XƏBƏR MƏKANIMIZIN TACI AZƏRTAC  

 

22 əsr öncə böyük yunan mütəfəkkiri Arximed  "Mənə istinad nöqtəsi verin" deyirdi.

Hər bir insanın da, hər bir xalqın da, hər bir dövlətin də daim istinad nöqtələrinə ehtiyacı olur.

Və AZƏRTAC var olduğu müddətcə  - indi gəlib çatdığı 102 yaşına qədər həmişə Azərbaycan xalqının da, hər bir Azərbaycan vətəndaşının da, bütövlükdə dövlətimizin də mühüm istinad nöqtələrindən biri olub.

102 yaşının tamamında AZƏRTAC haqqında görüntülü müsahibədə düşüncələrimi bölüşmək istərkən də mən millətimizin vacib istinad nöqtələrindən sayılacaq bir məkanı seçdim. Elə bir nöqtəni ki, düz 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski məhz orada dayanmışdı, 1919-cu il mart ayının 3-ü idi və o, ilk addımlarını atan müstəqil Azərbaycan dövlətinin öz teleqraf agentliyinin yaranması zəruriyyətindən bəhs edirdi, bu işin icrasını Maarif və dini etiqad naziri Nəsib bəy Usubbəyliyə həvalə edirdi.

Bu, tarixi bir an idi və həmin dəqiqələrdə 1 il sonra fəaliyyətə başlayacaq gələcək AzərTAc-ın təməli qoyulurdu.

1918-ci il may ayının 28-də Azərbaycan istiqlalını elan etsə də, ilk hökumətimiz Gəncədə yerləşmişdi. Çünki o zaman Bakı hələ ermənilərin və bolşevik tör-töküntülərinin əlində idi.

1918-ci ilin sentyabrında cəsur Qafqaz İslam Ordusu və igid Azərbaycan əsgəri Bakını azad edir və yalnız bundan sonra hökumət Gəncədən Bakıya köçür. Ancaq onların Bakıda rahat çalışa biləcəkləri məkana ehtiyacları vardı.

O zaman "Metropol" mehmanxanası, indi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərar tutduğu tarixi bina bunun üçün ən münasib məkan sayılır. İlk nazirlərimiz burada həm yaşayır, həm işləyirdilər.

Burada - Nizami muzeyində, indi qurucu babaların şərəfinə "İstiqlal zalı" adlanan məkanda AZƏRTAC-ın dünəni haqqında təəssüratlarımı bölüşdüyüm yerdə 102 il öncə, martın 1-də artıq yeni kabinetdə Baş nazir olan Nəsib bəy Usubbəyli AzərTAc-ın fəaliyyətə başladığını elan edirdi.

İnsan da, istənilən bir təsisat da ilk növbədə imzadan başlanır. AzərTAc imzası isə ilk dəfə mətbuatda - Cümhuriyyətimizin rəsmi dövlət qəzeti "Azərbaycan"da 1920-ci il martın 2-də görünüb.

Əlbəttə, belə olmur ki, bir qurumun yaradılması haqda dünən sərəncam imzalanır və o, ertəsi gün işə başlayır.

Əslində AzərTAc-ın qurulmağa başlaması, onun texniki təchizatının tədarük edilməsi 1919-cu ilin martından başlanmışdı. Həmin ilin aprelindən artıq özü Baş nazir kürsüsündə əyləşən Nəsib bəy də, onun AzərTAc-ın yaradılması səmtində əməli tədbirləri həyata keçirməyi tapşırdığı Poçt və teleqraf naziri Cəmo bəy Hacınski də 1 il boyunca gərgin işləmişdilər. Və nəhayət ki, çoxdan gözlənilən gün gəlib çatmışdı, AzərTAc 1920-ci il martın 2-də "Azərbaycan"ın səhifələrində dərc edilən xəbərləri ilə doğulmuşdu.

AzərTAc Azərbaycan Xalq Cümhuriyyətinin son böyük əsəri idi.

"AzərTAc" sözünün - ürəyə də, qulağa da rahat yatan və sevilən, artıq hamımıza doğma olan bu kəlmənin ikinci hissəsi, yəni "tac" kəlməsi, köhnə təbirlə deyəcək olsaq, "teleqraf ajanslığı" sözlərinin ixtisar olunmuş şəklidir. Lakin "AzərTAc" deyəndə, "Azər"dən sonra gələn "tac" sözünü mən həm də başa qoyulan  tac, fərr anlamında qavrayıram. Çünki yaşadığı, xalqa xidmət ediyi bir əsrlik yol boyunca AZƏRTAC sözün həqiqi mənasında daim Azərbaycan xəbər məkanında tac olub, zirvədə olub, başda olub.

