"Qəmindən qönçətək dil qanə döndü..."  

 

USTAD XANƏNDƏ ƏLİBABA MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ

 

 

"Dəşti" üstündə pıçıldadı...

 

Həmişə fevralın ikinci yarısından sonra qulağım səsdə, ürəyim səksəkədə olub. Hələ soyuq canımızdan tam çıxmamış yazın surəti görünəndə - quşların nəğmələri təzə-təzə budaqları yumşaldanda bir amansız ölüm dalğası gəlir. Bu vədələr Tanrının ələyi möhkəm silkələnir. İlin bu vaxtlarında cismi yazın təzə duyulan hənirtisindən nihan olanlar dünya ilə vidalaşırlar.

 

Kiçik çillənin böyük dərdlər gətirən bu vaxtında yazıçı dostum Nihat Pir gecə yarısına yaxın zəng elədi. Dedi, bildin də, Əlibaba Məmmədov rəhmətə gedib. İnanın, Nihat bu xəbəri "Dəşti" üstündə pıçıldayırdı, mən eşidirdim... Bildiklərini tələbələrinə öyrətsə də, Seyid Şuşinskinin dedikləri, əmisi Güləhməd Məmmədovdan, Zülfi Adıgözəlovdan, Mütəllim Mütəllimovdan, Xan Şuşinskidən, Qurban Pirimovdan və digər qocaman sənətkarlardan öyrəndikləri də əbədiyyətə qovuşdu Əlibaba ustadla birlikdə.

Son telefon zəngi...

Musiqini, muğamı Əlibaba Məmmədovun, İslam Rzayevin, Sabir Mirzəyevin səsi ilə dərk etmişəm. Radiodan, televiziyadan Əlibaba müəllimin söhbətlərini həvəslə dinləmişəm.

Onun ağır-ağır, səlis, təmkinli danışığı, xüsusi ləhcəsi, nitq avazı, jest və mimikası, özünün sanbalı, sözünün kəsəri, sözə, qəzələ həssas yanaşması Bakı koloritinə, mədəniyyətinə sadiqliyindən, ənənələrə bağlılığından irəli gəlib. Onun ifası nə qədər akademik səviyyədə olsa da, xalqın sevgisini qazanmaqda tək bu amil rol oynamayıb. Müdrik məsləhətləri, "yaddaşının kişiliyi", qərəzsiz qənaətləri insanlarda ona qarşı böyük məhəbbət yaradıb.

Hələ uşaq yaşlarımdan İslam Rzayevin və Əlibaba Məmmədovun ifalarını kolleksiya kimi toplayırdım. Evimizdə daim radionun səsi gəlirdi. Əlibaba müəllim oxuyan kimi tez səsini telefona yazırdım. Eyni qaydada internetdə olan mahnılarını kompüterin yaddaşına köçürürdüm. Təxminən, yeddinci sinifdə oxuyardım, "İnşaatçılar" metrosunun yanında mahnı diskləri satılan yerə getdim. Eşitmişdim ki, orda işləyən oğlanda Məmmədbağır Bağırzadənin çoxlu mahnısı var. Dükana daxil olanda gözüm Əlibaba Məmmədovun şəkli olan diskə sataşdı. Diskin yaddaşında yüzə yaxın səs yazısı var idi. Əlibaba müəllimin və Məmmədbağır Bağırzadənin disklərini alıb evə tələsdim. Bir günün içində bütün səs yazılarını dinləyib başa çıxdım. Həmin gündən etibarən mənim üçün muğamın başqa mərhələsi açıldı. Həmişə pəsxan kimi təqdim olunan Əlibaba müəllimin kifayət qədər zil parçalar ifa etdiyi məlumum oldu. Həmin diskdə elə mahnılar vardı ki, onları heç kim ifa etməmişdi, xanəndələrin o ifalardan xəbəri yox idi.

Muğam müsabiqəsi ərəfəsində Əlibaba müəllimə yaxınlaşdım, görüşdüm, heyranlığımı ifadə elədim və orada bu mahnılarla bağlı kiçik dialoqumuz oldu:

- Əlibaba müəllim, məndə sizin yüz əlliyə yaxın səs yazınız var.

Təccübləndi:

- Doğrudan deyirsən? Məsələn, hansılardır?

 

Qəsdən unudulan mahnılarının adını çəkdim:

- "Mən qısqanıram", "Xatirimə dəyirsən", "Qızıl ulduz alan gözəl", "İnsan"... Hamısının sözlərini və melodiyasını əzbər bilirəm.

Məni qucaqladı, üzümdən öpdü, dedi, halal olsun...

 

Sonuncu dəfə "525-ci qəzet" üçün bir material hazırlayanda onunla həmsöhbət olmuşdum. Ev telefonuna zəng elədim. Səsi çox zəif gəlirdi, hiss olunurdu ki, yaş öz sözünü deyir. İkinci Qarabağ müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasında yenidən qəlblərə yol tapan "Vətən yaxşıdır" - "Xudayar" təsnifi barədə həmsöhbət olduq. Xudayarın adını çəkən kimi ağlamağa başladı. Heç onun səsini belə eşitməmişdim: "O mahnını böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən mahnının dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!"

Heç bilməzdim ki, bu, ustadla sonuncu söhbətim...

Muğamda novatorluq çətin məsələdir...

Əlibaba müəllim həmişə deyirdi ki, sənət adamında əlli faiz istedad, əlli faiz zəhmət olmalıdır, ikisindən biri əskikdisə, o, heç vaxt yaxşı oxuya bilməz. Əlibaba Məmmədov musiqi sənətində istedadı ilə zəhmət tən olan azsaylı muğam bilicilərindən biri idi.

