Kimlər gəldi, kimlər getdi...
Dünya səni tanımadı,
Şöhlət Əfşar...
Kim
olduğunu poeziyan dedi, publisistikan dedi, yaddaşlarda qalan,
yaddaşlarda yaşayan, yaşadılan kəlamların dedi. Düşündürücü
şeirlərinə bəstələnən mahnılar (bunlara
nəğmələr deyərdim) dedi, səni tanıyanlarla
söhbətlərində tarixin o üzündə qalan on illərdən,
yüz illərdən danışanda zamanın dünənlərini
sabahlara bağlayan, dünənlərlə sabahlar arasında
mənəvi (və tarixi) bağ olan kəlamların
pıçıldadı. Dünya hamısını
eşidirdi...
1949-cu il martın 3-də Ağcabədinin Avşar kəndində
doğulub minlərin can sirdaşı, ruh qardaşı oldun,
Şöhlət Əfşar (Şöhlət Əşrəfoğlu
Axundov). Adına həmqafiyəni Tanrı verib, biz onu yada
salırıq: Şair idin deyə, bu mətləbi
misralaşdırmaq niyyətindəyəm:
Tanrı
özü uğurlayır,
Gedən səsi, gələn səsi.
Şeir-şeir,
misra-misra
boy
göstərir
Hər duyumun təntənəsi.
Kimliyinin
işığına döndü, qardaş,
Duyanlara
Şöhlət
- şöhrət qafiyəsi!..
Bu qafiyənin
işığında oxuduqlarımızı da, dinlədiklərimizi
də tarixə salavat bilmişik...
Sən ürək adamı idin, qəlb adamı idin, qəlb
adamları görən gözün yoxuydu. Səmimiyyəti
ömrün-günün göyqurşağı bilirdin.
Hərdən zəngləşərdik, deyərdin
ki, gəl görüşək, dərdləşək, kəlmələşək,
Ruh qardaşı olanların kəlmələşməsi
könül xoşluğu gətirir. Fikrini ikimizin də
düşüncələrimizi özünə çəkən
qoşa beyt ilə tamamlayardın:
Tanrı
lütfü deyəkmi
Biz könül xoşluğuna.
Sığal
çəksin bir anlıq
Söz
könül xoşluğuna...
Vədələşərdik, görüşərdik. Bu
görüşü zamandan ömrümüzə qazanc bilərdik.
Nələrdən danışmazdıq! Vətəndən
danışardıq, torpaqdan danışardıq, tarixin
dünənlərindən danışardıq. Əfşarlardan danışanda
baxışlarını bürüyən qürurun rəngini
heç yerdə, heç zaman görməmişəm. Bu qürura sevgi deyirdim, yaşadılan və
yaşadılacaq bu sevgiyə "Mənim
Əfşarlığımın vizit kartıdı"
deyirdin. "Şöhlət Axundovu
Şöhlət Əfşar edən də bu sevgi olub"
deyirdin. Gülümsünürdün.
Bu sevginin işığı nişan
vermişdi səni Türkiyədəki Dünya Afşarlar
Birliyinə, səni Birliyin Azərbaycan təmsilçisi
seçdilər.
Əfşarlardan danışardın. Deyərdin ki,
əfşar sözü igid, cəsur, at belində, ov edən,
qorxmaz, öz işini tez görən, cəld görən mənasını
bildirir. Mənbələrə istinadən onu da de-yərdin
ki, dövlət qura bilən beş
türk tayfasından biri əfşarlar olub. Sonra
göy üzünə baxardın. Bu
baxışları şükranlıq baxışı bilərdim.
Sonra tarixdən yaddaşına düşənlərdən
söz açardın. Bu
sözaçmanı da Vətənə sevginin
işığı bilərdim; sevgilərlə
danışılanlar sevgilərlə dinlənilərdi.
Dinlənilə-dinlənilə yaddaşıma
hopardı. Aradan illər keçəndən sonra da
unutmamışam: xaçlıların
yürüşünün qarşısını alan, türk-islam dünyasını bu təhdiddən,
bu yürüşlərin hərbi nəticələrindən
əfşarlar xilas edib. Əfşarlar Yaxın Şərqdə
Zəngilər dövləti qurmuşdu!..
Qürurunu
qürurum bilərdim, Şöhlət müəllim! Bu qürur səni tanıyanların da qüruru idi,
Azərbaycan adını taleyinin günyəsi bilənlərin
hamısının da. Nadir şaha
yazdığın şeiri maraqla dinlə-yirdik. O
şeir o böyük tarixi şəxsiyyətə
sorğuydu. "Arşını əyilmiş
dünyada" misra-misra Nadir şahı soraqlayırdın.
Vətən naminə. Nadir
şahın mərdliyinə, sözünün də,
qılıncının da kəsərinə təkcə sərkərdə
kimi deyil, bir azərbaycanlı olaraq ehtiyacmı hiss edirdin?
