Maraqlı və faydalı toy
adətimiz: “Ciyər axşamı”
Etiraf edim ki, kənd
toylarında çox az olmuşam.
Onda da gah dərslərim,
gah da işim
ucbatından kəndə
elə toy günü
gedib, səhəri də qayıtmışam.
Nə doğru-düzgün toy adəti
bilirdim, nə də icrasına şahid olmuşdum. Amma milli kimliyimizi qoruyub-saxlayan, keçmişimizdən,
nənə-babalarımızın məişətindən, dünyagörüşündən,
düşüncə tərzindən
xəbər verən adətlərimizi sevirəm.
Buna görədir ki, tələbə vaxtı folklorşünaslıq
fənnindən təcrübə
işim kimi Qarabağın və Borçalının toy və
Novruz adət-ənənələrini
yerlilərin söhbətlərinə
əsasən toplayıb
yazmışdım. Onda görmüşdüm
xalqımızın nə
qədər zəngin
və maraqlı irsə sahib olduğunu.
Lakin təəssüf
ki, dəyişən zaman hər şey kimi milli
irsimizə, adət-ənənələrimizə
də ciddi təsirsiz ötüşməyib. 70 ildən çox müddətdə davam edən Sovet hakimiyyəti, eləcə
də müasir dünyanın sürətlə
inkişaf edən texnologiyası öz qədim kimliyimizdən uzaqlaşmağımızın başlıca səbəblərindəndir.
Xüsusən, toy adətlərimiz "müasirləşmək, avropalılaşmaq"
yolunda ciddi yol qət edib.
Həmçinin, ötüb-keçən illər ərzində adətlərimizə əlavə
olunan lazımsız bəzək-düzək, cah-cəlal
da israfçılığın
artmasına, toy yükünün
ağırlaşmasına səbəb
olub. Buna görə də indi minimuma köklənən
dünyada bu cür israfçılığın
yeri görünmür.
Adətlərimizdən imtina etməli?!
Təəssüf ki, son zamanlar yaranan bu vəziyyət
insanlarda bezginliyə gətirib çıxardığından
gizli və ya aşkar şəkildə
adət-ənənələrimizə qarşı mübarizə
başladılıb. Yanlış olaraq, insanlar elə bilirlər ki, bu adətlər
yığışdırılsa, bütün problemlər düzələcək. Əslində isə, bu, təbii
ki, belə deyil. Biz bunu
həmin ənənələrin
mahiyyətinə varmadan,
gəlib çıxdığı
vəziyyətinə köklənərək
tələb edirik.
Ancaq əgər keçmişə
nəzər salsaq, bu adətlərin üzərindəki ağırlığı
ataraq gəldiyi yeri və ehtiva
etdiyi mənaları araşdırsaq, hər birinin nə qədər dəyərli
və lazımlı olduğunu anlamış olaraq. Bir də axı
keçmişdən imtina
edənin gələcəyi
olmaz, deyirlər.
Əsasən qədim milli kinolarımızda, tamaşalarımızda,
arxiv kadrlarında görürük bu adətlərin gözəlliyini,
möhtəşəmliyini. Əgər diqqətlə
nəzər salsaq, görərik ki, Azərbaycanın istər
toy, istər yas, istərsə də bayram adətlərinin əksəriyyəti xeyirxah
niyyətə, xüsusən
insanların birliyinə,
yardımlaşmasına köklənib.
Fərqli-fərqli rituallar, adətlərin
icrası zamanı insanlar bir yerə
toplanar, öz üzərlərinə düşən
işi layiqincə həyata keçirər, bir-birinə kömək əlini uzadar, bir olar, birlik
olardılar. Bu da insanlar arasında
mehribanlığı artırar,
doğmalıq bağını
möhkəmləndirər, həm də yardımlaşmaq kimi nəcib əməllərə
səbəb olardı.
Bu cür gözəl
mənalara sahib adətlərdən
niyə imtina edək ki?!
