyid
Əzim Şirvaninin, Firudin bəy Köçərlinin,
Abdulla Şaiqin, Abbas Səhhətin uşaq ədəbiyyatının
inkişafında və dərsliklərin yaranmasında
böyük xidmətləri olub.
Maarifçilik
ideologiyası ilə uşaqların təhsili
üçün faydalı nəsihətlər yazan Abbasqulu
ağa Bakıxanovun 102 nəsihətdən ibarət "Nəsihətnamə"sində
Azərbaycan folklorunu yaşadan atalar sözü və zərb
məsəllərinə pedaqoji yönümdən işıq
salınmışdı. Hüseyn Cavidin "Qız məktəbi"
şeiri isə bütün məktəbli qızlara, müəllimlərin
dilindən nəsihət oldu: "Kimdir onlar? Anam, babam, müəlliməm,
bir də bütün insanlar..."
Dövlətçiliyimizin tarixində uşaqların və
gənclərin təlim-tərbiyəsi mühüm yer tutur. Bu səbəbdən
uşaqların təhsilində onların qiraətinə
xüsusi önəm verilmişdir. Müstəqilliyimizin
bərpasından sonra Ümummilli lider Heydər Əliyevin
uşaqlara qayğısı sayəsində əsası
qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə
onların ahəngdar inkişafı naminə yönəlmiş,
milli dəyərlər əsasında təşkil olunub.
Lakin müstəqilliyimizin ilk illərində
torpaqlarımızın mənfur düşmənlər tərəfindən
ədalətsizcəsinə işğalı həmin
dövrün uşaqlarının yaddaşlarında acı
xatirələr yaratmışdı.
"20 Yanvar" (1990), "Xocalı faciəsi"
(1992), "Aprel döyüşləri" (2016) və
ümumiyyətlə, Birinci Qarabağ müharibəsi illərində
yaşayan uşaqların ürəklərində, beyinlərində
qara qan yaddaşı formalaşmışdı.
Təsadüfi
deyil ki, məhz həmin uşaqlar Ali Baş
Komandanımızın əmri ilə düşmən
mövqeyinin növbəti təxribatı zamanı 44 gün ərzində
vuruşaraq, Azərbaycan torpaqlarının ərazi
bütövlüyünü bərpa etməyə nail oldular. Təbii ki, bütün proseslər ədəbiyyatın,
xüsusilə də poeziyanın naif çiyinlərinə
çökdü. İkinci Qarabağ
müharibəsi dövründə, dinc əhalinin
yaşadığı ərazilərdə müxtəlif təxribatlar
nəticəsində erməni qəsbkarları ağır
cinayətlər törədərək, Bərdəni (27-28
oktyabr, 2020), Gəncəni (4 oktyabr, 2020) ballistik raket atəşinə
tutmuşdu. İnsanlıq əleyhinə
yönəlmiş bu hadisələrdə müxtəlif
yaş qrupuna aid uşaqların şəhid olmasını
ürək ağrısı ilə qeyd etmək istərdim.
Məhz bu dövrdə uşaqları unutmayan, dünyaya
onların gözü və ruhu ilə mühafizəkarcasına
yanaşan şair və yazıçılarımızın əsərləri
olduqca qiymətlidir. Bu baxımdan
İbrahim Yusifoğlunun şeirlərini xüsusi dəyərləndirmək
istərdim.
Bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi
günü ərəfəsində İbrahim Yusifoğlunun
"Qıymayın uşaqlara" adlı şeirlər
kitabı nəşr olunub. Kitabın redaktoru AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı
şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə
Akimova, rəyçi AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Vüqar Əhməd, ön sözün müəllifi
həmin institutun aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanova,
rəssamı isə Zəhra Əkbərlidir.
Kitaba toplanan şeirlər mövzusuna aid şəkilləri
ilə uşaqlarda maraqlı və rəngarəng təəssüratlar
yaradaraq bədii həqiqətləri əks etdirir.
İbrahim Yusifoğlunun "Qıymayın
uşaqlara" şeirlər kitabı son illərin,
müharibənin acı xatirəsindən və zəfərindən
közərmiş ürəyin yaşantılarıdır. Bu şeirlərdə
şair uşaqlara tuşlanan silahları lənətləyərək
yazır:
Raketləri,
topları
Tuşlamayın
onlara
Tanrıdan
gələn səsdi:
-
Qıymayın uşaqlara!
Şair müharibənin sərt üzü ilə
baş-başa qalmış uşaqları təbiətin ən
gözəl rənginə boyayır. Onların tumurcuq arzularını,
qönçə istəklərini şən
gülüşlərində yaşatmağa
çalışır:
Bu rəngarəng
dünyanı
boyamayın siz qana
ey insan
qatilləri
qıymayın uşaqlara!
(Qıymayın
uşaqlara)
Bu ilin Şuşanın 270 illiyi ilə
əlaqədar "Şuşa İli" elan edilməsi
Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə
və tarixinə verdiyi ali dəyərdir və bu dəyəri
ədəbiyyatımızda yaşatmaq yazıçı və
şairlərin əsərlərində xüsusilə vacibdir.
Şair
"Şuşa" şeirində 30 il əsirlikdə
qalan torpağı balanın anasına qovuşmasına bənzədir.
Şuşa!
