Laokoon düsturu  

 

(Kamal Abdullanın "Laokoon... Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" əsərinə "yad sonsuz lüğət" fonunda eksklüziv baxış)

 

Mif yaşayır, mifoloji təfəkkür qaynayır, aşıb-daşır, özünə yol açır, ürəkləri, beyinləri, duyğu və düşüncələri çulğayır, bəşəri yükşəlişə yardım edir, sirli-soraqlı dünyadan xəbər verir, bəzən insan həyatının, yaşam tərzinin mizan-tərəzisinə çevrilir. "Kitab"ın ("Kitabi-Dədə Qorqud"un) zahiri aləmi bu cür genişləndirməsi, təbii ki, mənəviyyat aləmində, duyğu və hissiyyatda da eyni dönüşə səbəb olur. Hər bir kəs istər-istəməz başqa ölçülərlə düşünməyə, duymağa, hiss etməyə, hərəkət edib yaşamağa məhkumdur. "Kitab" və onun qədim mətnləri, "yad sonsuz lüğət" bu mənada öz sirli, gizlin təbiəti ilə açar rolunu oynaya bilər, necə ki, oynayır.

 

Rostmodernist yazıçı kimi Kamal Abdullanın "Laokoon... Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" adlı romanında illuziyalarla reallıqlar, mistika ilə metafizika, sehr, magiya, eksklüziv yuxalarla irreal dünya, mifik təfəkkürlə rasional yaşantılar, magik realizmlə kosmik təsəvvür, sirr içində sirr, qeybdə praktik həyat, fəlsəfi düşüncə ilə estetik təmayüllər, ədəbi coşqularla ruhi təlatümlər, yazıçı ehtirası ilə alim müdrikliyi, akademik təvazö iç-içədir. Əsər dərin poetik tutuma, zəngin bədii semantikaya malikdir.

 

Kamal Abdullanın özünün "romanvarı roman" adlandırdığı əsəri, əslində "Sözə" həsr olunmuş bir roman, "Kitab"ın şərəfinə qoyulmuş möhtəşəm abidədir. Klassik mənada yanaşsaq, əsərin baş qəhrəmanı "Söz"dür. Vaqifin düşüncələrindən: "Onun diqqətini sözlərin məkanı, sözlərin sözlərlə dərindəki münasibətləri, şəkilçilərlə sözlərin özünəməxsus dialoqu, sözlərin qəribsəmiş kimi qalmış tanış mənası çəkdi. Bütün bunların artıq mətnin ümumi mənası ilə elə bir əlaqəsi yox idi. Bunun daha çox mətnin oxunarkən fikir verilmədiyi qeyri-tanış səthi ilə əlaqəsi var idi..." Burada sözün semantik təbiəti, onun cümlədə məna tutumu, söz düzümünün bir-birini tamamlayan ahəngi, sürüşüb yox olmağa çalışan, lakin cümlə köynəyindən yaxa qurtara bilməyən sözün ritmik sədası çözələnir. "Mətnlə işləmək çox zövqlü bir iş idi. Əsl ləzzət hissini də Vaqif bu zaman almışdı. O, bu ləzzət hissini əvvəllər keçirdiyi heç bir hissə dəyişməzdi". Bu da sözə vurğunluğun nəticəsi, yaradıcılıq həzzi, ehtirası söndürmə anı...

 

Vaqif yazdığı roman haqqında düşünür, redaktəsi barədə götür-qoy edir, əlavə etdiyi sözlərin yerinə düşüb-düşmədiyini fikirləşir. Beynini zorla qavranılan dəyişikliyə uyğunlaşdırana qədər fikirləri dəyişir, duyğuları öz meyarlarını qəflətən itirirsə, indiyə qədər dəyişməz sandığı bütün yazı norma və formaları kabus tək sürüşüb yox olursa, inamsızlıqdan, təşəbbüs səndirləmələrindən şübhəli çaşqınlıq yaranır. İndiyə qədər bəlli olanların hamısı bircə anın içində şübhə altına alınır, mənalar çaş-baş olur, mahiyyət ilğım kimi əriyir, sözlər arasındakı məntiq çalpaşıq görünür, onlara ömrünü başa vurmuş kimi yanaşır.

