Türklər Ərəb Xilafətinin
dövlət və ordu idarəçiliyində
Yeni
bir din və ya mədəniyyətin qəbulu nəticəsində
cəmiyyət içərisində inanc, düşüncə
və yaşam tərzində meydana gələn dəyişiklik
və inkişaf bir etnosun tarixində ən mühüm hadisə
kimi xarakterizə olunur. Həqiqətdə din dəyişmə və yaxud yeni
dinin qəbulu bir fərdin və ya xalqın həyatında
qarşılaşdığı ən ciddi fakt və önəmli
hadisədir. Çünki bir dindən
çıxmaq və yaxud bir dini qəbul etmək yeni bir həyat
tərzinin başlanğıcı deməkdir. Bu baxımdan türklərin islamiyyəti qəbulu,
türk dünyasında yeni bir sivilizasiyanın və
dünyagörüşün əsasını qoymuş,
siyasi, sosial-iqtisadi və maddi-mənəvi dəyərlər
sistemində nəzərəçarpacaq dərəcədə
dəyişikliklər meydana gətirmişdir.
Azərbaycan
və Qafqaz bölgəsində islamiyyətin yayılması
İslam dini 630-cu ildə Ərəbistan
yarımadasında təşəkkül tapsa da, türklərin
ərəblərlə birbaşa təmasları və
türklər yaşayan bölgələrdə İslam
dininin yayılması əsasən ikinci xəlifə Ömər
dövrünə (642-644) təsadüf edir.
642-ci ildə Nihavənd və Həmədan
döyüşlərindən sonra Sasani imperiyasına
ağır zərbə vuran ərəb orduları şimala
doğru Azərbaycan (Atropatena) istiqamətində hərəkət
etdilər. VII əsrin ortalarında Azərbaycanın cənub
hissəsi (Atropatena), 705-ci ildə isə Azərbaycanın
şimalı (Albaniya) tamamilə ərəblərin nəzarətinə
keçdi. Beləliklə, Azərbaycan
Ərəb xilafətinin tərkibinə qatıldı.
Ərəblər Azərbaycan ərazilərini ələ
keçirdikdən sonra Dərbənddən şimalda olan Xəzər
türklərinin torpaqlarını da tutmağa cəhd
göstərdilər. Xəzər-ərəb müharibələri
VII əsrin II yarısından IX əsrin I yarısına qədər
fasilələrlə davam etmişdi. Əsasən
Azərbaycan, Dağıstan və onlara bitişik digər ərazilərdə
baş verən Ərəb-Xəzər müharibələrində
strateji baxımdan Azərbaycanın böyük rolu
olmuşdu.
Azərbaycanın
Ərəb xilafətinin tərkibinə qatılması və
Şimali Qafqaz istiqamətində baş verən
yürüşləri bu bölgələrdə İslam
dininin yayılmasına səbəb oldu. Ərəb sərkərdəsi,
xilafətin Azərbaycan canişini Məsləmə ibn
Əbdülmalik hicri tarixi ilə 115-ci ildə (miladi
733-734-cü il) tarixi Azərbaycan şəhəri
olan Dərbənd şəhərində Qafqazda ilk cümə
məscidi olan ümumşəhər Cümə məscidini
inşa etdirdi. Həmçinin, Məsləmə
ibn Əbdülmalik 743-cü ildə Şamaxı şəhərində
Qafqazın ikinci cümə məscidini tikdirmişdi.
Xorasan və
Türküstan bölgəsində İslamiyyətin
yayılması
642-ci ildə
qazanılan və İslam tarixində "Fəthul-fütuh"
(fəthlər fəthi) adlanan Nihavənd qələbəsindən
sonra ərəb ordusunun bir qolu Azərbaycan və Qafqaz istiqamətində,
digər bir qolu isə ərəb sərkərdəsi Əhnəf
ibn Qeys komandanlığında Xorasan istiqamətində Mərvə
doğru hərəkət etdi.
Sonuncu sasani hökmdarı III Yezdəgərd Ceyhun
çayının şimalına keçərək Türk
Xaqanından kömək istədi. Lakin ərəb
qoşununa məğlub olaraq geri çəkildi.