"Elimizin toy kimi bir adəti var..."
Qədimdə toylarımız, nağılların
diliylə desək, 40
gün, 40 gecə davam edərmiş. Fərqli bölgələrimizdə
toydan əvvəl və toydan sonrakı günlərdə
həyata keçirilən
bir sıra adətlər imiş bunu şərtləndirən.
Bir-birinə könül
verən iki cavanın izdivacına qərar veriləndən sonra baş tutan "həri",
"nişan", "xına",
"parça biçdi"
(indiki adla qız toyu) mərasimləri toya qədərki şadyanalığın
vacib hissələrindən
biridir. Bir çoxu müəyyən
daxili dəyişikliklərə
uğrasa da, indi də qalmaqdadır.
Onların arasında bir
məclis var ki, bəlkə də çoxları onun mahiyyətini dərk etmir və bu gün
onun ləğvi üçün ciddi mübarizə aparır.
Bu, indi müəyyən
rayonlarımızda, kəndlərimizdə
qalan "Ciyər axşamı" mərasimidir.
Düzü, bu mərasimin
ləğvi üçün
çalışan, hər
yetəndə tənqid
edən insanları da anlamaq çətin
deyil. Çünki
bəlkə də zaman içində ən çox dəyişən və az qala özünün ilkin mahiyyətindən uzaqlaşan
mərasimlərdən biridir
"Ciyər axşamı".
"Ciyər axşamı"
- yardımlaşma, yoxsa
oyun?!
Bu günlərdə bir
kəndə ilk dəfə
idi ki, toydan
3-4 gün əvvəl
getdim. Yəni toya hazırlıq
prosesini, eləcə də "Ciyər axşamı" mərasimini
yaxından görmək
və müşahidə
edib öyrənmək
şansı əldə
etdim. Düzü, bu zamana kimi ciddi maraqlanmadığım,
şəhər toylarında
rast gəlmədiyim bu mərasim çox diqqətimi çəkdi. Sən
demə, bizim toydan bir gün
öncə az
qala toy kimi hazırlanan və səhərə kimi davam edən mərasimimiz də varmış. Bu yerdə təəssüflə vurğulamalıyam
ki, olduğum kəndin sakinləri bu "Ciyər axşamı"nı daha çox kişilərin səhərə
kimi qumar oynadığı mərasim
kimi qəbul edərək lazımsız
və gərəksiz hesab edir. Amma şükür
ki, bəzilərinin mübarizəsinə baxmayaraq,
bu gözəl adətimiz o kənddə bu və ya
digər şəkildə
hələ də yaşamaqdadır.
Orda şahid
oldum ki, toydan bir gün
öncə əti bişiriləcək heyvan
ailənin yaxınları
- bəyin dostları,
qohumlarının iştirakıyla
kəsildi, doğrandı. Toy olan qapıda mağar quruldu və ailənin ən yaxınları, toy hazırlığında iştirak
edənlər dəv ət olundu. Həmin heyvanın ciyərindən
və ətindən qovurma bişirilib böyük bir süfrə açıldı.
Kişilər həmin mağarda,
qadınlar isə evdə süfrəyə qonaq edildilər. Toyda içiləcək içkilərin də az hissəsi
açılıb süfrəyə
düzüldü. "Ciyər axşamı"nda
qadın məclisi tez dağılsa da, kişilər, xüsusən, bu işlərdə yaxından
iştirak edən cavanlar mağarda səhərə kimi çay süfrəsi arxasında nərd, domino,
kart oyunları oynarlar.
Orda eşitdim ki, əgər qonaqlardan hansılarınsa sözü
çəp gələr
və orda dava düşərsə,
mərasim gecənin bir yarısı dağıla bilər.