 

Beləliklə, "redaktədən sonrakı ünsürlər sanki ona məlum tanış "sonsuz lüğət"in içindən çıxmamışdılar". Son anda yenə "Kitab" köməyə çatır.

 

"Sonsuz lüğət", yaxud "tanış olmayan lüğət" yaddaşın o tayıdır, yaddaşın görünməyən tərəfidir, yaddaşdan kənar yaddaşdır, gələcəyi gözlənilən, yeri görünən bir yaddaşdır. "Sonsuz lüğət" söz sonsuzluğu, ucsuz-bucaqsız söz dünyası, fikir aləmi... Vaqif bu "Sonsuz lüğət" dinamizmindən yararlanıb yazacağı romanın "hələlik - solğun" süjetini beynindəki bu paralel, ikinci informasiya xəttinə yazılmağına davam edirdi. "Paralel informasiya xətləri" Kamal Abdullanın ədəbi kəşflərindən, dilə, məntiqə, düşüncəyə gətirdiyi yeniliklərdəndir - "paralel dünyalar", "möhtəşəm ahəng", "sirlərin sərgüzəşti", "sonsuz lüğətlər" və s. kimi. Bunlar təkcə söz kimi, ifadə kimi deyil, tutumlu məna çalarları, dərin semantikası ilə ədəbiyyatımızın terminologiyasına daxil olub.

 

Kamal Abdulla bütün yaradıcılığı boyu unutmaq və yaddaşı təzələmək fəlsəfəsinə söykənir. Onun bütün əsərlərinin ruhunda yaddaş fenomeni estetik şifrə kimi reallaşır. Bəlkə insan nəslinin tam humanistləşməsi, ibtidai vəhşilikdən qurtarması yolunda köhnə şüurun silinməsi və yerinə yeni yaddaşın yazılması az rol oynayıb? Kamal müəllimin əsərlərində köhnə yaddaş stereotiplərinin başqısı, ağır yükü, bu tör-töküntülərdən imtina əsas fəlsəfi anlam kimi qabarıqdır. Kiminsə yaddaşının tör-töküntüsü ilə yaşamaq, başqasının şüur süzgəcində öz ömrünün trayektoriyasını cızmaq, yolsuzdan... yol öyrənmək... inkişafın qarşısına çəpərdir. "Unutmağa kimsə yox" romanının estetik qayəsi də yaddaş fenomeni üzərində bərqərar idi. "Çiçəkli yazı" barədə F.Q. ilə söhbətində Patriarx deyir: "Bilirsən, ən qorxulu olan nədir? Sənin yaddaşında əvvəldən müəyyən kodların mövcud olması. Bu kodlar yeni nə varsa, ona düşməndir. Onlardan (kodlardan) təmizlənmək lazımdır. Birinci qayda! Yaddaşımız bizim düşmənimizdir. Amma o biri tərəfdən yaddaşımız olmasa, biz elmin paradiqmasını... yarada bilmərik. Deməli, ikinci qayda! İnsan üçün ən əsas olan yaddaşdır. Yaddaş bizim dostumuzdur. Həm dostumuzdur, həm də düşmənimiz?! Həm düşmən, həm də dost! Ya düşmən, ya dost - yox! Həm düşmən, həm dost!"

 

 

 

Romanda Vaqifin "tanış olmayan sonsuz lüğətlər"ə canatımı da bu məntiqdən qaynaqlanır. O, bu lüğətlər vasitəsilə əsrlər öncə düzülüb-qoşulmuş, əsrlər sonra qələmə alınmış "Kitabi-Dədə Qorqud" boylarındakı boşluqları doldurmağa çalışır, itib-batmış məna çalarlarına nəfəs verməyə can atır və beləliklə də, əsrlərin duman örtüyünə bürünmüş əsl mahiyyəti üzə çıxarmaq arzusuyla yaşayır.