Ərəb
tarixçisi ət-Təbəri (840-923) "Tarix ər-rusul və
əl-muluk" ("Peyğəmbərlərin və
hökmdarların tarixi") əsərində qeyd edir ki,
"Hz. Ömər öncə Əhnəf ibn Qeysin
qazandığı qələbələrdən duyduğu məmnunluğu
dilə gətimiş, ancaq daha sonra türk ordusu ilə
qarşı-qarşıya gələcək müsəlman əsgərlərinin
itki verməsindən narahat olaraq "keşkə Xorasana ordu
göndərməsəydim, keşkə Xorasanla aramızda
oddan bir dəniz olsaydı demiş və Ceyhun
çayını keçərək fəthlərə davam
etmək istəyən Əhnəfə "Qətiyyən
çayın qarşı tərəfinə keçməyin,
dayandığınız yerdə qalın" deyə xəbər
göndərmişdi.
Xəlifə ömərin ölümündən (644)
sonra Xorasan və Toxaristanda baş verən siyasi
qarşıdurmalar nəticəsində bəzi şəhərlər
türklər tərəfindən geri alınsa da, Abdullah ibn
Əmir daha sonra bu bölgəni təkrar ələ
keçirmişdi.
Xorasanda və Türküstan bölgəsində
İslamiyyətin yayılması Ərəb xilafətində
əməvilər sülaləsinin hakimiyyəti
dövründə (661-750) də davam etmişdi.
663-664-cü illərdə Əbdürrəhman ibn Səmunə
Sistan bölgəsinə yürüş edərək Kabil, Bəlx
və Büst şəhərlərini ələ keçirdi. Bu ərəfədə
ərəb sərkərdəsi Abdulla ibn Səvvar Sind bölgəsinə
yürüş etsə də, türklər tərəfindən
məğlub edilərək geri çəkli. Lakin yeni ərəb sərkərdəsi Mühəlləb
ibn Sufra 664-cü ildə türkləri məğlub edərək
Sind bölgəsində İslam hakimiyyətini bərqərar
etdi. Bu dövrdə ərəblər Mərv və ətraf
şəhərlərdə böyük ordugah quraraq, Kufə
və Bəsrədən 50 min nəfər əsgər gətirmiş,
Xorasanın Mərv, Herat, Nişapur kimi şəhərlərində
yerləşdirmişlər. Artıq
Türküstana edilən hərbi yürüşlər
buradan idarə olunurdu.
671-ci ildə Xorasan valisi Rəbi ibn Ziyad əl-Harisi Bəlxdə
başlayan bir üsyanı yatırdıqdan sonra Kuhistan üzərinə
bir yürüş etdi və Eftalit türklərini məğlub
edərək Ceyhun çayına qədər irəlilədi. Burada Eftalit
hökmdarı Nizek Tarxanı məğlub etdi.
707-ci ildə ərəblər Soğd, Kiş və Nəfəs
şəhərini ələ keçirib Buxara istiqamətində
yürüşə başladı və Buxaranı mühasirəyə
aldı. Buxaranın mühasirəsi zamanı Türkeş
Xaqanının və Səmərqənd hakimi Tarhunun rəhbərlik
etdiyi birləşmiş Türk ordusu köməyə gəldi.
Baş verən şiddətli döyüşdən
sonra ərəblər qələbə çaldılar.
Bu məğlubiyyətdən
sonra Buxara hakimi ilə əldə edilən razılaşmaya
görə, buxaralılar tərəfindən Xilafət
sarayına ildə 200 min, Xorasan valisinə isə 10 min dirhəm
vergi ödənəcək və şəhərdə müsəlman
mühafizəçiləri yerləşdiriləcəkdir.
Beləliklə, Buxarada islam hakimiyyəti bərqərar
oldu (707-708).
Buxaranın fəthi ilə Mavərənnəhr
qapıları İslam ordusunun üzünə
açılmış oldu. Səmərqən
hakimi Tarhun ərəb sərkərdəsi Küteybə ilə
müəyyən şərtlər daxilində
razılaşma əldə edərək ərəb hakimiyyətini
qəbul etdi. 711-712-ci illərdə Xarəzm,
Şaş və Fərqanə bölgəsi də ərəb
ordusu tərəfindən fəth edildi.
