"Vinq Çun mənim üçün
iş deyil, həyat tərzidir"
ƏMƏKDAR
MƏŞQÇİ ASİF SAYADOV: "İDMANLA
MƏŞĞUL OLANLARIN TƏHSİLDƏ GERİ QALMALARI
İLƏ BAĞLI DEYİLƏNLƏRLƏ RAZI
DEYİLƏM"
Dərin fəlsəfəyə malik qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Vinq Çun-dur. Bu döyüş sənəti 1700-cü ildə Çinin Futçzan Əyalətində yaradılıb. Bu döyüş stilinin daha sonralar orijinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır. Yip-Man Vinq Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk ustadır. Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı. Hazırda dünyanın 135 ölkəsində Vinq Çun döyüş sənəti tədris olunur. Bu döyüş sənəti Azərbaycana ilk dəfə 2008-ci ildə federasiyanın prezidenti, 5 qat dünya çempionu, Respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli idman ustası Asif Sayadov tərəfindən gətirilib. Asif Sayadovla müsahibəni təqdim edirik.
***
- Asif müəllim, bildiyim qədərilə Vinq Çun döyüş sənətini Azərbaycana siz gətirmisiniz. Bu sənətlə necə tanış oldunuz?
- 2007-ci ilədək bu idman növünün müxtəlif sahələri ilə tanış olmuşam. 2007-ci ildən sonra Portuqaliyada seminarda Vinq Çun döyüş sənətinin ustası ilə tanış oldum, seminarda bu döyüş sənətinin daha mükəmməl olduğunu gördüm, bu sənəti araşdırmağa başladım. Həmin seminardan sonra Azərbaycana qayıtdıqdan sonra bir ay keçməmiş Çinə səfər etdim və Şaulin məbədində, Çinin bir çox əyalətlərində müxtəlif seminarlarda, təlim məşqlərində iştirak etdim.
Sonra yenidən Portuqaliyaya qayıdıb Samuel Kvokun seminarında iştirak etdim, Türkiyə, Rusiya və Almaniyada bu döyüş sənətilə bağlı seminarlarda oldum. Daha çox Almaniyada keçirilən dərslərdə iştirak etməyimə baxmayaraq, hər il müxtəlif ölkələrə gedərək özümü daha da təkmilləşdirməyə başladım. 2008-ci ildən Azərbaycanda bu döyüş sənətinin klubunu yaratdıq. Vinq Çun döyüş sənəti idman klubu olaraq fəaliyyət göstərirdik, artıq Azərbaycanda 15-dən çox bölmə və məktəblərimiz var. Yüzlərlə idmançı, bu döyüş sənətini sevən insanlar bizə üzv oldular və bir sıra nailiyyətləri əldə etdikdən sonra 2018-ci ildə Gənclər və İdman Nazirliyinin rəsmi məktubu sayəsində Ədliyyə Nazirliyində "Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası" olaraq dövlət qeydiyyatına alındıq.
- Maraqlıdır niyə məhz Vinq Çun?
- Çox gözəl sualdır, bəzən bu sualı tələbələrim də mənə verir. Mən Vinq Çuna qədər artıq 3 dəfə dünya çempionu olmuşdum. Bir çox beynəlxalq turnirlərdə dünya ikinciliyini və üçüncülüyünü qazanmışdım. Mən həmişə kunqfu sanda və kunfu taulo versiyalarında iştirak etmişdim. Bu versiyalar yarış üçün nəzərdə tutulmuş proqramlardır. Vin Çun isə sırf küçə müdafiəsi üçündür. Küçədə dava düşərsə, orada nə hakim var, nə də qaydalar. Ən yararlı olan da məhz bu idman növüdür. Bu həm sağlam həyat tərzi, həm də özünümüdafiə sistemidir. Vinq Çun həyat tərzidir.
- Deyirlər, bu döyüş növü birbaşa psixologiya ilə bağlıdır. Buna aydınlıq gətirərdiniz.