 

Qeyd etdiyimiz kimi, yaddaş problemi - "təmiz yaddaş", "təzələnmiş yaddaş", "silinmiş yaddaş" Kamal Abdulla yaradıcılığında mühüm estetik kateqoriya kimi özünü göstərir. Qədim əlyazmaları orijinala yaxın daha dəqiq kontekstdə oxuyub üzə çıxarmaq üçün təmizlənmiş xiltdan, yanlış informasiya cəngəlliklərindən xali yaddaş tələb olunur. Vaqif də məhz, bunu axtarır.

 

"Laokoon... Laokoon..." əsəri əslində müəllifin "Yarımçıq əlyazma" romanına sözardıdır. Başqa sözlə, "Yarımçıq əlyazma"nın yazılma prosesinin şərhidir, bu romanın ərsəyə gəlməsinin nəhəng mənzərəsidir. Kamal müəllim bu işlə Azərbaycan ədəbiyyatında möhtəşəm bir ilkə imza atmışdır. İndiyə qədər heç bir yazıçı belə ədəbi vasitəni təcrübə etməmişdir. Doğrudan da, eksperiment real təcrübədə özünü doğrultmuş, yazılmış (yaxud yazılacaq) roman haqqında yazılmış roman yeni fikir coşqusu doğurmuşdur. Bu, heç də texniki şərh kimi başa düşülməməlidir. Bu, sözün həqiqi mənasında yeni roman, məzmun və fabulası, obrazlar seçimi, təhkiyə üsulu ilə yeni yaşantı, yeni tipli dramatik hadisələrdir. Düzdür, müəllif bu əsəri "romanabənzər" adlandırır və "gerçək" sözünü dırnaqda işlədir. Lakin əsərlə tanışlıq onun möhtəşəmliyini bir daha sərgiləyir, Kamal Abdulla qələminin misilsiz ahəngindən xəbər verir, əsəri gerçək roman statusunda qəbul etməyə sövq-təbii hisslər oyadır. Bu əsəri "Yarımçıq əlyazma"nın uvertürası da adlandırmaq olar. Yəni "Laokoon... Laokoon..." "Yarımçıq əlyazma"dan sonra yox, əvvəl də yazılsaydı, həmin effekti verərdi, məlum statusunda qalaraq müəllifin azad və dərin fikirlərinin şərhinə çevrilərdi.

 

"Laokoon... Laokoon..." əsəri, əslində, Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" dastanının gizlinlərinə yeni ekskursudur. Dastanın zəngin, çoxşaxəli süjeti, dili, ifadə formaları, dünyaya fərqli baxışları onu ahənrüba kimi cəlb edir, öyrənilməmiş, gizli qalmış, "sayrışan" nəsnələr yazıçı-tədqiqatçı nəzərini zaman-zaman çəkir. O, özünə Vaqifin diliylə sual verir: "Doğrudanmı görəsən, onun tanıdığı sonsuz lüğət yeganə deyil, ona paralel başqa sonsuz lüğətlər də var?! Dəyişmələrin axı limiti ola bilməzdi, dəyişmələr axı sonsuza məhkum idi. Belə olan təqdirdə lüğətlər də məntiqlə sonsuz olmalı idi. Və "Sonsuz lüğət" adından da göründüyü kimi, özünü doğruldurdu".

 