Xəlifə I Validin ölümündən (715) sonra ərəblərin
Türküstan bölgəsində siyasi hakimiyyəti qismən
zəiflədi. Xorasan valisi Müslim ibn Səid
Türküstanda ərəblərin siyasi mövqelərini
möhkəmlətmək üçün 723-724-cü ildə
yürüşə başladı. Daşkənt
üzərinə yürüş edən ərəb ordusu
Türkeş Xaqanı Su-lu Xaqanın müqaviməti nəticəsində
geri çəkildi. Onları təqib edən
türk əsgərləri Seyhun çayı sahilində
onlara çatdılar. "Yevmul-Atş"
döyüşü adı ilə tarixə düşən
savaşda ərəblər ağır məğlubiyyətə
uğradılar. Bu hadisə Mavərənnəhrdə
ərəb hakimiyyətinə güclü zərbə vurdu.
Türklər itirdikləri torpaqları geri almaq
üçün səfərbər oldular. Ərəblər bir neçə dəfə Mavərənnəhrə
yürüş təşkil etsələr də,
türkeşlər tərəfindən məğlub edildilər.
Bu dövrdə ərəblərin türklər
yaşayan bölgələrdə həyata keçirdiyi
yanlış iqtisadi və vergi siyasət də İslamiyyətin
yayılmasında ciddi problemlər yaradırdı.
720-ci ildə ərəblərin Xorasan valisi təyin
edilmiş Səid ibn Harisin türklərin üsyanını
yatırdıqdan sonra onları təqib edərək
öldürmək istəyən ərəb
döyüşçülərinə dediyi, "Qətiyyən
onları təqib etməyin. Onlar Möminlərin
Əmirinin vergi qaynağıdırlar. Onların
öldürülməsi verginin yox olması deməkdir"
fikirləri də Xilafətin əyalətlərdəki
qeyri-humanist və qeyri-islami siyasətinin bariz göstəricisi
idi.
Ərəb xəlifələrinin və ərəb valilərinin
əyalətlərdəki yanlış siyasəti hələ
insanlar tərəfindən tam mənimsənilməmiş
İslam dəyərlərinə və xilafətə
qarşı aqressiya yaradır, həmçinin, bu bölgələrdə
hələ də hökm sürən islamaqədərki dinlərin
öz mövqelərini qorumasına səbəb olurdu. Heç də təsadüfi
deyildi ki, Azərbaycan, Xorasan və Türküstanda ərəb
zülmünə qarşı baş verən, ümumi adla
Xürrəmiyyə hərəkatı adlandırılan bu hərəkatlarda
dini-ideoloji çalarlarla yanaşı, sosial-iqtisadi istismara
qarşı etiraz amilinə də rast gəlinirdi.
Türküstan bölgəsində İslamiyyətin hərb
gücünə yayılmasının olduqca çətin
olduğunu anlayan Xəlifə Hişam ibn Əbdülməlik
(724-743) Türkeş xaqanı Su-lu xaqana bir elçi heyəti
göndərərək İslama dəvət etdi. Lakin Xaqan bu təklifi
qəbul etmədi.
Artıq VIII əsrin ortalarına doğru ərəblər
türk bölgələrində yeni fəthlər əvəzinə
yerli əhali ilə daha çox ticarət və mədəni
əlaqələr qurmağa üstünlük verirdilər. Ərəblərin
bu fəaliyyəti İslam dininin yayılması
üçün daha münbit şərait yaradırdı.
Bu bölgələrdə İslamı qəbul
edən türklər öz irqdaşlarını da yeni dini qəbul
etməyə təşviq edirdilər. Bu təbliğatın
nəticəsi idi ki, artıq Orta Volqa bölgəsindəki
Bulqarlar və Mavərənnəhr xalqı öz istəkləri
ilə İslam dinini qəbul etmişdi.
Türk xalqları yaşayan bölgələrdə
İslam dininin yayılmasında Xəlifə Ömər ibn
Əbdüləzizn (717-720) həyata keçirdiyi dini siyasətin
də böyük rolu var idi. O, əvvəlki xəlifələrdən
fərqli olaraq Mavərənnəhr və Türküstanda qənimət
məqsədilə həyata keçirilən fəthləri
dayandırdı. Onun məqsədi yerli xalqla
normal münasibət qurmaq və İslam dininin
könüllü olaraq yayılmasını təmin etmək
idi. Bunun üçün yerli xalqın təhqir
edilməsini və əlavə vergilərin
alınmasını qadağan etdi. Bu məqsədlə
xəlifənin Xorasan valisi Cərrah ibn Abdullaya göndərdiyi
məktubda, "İslamiyyəti qəbul edənlərdən
alınan cizyə və xəracın ləğv edilməsini"
tələb etdi. Xəlifənin bu
addımı Mavərənnəhr və Türküstan
bölgəsində İslam dininin sürətlə
yayılmasına səbəb oldu.
