Müharibə və dezinformasiya
Tarix boyu baş verən müharibələrdə silahlarla
yanaşı, xüsusi
informasiya üsulundan
- dezinformasiyalardan da mübarizə vasitəsi kimi istifadə olunub. Faşist Almaniyasının baş ideoloqu Josepf Goebbelsin də dediyi kimi, kifayət qədər böyük bir yalan danışsanız
və onu dəfələrlə təkrarlasanız,
insanlar buna inanacaqlar.
Bu gün Rusiya-Ukrayna
müharibəsi davam edən bir mərhələdə
bu məsələnin
yenidən aktuallaşdığına
şahidlik edirik. Ötən ilin
sonlarında şiddətlənərək
davam edən və yaxın günlərdə Rusiya-Urayna
müharibəsinə çevrilən
iki ölkə arasındakı münasibətlər
bütün dünyanın
diqqət mərkəzidir.
Hadisələr bu məqama
yetişməzdən əvvəl
Rusiyanın apardığı
dezinformasiya kampaniyası
da gedişatda əvəzsiz rol oynadı. Prosesi yaxından izləyən
hər kəs Rusiyanın bu işin öhdəsindən
məharətlə gəldiyini
görə bilər.
Buradan çıxarılacaq nəticələr
isə hər bir dövlətin milli təhlükəsizliyi
və daxili sabitliyi üçün çox vacibdir. Artıq savaşların təkcə
cəbhələrdə silahlarla
yürüdülmədiyinin, yalan-yanlış informasiyaların
ən təhlükəli
silahlar qədər dağıdıcı gücə
sahib olduğunun fərqindəyik.
Hələ ötən il ABŞ-ın Xarici İşlər İdarəsi tərəfindən
yayımlanan bir hesabatda yalan məlumat yaymaqda qınadığı Rusiyanın
dezinformasiya məqsədilə
istifadə etdiyi üsul və platformalar açıqlanmışdı.
Hesabatda Rusiyanın bunun üçün rəsmi,
dolayı və gizli rabitə kanalları və platformalarından istifadə
etdiyi bildirilirdi.
ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunurdu ki, idarənin Qlobal Dialoq Mərkəzi (GEC) Rusiyanın dezinformasiya yayan əlaltılarını
müəyyənləşdirib. Həmin hesabatda Kremlin rəsmi kommunikasiya kanallarından,
dövlət tərəfindən
dəstəklənən qlobal
mesajlaşma şəbəkələrindən,
sosial mediadan və kiber dezinformasiya
vasitələrindən istifadə
edərək yalan məlumat yayma üsulları ətraflı
izah edilib.
GEC-in xüsusi nümayəndəsi
və koordinatoru Lea Qabrielle çıxışlarının
birində bu işdə Çinin də Rusiya qədər məharətli
olduğunu vurğulayır,
iki dövlətin istifadə etdiyi bu üsulu böyük
təhlükəli kimi
qiymətləndirirdi.
Yenə ABŞ tərəfindən yayımlanan
bir araşdırmada Rusiyanın təkcə Amerikadakı prezident seçkilərinə təsir
göstərmək üçün
dezinformasiya istehsal edən media departamentlərinə
on milyon dollara qədər maliyyə ayrıldığı bildirilmişdi.
Dövlətlər bu və ya
digər məqsədlərlə
silahlanmaya vəsait ayırdıqları kimi, artıq informasiya savaşına da böyük pullar ayırırlar. Bunun səbəbi nədir?
İnformasiyanın kütlələr, dövlətlər və onların taleyində nə kimi rolu
var?
Dezinformasiya nədir?
Bəzi anlayışları dərk
etmək üçün
onların təməl
xüsusiyyətlərindən başlamaqda fayda var. Bu baxımdan, dezinformasiya dedikdə, birinci növbədə iqtisadi və siyasi mənfəət əldə
etmək və ya insanları bilərəkdən çaşdırmaq
üçün yalan
məlumatlar hazırlamaq
və yaymağın nəzərdə tutulduğunu
anlamalıyıq. Müasir dövrdə bunun
üçün ən
effektiv və sürətli yol da sosial şəbəkələrdir.
Sosial medianın
təklif etdiyi heyrətamiz imkanlardan hamımız xəbərdarıq. Bununla yanaşı,
dezinformasiya fenomeni onun mənfi xüsusiyyətlərindən biri,
hətta birincisidir.
Bu, əlbəttə ki, təkcə sosial media deyil, əsas medianın da zaman-zaman istifadə etdiyi çox təhlükəli
bir fenomendir.
Dezinformasiya tamamilə yalan
məlumatın yayılması
deyil, həm də şəxsi mənfəət və ya sadəcə zövq üçün bir məlumatı şişirtmək, təhrif
etmək, kəsib-biçib
bir az
həqiqət və bir az da
uydurma ilə sintez etməklə qismən düzgün məlumat yaymaqdır.
Məsələn, yaxın günlərdə
başlayan Rusiya-Ukrayna
müharibəsinə fikir
versək, kütlənin
şüurlu, yaxud şüursuz şəkildə
dezinformasiya axınına
qapılıb getdiyinin
şahidi olarıq. Onlardan bir neçəsinə ayrı-ayrı maddələr
halıdan nəzər
salaq:
- Rusiya Ukraynaya hücum etdikdən dərhal sonra müxtəlif tviter hesabları tərəfindən
"Ruslar Ukraynaya zenit-raket atışları
həyata keçirir"
başlığı ilə
video paylaşıldı və
qısa vaxtda böyük kütlələr
tərəfindən izlənildi. Amma bu görüntülər rus
tərəfdaşı "Gaijin
Entertainment" tərəfindən hazırlanmış "War Thunder" video oyununun görüntüləri
idi.
