"Şərq qapısı"nda
Naxçıvan teatrının təbliğinin monoqrafik təqdimatı
Azərbaycan mətbuatında özünəməxsus
yaradıcılıq yolu olan "Şərq
qapısı" qəzeti 2021-ci ildə bir əsrlik tarixi bir
dövrü geridə qoydu. Bununla bağlı
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri
1 iyun 2021-ci il tarixdə "Şərq qapısı" qəzetinin
100 illik yubileyinin qeyd olunması barədə" Sərəncam
imzaladı. Həmin Sərəncamın
işığında Muxtar respublikanın güzgüsünə
çevrilmiş qəzetin yubileyinin layiqli şəkildə
qeyd olunması məqsədi ilə "Tədbirlər
Planı" təsdiq edildi. Həmin "Tədbirlər
Planı"na əsasən, bir sıra tədbirlər
keçirildi, yubileylər, görüşlər təşkil
olundu, nəşrlər ərsəyə gəldi. Bu nəşrlərin birincisi isə "Şərq
qapısı qəzetinin nəşri tarixi və inkişaf
yolu" adlanırdı. Qəzetin
ayrı-ayrı sahələrini əhatə edən
araşdırmaların cəm olunduğu bu kitabda "Şərq
qapısı" qəzetinin Naxçıvanda teatrın fəaliyyəti
və inkişafına hansı dərəcədə yer
ayırması məsələsi də əks olunub.
Qeyd olunan
mövzu üzrə AMEA Naxçıvan Bölməsi İncəsənət
Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr
şöbəsinin müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov
və həmin institutun elmi katibi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Ələkbər
Qasımov araşdırmalar apararaq məqalələr
təqdim etmişlər. Bu fundamental nəşrdə
qəzetlə bağlı iyirmi məqalənin yer
almasını nəzərə alsaq, burada
araşdırılan hər hansı bir mövzuya "Şərq
qapısı" qəzetinin hansı dərəcədə
yer verdiyini bütün təfsilatı ilə əks etdirmək
qeyri-mümkündür. Eləcə də
Naxçıvan teatrına "Şərq qapısı"
qəzetində hansı səviyyədə yer verilməsi
qısa icmal şəklində təqdim olunmuş,
mühüm məqamlar qabardılaraq fundamental nəşrə
daxil edilmişdir.
Nəzərə
alsaq ki, "Şərq qapısı" qəzetinin 100 illik
bir tarixi artıq arxada qaldı və bu bir əsrlik dövrdə
"Şərq qapısı"ndan 38 yaş böyük
olan Naxçıvan teatrının, demək olar ki,
keçdiyi yol davamlı olaraq işıqlandırılıb,
bu baxımdan geniş, əhatəli bir araşdırmanın
monoqrafik səviyyədə və iri həcmdə nəşrinə
ehtiyac yaranır. Monoqrafiyanın müəllifləri Əli Qəhrəmanov
və Ələkbər Qasımov bu sahədə
apardıqları araşdırmaları sistemli halda tərtib
edərək Naxçıvan teatrı barədə "Şərq
qapısı" qəzetində nəşr olunan xəbər,
resenziya, müsahibə, oçerk, məqalələrdən
yola çıxaraq sanballı bir tədqiqat əsəri ortaya
qoymuşlar.
"Naxçıvan teatrı "Şərq
qapısı" qəzetinin səhifələrində"
adlanan monoqrafiya 5 fəsildə öyrənilmişdir. Birinci fəsil
"Muxtar respublikanın teatr həyatı "Şərq
qapısı" qəzetinin səhifələrində"
adlanır ki, bu fəsildə qəzetin 1921-1940-cı illər
dövründə nəşr oulnmuş nömrələrində
Naxçıvan teatrına ayrılan hissəyə geniş və
əhatəli nəzər yetirilmişdir. Demək
olar ki, qəzetin ilk nömrəsinin nəşrə
başlamasından İkinci Dünya müharibəsinin
başlamasına kimi olan dövr və zaman kəsimində
doğma diyarımızda teatrın həyatında baş verən
hadisələr geniş şəkildə araşdırmaya cəlb
edilmişdir. Bu zaman biz Naxçıvanda hansı
tamaşaların səhnəyə qoyulduğunu, tamaşada
hansı aktyorların rolları
canlandırdığını, Azərbaycanın digər
bölgələrində Naxçıvana edilən qastrollar,
teatrın repertuarında hansı əsərlərin yer
alması, göstərilən səhnə əsərlərində
aktyor oyunlarının səviyyəsi, xalqın teatra
marağı və diqqəti kimi məqamları bu fəsildə
geniş şəkildə öyrənə bilirik.