Ümumiyyətlə, Abbasilərin hakimiyyəti
dövründə (750-1258) ərəblərin türklər
yaşayan bölgələrə hərbi yürüşləri
olmadı. Bu dövrdə Türküstan bölgəsində
baş verən ən ciddi hadisə türk və müsəlman
tarixində olduqca böyük önəm daşıyan Talas
meydan savaşı idi.
Abbasilər hakimiyyətə gəldikləri zaman Qərbi
Türküstanda siyasi mövqelərini gücləndirməyə
çalışan çinlilərlə
qarşılaşdılar. Bu dövrdə Qərbi
Türküstanda güclü türk dövləti
olmadığı üçün çinlilərin bölgəyə
siyasi təsiri güclənmişdir. Bu da
Türküstan uğrunda ərəb-Çin
qarşıdurmasına səbəb olmuşdur.
Türküstanda türk siyasi hakimiyyətinin zəifləməsindən
istifadə edən Çinin Kuça valisi 747-ci ildə
böyük bir ordu ilə Mavərənnəhr üzərinə
yürüş edərək, Daşkəndə qədər
irəlilədilər və Daşkənd hakimi Bağatur
Tudunu öldürdülər. Daşkənd hakiminin
oğlu karluklardan və ərəblərdən kömək
istədi. Abbasilərin Xorasan valisi Əbu
Müslim Ziyad ibn Saleh çinlilərə qarşı
böyük bir ordu göndərdi. 751-ci ilin iyul
ayında Talas (Alma-ata
yaxınlığında) şəhəri
yaxınlığında qarşılaşan ərəb-türk
və Çin ordusu arasında baş verən beş
günlük savaşda Çin ordusu ağır məğlubiyyətə
uğradı. Xüsusilə
döyüşün son günündə karlukların arxadan
Çin ordusuna vurduğu ağır zərbə
döyüşün taleyini həll etmişdir. Bu döyüşdə 70 minlik Çin ordusunun
böyük bir qismi məhv edilmiş, 20 min
döyüşçü əsir
götürülmüşdür. Çin
ordusunun başçısı Kao-Sien kiçik bir qüvvə
ilə qaçıb canını qurtara bilmişdir. Talas qələbəsi nəticəsində Qərbi
Türküstan bölgəsi Çin təhlükəsindən
tamamilə xilas oldu. Bu qələbədən
sonra bölgədə zəifləmiş türk nüfuzu
yenidən güclənmiş, nəticədə 766-cı ildə
karluk türkləri yeni bir dövlət yaratmışlar.
Həmçinin, türk-ərəb qoşununun
Talasda qazandığı bu qələbə türk
xalqları arasında ərəblərə olan inamı
möhkəmləndirmiş və İslamiyyətin
könüllü yayılmasına böyük imkan
yaratmışdır.
Talas savaşı zamanı əsir alınan çinlilərdən
istifadə edilərək Səmərqənddə
kağız istehsal edilməyə başlanmış, bu sənaye
məhsulu Bağdad, Misir, Siciliya, İspaniya vasitəsilə
Avropaya yayılmışdı.
Ümumiyyətlə, İslamın
yayılışı dövründə ərəblər
Türküstan bölgəsini tamamilə ələ
keçirə bilmədilər. Lakin bu dövrdə
bölgənin siyasi və mədəniyyət mərkəzlərindən
olan Buxara, Səmərqənd, Daşkənd, Peykənt, Xarəzm
kimi şəhərlər ərəblərin nəzarətinə
keçdi və sonrakı dövrlərdə bu şəhərlər
müsəlman dünyasının siyasi və dini mərkəzlərindən
birinə çevrildilər.
Ərəb
Xilafətinin idarəetmə və ordu sistemində türklərin
rolu
Əməvilərin hakimiyyəti dövründə
Ərəb Xilafətinin idarəçiliyində əsasən
ərəblər təmsil olunurdular. Lakin idarəetmə sistemində az sayda qeyri-ərəb mənşəli məmurlara
da rast gəlinirdi. Xüsusilə ordu sistemində
ərəb olmayan xalqların nümayəndələri xidmət
edirdilər. Abbasilərin hakimiyyəti
dövründən etibarən xilafət idarəçiliyində
məvalilərin (qeyri-ərəblərin) təmsilçiərinin
sayı artdı.