- Ümumiyyətlə, bizdə yanlış bir ifadə var ki, bir şey olanda deyirlər insanın psixologiyası pozulub. O insan ki, özgüvənini itirib, özünü aciz hiss edir, təbii ki, onda daimi psixoloji problemlər olur. Vinq Çunla məşğul olan hər kəsdə özgüvən yaranır və insan özünü rahat şəkildə müdafiə edə bilir. Psixoloji cəhətdən özünü gümrah hiss edən insanlarda isə problemlər aşkarlanmır. Buna görə də biz mütləq şəkildə gələn tələbələrimizdə ilkin olaraq özgüvən yaradırıq ki, dərslərdə də aktiv olsunlar, gündəlik həyat tərzində də, davranışlarında da.
- Bu döyüş sənəti ilk növbədə insani keyfiyyətləri üzə çıxarır.
- Zəka və sürət üzərində qurulmuş Vinq Çun Londonda, İsraildə, Amerikada və bir çox ölkələrdə sağlamlıq mərkəzlərində rəsmi olaraq Səhiyyə Nazirliyi tərəfindən aysgeymer və beyinlə bağlı olan başqa xəstəliklərin müalicə proqramına daxil edilib. Dünya Vinq Çun Birliyi (World Wing Chun Union) və Beynəlxalq Vinq Çun Assosiasiyası (İnternational Wing Chun Association) tərəfindən hər il bu idman növü üzrə Avropa və Dünya Çempionatları keçirilir.
- Sizə daha çox hansı sahənin adamları müraciət edir?
- Universitet tələbələri, həkimlərimiz, dövlət qrumlarının müəyyən vəzifəli şəxsləri, səfirlər... Biz bir çox güc strukturlarının əməkdaşlarına da xüsusi təlimlər keçirik. Tez-tez hərbi və polis orqanlarında seminarlar təşkil edirik. Bizə hər sahənin adamları müraciət edirlər.
- Hətta bildiyim qədərilə xaricdən də bu döyüş sənətini öyrənmək üçün yanınıza gələnlər var. Daha çox hansı ölkələrdən gələnlər olur?
- Fransa, Sinqapur və Çin. Qardaş Türkiyədən də gəlirlər. Bəzi tələbələrim bizə ailəvi şəkildə müraciət edirlər.
Qeyd edim ki, bu döyüş sənəti üç versiyadan ibarətdir: bu sənətlə sadəcə sağlam həyat tərzi üçün məşğul olanlar, yarışlarda iştirak etmək üçün məşğul olanlar - bu, uşaq, yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Biri də var, özünümüdafiə məqsədi ilə məşğul olmaq - bununla bağlı 18-45 yaşadək şəxslər daha çox müraciət edirlər.
- "Sağlam bədəndə sağlam ruh olar" kimi misalları saymaqla bitməz. Maraqlıdır, özgüvəni, özünümüdafiəni bir kənara qoysaq, bunun sağlamlığa nə kimi faydası ola bilər?
- İdman sağlamlıqdır misalı ilə
heç vaxt razı deyiləm. Artıq idman professional sahə
sayılır və burada travma da var, çətinliklər də. Məncə,
bədən tərbiyəsi desək, daha məqbul olar. Vinq Çun da bu sahəyə xidmət edir. Səhər açılandan müəyyən nəfəs
məşqləridir, təlim məşqləridir ki,
bunları mütəmadi etdiyin zaman problemlər aradan
qalxır. Bu döyüş sənətinin
"yapışqan əllər" adlı fənd
növü var ki, bu artıq Almaniya, Türkiyə və bir
çox inkişaf etmiş ölkələrində tibb sahəsinə
aid edilib. Bunun tibbdə də faydası
var.
-
Hansı yaşdan başlamaq daha məqbul hesab olunur?
