Müharibə əleyhinə hərəkat
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü
dünyada yeni siyasi vəziyyət yaratdığı kimi, yeni təsirlər də doğurub. Bu təsirlərin ən güclüsü müharibə
əleyhinə yaranan əhval-ruhiyyədir. Son bir həftə ərzində müşahidə
olunan müharibə əleyhinə çıxışlar
Vyetnam müharibəsindən
sonra müşahidə
olunan ən güclü hərəkata
çevrilməkdədir. Diqqət çəkən ən önəmli məqam isə indiki müharibə əleyhinə
hərəkatın coğrafiyasının
geniş olmasıdır.
Vyetnam müharibəsi
zamanı mövcud olmuş müharibə əleyhinə hərəkat
əsasən ABŞ-da,
qismən də Qərbi Avropada müşahidə olunurdusa,
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı
hərəkat ABŞ-dan
Uzaq Şərqə qədər geniş bir coğrafiyanı əhatə edir. Diqqət çəkən digər
məqam isə bəzi hallarda xalqların dövlətin
rəsmi mövqeyindən
fərqli mövqe nümayiş etdirməsidir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibətdə
rəsmi Pekin bitərəf mövqe tutsa da, Çində
müharibə əleyhinə
əhval-ruhiyyə getdikcə
güclənir. Hətta Çinin bir
sıra böyük
media orqanları, gündəlik
qəzetlər ictimai rəyin təsiri altında hökumətin mövqeyinə uyğun gəlməyən məqalələrlə
çıxış edirlər.
Qərbdə isə müharibə əleyhinə çıxışlar
çox böyük vüsət alıb. Nüfuzlu ictimai-siyasi
xadimlər, tanınmış
elm, mədəniyyət və
incəsənət nümayəndələri,
bir qayda olaraq siyasətdən məsafə saxlamağa çalışan iri biznes təmsilçiləri
və idmançılar
da müharibəyə
qarşı çıxış
edirlər. ABŞ və Avropa ölkələri ilə yanaşı, postsovet ölkələrində də
müharibə əleyhinə
çıxışlar edilir.
Gürcüstanda Rusiyanın Ukraynaya
qarşı hərbi təcavüzünə qarşı
başladılan hərəkat
bütün ölkəni
bürüyüb. Paytaxt Tbilisi ilə
yanaşı, Batumi, Kutaisi, Rustavi və Zuqdididə müharibə əleyhinə
çoxminli etirazlar keçirilir.
Ermənistanın işğalçılıq siyasətinin
nəticəsi olaraq yaranan hərbi münaqişədən 30 ildən
artıq bir müddətdə əziyyət
çəkən Azərbaycanda
da cəmiyyətin müharibə əleyhinə
olması tamamilə təbiidir. Ukraynanın Bakıdakı səfirliyinin
önündə fevralın
27-də keçirilən aksiya
müharibə əleyhinə
yönəlmişdi.
Müharibə əleyhinə hərəkatın
ən sərt çıxışları Rusiyada
müşahidə olunur. Hakimiyyətin Ukraynaya qarşı müharibə planı ilə razı olmayan vətəndaşlar
etirazlara başlayıblar.
Qeyd edək ki, bu proses
Ziyalılar Konqresinin müharibə əleyhinə
çıxışı ilə
başladı. Daha sonra
isə aralarında
Nobel Mükafatı laureatı
Konstantin Novoselov olmaqla
bütün dünyada
tanınmış bir
neçə yüz nəfər elm adamı müharibənin dayandırılması
tələbi ilə çıxış etdi.
Bundan sonra ayrı-ayrı peşə və sənət sahələri
üzrə tanınmış
yüzlərlə insan
müharibə əleyhinə
çağırışlar etdilər. Nəhayət, Müharibə Əleyhinə
Hərəkatın yaradıldığı
elan olundu. Rusiyada çox məşhur olan hüquq müdafiəçisi Lev Ponomaryovun
müharibənin dayandırılması
tələbi ilə
change.org saytında yerləşdirdiyi
müraciəti dörd
gün ərzində bir milyondan çox
insan imzalayıb.
Rusiyalı məşhur aktrisa
Liya Əhədcaqova isə Ukrayna ordusunun hesabına 10 min
ABŞ dolları keçirməklə
Rusiyanın müharibə
etdiyi ölkəyə
dəstək verib.
Müharibə Əleyhinə Hərəkat
bütün Rusiya boyu təşkilatlanmağa
və kütləvi etirazlara hazırlaşır. Rusiya hakimiyyəti
bu etirazların qarşısını sərt
repressiyalarla almağa
çalışır. Digər tərəfdən Rusiya hakimiyyəti Ukraynaya qarşı sərt üsulundan bir qədər geri çəkilərək davakar
obrazını yumşaltmağa
cəhd göstərir.
Ukrayna ilə danışıqlar
təşəbbüsü də məhz cəmiyyətin təzyiqlərini
bir qədər yumşaltmaq, sülhə hazır olduğunu təlqin etməyə yönəlib.
Politoloqlar müharibə əleyhinə hərəkatın hansı nəticələr verəcəyini proqnozlaşdırmağa, sosioloqlar isə bu prosesin doğuracağı təsirləri müəyyən etməyə çalışırlar. Politoloqların ümumi rəyi bundan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı başlayan müharibə əleyhinə kampaniya Qərbin Moskvaya yönəlik münasibətdə sərt mövqe tutmasına səbəb olmaqla yanaşı, Kiyevə verilən dəstəyin artmasına da təsir göstərir. Berlin, Paris, London, Praqa, Madrid, Vilnus, Seul və Nyu-Yorkda on minlərlə, bəzi şəhərlərdə yüz mindən artıq insan meydanlara çıxaraq hökumətlərindən Rusiyanın təcavüzünə qarşı Ukraynanı müdafiə etməyi tələb edirlər. Buna görə də ABŞ, Kanada, Avropa Birliyi, Böyük Britaniya, Avstraliya və Yaponiya Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməkdən çəkinmirlər. Baxmayaraq ki, bu sanksiyaların eyni zamanda onu qəbul edən ölkələrin özlərinə də zərər vurur. Lakin cəmiyyətlər buna etiraz etmir, əksinə, hesab edirlər ki, müharibənin dayandırılması üçün fədakarlıq göstərilməlidir.
Sosioloqlar qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz olaraq yaranan hərəkatın təsirləri ictimai şüurda uzun müddət qalacaq. Hitler Almaniyasının cinayətləri hələ unudulmadığı kimi, Putin Rusiyasının hərbi cinayətləri də uzun müddət yaddaşlardan silinməyəcək. Bu məqam isə bütün dünyada Rusiyaya qarşı mənfi münasibətin uzun müddət qalmasına səbəb olacaq. Sosioloqlar hesab edirlər ki, Rusiyaya qarşı mənfi münasibət uzun müddət insanların seçiminə təsir göstərəcək.
Hələlik isə müharibə əleyhinə
başladılan hərəkat Rusiyanın beynəlxalq təşkilatlardakı
fəaliyyətinin dayandırılmasına, qlobal
iqtisadiyyatdan, beynəlxalq idman
yarışlarından təcrid olunmasını diktə edir. Bütün bunlar isə ancaq başlanğıcdır.
Xaqani CƏFƏRLİ
525-ci qəzet.-2022.- 2 mart.- S.8.