Xilafətin ilk vaxtlarında türklərin əsasən
ordu sistemində mövcudluğunu görürük. Ərəblərin
türk bölgələrinə yürüşləri
zamanı əsir düşən və yaxud qənimət
olaraq alınan çox sayda türkü orduda xidmətə
götürdükləri məlumdur.
674-cü
ildə I Müaviyənin Xorasan valisi Übeydullah ibn Ziyad
Buxara hakimi məlikə Kabaç Xatun ilə əldə
etdiyi razılaşma nəticəsində, Buxaralı iki min
türk gənc döyüşçü savaş qəniməti
olaraq Bəsrəyə gətirilmiş və öz adları
ilə adlandırılan Buxaralılar məhəlləsində
(əs-Sikkətül-Buxariyyə) yerləşdirilmişdi. Tarixi qaynaqlarda, Xəlifə Osmanın oğlu Səid
ibn Osmanın Səmərqənddən Bəsrəyə gətirdiyi
minlərcə türk gənci haqqında da məlumatlar
vardır.
Ərəb mənbələrində, mərkəzi əyalətlərə
gətirilən bu türk döyüşçülərdən
yerli üsyanların yatırılmasında istifadə edildikləri
haqqında məlumatlar vardır.
Abbasilər dövründə türklərin xilafət
idarəetmə sistemində və orduda nüfuzları daha da
artdı. Abbasilərin hakimiyyətə gəlməsində
mühüm rol oynayan türk əyanları Məhəmməd
ibn Sul, Tarhun ibn əz-Zai, Tarhun əl-Cəmmal, abbasi idarəçiliyində
önə çıxan ilk türk əyanlarıdır.
Talas savaşında (751) türk-ərəb
etimadının güclənməsi Abbasi idarəçiliyində
və xilafət ordusunda türklərin nüfuzunun yüksəlməsinə
səbəb oldu.
Tarixçi əs-Səmaninin məlumatına görə,
ilk dəfə türklərə dövlət xidmətində
vəzifə verən xəlifə Cəfər əl-Mənsur
(754-775) olmuşdur. Onun dövründə idarəçilikdə
təmsil olunan türklər arasında Züheyr ət-Türki,
Mübarək ət-Türki və Həmmad ət-Türkinin
adları məlumdur.
Türk əyanları içərisində ən
nüfuzlu şəxslərdən biri olan Mübarək-ət-Türki
əl-Mənsurun xəlifəliyi dövründə
böyük nüfuz sahibi olmuşdu. O, xəlifə Mehdi-Billahın
(775-785) və Hadinin (785-786) dövründə də vəzifədə
olmuşdur. Mübarək ət-Türki xəlifə
Mehdi tərəfindən Qəzvin canişini təyin
edilmiş, o, burada Mübarək (Mədinat əl-Mübarək)
şəhərinin əsasını qoyur. Onun oğlu
Abdulla bin Mübarək bütün müsəlman aləmində
məşhur idi. Mübarək ət-Türki
786-cı ildə Mədinədə imamilərin
üsyanını yatırmağa göndərilmiş, lakin
müvəfəqiyyət qazana bilmədiyi üçün
bütün əmlakı xəlifə Hadinin əmri ilə
müsadirə edilmişdi.
Mənbələrin məlumatlarına görə, Harun ər-Rəşidin
(786-809) mühafizə dəstəsi tamamilə türklərdən
ibarət idi.
Həmçinin, xəlifə Harun ər-Rəşid Bizansla sərhəddəki
Suğur bölgəsinə türk
döyüşçülərini yerləşdirərək,
Əbu Süleym Fərəc əl-Hadim ət-Türkini bu
bölgələrin ümumqoşun başçısı və
valisi təyin etmişdi.
Xəlifə Məmun (813-833) xilafət hakimiyyətində
İran mənşəli bürokratiyanın mövqeyinin
güclənməsinin qarşısını almaq
üçün türklərin xidmətlərindən
geniş şəkildə yararlanmışdır. Xəlifənin
bu mövqeyi türklərin abbası hakimiyyətində
mövqeyini xeyli artırmışdı.
Xəlifə Məmun qardaşı Mötəsimin vasitəsilə
xilafət ordusuna və xəlifənin mühafizə dəstələrinə
türk ölkələrindən çoxlu sayda muzdlu əsgər
cəlb etmişdi.