- Biz 6 yaşdan götürürük. 6-13 yaş arası şagirdlərdə bu artıq idman deyil. Biz buna ad olaraq "oyundan idmana" deyirik. Uşaq gəlib burada maraqlı vaxt keçirir. Məşq artıq onların hobbisinə çevrilməlidir. Dərsdən yorğun gələn uşaq axşam məşqə gəlirsə, buraya qaça-qaça gəlməlidir. Çünki bura həm də dincəlmək üçün məkandır. Biz onu burada oyun kimi formalaşdırıb gələcəyin böyük idmançısı kimi hazırlayırıq. Amma professional şəkildə yarışların keçirilməsi, dünya çempionatlarına getməsi 10-12 yaşdan başlayır.
- Bildiyim qədərilə öz övladlarınız da bu sahə ilə məşğuldur. Həm də özünüz onların şəxsi müəllimisiniz. Onları öz davamçınız kimi görmək istəyərsinizmi?
- Mənim iki oğlum var, onlardan biri Azərbaycan çempionu, digəri dünya ikincisi və üçüncüsü olub. Hər iksi yüksək qiymətlər alır dərslərində, hər ikisi də bu sənətlə peşəkarcasına məşğul olur. Amma mən heç birini məcbur etmirəm ki, bunu davam edin. Onlar isə hələ ki seçim edirlər, təhsillərindən də geri qalmırlar. Gələcəkdə nə olacağını isə zaman göstərəcək.
- Federasiya olaraq nə kimi tədbirlər həyata keçirirsiniz?
- 2018-ci ildən yüksək səviyyədə tədbirlər həyata keçiririk, beynəlxalq əlaqələr qurmuşduq. Bu əlaqələr indi də davam edir, müxtəlif dünya səviyyəli ustaların Azərbaycana gəlməsinə yardımçı oluruq. 2019-cu ildə Çində keçirilən Beynəlxalq Dünya Çempionatında 3 qızıl və 3 gümüş medalla ölkəmizə döndük. Pandemiya səbəbindən yarışlarıımız dayanıb, amma qismən bu problemlər aradan götürülür və bizim təqvim planımızda mart ayında Milli çempionatımızı keçirməyi planlaşdırırıq. May ayında Fransada və Türkiyədə yarışımız olacaq. Rusiya və Portuqaliyada Avropa və Dünya çempionatları keçiriləcək. Müxtəlif dövlət tədbirlərinə də qoşulub federasiya olaraq aktivliyimizi göstəririk. Gənclər və İdman Nazirliyinin keçirdiyi bütün tədbirlərə qoşuluruq. Qeyd edim ki, biz Zəfər yürüşünə də qoşulmuşduq. Federasiya olaraq fəalıq. Ölkəmiz artıq idman ölkəsinə çevrilib. 2000-ci illərdə biz xarici ölkələrə səfər edəndə ölkəmizi çox da tanımırdılar. Nə qədər izah etsək də, xarici vətəndaşlar anlamırdı. Məcbur qalıb yaxın ölkələri deyərdik, onda hardasa qismən tanıyardılar. Amma cənab prezidentimizin apardığı idman siyasəti çox uğurludur və bu siyasətin davamı olaraq biz də çalışırıq ki, ölkəmizi dünyada layiqincə təmsil edək. Məqsəd bu döyüş sənətinə yetərincə xidmət etmək və gənclərin vətənpərvər ruhda, sağlam böyüməsinə yardım etməkdir. Maraqlı gələ bilər ki, niyə vətənpərvər deyirəm? 44 günlük Vətən müharibəsində mənim 11 idmançım iştirak etmişdi, bir idmançım şəhid, ikisi qazi oldu. Digərləri şükürlər olsun ki, sağ-salamat qayıtdılar. Biz də federasiya olaraq istəyirik ki, bizə qoşulan üzvlərimiz təhsillərini, sağlamlıqlarını qorumaqla yanaşı, həm də ölkəmizin idman şərəfini qorusunlar.