Mif insanı öz soy-kökünə qaytarır, özünəinamını artırır, millət kimi varolumuna inandırır. Mifə malik xalq, mif yaradan millət sivil dünyanı formalaşdıranlardan biri kimi mədəni prioritetlərlə zəngin, qabalıqdan uzaq, sülhsevər və bəşəri inkişafa töhfə verən bir qövm kimi tarixin yaddaşında qalır. Sivilləşməyə həddən artıq meyilli xalqlar bunun ilkin bünövrəsini öz miflərində yaradırlar. Bəlkə mifə məhəbbət Kamal Abdullada bu qatdan qaynaqlanır? Kamal müəllim həm elmi fəaliyyətində, həm də bədii yaradıcılığında reallıqla mif sərhədlərini qovuşdurur. Söz Kamal müəllimin gizli niyyətinin boxçası, saxlancı rolundadır. "Laokoon... Laokoon..." romanında da dediyimiz niyyətlər reallaşır. Kamal Abdulla bu əsərdə də əsl ustad dərsi keçir: mətndən, düşüncədən, elmi postulatlardan bədii niyyətə keçidin rasional gerçəkliyi ilə mənəvi müvazinəti tamamlayır. Bu əsər, əslində Kosmos, Kainatın yaranması, mövcudluğu haqqında fikirlərə rəvac verir. Bunun da kökünü mifdə, "Söz"də, "Kitab"da, "Sonsüz lüğət", yaxud "Tanış olmayan sonsuz lüğət"də axtarır, "Kitabi-Dədə Qorqud"un boşluqlarındakı əlaqə harmoniyasında tapır. "Mənə ilkin qata enmək lazım idi. Ənliksiz-kirşansız qata, ilkin qata mən özüm enmədim. Ora məni endirdilər..." - Vaqif deyir. - "Bu ilkin süsləmələrsiz qata daxil olmaq asan məsələ deyildi. Gərək çox şeydən təcrid olasan. Sonrakı "süsləmələr" ədəbiyyatını yaddaşından, ruhundan gərək siləsən. Gərək onlardan təmizlənəsən. Bunu silmək mümkün olacaqmı? Borxes bu məqamda onun dadına çatırdı. "Don Kixot"u təzədən yazmaq istəyən Menar on altıncı əsrə düşmək üçün yaşadığı iyirminci əsrdən ora "unutqanlıq" lövbərini necə atırdısa, Vaqif də Dədə Qorqud dövrünə yaddaşını itirməklə gedirdi.  Dədə Qorqudla onun arasındakı süsləmələr ədəbiyyatının ənlik-kirşanlı ordusundan, bu ordunun generalı "kimi" qoşmasından silinib ayrılmaq indi onun əsas vəzifəsi idi".

 

"Kitabi-Dədə Qorqud" dastanının dili, doğrudan da, "sonsuz lüğət"lərlə zəngindir. Onun hər qatında "sayrışmalar" var, gizlinlərdə, altşüurda işıq topası yatır. Kamal müəllim bu xəzinəyə baş vurduqca orada yeni-yeni incilər kəşf edib tapır. Onun şərhlərində "Dədə Qorqud" mətnlərindəki boşluqlar dolur, yeni məna çalarları ilə zənginləşir, dastanın semantik qatları vərəqlənir. "Laokoon... Laokoon..." romanında müəllif tədqiqatını davam etdirir: "Yad "sonsuz lüğət"dən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şəklində, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlməyə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazılmış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən tanınmaz etdilər..." Müəllif bu "tanış olmayan sonsuz lüğətlər" vasitəsilə "Dədə Qorqud" dastanlarına yazılmış yanlış şərhləri də üzə çıxarır, onları yenidən təhlil edir, hər sözün məna tutumunu aşkarlayır, sözün cümlədə yerini, yükünü müəyyənləşdirir, məna-məntiq əlaqələrinə işıq salır.

 

"Laokoon..." romanı "Kitabi-Dədə Qorqud" boylarının yeni-yeni sirlərinin açılmasına, platonik ideyaların praktik mədəniyyət dünyasına qovuşuğuna yeni cəhddir. Yazıçı hesab edir ki, idrak haçansa sözün sayəsində həyata atılaraq özünü yalnız mənəviyyat yolunda tapmalıdır. Öz mahiyyətində gerçəkləşib həyata keçmək üçün onun alqışa, qayğıya, yalançı dayəliyə ehtiyacı yoxdur. Yaradıcı insan mifik təsəvvürlərdə gizlənmiş həqiqətləri, aydınlıqları müəyyənləşdirmək uğrunda mübarizə aparmalıdır. Bu mübarizədə ona qədim Apollon məbədinin kahini Laokoon kömək edə bilərdi. "Ona isə bu zorla görünənlərdən o biri tərəfdə baş verənlər - sayrışmanın görünən yox, görünməyən tərəfi - Laokoona inanan Troya lazım idi..."