Tarixçi Yaqubi qeyd edir ki, "Məmunun xəlifəliyi
zamanında Mötəsim məni Nuh ibn Əsəd ibn
Samanın yanına göndərdi. Hər il bir
miqdar türk toplayıb Mötəsimə göndərirdim.
Beləliklə, Məmunun xidmətində təqribən
üç min türk əsgəri xidmətə cəlb
edildi".
Tarixi məlumatlara görə, Xorasan valisi Abdullah ibn
Tahir xilafət mərkəzinə bölgənin xəracını
göndərərkən oğuzlara mənsub iki min əsiri də
yollamışdı. Qısa zamanda bunların Bağdadda
sayı 18 min nəfərə çatmışdı. Xəlifə Məmun bu əsgərlərdən
Bizansa qarşı səfərlərdə və
üsyanların yatırılmasında istifadə edirdi.
Xəlifə Məmunun ordusunun sərkərdələrindən
olan Afşin, Əşnas ət-Türki, Boğa əl-Kəbir,
Hakan Urtuc türk əsilli sərkərdələrdən idi.
Qeyd edək ki, Xəlifə Mötəsimin hakimiyyətə
gəlməsində (833-842) türk əyanlarının
önəmli rolu olmuşdu. Onun dövründə
türklər xilafət ordusunda böyük təsirə malik
oldular. Bu dövrdə on minlərlə
türk öz vətənlərini tərk edərək
İslam ordusuna qatılmışdı.
Xəlifə Mötəsim türklərin (sayları təqribən
25-30 min) Bağdad əhalisi ilə münasibətlərinin gərginliyindən
ehtiyat edərək, 836-cı ildə Samirə şəhərini
saldırdı və paytaxtı bura köçürdü. Artıq bu
dövrdə türklər ərəb xilafətində
imtiyazlı bir təbəqə halına gələrək xəlifə
üzərində böyük təsirə malik idilər.
İslam tarixinə Samirə dövrü kimi
düşən bu dövr (836-892) ərəb xilafətində
türk hakimiyyətinin zirvə mərhələsi kimi
xarakterizə olunur.
Mötəsimlə başlayaraq digər səkkiz xəlifə
dövründə də davam edən 56 illik (836-892) bu
dövrdə türklər təkcə hərbi sistemdə
deyil, siyasi və dövlət idarəçiliyində də
böyük mövqelər əldə etdilər. Türk
bürokratiyasının siyasi mövqelərinin güclənməsi
ərəb elitasını ciddi narahat edirdi. Bu səbəbdən türk əyanlarla digər
siyasi qruplar arasında gizli və ya açıq mübarizə
gedirdi. Bu dövrdə Afşin (841),
İnak ət-Türki (849), Vasif ət-Türki və digər
türk əyanlarının qətlə yetirilməsi
qruplaşmalar arasında baş verən gizli və
açıq mübarizənin məntiqi nəticəsi idi.
Türklərə qarşı başlanan bu hərəkatın
hədəfi xəlifə Mötəsim idi. Ərəb
elitası türk elitasını himayə edən xəlifə
Mötəsimi hakimiyyətdən uzaqlaşdıraraq türklərin
siyasi mövqelərini zəiflətməyə
çalışırdı.
Mötəsimin yerinə keçən Vasıq (842-847) də
türkləri himayə edərək onların dövlət
sistemindəki mövqelərini qorudu. Türklərin dəstəyi
ilə hakimiyyətə gələn Mütəvəkkil
(847-862) türk əyanlarından ehtiyat edir onların
mövqelərini zəiflətməyə
çalışırdı. Bu dövrdə
dövlətin ən güclü şəxslərindən
biri İnak ət-Türki hiylə ilə
öldürüldü (849). Xəlifə
Mütəvəkkil bu siyasətini davam etdirərək
onları mühafizə dəstələrindən və
ordudan uzaqlaşdırır, onların yerinə digər etnik
ünsürləri yerləşdirirdi.
Xəlifə Mütəvəkkilin bu siyasətinin
qarşısını almaq istəyən türk əyanlar
ona sui-qəsd təşkil etsələr də, lakin əslən
türk olan Boğa əl-Kəbirin müdaxiləsi ilə bu
sui-qəsd uğursuzluqla nəticələndi. Lakin bir müddət sonra
Boğa əs-Sağır, Musa ibn Boğa əl-Kəbir, Harun
ibn Suvartəkin, Bağır ət-Türkinin təşkilatçlığı
ilə Xəlifə Mütəvəkkil
öldürüldü (861).
