"Minarəsi dağılmış məscid" - "Bir rəsmin dedikləri"

 

 " rubrikasının budəfəki qonağı sənətşünas Gülnar Əsədlidir. Gülnar xanımla Bəhruz Kəngərlinin "Minarəsi dağılmış məscid" əsəri haqqında danışmışıq.

 

Azərbaycan xalqına zaman şəraitdən asılı olmayaraq öz yaradıcılığı ilə böyük xidmətlər göstərmiş Bəhruz Kəngərli milli rəssamlıq nümunəsidir. Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci ildə Naxçıvan qəzasının İrəvan quberniyasında dünyaya gəlib. O, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, rus dilini öyrənir, atasının evə gətirdiyi şəkilli kitablardan faydalanırdı. 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur. Bəhruz Kəngərli yaradıcılıq fəaliyyətində karandaş, kömür, sulu yağlı boyalardan istifadə edib. Tələbəlik illərində ilk dəfə fərdi sərgisi təşkil olunub, bununla da bütün sənət həvəskarlarının mətbuat səhifələrinin diqqətini cəlb edib. Bəhruz Kəngərlinin yaradıcılıq dövrü gərgin ictimai-siyasi illərə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz terror əməliyyatlarının baş verdiyi zamana təsadüf edir. "Qaçqınlar" silsilə əsərləri sırasına daxil olan "Qaçqın xanım" (1920) bu dövrü realist şəkildə dünyaya çatdıran əsərlər sırasına daxildir. Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamıdır. 2000-ə yaxın mövzu janr etibarilə müxtəlif rəngarəng əsərlər yaradıb. Bizim haqqında danışacağımız əsər isə erməni vandalizminin, tarixi dini abidələrimizə qarşı törədilən vəhşiliklərdən bəhs edən " Minarəsi dağıdılmış məscid" əsəridir.

 

***

 

 - XX əsrin 20-ci illərini Bəhruz Kəngərlinin yaradıcılıq illərinin ən zəngin dövrü hesab etmək olar. Bu dövrdə mövzu janr baxımından daha çox Azərbaycan xalqının ağır günlərini öz əsərlərində təsvir edib. Rəssam bu rəsmdə sözügedən məsələlərə üslubi baxımdan necə müraciət edir?

 

- Mənzərə janrından yüksək peşəkarlıqla istifadə edən rəssam, portret əsərlərində daha çox 1914-1921-ci illərdə erməni daşnaklarının hücumu nəticəsində vətənin, xalqın başına gələn hadisələrdən, öz doğma yurd-yuvasından didərgin düşən günahsız insanların qəm-kədər yağan simalarını portret əsərlərində ustalıqla realist şəkildə göstərib. Sulu boya ilə kağız üzərində çəkilən portret əsərlərinin qəhrəmanları qaçqın düşmüş günahsız insanlar, dağıdılan tarixi abidələr məscidlərimiz idi. Bu çətin dövrlər rəssamı dərindən sarsıdıb onun yaradıcılığında dərin izlər buraxıb.  1920-ci ildə rəssamın çəkdiyi rəsm əsərlərindəndir.

 

- Bu sarsıntı izlərini rəssamın "qaçqınlar" silsilə əsərlərində görürük.

 

- Bəhruz Kəngərlinin yaradıcılığında daha çox portret janrına aid əsərlər üstünlük təşkil edir. "Qaçqınlar" silsilə əsərlərinə daxil olan bir sıra portret əsərlərini görə bilərik. Bu silsilə əsərlərdən "Canfəda kəndindən qaçqın oğlan", "Əfşar kəndindən qaçqın qız Gümsün", "Qaçqın qız", "Qaçqın xanım" portretlərinin adını çəkə bilərik. Sulu boya ilə çəkilmiş kiçik formalı bu portret əsərlərinin çoxusu etüd səviyyəsindədir. Öz əsərlərində həyat həqiqətini insanlara çatdırmağı özünə başlıca vəzifə hesab edərdi. Azərbaycan xalqına öz əsərləri ilə böyük bir irs qoyan rəssam 30 yaşında vəfat edib.

 

- Əsərin rəng koloriti mövzu ilə necə bütövləşir?

 

- Bu əsərin rəng koloriti öz sadəliyi ilə seçilir. Rəssam burada gördüyümüz kimi, əlvan rənglərdən istifadə etməyib. Daha çox soyuq rənglərin üstünlük təşkil etdiyi bu əsər adi bir rəsm əsəri deyil, həm erməni vəhşiliklərinin tarixi sənədidir. Kağız üzərinə sulu boya ilə çəkilən rəsmdə daha çox mavi, qəhvəyi rənglər üstünlük təşkil edir.

 

- Əsər hazırda harda saxlanılır?

 

- "Minarəsi dağıdılmış məscid" əsəri 1928-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyinə daxil olub. Daha sonra 2012-ci ildə Prezident İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Tədbirlər planı hazırlanaraq həyata keçirilib. Tədbirlərə əsasən Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq "Bəhruz Kəngərli Muzeyi"nə verilib. Bu muzeydə 900-dən çox eksponat sərgilənir. Muzeydə rəssamın 341 rəsm əsəri var, bu əsərlərin 58-i orjinaldır. Hazırda "Minarəsi dağıdılmış məscid" əsəri "Bəhruz Kəngərli Muzeyi"ndə yerləşir.

 

- Bu rəsm bizə nə deyir?

 

- Erməni vandallarının vaxtı ilə Naxçıvana etdikləri hücum nəticəsində, onların şəhəri darmadağın etdikləri dövrü əks etdirən bu əsərdə Azərbaycanın müsəlman əhalisinin iman səsi eşidilən məscid minarəsinin topla məhv edildiyi, daha doğrusu, minarəsinin ortası yarılmış olduğu peşəkarlıqla təsvir olunub. Burada dağıdılan tək məscid minarəsi deyil, vəhşicəsinə qırğına məruz qalmış müsəlman əhalisinin yurd yeri görünür. Minarənin üzərindəki barışı təmsil edən ayparanın da əyilib düşdüyünübu ağır mənzərəyə dərin hüznlə baxan axundu da əsərdə görə bilərik. Bu əsər öz qəribəliyi və sadəliyi ilə seçilir. Rəsmdən kədər yağdığı açıq-aydın görünür.

 

 Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 2 mart.- S.20.