AZƏRTAC-ın Azərbaycan xalqının tarixində, taleyində oynadığı rol misilsizdir. Arxada qalan onillər ərzində müxtəlif dövrlərdə bu təşkilatın adı dəyişilib, fəaliyyət istiqamətində müəyyən qədər sıxılmalar, genişlənmələr olub. Amma buna baxmayaraq, AZƏRTAC daim ilk addımlarından ona həvalə edilmiş ali vəzifəni - xalqı xəbərlə qidalandırmaq, respublikanı müdam düzgün, dürüst informasiya ilə təmin etmək vəzifəsini çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirib.

Söz yox ki, AZƏRTAC-ın bütün tarixindəki ən əlamətdar parça dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı zaman kəsiyidir.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edərək tarix səhnəsindəki böyük yolunu davam etdirməyə başladıqdan sonrakı illərdə AzərTAc il-il gücləndi, genişləndi və tədricən indiki mərtəbəsinə - dünya informasiya məkanındakı aparıcı qurumlardan birinə çevrilmək ucalığına yetişdi.

 

AzərTAc-ın bu səviyyəyə dikəlməsində bərpa edilmiş dövlət müstəqilliyimizin ilk çətin, sınaqlı, mübarizəli illərində unudulmaz Heydər Əliyevin xidmətləri müstəsnadır.

1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ən böyük bəlalardan biri informasiya blokadasında olmağımız idi. Dünyaya çıxışımızda, gerçəkləri ölkə xaricindən uzaqlarda yaymaqda sıxıntılarımız çox idi. Təcavüzə məruz qalmış bir ölkə üçün isə həmin dövrdə ölkəmizdə və onun ətrafında nələr baş verdiyini dünyaya olduğu kimi çatdırmaq son dərəcə əhəmiyyətli idi.

O illərdə Azərbaycanın hələ çox məhdud maddi imkanları, kasıb büdcəsi olmasına rəğmən jurnalistikanın, xəbər yayıcılığının fəlsəfəsini dərindən duyan böyük Heydər Əliyev xarici ölkələrə səfərlərinin hər birində özü ilə böyük mətbuat işçiləri dəstəsini aparırdı - ən müxtəlif informasiya agentliklərini, jurnalları, qəzetləri təmsil edən jurnalistləri, qələm adamlarını ətrafına yığırdı.

Bütün bunların hamısı nəzərəçarpacaq qədər irihəcmli maddi məsrəflər demək idi. Amma Ulu Öndər buna gedirdi. Çünki yaxşı dərk edirdi ki, çəkilən xərclərdən qat-qat artıq fayda bizim dünyaya yayılan informasiyamızdır, Vətəndən uzaqlara öz düzgün, təhrifsiz təqdimatımızda çatan soraqlarımızdır.

Həmin səfərlərə çıxanların içərisində daim AzərTAc-ın müxbirləri olurdu. AzərTAc-ın fotoqrafları və xüsusi müxbiri.

 

O xüsusi müxbir indi AZƏRTAC-a uğurla rəhbərlik edən və bu qurumun bir çox nailiyyətlərinin qazanılmasında əvəzsiz əməkləri olan Aslan Aslanov idi.

 

Mətbuat siyasətini dövlət işinin həlledici amillərindən biri sayan, bu sahəyə peşəkarcasına da bələd olan unudulmaz Heydər Əliyev hər dəfə səfərdən Vətənə qayıdarkən təyyarədə əksərini şəxsən dinlədiyim yekun müsahibələrini verərdi.  Həmin müsahibələrin hərəsi bir ustad dərsi idi.

 

Üstəlik, hər səfər gedişində və eləcə də axırda, həmin yekun müsahibəsini verərkən Ulu Öndər AzərTAc-ın xüsusi müxbiri ilə ayrıca xeyli söhbət edər, müzakirələr aparar, hansı məqamlara məxsusi diqqət yönəltməyi bir dövlət başçısından daha əvvəl bişkin redaktor və müəllim kimi anladardı.

 

Zənnimcə, AzərTAc-ın və onun rəhbərliyinin öz fəaliyyətlərində ildən-ilə daha artıq qüvvətlənməsi, qanadlarını geniş aça bilməsi çox mənada elə unudulmaz Heydər Əliyevin həmişə minnətdarlıqla anılmalı ustad dərslərinin bəhrələridir.

 

AZƏRTAC-ın bugünkü miqyaslarını göz önünə gətirərkən insan iftixar etməyə bilmir.

 

AZƏRTAC bu gün dünyanın informasiya məkanında artıq öz sanballı yerini tutmuş möhtəşəm bir qurumdur.