Qeyrət, şərəf, qürur şəhəri,
Şəfəqə
dönəcək hər bir səhəri,
Dünyaya
səs salıb dönüş zəfəri
Xoş
müjdə qəlbləri gətirib cuşa,
Bu gün
anasına qovuşur Şuşa!
İbrahim
Yusifli Qarabağın qədim diyarı - uca yaradanın bəxş etdiyi
gözəllikləri ilə şəfəqə bələnən,
dünyada məşhur olan bərəkətli çörəyinin
ətri, qazandığı şöhrəti ilə Ağdam
şəhərinə həsr olunmuş şeirində
Ağdamın başına gələn hadisələrdən
müfəssəl söz açaraq, balaca oxucuları tarixi
proseslərlə tanış edir.
Dünya
gördü: çaqqallar,
Quduzluqda təkdilər.
Taxıl
zəmilərinə
Minaları əkdilər.
Müzəffər,
qalib ordu,
Haraya, dada yetdi.
Yadların
caynağından,
Ağdamı xilas etdi.
O
xalqın övladları xoşbəxtdir ki, yurdunun "Cəngi"si,
"Yallı"sı və "Zəfər nəğməsi"
var. Azərbaycan xalqı uzun illər işğal altında
olan torpaqlarına qovuşdu. Bayrağımız
Bülbülün, Üzeyirin, Xan qızı Natəvanın
yurdunda dalğalandı. Nəğmələrin
ulusu, müqəddəsi olan xoş müjdəli Zəfər
nəğmələri çalındı.
Döyüşlərdə
dönər dəmir yumruğa,
Haya yetən
xilaskar quş Simruğa,
Səslənəndə
qəlblər dönər bir dağa,
Zəfər nəğməsi.
İgidlərlə
o, eyləyər yoxdan var,
Mərd əllərdə
ilmələnər, toxunar,
Azad eldə,
azad dildə oxunar,
Zəfər nəğməsi.
Akademik
İsa Həbibbəylinin yazdığı "İbrahim
Yusifoğlunun poetik dünyası və uğurları" məqaləsi
şairin yaradıcılığı haqqında ümumiləşmiş
fikir yaradır: "Çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan İbrahim
Yusifoğlunun yaradıcılığında poema janrında
yazılmış əsərlərin özünəməxsus
yeri vardır. Janr baxımından onun
poemaları liro-epik əsərlərdir. Şairin
poemalarında seçilmiş həyat hadisələrinin təsviri
ilə lirik düşüncələr bir-birini tamamlayır.
Eyni zamanda, İbrahim Yusifoğlunun uşaqlar
üçün yazdığı mənzum pyeslərdə
ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri,
uşaq dünyasının incəliklərini şairanə
şəkildə təqdim edir. İbrahim
Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında
bu janrda yazılmış ən yaxşı əsərlər
sırasındadır. Onun ən yaxşı uşaq
pyesləri böyük səhnə üçün
faydalı ola bilən əsərlərdir".
El
ozanı Dədə Qorqudun gəzib dolaşdığı, qədim
və zəngin Oğuz torpağı olan Şərur
mahalının Dağlar kəndində cərəyan edən
"Pəhləvanın bağında" mənzum pyesində
yurdumuza göz dikən yağı düşmənin məkrli
işlərindən söz açılır. Əsərin qəhrəmanı
Pəhləvan bəy doğma diyarına pis niyyətlə
yanaşan soyadı "yan"la bitən düşmənlərə
qarşı "Cəngi" sədaları ilə savaş
açır və onları yurdundan uzaqlaşdırır:
Bu el-bu
oba, bu torpaq,
Tanrıdan bizə paydı.
Cıxın
torpağımızdan,
Çaqqallar, haydı, haydı.
Güman edirəm, bu mənzum pyes nə vaxtsa tamaşaya
qoyulacaq və uşaqlara təqdim olunacaq.
"Qıymayın uşaqlara" kitabına toplanan şeirlər "Bu il "Şuşa İli"dir", "Ana Yurdum Azərbaycan", "Ayan gedir məktəbə", "Mənim babam şairdir", "Nəzakət, hörmət, dostluq" adları ilə fəsillərə bölünüb. "Bu il Şuşa ilidir" fəslində şair doğma yurdumuz Azərbaycanın gözəl guşələrini və bu gözəlliklərin düşmən tərəfindən işğalını, amansız istismarını göz önündə canlandırır. Şair bu fəsildə Şuşanın zəfərini, Ağdamın dağıntılarını, Xocalı və 20 Yanvar faciəsində yaşananları uşaqlara təfərrütları ilə anladır. "Ana Yurdum Azərbaycan" fəslində şair Azərbaycanın dilbər guşələrini təsvir edərək, uşaqlarda getmədikləri yerlər haqqında təsəvvürlər formalaşdırır. "Ayan gedir məktəbə", "Mənim babam şairdir", "Nəzakət, hörmət, dostluq" fəslində isə şair uşaqların dünya görüşünün formalaşmasında ailənin, mühitin və onları əhatə edən butün canlı aləmin inikasını səmimi hecalara bölür.
Uşaqlar təbiətin ən saf varlığı
kimi yerlə göyün arasında, dünyanın ən təmiz
haləsində
böyüyür. Onlar böyüdükdə
ayaqları yer üzünə möhkəm bağlanır və
böyüdükcə uca zirvələrə qonub düşməni
göynədən göz dağı olacaq.
Fidan
ABDURƏHMANOVA
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 29 iyun.- S.23.