Rusiya-Ukrayna danışıqları  

 

Ukrayna ilə Rusiya arasında Belarus sərhədində baş tutan danışıqlar dünən nəticəsiz, ancaq növbəti dialoqa əl yeri qoyulmaqla yekunlaşdı. Yerli saytlar dünən Kiyevdə hərbi hissəyə raket atılması, bu gün isə peykdən çəkilmiş fotoya əsasən Ukrayna paytaxtının yaxınlığına Rusiyanın böyük miqdarda qoşun gətirməsi barədə məlumat yaydılar. Saytlardan bəlli olur ki, Rusiya ordusunun hücumu öncəki günlərlə müqayisədə daha da şiddətlənib. Xatırladım ki, bu gün Rusiyanın Ukrayna ilə cənginin 6-cı günüdür.

Rusiya ordusunun döyüş tapşırığının 48, yaxud 72 saat ərzində bütün Ukraynanı tutması, Kiyevi götürməsindən ibarət olması barədə deyilənlər ciddi təsir bağışlamırdı. Ancaq hərbi əməliyyatın uzun müddət üçün hazırlanmadığı da ortadadır. Çünki ilk həmlə qruplarının arxasında Maddi Texniki Təchizat bölmələrinin olmaması, sistemli hərəkət edilməməsi göstərir ki, rus ordusu qarşıya qoyulan məqsədə maksimum 1 həftəyə çatmalıdır. Lakin sahədə vəziyyətin heç planlaşdırıldığı kimi olmaması ortadadır.

 

Bunun ilk səbəbi budur ki, Rusiya ordusu Ukraynada xeyli dərəcədə diqqətlə hərəkət edir, məsələn, Suriyada olduğu kimi, qarşısına çıxan hər şeyi yıxıb-dağıtmaq, məhv etmək həvəsində deyil. Çünki Kreml başa düşür ki, bu cür davranılsa, sabah yerli xalqla uzlaşma əldə eləmək daha çətin olacaq.

İkinci səbəb, Rusiya ordusunun real hazırlığının Putinə məruzə olunanla eyni səviyyədə olmamasıdır.

 

Üçüncü mühüm məsələ, Ukraynada sahədə NATO beyni qrupları var. Bunu başa düşməmək artıq mümkün deyil.

Əgər xatırlayırsınızsa, hücum başlayandan deyirdim ki, hər şey Ukrayna xalqının dirəniş əzmindən asılı olacaq. Bu baxımdan diqqət çəkən 3 əsas nüans var:

1) Rusiya ordusu Ukraynanın HHM sistemini sıradan çıxarmasına xeyli hərbi obyektini vurmasına baxmayaraq, yüngül, paylaşdırılması asan silahlar əllərdədir.

2) İlk günlərdə Rusiyanın qarşısında ancaq Ukrayna ordusu vardı, ancaq artıq elə deyil. Ukrayna terotorial müdafiə sisteminə keçib- ordu könüllülər birləşərək xalq müqavimət qrupları formalaşdırıb.

3) Rusiya 6 gün ərzində Ukraynanın ideoloji müdafiəsini yara bilmədi, əksinə, milli kimlik hissini yüksəldərək özünə qarşı qoydu. Bu gün Ukraynada əksəriyyət Rusiya "rejim dəyişdirməyə gəlir" deyə düşünmür. Xalq müdafiəni vətən savaşı olaraq görür.

Ukraynanın relyefi elədir ki, orada Əfqanıstan kimi illərlə partizan savaşı aparmaq mümkün deyil. Hücum edən istənilən tərəf üçün əsas məsələ şəhərləri götürmək tabe etdirməkdir. Əgər rus ordusu Kiyevi digər şəhərləri götürmək üçün şiddəti artırsa, bu savaşdan sonrakı böhranın dərinləşməsidir. Yox, Rusiya irəli, geri gedib Ukraynaya od ələməyə davam etsə, bu zaman da Qərbin sanksiyaları qarşısında üzləşdiyi ekonomik təhlükələrin sosial narazılığa nəhayət inqilab dalğasına çevrilməsini əngəlləməkdə çətinlik çəkəcək. Başqa sözlə, bu gün, uzağı sabah bu məsələ hərbi baxımdan yükunlaşmalıdır. Bunu həm o zəruri edir ki, Qərbdən Ukraynaya hərbi dəstək gəlir. Bu, təlim döyüş görmüş qruplar, müasir texnika, nəhayət ilk zərbənin sıradan çıxardığı texnikanın yenilənməsi deməkdir.

Bütün bu söylədiklərimə rəğmən, "Rusiya Ukraynada məhv oldu", "qalib artıq məlumdur" kimi hökmlər vermək yersiz tezdir.

 

Putin və Rusiyanın dövlət ağlı Ukraynadan çəkilməyəcək. Eyni zamanda Qərbin də artıq geriyə yolu yoxdur. Əgər Makronla Putinin son telefon danışığına nəzər salsaq, başa düşərik ki, Qərb əsas həmləni gözləyir. Ukraynanın bu həmləyə davam gətirməsi çox da inandırıcı deyil, amma dediyimiz kimi, Rusiyanın qarşısında Ukraynada az qala bütün dünya var.

Dünya demişkən, belə görsənir ki, Qərb dünya hegemonluğunu Rusiyasız təsəvvür edironu İranın vəziyyətinə salmaq üçün addımlar atır. Rusiya, iddia olunduğunun əksinə, bütün bu ehtimalları nəzərə almamış deyil, Moskva da arxitekturası çökmüş dünyanı yenidən çox qütblü görür. Bizim FB "ekspertləri"nin hövsələsizliyinə zidd olsa da, bu, bir günlük, beş günlük proses deyil. Hər iki tərəf zamana oynayır.

Azərbaycan və Türkiyə bu uzun prosesi ən yaxşı oxuyanlar arasındadır. Ukraynanın quru dövlətinə çevrilməsi qardaş Türkiyə üçün ciddi problemlər yaradır. Ukraynanın qalib gəlməsi durumunda isə, Qərb Yunanıstanı irəli verməklə Türkiyəni hədəfə gətirə bilər. Odur ki, Türkiyə bu həmlələrdən yayınmaq üçün İstanbul boğazını hərbi gəmilərə bağladı, ancaq bunun savaşın nəticəsinə praktiki təsiri azdır. Gəmisi olan onu keçirdib artıq. Zira Türkiyənin və Azərbaycanın hər iki cinah üçün etimad göstərilən tərəf olaraq qalması çox vacibdir. Çünki enində-sonunda bu danışıqlar masasında çözüləcək.

 

Material müəllifin Feysbuk səhifəsindən götürülüb.

 

Taleh ŞAHSUVARLI

AzNews.az portalının baş redaktoru

 

525-ci qəzet.-2022.-  2 mart.- S.10.