 

Onlarca ölkəni və xəbər qurumlarını əhatə edən Dünya xəbər agentliklərinin V konqresi 2016-cı ildə Bakıda keçirildisə, bu, qətiyyən sadə hadisə deyil.

 

Bu gün AZƏRTAC tərkibində neçə aparıcı ölkənin xəbər agentliklərini birləşdirən Asiya və Sakit okean ölkələri xəbər agentlikləri təşkilatının üzvüdürsə, Avropa ölkələri xəbər agentlikləri alyansında varsa, vaxtaşırı olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlarda ayrıca olaraq bir dəyirmi masa AZƏRTAC-ın təşkilatçılığı ilə dünya xəbər agentlikləri üçün ayrılırsa və o masa başına ən müxtəlif ölkələrin öncül xəbəryayma qurumlarının mötəbər təmsilçiləri toplaşaraq qızğın fikir mübadilələri aparırsa, bu o deməkdir ki, Azərbaycan artıq qlobal məkanda, dünya xəbər şəbəkəsində mərkəzdə dayanan, belə mühüm hadisələrə evsahibliyi etməsi qanunauyğun sayılan dövlətdir.

 

Başqa sözlə, AZƏRTAC apardığı bu qəbil səmərəli beynəlxalq fəaliyyəti ilə həm də dövlətimizin qüdrətini nümayiş etdirən daha bir diqqətəlayiq göstərici kimi boy göstərir.

 

Bu gün AZƏRTAC bir poliqlota çevrilibsə, hər gün xəbərlərini ana dilindən savayı dünyanın bir silsilə aparıcı Şərq və Qərb dillərində yayırsa, hazırda dünya ölkələrində 20-dən artıq daimi müxbir məntəqəsi varsa, hər an Azərbaycanda və sərhədlərimizdən çox-çox uzaqlarda ictimai-siyasi, elmi-mədəni həyatın nəbzindən tutmağı bacarırsa, 30 il əvvəl əlçatmaz xəyal kimi təsəvvür edilən belə uğurlara öyünməmək olmur.

 

Bütün istiqamətlərdə böyük Heydər Əliyev yolunun layiqli davamçısı olan və bu xəttimizi daha parlaq zirvələrə aparmağa qadir Prezident İlham Əliyev də hamımızın olan AZƏRTAC-a həssas, qayğıkeş münasibət bəsləyir.

 

İllərcə ən fərqli ünvanlarda yerləşmiş AZƏRTAC bu gün öz sanbalına yaraşan və ən müasir təminatlı iqamətgaha sahibdirsə, bu da ölkə başçısının, dövlətimizin AZƏRTAC-a münasibətinin və onun fəaliyyətlərinə verdiyi dəyərin göstəricisidir.

 

AZƏRTAC-ın arxada qalan onillər ərzində qazandığı nüfuzun ən vacib səbəblərindən biri və əvvəlincisi ondan ibarətdir ki, bu qurum daim peşəkarlara arxalanıb.

 

102 illik tarixini izləyəcək olsaq, ona şahid kəsiləcəyik ki, burada ənənəvi olaraq işini sevən və kamil bilən yüksək peşəkarlar çalışıblar.

 

Bu gün yenə AZƏRTAC-a rəhbərlik edən, onun fəaliyyətlərini yönəldən insanlar da, bu zətmətkeş, fədakar qurumun sıra nəfərləri də yüksək peşəkarlardır.

 

AZƏRTAC o qurumdur ki, həftənin 7 günü, hər sutka boyu 24 saat ərzində daim işləyir və Azərbaycan insanını xəbərlə təmin edir.

 

İnsan özünə dost seçərkən ən əvvəl onun sədaqətliliyini, etibarlılığını, dürüstlüyünü nəzərə alır.

 

Şanlı bir tarixə çevrilmiş 102 illik dövr ərzində AZƏRTAC sədaqətli olduğunu, dürüst olduğunu sübut edib, düzgün olduğunu, etibarlı olduğunu durmadan nümayiş etdirib. Ona görə də mən ürəklə söyləyirəm ki, hər zaman məmnuniyyətlə əməkdaşlıq etdiyim AZƏRTAC mənim əziz dostumdur, AZƏRTAC Azərbaycanın dostudur, AZƏRTAC dünyanın dostudur.

 

Arzu edirəm ki, bu düzlüyündə, bu sədaqətində, bu etibarlılığında, bu açıqlığında, bu dəqiqliyində AZƏRTAC qarşıdan gələn neçə onillər boyu da indiyədək olduğu kimi davam etsin, həmişə xəbər məkanımızın TACı olaraq qalsın!

 

1 mart, 2022

 

 

Rafael HÜSEYNOV

Akademik

 

525-ci qəzet.-2022.-  2 mart.- S.12.