 

Laokoon - inamsızlıq simvolu, şübhə dağarçığı... Həqiqətə gedən yol da, əsasən şübhədən başlayır. Elə isə troyalılar Laokoonun yunanların qoyub getdiyi at haqqında canıdildən şübhələrini niyə qulaqardına vurdular? Tarixin təkərini döndərmək yolunda niyə Laokoona yoldaşlıq etmədilər? Bəli, onlar Laokoonun "dilini" anlamadılar, onun havasına düşə bilmədilər, "sonsuz-tanış olmayan lüğət"ini oxuya bilmədilər. Müəllif paralellər axtarır, Laokoonun fəhminin məntiqini araşdırır. İlahi vəh gəlmişdimi Laokoona? Yoxsa təhlükəni intuitiv hiss eləmişdi? Bu, Laokoon düsturudur. Zaman-zaman çözələnib, açılmayıb. Yazıçıya görə, "Kitabi-Dədə Qorqud" boylarındakı semantik boşluqlar bəlkə də Laokoonun Troya atının qarnının altına dayanmadan vurduğu nizə yerlərinin kor gözlər kimi qaralan dəliklərində gizlənib? Bu deşik zərbələri güclü olsaydı, atın qarnını dəlib keçsəydi, sirr fas olardı, amma olmadı. "Kitab"ın da boşluqlarına vurulan zərbələr onun açılışına xidmət göstərsəydi, boyların sirri açılmış olardı. Hər halda, müəllif Laokoonun tərəfindədir, ona inanmağa çalışır, yaxud inanır, "Kitab"dakı boşluqlara semantik zərbələr vurmaqda davam edir.

 

"Kitabi-Dədə Qorqud" mətnləri də öz-özlüyündə bir Troya atıdır, öz qarnında mühüm sirlər gizlədir. Və zaman-zaman öz Laokoonunu gözləyir. Kamal Abdulla bu Laokoonun gəlişinə inanır. Çünki: "Təkcə Salur Qazana deyil, Beyrəyə, Basata deyil, həm də Söklü məliyə, Təpəgözə, Bayburd hasarının məliyinə inanır..." Odur ki, Laokoona da inanır. Axı Laokoon mahiyyətin içinə nüfuz edə bilir.

 

Sirrin bədəlini ödəmək kimi mistik bir məntiq Kamal Abdullanın yaradıcılıq ştrixi kimi, demək olar ki, bütün əsərlərindən keçir. "Kölgə" hekayəsində cadugərlər ölkəsində yaşayan bir sənətkar günlərin bir günü kölgəsini itirir və kölgəsini itirdiyi səbəbindən cadugərə çevrilir. Sonradan kölgə qayıdır və onun cisminə girir. Buna görə də sənətkar cadusunu itirir və ölür. Bu, başqa cür ola da bilməzdi. Sənətkar ölməli, sirr açılmamalıdır. Ümumiyyətlə, bu ənənə bütün xalqlarda mövcuddur: ölmüş adam yenidən dirilsə, onu təzədən öldürürlər - yəqin ki, o dünyanın sirlərini qorumaq naminə.

 

Bundan başqa, uzunmüddətli yuxuya getmiş xəstələrin yuxusu ədəbiyyatın nişanəsi, ölümün sirri kimi qəbul edilir. Bu yuxudan oyananlar son dərəcə ümumi şeyləri xatırlayırlar. Ölüm yuxusuna getmiş bu insanlar olsun ki, yuxuda gördüyü dəqiq detalları da xatırlaya bilər. "Ölüm yaddaşsızlığı" deyilən bu nəsnə bəzən yaddaşa da çevrilər və çox sirlərin üstü açıla bilər. Moris Meterlinqin "Müqəddəs Antoninin qayıdışı" əsərində bu məsələ qabardılır. "Dirilən ölü", yəni yuxudan oyanan uzunmüddətli xəstə cadugər tərəfindən lal edilir - ölümün sirrini gizlətmək üçün.