Ustad, muğamların strukturuna yaxşı bələd olmaqla yanaşı, onların xarakteristikasını, ab-havasını, çalarlarını duyurdu. O, öz sahəsinə dəqiq bələd idi. Maraqlıdır ki, ən yaşlı vaxtlarında belə, hansısa ifanı dinləyərkən tükü tükdən seçər, balaca natarazlığa həmin an reaksiya verərdi. Ona görə də "sənətkarın yaşı olmaz" deyiblər.

Müasir təsnif yaradıcılığı birbaşa Əlibaba Məmmədovun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev və digər klassik muğam ifaçılarının oxuduğu təsniflər müasir tendensiya ilə ayaqlaşa bilməzdi. Muğamın şöbələri arasında ifa etmək üçün yeni və xalqın zövqünü oxşayan təsniflərin ərsəyə gəlməsi labüd idi. Bu missiyanı üzərinə götürən Əlibaba Məmmədov silsilə təsniflər, mahnılar bəstələdi. Həm mətn, həm melodiya baxımından ürəklərə yol tapan bu əsərlər kamil sənət nümunələridir. Təsadüfi deyil ki, həmin mahnı-təsniflər bu günmuğam ifaçılarının repertuarını bəzəyir.

Xüsusən, "Dəşti" və "Humayun" üzərində bəstələdiyi təsniflər ustadın peşəkarlığından xəbər verir. Ümumiyyətlə, "Dəşti" muğamının düzgün tədrisi, sistemləşdirilərək proqrama salınması Əlibaba müəllimin adı ilə bağlıdır.

Sovet dövründə Əlibaba Məmmədov, Qulu Əsgərov, Bəhram Nəsibov, Ələkbər Tağıyev və bir sıra sənətkarlara qarşı haqsızlıq olub. Onlara "həvəskar bəstəkar" kimi yanaşmaqla yanaşı, mahnıların bəzilərini təsnif kimi, xalq mahnısı kimi təqdim ediblər. Mənim arxivimdə onlarla qrammofon valı var ki, sözügedən müəlliflərin adı mahnılara qeyd olunmayıb. Məsələ orasındadır ki, Əlibaba müəllim heç vaxt özünü bəstəkar kimi təqdim etməyib. Bu da onun təvazökarlığından irəli gəlirdi.

 

"Humayun"u sonuncu dəfə bir yerə yığmışdı...

Əlibaba Məmmədovun novatorluğu, təşkilatçılığı, musiqinin inkişafı naminə cəhdləri o dövrdə Filarmoniyanın direktoru olmuş, görkəmli bəstəkar, dirijor, maestro Niyazinin nəzərindən yayınmayıb. Əlibaba Məmmədov Niyazinin məsləhəti ilə dövrünün ən məşhur musiqi dəstəsini - "Humayun" xalq çalğı alətləri ansamblı yaradıb. Bu ansambl özünəməxsus səslənməsi, məharətli müşayiəti, məhsuldar fəaliyyəti ilə seçilib. Həmin dövrdəki səs yazılarının əksəriyyəti "Humayun" ansamblı və İslam Rzayevin bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı ilə "Qızıl fond"un yaddaşına həkk olub.

"Humayun" ansamblı musiqi sənətimizə Məmmədbağır Bağırzadə, Novruz Feyzullayev, Təhmiraz Şirinov, Zümrüd Məmmədova və neçə-neçə gözəl ifaçılar bəxş edib. Ansambl müxtəlif qastrol səfərlərində musiqimizi layiqincə təbliğ edib. Sözsüz ki, "Humayun"un şöhrət qazanmasında Əlibaba müəllimin zəhməti əvəzsiz olub.

Əlibaba müəllimin sənət fəaliyyətində pedaqoqluğu barədə xüsusi söhbət açmaq lazımdır. 1963-cü ildən son illərə qədər Əliababa Məmmədov muğamın tədrisi ilə məşğul olub. Müxtəlif illərdə Bülbül adına orta-ixtisas musiqi məktəbində, Asəf Zeynallı adına musiqi kollecində, Konservatoriyada dərs deyib, böyük xanəndə ordusu yetişdirib.

Əlibaba Məmmədovun dəfnində "Humayun" ansamblının solistlərinə də rast gəldim. Hamısı hüzn içində idi. Onları böyük səhnəyə çıxaran insanla vidalaşırdılar. Əlibaba Məmmədov sonuncu dəfə ansamblı bir yerə yığmışdı və sonuncu dəfə onlara nümunə göstərirdi - həyat nümunəsi: nə edirsən et, sonu qara torpaqdı...

Əməlləriniz, əsərləriniz, övladlarınız sizi yaşadacaq, ustad!

Əlibaba müəllimlə vidalaşanların içində mən də var idim. Fəxri xiyaban bomboz idi, ən azı, mənim üçün... Seyid Əzim Şirvaninin beytləri Əlibaba müəllimin səsi ilə xatirimdə dolaşdı. Səslə, avazla düşünmək... Əlibaba Məmmədov və onun kimi sənətkarlar insanları avazla, səslə düşündürüblər. Onlar bizim səs yaddaşımızın əbədi sakinləridir.

Əliabab müəllim həmişə deyirdi ki, insanı öləndən sonra üç şey yaşadır: əməlləri, əsərləri, övladları...

Əlibaba Məmmədov muğam sənətinə xidmət etməklə xeyirəməl insan kimi xatırlanacaq.

Əlibaba Məmmədovun əsərləri onillər boyu xalqımızın musiqi zövqünə xidmət edəcək.

Əlibaba Məmmədovun övladları onun layiqli tələbələridir.

Əlibaba Məmmədov daima ürəklərdə, yaddaşlarda yaşayacaq...

 

Nadir Yalçın

 

525-ci qəzet.- 2022.- 1 mart.- S.8.