- Ukrayna rəsmiləri Rusiyanın 7 hərbi təyyarəsini vurduqlarını
elan etdikdən sonra qəzaya uğrayan bir təyyarənin fotosu dərhal tvitterdə paylaşıldı. Halbuki hamının
paylaşdığı həmin
foto 2017-ci ildə bir bloqda dərc
olunnuşdu.
- Yenə tvitterdə Ukraynada çəkildiyi iddia edilən başqa bir video istifadəçilər tərəfindən
geniş şəkildə
paylaşılıb. Halbuki həmin
görüntü 2020-ci ildə
Beyrutda baş verən bir partlayışın görüntüləridir.
- Başqa bir video 2018-ci ildə Rusiya ordusu tərəfindən həyata keçirilən
"Vostok-2018" təlimi zamanı çəkilən
görüntülərdir ki,
tvitterdə yüzlərlə
dəfə paylaşılıb
və bəzi hesablar tərəfindən
hələ də paylaşılmağa davam
edir.
Bu məlumatların əksəriyyəti
qəsdən, informasiya
çirkliliyi yaradaraq
insanları çaş-baş
qoymaq və xaosa səbəb olaraq üstünlüyü
ələ almaq üçün müəyyən
mərkəzlərin atdığı
məqsədli addımlardır. Onun iqtisadi
və ya siyasi fayda üçün
istifadəsi az-çox
başadüşüləndir.
İşin ən qəribə və bezdirici tərəfi isə odur ki, insanlar
bu cür yanlış informasiyaları
araşdırmadan və
doğruluğunu yoxlamadan
paylaşırlar. Gəlin, burada özümüzü
təcrid etməyək.
Düşünmədən və doğruluğunu
araşdırmadan "paylaş"
düyməsinə basdığımız
hər bir dezinformasiyanın, yanlış
məlumatın yayılmasının
və xaosun artmasının səbəbkarlarından
birinə çevrilirik.
Məlumatı sorğu-sual etmədən
paylaşmaq dezinformasiyanın
ən əsas və təhlükəli formasıdır və nəticələri çox
narahatedicidir. Yanlış və yalan məlumatların yayılması
cəmiyyət və demokratiya, hətta ətraf mühitin sağlamlığı və
şəxsi təhlükəsizlik
üçün böyük
risklər yaradır.
Çünki bəzi seqmentlər
insanların doğru xəbərə çatmasının
qarşısını almaq
üçün dezinformasiyadan
və ya saxta xəbərlərdən
silah kimi istifadə edirlər.
Saxta xəbərlər
həqiqəti təhrif
edir, sonda onun etibarlılığını
şübhə altına
alır və beləcə həqiqətlər
reallıq olmaqdan uzaqlaşır.
Saxta xəbərlərin
və dezinformasiyanın
əsas məqsədlərindən
biri müəyyən
hissləri səfərbər
etmək və əsas mediaya, dövlət məmurlarına
inamı sarsıtmaqdır. Bir məqsəd
isə cəmiyyəti
parçalayıb radikal
quruplar formalaşdırmaq
və sonra onları öz istəklərinə uyğun
istiqamətləndirməkdir. Biz ayrıldıqca, radikallaşdıqca, fanatikləşdikcə
təkcə bir-birimizdən
deyil, birbaşa həqiqətdən uzaqlaşırıq.
Xəbərin həqiqət olub-olmadığını
necə müəyyənləşdirmək
olar?
İlk növbədə
bu məlumatı bizə verən şəxsin mənbəsindən
əmin olmalıyıq. Ən sadə formada dost bir məlumat üçün resurs deyil. Dostumuzun dostu isə
çətin ki, təhlükəsiz bir mənbə olsun. Başqa bir səhv odur
ki, bir xəbərin
birdən çox hesabdan paylaşıldığını
görərək ona inanırıq. Elə xəbər
mənbələri var
ki, onlar bir mərkəzdən idarə olunan on minlərlə mənbədən
biridir və onların işi məhz belə saxta xəbərləri yaymaqdır. Yəni on minlərlə
müxtəlif mənbədən
bir xəbərin yayılması onun doğru olduğuna dəlalət etmir.
"Görmək inanmaqdır"
deyimi isə artıq tarixə qovuşub. Əgər quqlda şəkil
axtarışı funksiyasını
bilirsinizsə, şəkil
yüklədiyiniz zaman
sistem həmin şəklin daha əvvəl harada istifadə edildiyini sizə göstərəcək.
Burada ən əsas olan isə hisslərdir.
Unutmayın ki, kimsə
bilərəkdən sizə
müəyyən hisslər
aşılamağa cəhd
edə bilər.
Bu saxta xəbər
mənbələrinin istifadə
etdiyi taktikalar o qədər güclüdür
ki, bir xəbərlə
kütləni hərəkətə
keçirə bilirlər.
Mənbəsinə əmin olmadığınız
heç bir məlumatı paylaşmayın. Çünki
onun nəticələri
təsəvvür etdiyinizdən
daha təhlükəli
ola bilər.
Yanlış olduğu
sübut edilənə
qədər yaşanan
qorxu bir çox insan üçün həyati
əhəmiyyət kəsb
edə və həqiqətə olan inamın zədələnməsinə
səbəb ola
bilər.
Gördüyünüz kimi, dövrümüzdə
və yaşadığımız
coğrafi reallıqda
dezinformasiya ilə mübarizə nəinki dövlətin idari orqanları, həmçinin,
vətəndaşların da
vətəndaşlıq borcuna
çevrilməkdədir.
Natəvan ABDULLA
525-ci qəzet.-2022.- 2 mart.- S.14.