Yox, əgər dava düşməzsə, səhərə
kimi davam edəcək. Düzünü desəm, bu mərasimin və onun səhərə kimi niyə davam etməsinin anlamını izah edən, mənasını
bilən kimsə yox idi. "Adətimiz belədir"
deyib çoxsaylı suallarımı yola verdilər. Onlardan məntiqli cavab
ala bilməyəcəyimi görüb
internetin yardımına
tələsdim. Hə, bax
bunda "bütün
daşlar öz yerini, bütün suallar da öz
cavabını tapdı".
Oxuduqlarım mənə
"Ciyər axşamı"nın heç də qumar mərasimi
olmadığını, səhərə
kimi oyaq qalmağın və oyunlar oynamağın da məntiqli açıqlaması olduğunu
dedi. Belə ki, "Ciyər
axşamı" Azərbaycan
toylarının təşkili
ilə bağlı həyata keçirilən
mərasimlərdən biridir
- bu, zəhmətkeş
insanların yardımlaşma
mərasimi və toyda çəkdikləri
əziyyətin bəhrəsini
gördükləri məclisdir.
"Ciyər axşamı" toplum olaraq yardımlaşmağın
da ən gözəl nümunələrindən
biridir.
Bu mərasimin iştirakçıları
məhdud sayda, ilk növbədə də
toy üçün heyvan
kəsimində iştirak
edən şəxslərdən
və bəyin ən yaxın qohum və qonşularından,
sağdışı, solduşu
olan dostlarından ibarət olur.
Toy üçün ət
tədarükü görüldükdən
sonra toy mağarının
qurulmasında zəhmət
çəkənlər, heyvanların
kəsilməsində, ətin
doğranmasında iştirak
edənlər üçün
kəsilən heyvanın
toyda istifadə olunmayacaq ciyər-içalat
hissələrindən, bəzən
ətindən də yemək bişirilir. "Ciyər axşamı"nda
həm də toyun ssenarisi və toyla bağlı
digər məsələlər
də müzakirə olunur. Mövcud problemlərin və
yarana biləcək problemlərin aradan qaldırılması üçün
məsləhətləşmələr aparılır.
Toyda veriləcək
içkilər də
"Ciyər axşamı"nda
yoxlanılaraq, dadına
baxılır.
Toy üçün hazırlanmış ətin saxlanılma şəraitindən asılı olaraq, "Ciyər axşamı" səhərə qədər də davam edə bilər. Bu zaman əsas məsul şəxslər "Ciyər axşamı"nda iştirak edən cavanlar olur. Onlar gecə səhərə qədər domino, nərd, kart və ya başqa oyunlar oynayaraq başlarını qatırlar. Bu da toy ətinin toy üçün qurulmuş mağarda saxlanıldığı halda olur. Çünki gecə vaxtı mağardakı əti itdən-pişikdən, kəndin ətrafında olan vəhşi heyvanlardan qorumaq lazım gəlir ki, bu da cavanların həmin ərazidə səhərə qədər oyaq qalmalarını zəruri edir. Kəsilmiş heyvanların baş-ayağından gecə səhərə qədər bişirilmiş xaş ilə sübh tezdən onlara qonaqlıq verilir. Bu kəllə-paça süfrəsində həmin cavanlarla yanaşı, "Ciyər axşamı"nın digər iştirakçıları da istəsələr, iştirak edə bilərlər.
Göründüyü kimi, əksər adət-ənənələrimiz kimi "Ciyər axşamı" da insanlarımızın bir-biriylə yardımlaşmasının, xeyirxahlıq əməllərinin ehtiva olunduğu bir mərasimdir. Əgər hansısa kənddə, rayonda, bölgədə bu mərasimin dərinliyindəki mənanı anlamayanlar onu konteksdən çıxararaq başqa hala salırsa, bu zaman adətlə deyil, onu dəyişdirən, onun gözəlliyinə xələl gətirən nüanslarla mübarizə aparmaq gərəkməzmi?!
Sevinmək, şadlanmaq heç zaman pis deyil. Təki,
elimizdə həmişə
toy olsun və insanlar elə 40 gün, 40 gecə şadyanalıq keçirsin!
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2022.- 2 mart.- S.17.