İkinci fəsil "Naxçıvan teatrı və vətənpərvərlik
mövzusu "Şərq qapısı" qəzetinin səhifələrində"
adlanır. Bu fəsil 1941-1945-ci illəri əhatə edir.
Belə ki, İkinci Dünya müharibəsinin
başlaması ilə minlərlə Azərbaycan vətəndaşı
kimi, naxçıvanlılardan da əli silah tutanlar ön cəbhəyə
yollandılar. Arxa cəbhədə isə
mədəni-maarif idarələrinin əsas vəzifəsi
insanları vətənpərvərlik ruhuna kökləmək
idi. Bu baxımdan Naxçıvan
teatrının kollektivinin bir qismi cəbhəyə yollansa da,
yaşlı aktyorlar arxa cəbhədə qalaraq qeyd etdiyimiz təbliğat
işinə dəstək olurdular. Həmin
aktyorların bu dövrdə hazırladığı
tamaşalar, ictimaiyyət qarşısında, zəhmətkeşlər,
əməkçilər qarşısında
oynadığı tamaşalar haqqında qəzetin bu dövr
səhifələrindən məlumat əldə edirik. Müəlliflər də məhz bu illərdə qəzetin
səhifələrindən yola çıxaraq
Naxçıvan teatrının həmin illərdəki fəaliyyətini
araşdıraraq maraqlı faktlar ortaya qoymuşlar. Belə maraqlı məqamlardan sadəcə birini
qeyd etmək kifayətdir. Bu da ondan ibarətdir ki, həmin
dövrdə cəbhəyə yola düşən teatrın
artistlərindən biri - Abbas Quliyev ön cəbhədə
göstərdiyi igidliyə və şücaətə görə
Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülmüşdür. Müharibə
bitdikdən sonra Sovet İttifaqı Qəhrəmanı Abbas
Quliyev bir müddət hətta teatra direktorluq da etmişdir.
"Naxçıvan teatrının fəaliyyəti
"Şərq qapısı" qəzetinin səhifələrində"
adlı üçüncü fəsil 1946-1968-ci illəri əhatə
edir. Bu dövrdə müharibədən sonra canlanan teatr
həyatı, dinc quruculuq illərində teatrın verdiyi
töhfələr və bu kimi məsələlərin qəzetin
səhifəsində işıqlandırılmasına nəzər
yetirilmiş, elmi baxış bucağından
keçirilmişdir.
Bu dövrdə teatrın yeni binasının istifadəyə
verilməsi, kollektivdəki yaradıcı qüvvələrin
keyfiyyət dəyişikliyi, oynanılan tamaşalar, qastrollar
geniş əksini tapmışdır. Bu fəsildə diqqəti
cəlb edən maraqlı məqamlardan biri də budur ki, həmin
dövrdə "Şərq qapısı" səhifələrində
tamaşanın ilk nümayişindən əvvəl rejissorun
öz işi və ayrı-ayrı aktyorların
canlandıracağı rolların xarakteri barədə
maraqlı məqalələri nəşr olunmuşdur. Bu yolla da ictimaiyyətin yeni tamaşa haqqında ətraflı
məlumatı olur, hansı obrazı hansı aktyorun
canlandıracağı əvvəlcədən bilinirdi.
Bu fəsildə biz xüsusilə yerli dramaturqların da
teatrda daha çox əsərlə təmsil olunduğunu qəzetin
səhifələrindən yola çıxan müəlliflərin
təqdimatında öyrənmiş oluruq.
Dördüncü fəsil Ulu öndər Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən
sonrakı dövrdən başlayaraq Azərbaycanın müstəqillik
əldə etdiyi zamanı əhatə edir. "Muxtar
respublikanın teatr aləmi və "Şərq
qapısı" qəzeti (1969-1990)" adlanan fəsili nəzərdən
keçirəndə Naxçıvan teatrının əsaslı
inkişaf dövrünü müşahidə edə bilirik.