 

İlahi sirri gizləməyin özü də bəlkə dünyanı buxovsuz və anlaşılmaz instinktlərdən qorumaq cəhdidir. Bəlkə biz öz qorxunc və mənasız natamamlığımızla bu sirlərin faş edilməsinə hələ hazır deyilik? Hər halda, Kamal Abdullanın əsərlərində sirraçımı qurbansız ötüşmür. "Unutmağa kimsə yox" romanında mağaranın ruhu sirr əvəzinə qurban tələb edir ("Cana can" - Dəli Domrul). Çünki sirr yayılmamalı, sirr olaraq qalmalıdır. Bəhram kişi mərd-mərdanə deyir: "- Sənə qurban lazımdır? Qurban - mən". Mağaranın ruhu Bəhram kişinin canını alır, sonra sirri verir. Özü də yanlış, həqiqəti yenə də gizlədir.

 

Sirr və qurban "Yarımçıq əlyazma"da da mətnin özəyini təşkil edir. Xızır (Şah İsmayılın oxşarı və əvəzləyicisi) Şah İsmayılın sirrini bildiyindən ölməli və ilahi sirr eləcə sirr kimi də qalmalıydı. "Yarımçıq əlyazma"da digər qurbanlıqlar da var. Bayındır xanın xeyir-duası ilə qurbanlar seçilir: Aruz və Beyrək. Aruz Qazana, Beyrək hər ikisinə. Əslində, onlar da İç Oğuz və Diş Oğuzun dürlü sirlərindən xəbərdardılar. Sirr açılmamalı, qəbir evinə getməlidir.

 

"Laokoon... Laokoon..." romanında bu missiya Laokoon üçün biçilir. Əslində, Troya atı Allahların sirri idi. Laokoon insanlar naminə bu sirri açıb faş eləməyə çalışırdı. Öz iti intuisiyasının hesabına Allahların Troya camaatı üçün dəhşətli bir oyun qurduğunu hiss edirdi. Cəsarətlə, qorxmadan bu eybəcər sirrin üstünü açmağa çalışırdı. Heyhat... Son anda Allahlar onu cəzalandırdı, iki oğlu ilə birgə dəhşətli ilanların sarması nəticəsində qurbanlıq şərbətini içdi.

 

Əsər metodoloji cəhətdən postmodernizmin çoxşaxəli konfiqurasiyası üzərində qurulub. Mifik təfəkkürlə real düşüncə bir-birinə o qədər kip otuzdurulub ki, mifin hardan başladığı harda qurtardığı, real düşüncənin fantastik təfəkkürlə necə qovuşduğunu çox vaxt hiss etmək olmur. Əsərdə yunan və türk mifologiyaları birləşdirilir, bu qovuşuğun gözəgörünməz nüansları çözələnir, dünyanın, insanlığın bir bulaqdan çağlaması, bir təfəkkür qaynağından nəşət tapması, sonradan şaxələnməsi anlamı, təəssüratı yaradılır. Beyrəklə Odissey arasında əlaqə bağları axtarılır və tapılır. Burada mətnin dekonstruksiyası ilə üzləşirik. Sonradan konstruksiya tamamlanır. Beyrək Odisseylə birləşdirilir. Hiyləgərlikdə, bəzi davranışlarda, həyat hadisələrinə münasibətdə Beyrəklə Odisseyin xarakteri üst-üstə düşür. Amma Beyrəyi fərqləndirən daha üstün cəhətlər var: "Təbiətində həm sadiqlik, həm eqoizm, həm hiyləgərlik, həm mərdlik, həm dostcanlılıq, həm yalançılıq bir yerdə bir-birini çulğalamış şəkildəydi".

 

Bundan başqa, roman intertekstual konsepsiya üzərində qurulub. Real həyatın dinamizmi, şaxəli hadisələrlə "Kitab" barədə düşüncələr, "Sonsuz lüğətlər" haqqında hipotezlər iç-içədir. Tekstlər bir-birindən fərqləndiyi kimi, həm də qovuşuqdur, bir məcradadırlar. Vaqifin gerçək həyatı və "Kitab" barədə virtual aləmi, düşüncələri, xəyali ekskursları bir-birini tamamlayır.