- Tələbələriniz etimadınızı doğruldurmu?
- Düşünürəm ki, o sarıdan xoşbəxt müəlliməm. Məni tapan tələbə potensiallı tələbələr olur və bununla da qürur duyuram hər bir zaman. Bəzən sual verirlər ki, niyə idmanla məşğul olanlar təhsildə zəif olurlar? Amma razı deyiləm bu fikirlə. Nə qədər təhsildə yüklü tələbələrim olub buraya gəlibsə, məşq edibsə, əksinə, beyin yorğunluğu aradan qalxıb və buna görə də burada idmançılarımız kifayət qədər nailiyyət əldə ediblər. Bir yox, bir neçə sahədə paralel olaraq formalaşan idmançılarımız var. Elə idmançılarımız var ki, dörd dil bilir, eləsi var pianoda ifa edir, eləsi var mükəmməl rəssamdır və s. Yəni fərqli sahələrin adamları var. Ölkənin ən məşhur həkimləri buraya gəlir və bu döyüş sənətilə peşəkar şəkildə məşğul olurlar. Bu da onu göstərir ki, Vinq Çun digər döyüş növləri kimi başqa sahələrə mənfi təsir etmir, əksinə köməklik göstərir.
- Bu döyüş növünün digər döyüş növlərindən əsas fərqi nədir?
- Şərq döyüş sənətləri qohumdur, onlar haradasa bir-birinə bənzəyir. Nə dərəcədə yaxın və uzaq olduğunu tam olaraq deyə bilmərəm, amma Vinq Çun daha çox fəlsəfəyə yaxındır. Eyni zamanda da döyüş texnikalarında da fərqlilik var. Bizdə hücum və özünümüdafiə eyni anda baş verir. Bir qolla zərbə vurarkən digərilə özünü qoruyursan. Ən böyük üstünlüyü budur. Ən əsas isə psixoloji metodikaya nəzər salsaq görərik ki, bu döyüş növü fəlsəfə üzərində qurulub.
- Asif Sayadov üçün idman nədir - məşğuliyyət, peşə, yoxsa həyat devizi?
- Bunu məndən müəllim olduğuma görə soruşursunuzsa, bəli, peşədir, ancaq elə düşünürəm ki, səhər oyanandan, boş vaxtlarımda bu sənətlə məşğul olduğum üçün deyərdim ki, həm də həyat devizidir. Rahat yerdə deyiləmsə, o zaman sadəcə telefonla bu barədə məlumatlar əldə edərəm. Daimi olaraq axtarışdayam və istəyirəm ki, hər dəfə tələbələrimə həm yeni texnika, həm də fikir ötürə bilim.
- Daimi axtarışda olduğunu söyləyən Asif Sayadov axtardıqlarını tapa bilirmi?
- Hər nə qədər tapsam da, yenə də axtarışdayam. Bizim bir şüarımız var: Vinq Çun döyüş növü sanki bir okeandır. Okeandan nə qədər su götürsən, azalmadığı kimi, bu döyüş sənətini də nə qədər öyrənirsən öyrən, bitməz. Ustamın 74, onun ustasının isə 94 yaşı var. Ustamın ustası İp Manın oğlu İp Çundur. Onun tələbəsi Samuel Kvok mənim ustamdır. O, hansı saatda zəng etməyindən asılı olmayaraq seminardadır.
- Belə başa düşürəm ki, uzunömürlülüyü artırır bu döyüş növü...
- Bəli, İp Çunun bu yaşadək sağlam yaşaması bunun əyani sübutudur. Bu sənət nə cins, nə yaş tanıyır. Hər yaşda hər kəs üçün məqbuldur. Bu idman növü nəzəri və praktik baxımdan elmdən əlavə olaraq həm də sağlamlıqdır, bununla mütəmadi məşğul olanda qan, beyin təzələnir, insan mənəvi sakitlik tapır. Yəni balans hər zaman qorunub saxlanılır.