Qeyd olunan illər aralığında "Şərq
qapısı" qəzeti səhifələrində tearda
tamaşaya qoyulmuş əsərlər barədə ətraflı
məlumat əldə etməklə birlikdə, yeni
teatrların yarandığını da öyrənmiş
oluruq. Belə ki, həmin dövrlərdə Cavid Poeziya
Teatrının yaradılması və fəaliyyəti,
Naxçıvan Dövlət Kukla Teatrının
yaradılması, Naxçıvan şəhərində və
Ordubad, Şərur rayonlarında Xalq teatrlarının fəaliyyətə
başlaması kimi məqamların qəzet səhifələrində
hansı səviyyədə işıqlandırılması
ilə tanış olur, adıçəkilən teatrlarda
tamaşaya qoyulan əsərlər, göstərilən
tamaşalar barədə yazılan yazılar, verilən
müsahibələr, tamaşa sonrası qeydlər, resenziyalar
haqqında ətraflı məlumat əldə edirik.
Monoqrafiyanın sonuncu - beşinci fəsli "Müstəqillik
illərində Naxçıvanda teatr məsələləri
"Şərq qapısı" qəzetinin səhifələrində
(1991-2020)" adlanır. Adından da göründüyü kimi, bu fəsildə
ölkəmizin müstəqillik əldə etməsindən
sonra Naxçıvanda teatrın keçdiyi inkişaf yolu,
xüsusilə, son 25 ildəki əsaslı və fundamental
yüksəlişinin qəzetin səhifələrində necə
təqdim olunması öyrənilir. Teatrın binasının
əsaslı təmir olunması, rayonlardakı xalq
teatrlarının yaradıcı heyətinin komplektləşdirilməsi,
bir-birindən maraqlı əsərlərin tamaşaya
qoyulması, Naxçıvan teatrlarındakı
yaradıcı kollektiv üzvlərinin uğurlu fəaliyyətinin
dövlət tərəfindən mükafatlandırılması
kimi məsələlərin "Şərq
qapısı" qəzetindəki əksi tədqiq və təhlil
edilmişdir.
Bütün bunların hamısı monoqrafiyanın
"Nəticə" hissəsində ümumiləşdirilmişdir. Həmin
ümumiləşdirmədən monoqrafiyanın ümumi mahiyyətini
anlamaq olur. Müəlliflərin də gəldiyi
qənaət budur ki, Naxçıvan teatrı öz fəaliyyəti
ilə qəzet üçün maraqlı materiallar verdiyi
kimi, "Şərq qapısı" qəzeti də
Naxçıvanda teatrın, teatr sənətinin, teatrın
yaradıcı kollektivinin təbliğatında mühüm
rol oynamışdır.
Monoqrafiya
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar
Respublikasında həm teatrın, həm də mətbuatın
keçdiyi inkişaf yolunu öyrənmək
üçün maraqlı mənbədir. Həmçinin,
bir il sonra 140 illik yubileyini qeyd edəcəyimiz
Naxçıvan teatr mühitinin əhatəli öyrənilməsi
və bu zaman ötən il 100 illik yubileyini qeyd etdiyimiz
"Şərq qapısı" qəzetinin nə kimi rolunun
olduğunu müəyyən etmək üçün
müraciət ediləcək məxəzlərdən biri
olacaqdır. Monoqrafiya bu sahədə tədqiqat aparan alimlər
üçün dəyərli istinad mənbəyi olmaqla
birlikdə, ali təhsil müəssisələrində tədris
zamanı yararlana bilərlər, həmçinin, geniş
oxucu kütləsi də bu əsərə müraciət edərək
Naxçıvan teatrının Naxçıvan mətbuatında
işıqlanan tərəfinə nəzər yetirə bilər.
Bu maraqlı tədqiqat əsəri
üçün müəllifləri - sənətşünaslıq
üzrə fəlsəfə doktorları, dosentlər Əli
Qəhrəmanovu və Ələkbər Qasımovu təbrik
edir, Naxçıvanda teatr sənətinin inkişaf mərhələlərinin
araşdırılması, üzə
çıxarılması və tədqiq edilməsindəki
fəaliyyətlərində uğurlar arzulayıram.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2022.- 30 iyun.- S.13.