 

"Laokoon..." haqqında yazan ədəbiyyatşünaslardan biri bu romanı "Yarımçıq əlyazma"nın yazılma tarixçəsi adlandırır  (haqlıdır). Və qeyd edir ki, bu əsərlə də çevrə qapanır. Bu fikirlə razılaşmamaq olar. Çevrə qapanmır, əksinə, "Kitab"ın "Sonsuz lüğətin" hələ açılmamış, tədqiqatını gözləyən, bədii şərhini tələb edən neçə-neçə sirləri Kamal müəllimi gözləyir. Məhz Kamal müəllimi. "Kitabi-Dədə Qorqud"a Kamal müəllim qədər məhrəm adam yoxdur. "Kitabi-Dədə Qorqud" qədər də öz sirrini Kamal müəllimə səxavətlə açan ikinci bir mənbə tapmaq çətindir. Bizcə, "Kitab"la bağlı hələ çözülməmiş nəsnələr, sirlər qalır. Dekonstruksiyaya gələn məqamlar kifayət qədərdir. Kamal müəllim "Kitabi-Dədə Qorqud" dastanlarının təbiətini, ideya-estetik siqlətini "Gizli Dədə Qorqud" əsərində belə səciyyələndirir: "Dastana xas olan cəhətlərdən biri harmoniyadır. Dünyanın harmoniyalı çağı idi ki, onun varlığı dastana da hopmuşdu, dastanı da mayalandırmışdı. Oğuz cəmiyyətinə harmoniya xasdır ki, dastanda da harmoniya öz əksini tapmışdı..." Məsələ burasındadır ki, Kamal müəllim dastanı dekonstruksiya edəndə, oradakı hadisə və nüansları romana çevirəndə onları müasir baxış bucağından süsləyir, reallığa gətirir, dastan qəhrəmanlarını "peyedestaldan endirib" müasir cəmiyyətə qovuşdurur. Məsələn, o, "Yarımçıq əlyazma"da Oğuz elində casusluq məsələsini müasir baxış müstəvisində unikal bədii-estetik həllini verib. Bu mənada Təpəgözün ölümü: sui-qəsdmi, intiharmı, özünəqıymamı?.. Yaxud: qısqanclıq sindromu - Banuçiçək-Basat, Banuçiçək -Bayburt məliyi, Firəngizin tam süjetlə gördüyü yuxuda Bayburt məliyinin qızının Beyrəyin toyunda su daşımaq səhnəsi, dəli qısqanclıqla, kinli baxışlarla Banuçiçəyi süzmələri... Bunlar yozumunu gözləyən nəsnələrdir. Bundan sonra Beyrəyin Odisseylə qarşılaşdırılması, niyə də olmasın? Beyrəklə Kafir qızının "Kitaba" düşməyən, başqa sözlə, boşluqlarda itib-batan hadisələri, görüş səhnələri. Sonra... sonra mifolinqvistikanın çözüm imkanları, dastan dilinin sərgilədiyi başqa epik lövhələr...

 

"Laokoon... Laokoon..." romanını sevgi dastanı adlandıranlar da var. Düzdür, Vaqiflə Firəngizin münasibətləri son dərəcə canlı, koloritli, obrazlı dillə verilmişdir. Hadisələr Kamal müəllimin parlaq realizmi işığında bərq vurur. Realizm o qədər dotələbdir ki, hadisələr ən kiçik detallarına qədər şərhini tapır, xarakterlər bütün əzalarına qədər canlı predmetə çevrilir. Bu, romanın realizm tərəfi. Amma romanda açıq-aydın platonik bir məhəbbət hadisəsi də yaşanır. Bu, "Kitab"a məhəbbətdir. Vaqif sözü, kitabı yaradıcılığı daha çox sevir. "Kitab, onun yaxınları belə deyirdi, Vaqifin əbədi məhəbbətidir. Məqalə məqalə dalınca. Esse esse dalınca, şeir şeir dalınca..." O, insanlara da sonsuz lüğət kimi baxır: "Bu yorğunluq, nəhayət, Qüdrətin, Atakişinin, Nəmidənin, Rüxsarənin yorğunluğu idi. Sonsuz sayda tanış olan sonsuz lüğətlərin yorğunluğu idi". Vaqifin real həyatı qabıqdır. Əslində, o, daha çox "Kitab"la yaşayır. Qüdrət, Rüxsarə, Nəmidə və b. ona kitaba girmək üçün, real həyatdan qaçmaq üçün bir vasitədir.