- Özünüzü ideal döyüşçü hesab edirsinizmi?
- Hərdən tələbələrim məndən soruşurlar ki, müəllim, on nəfəri döyə bilərsinizmi və s. Bunu demək mümkün deyil. O ki qaldı sualınıza, hesab edirəm ki, bu gün məni axtarırlarsa, bu, böyük şərəfdir. Amma bir şey də var, on il öncə məni Vinq Çuna görə axtarıb tapırdılarsa, bu gün məhz özümə görə axtarırıb tapırlar. Kimlərinsə kumirinə çevrilmişəm. Ümumilikdə isə ideal insan yoxdur.
- Bir az əvvəl xarici səfərlərinizdən danışdıq. Sizi Çinə bağlayan bu döyüş növüdür, yoxsa?
- Çinin həyat tərzi, mühiti və nə yalan deyim, insanları mənə doğma gəlmir. Söhbət səmimiyyətdən gedirsə, açıq danışmaq lazımdır, bizim millətin insanlarına qurban olaram, bizim tərbiyəmiz, mədəniyyətimiz, insanlığımız bütün ölkələrin insanlarından üstündür. Döyüş sənəti olaraq üç minillik tarixi olan kung funun ən sonuncu sistemlərindən biridir Vinq Çun. Hazırda üç yüzüllik tarixə malikdir və böyük məktəbdir. İndi nə kung fuya bağlıdır nə başqa sənətə. Ustamızdan soruşurlar ki, Vinq Çun hansı döyüş sənətinə bağlıdır. Cavabında deyir: "Ving Chun is Ving Chun". Bu elə özü böyük bir məktəbdir və axtarışdaykən Çinə gedə bildim və bu məkanda bu sənəti daha real görüb tanıdım. Hər zaman fürsət tapdıqca o məktəblərə üz tuturam.
- Hazırda beynəlxalq əməkdaşlıq əlaqələriniz varmı?
- Bizim bir çox xarici ölkənin dünya şöhrətli ustaları ilə əlaqələrimiz var. Fərq etmir ki, bu Vinq Çunla əlaqəlidir, ya yox. Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının və Dünya Vinq Çun Birliyinin Azərbaycan üzrə rəsmi nümayəndəsi və bu döyüş sənətinin ölkəmizdəki yaradıcısı olmağımla yanaşı, Hollivud ulduzları Steaven Seagalla bizim şəxsi münasibətlərimiz var və onun dəvətilə Rusiyada keçirilən II Beynəlxalq Budo Festivalında şəxsən iştirak etmişdim tələbələrimlə birgə. Əslən çinli olub Honq Konqda yaşayan Donald Markla da əlaqəmiz var.
- Xarici ölkələrdə hansı dildə danışırsınız?
- Beynəlxalq
dil olaraq ingilis dilində. Tövsiyə edirəm
ki, bu sənətlə mütəmadi məşğul
olmağı düşünən hər bir kəs beynəlxalq
dərəcəli ən azı bir dil öyrənsin.
- Gənclərə
nə tövsiyə edərdiniz?
- 44 günlük müharibədə bir çağırışla səfərbərliyə gedən xalqımın nümayəndələri ilə qürur duyuram. Sən demə, nə qədər özgüvənli insanlarımız var imiş. İnsanlar tanıyıram ki, hətta müharibəyə yollanmadıqları üçün dövlətdən küsmüşdülər. Biz o dərəcədə vətənpərvər xalqıq. Şərt deyil ki, asudə vaxtlarında hər kəs bu döyüş növünə yazılmalıdır. Amma insan mümkün qədər sağlamlıqları üçün mütəmadi idmanla məşğul olmalıdılar. Ələlxüsus da təhsili gözardı etmək olmaz.
Şəlalə CAMAL
525-ci qəzet.-2022.- 2 mart.- S.22;23.