Xəlifə Müntəzirin hakimiyyətə gəlişi
(861-862) türk əyanlarına qarşı münasibəti dəyişdi. Bu dövrdən
etibarən siyasi qruplar arasında mübarizə daha da gücləndi.
Bu dövrdə türk əyanları öz
mövqelərini qoruyub saxlasalar da, 889-890-cı illərdə
yenidən paytaxtın Bağdada köçürülməsi
xilafət idarəçiliyində türklərin mövqeyinə
böyük zərbə vurdu.
Xəlifə Razinin (934-940) 936-cı ildə Raik əl-Xəzəri
əmirül-üməra təyin etməsi ilə xilafətdə
türk nüfuzu yenidən güclənməyə
başladı.
Ərəb xilafətində türklər əsasən
ordu sistemində aparıcı qüvvə olsalar da, həmçinin,
dövlət idarəçiliyində vəzir, vali, amil vəzifəsini
daşıyan onlarla türk əyanı haqqında da məlumatlar
vardır.
Übeydulla ibn Yəhya ibn Hakan ət-Türki (ö. 876) Abbasi xilafətində vəzirlik mərtəbəsinə çatmış ilk türk olub Mütəvəkkil (847-861), Müstəin (862-866) və Mütəmidin (870-892) xəlifəliyi dövründə bu vəzifəni uzun müddət yerinə yetirmişdir. Onun oğlu Məhəmməd və nəvəsi Abdullanın da xəlifə Müqtədir dövründə (908-932) vəzirlik vəzifəsində olduqları haqqında məlumatlar vardır. Ərəb xilafətində vəzirlik vəzifəsini tutmuş türk əyanlarından biri də Müstəin (862-866) dövründə bu vəzifəyə təyin edilən Otamışdır.
Abbasi xəlifələri əvvəllər türkləri kiçik vilayətlərə vali təyin etsələr də, xəlifə Mötəsimin dövründən daha böyük vilayətlərə türk əyanları vali təyin edilməyə başladılar. Uzun müddət Əşnas ət-Türki, İnak ət-Türki, Uzcur ət-Türki, Tolunoğlu Əhməd və digərlərinin Misirdə vali vəzifəsində xidmətdə olması bu bölgədə türklərin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi.
Xilafətdə türklərin Misirdən sonra daha çox vali və amil təyin edildiyi bölgə Suriya və Suğur bölgəsi idi. Xilafətin Bizansla sərhəd olan bu bölgələrin təhlükəsizliyi demək olar ki, türklərin nəzarətində idi. Bölgənin müxtəlif mərkəzlərində Əşnas, Boğa əl-Kəbir, Fəth ibn Hakan, Amacur ət-Türki və digərləri vali və amil vəzifəsini tutmuşdur. Türk əyanlarının vali, amil vəzifələrində daha çox xidmət etdikləri üçüncü bölgə Azərbaycan, Ərməniyyə (Şərqi Anadolu) və Xorasan bölgəsidir. Bu bölgələrdə Afşin, İnak, Boğa əs-Sağır, Təkin əl-Buxari, Ağartmış ət-Türki, Asatəkin, Kuncur ət-Türki və digərlərinin adı məlumdur.
Abbasilər xilafətində Mötəsimin hakimiyyəti dövründən başlayaraq haciblik (ərəb xilafətində mərkəzi aparatda ən yüksək vəzifələrdən biri idi) vəzifəsi tutan türk əyanlarından Vasif ət-Türki, Sima əd-Dəməşqi, Əşnas, İnak, Musa ibn Boğa, Yarcuh ət-Türki, Bəytemir, Hotarmış və digərləri uzun müddət bu vəzifədə çalışmışdı.
Ümumiyyətlə, islamiyyətin
yayılmasında və ərəb xilafətinin hərbi və
mülki idarəçilik sistemində türklər əhəmiyyətli
dərəcədə rol oynamış, xilafətin
bürokratik sistemində təmsil olunmuş onlarla türk mənşəli
əyan, vali və sərkərdələr xəlifə
sarayında, ordu sistemində böyük nüfuzu və
siyasi təsir imkanlarına yiyələnmişdi.
Mübariz
AĞALARLI
AMEA-nın
Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun
dosenti
525-ci qəzet.- 2022.- 29 iyun.- S.18-19.