 

Firəngizlə onun münasibətlərində bir özəllik var. Əslində, onlar bir-birində bir-birini tapa bilmirlər, axtarırlar. Vaqif özünü "Kitab"da tapır, Firəngiz isə axtarışdadır. Dərinə getsək, məlum olacaq ki, Vaqif Firəngizi heç də sevmir. O, "Kitab"ı sevir. "Bu kitabı isə Vaqif həqqən sevirdi. Çünki orada deyilənlər, yazılanlar ənlik-kirşandan əvvəlki zamana aid idi. Bütün uydurmalardan əvvəlki idi. Uydurmasız, yalansız, həyat... Orda hamı bir-birinə inanırdı. Orda hətta yalançı oğlu Yalançıya da inanırlar. Söklü Məliyə də inanırlar. Orda Laokoona da inanardılar. Sadəlövh idilərmi? Yox, daha çox sadədil idilər".

 

Və təsadüfi deyil ki, Vaqif Firəngizə ünvanladığı bu sözlərdə də şübhəsini büruzə verir: "Səni sevirəm, səni çox sevirəm. Amma uca biləcəyimmi qədər sevirəm - bunu bilmirəm". Bu sevgidə yarımçılıq var, bütövləşmə "Kitab"la baş tutur. Firəngiz də "Kitab"la tanış olandan sonra başqalaşır: şıltaqlığı itir, daha da müdrik, təmkinli olur, fikir-xəyal içində itib-batır, "Kitab"ın ifadələrinə valeh olub tez-tez onları pıçıldayır, "yuxu"nu "uyğu"yla əvəzləyir, At ağızlı Aruz Qoca ilə Troya atı arasında müqayisələr aparır, dastandakı ifadələri zərif kəpənəklər adlandırır və s. Əvvlki Firəngizdən əsər-əlamət qalmayıb. Firəngiz real həyatın içindən çıxıb "Kitab"ın içinə girib, ayrı bir aləmə düşüb. İndi o da Vaqif kimi "Kitab"da yaşayır, "Kitab"ı sevir. Vaqif indi sevgidə ikinci plana keçib, birinci yeri "Kitab" tutub. Firəngizin "Qara başım qurban olsun sənə..." pıçıltıları da Vaqifə yox, "Kitab"a ünvanlanıb. Bütün bunları yazıçı obrazlı təfəkkürün işığında psixoloji yaşantılar kimi təqdim edir. Xüsusən, dil. Kamal Abdulla bir yazıçı kimi sözə inanır, dilin yeddi qatına enib araşdırır, məna çalarları tapır, dilin insan ruhunun yaddaşından qaynaqlanan ilkinliyinə güvənir.

 

Ən nəhayət... Laokoon... Laokoon düstürdur. Onun açılım kodu, şifrəsi "Söz"dür, ənliksiz-kirşansız, bər-bəzəksiz, sonrakı süsləmələrdən uzaq, ilkin, təmiz, bakirə "Söz", "Mətn". Laokoona inam bu mənbəyə aparıb çıxarır, "Kitabi-Dədə Qorqud" dastanlarındakı boşluqları doldurmağa kömək edir, məna çalarlarını üzə çıxarmaqda bələdçi rolunu oynayır. Hər halda, Laokoona inanmaq, ona güvənmək lazımdır. Bu, müəllifin qənaətidir. Buna oxucunu da inandırır.

 

 

Loğman RƏŞİDZADƏ

yazıçı-publisist

 

525-ci qəzet.-2022.-  2 mart.- S.18-19.