Bəlkə sənə elə gəlirdi ki, bu
şeir, bu kimi şeirlər əli silah tutanların
hamısını əsgərləşdirmək niyyətidi.
Yəni Şöhlət Əfşar şair
olaraq hamını Ali Baş Komandanın döyüş əmrinin
icraçısı görmək istəyirdi. "Böyük tarixi şəxsiyyətlərə
sevgisi olanlar daha böyük sevgilərlə əsgərləşəcək!"
- gümanıyla.
Şöhlət müəllim, sənin musiqimizə
vaqifliyini hamı bilirdi. Hamı onu da bilirdi ki, şair Şöhlət
Əfşar aşıq sənətinin
vurğunlarındandı. Vurğunluq mətləbin
zahiri tərəfidi, Şöhlət Əfşarın
vurğunluğu ruhi bağlılıq kimi təzahür
edirdi. O, aşıq sənətinin böyük himayədarlarındanıydı,
qayğıkeşlərindəniydi. Azərbaycan
Aşıqlar Birliyinin sədri, professor, əməkdar elm
xadimi Məhərrəm Qasımlı bu vurğunluğu səmimiyyətlə
bəyənirdi. Sən sevirdin - sevdirirdin,
sevə-sevə, sevdirə-sevdirə yaşadırdın.
Vətənə ad olan tədbirlərlə
yaşadırdın, bu tədbirlərin mahiyyəti
yaşadırdı səni. Hər tədbiri
qurtuluşa, işğalı sonlandırmaya bir niyyət
duası bilirdin, şair. Peyğəmbərimizin
"Yaradılanların hamısı qeyri-adilikdir" kəlamı
düşüncələrinin səyyarəsi idi. Şeirə bəlkə də bu deyimin
işığında könül vermişdin. Sən də inanırdın ki, şeir qəlbi
gözəlləşdirir. "Bayram
müəllim, şeir həm də qəlbi
durulaşdırır..." deyirdin. Məhəmməd
Füzulinin bir kəlamını da xatırlayardıq:
Şeir o nemətdir ki, heç bir xərc çəkmədən,
cana da heç bir ziyan vurmadan bir feyz
alırsan, yəni özünün də könlün xoş
olur...
"Vətənin o başı-bu başı olmur" deyimini çox bəyənirdin. Sən Vətəni bütöv görmək istəyirdin. Bu niyyətinin cazibəsində təbrizli aşıqlar sənin şeirlərini böyük sevgilərlə, böyük şövqlə ifa edirdi. "Divani", "Ruhani", "Paşaköçdü", "Misri", ... üstə səslənən şeirlərin səni Arazın o tayında da könlümüzcə tanıdırdı. "Şuşanın gözləri yollarda qalıb" şeirin də, "Ey Vətən" şeirin də Arazın bu tayında olduğu kimi, o tayında da kükrəyiş yaradırdı, könüllərin poetik manifestinə dönürdü. Bir dəfə "Sənin şeirlərində hərdən nazlanan, hərdən yazlanan payız aşıqların sevgisiylə məclis-məclis sazlanır" dedim. Maraqla üzümə baxdın. Qaşların çatıldı. Və yazdığın "Payız" şeirini xatırlayınca əlin çiynimə endi. Qafiyələrin gözəlliyinin bələdçiliyi ilə o şeiri misra-misra yenidən yaşadıq. Həm də payızın gözəlliklərini sözlə duya-duya, sözdə yaşaya-yaşaya, sözlə yaşada-yaşada...
Sən Allah adamıydın, şair. Düzlüyünlə, insafınla, insanlara sevginlə, xeyirxahlığınla, könülləri ziyarətinlə. İnsanlığı, insanları, bəşəriliyi sevə-sevə sevildin, sevilə-sevilə sevdin. Dünyagörüşün də, yaşantıların da "Qurani-Kərim"in səyyarəsiydi. Müqəddəs kitabımız ömrünün yolgöstərəniydi.
Onu da deyirdin ki, "Qurani-Kərim"də şairlər surəsi var. Yəni yaradan şairliyi də müqəddəsləşdirib. "Müqəddəsliyə xidmət də müqəddəs niyyətdi, eləmi, Şöhlət müəllim" deyərdim. Razılıqla gülümsünərdin. O incə, o gözəl, o məzmunlu təbəssümünün intizarındayıq, Şöhlət müəllim...
Türk dünyasının tarixi şəxsiyyətlərindən danışardıq, sən sevdiyin, sevilən tarixi şəxsiyyətlərdən söz açardın. Əli bəy Hüseynzadənin bir fikrini xatırladardın, bu xatırlatma ortaq sevgimizin ruhi-mənəvi düsturuna dönərdi: Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar. Bu kəlam sənin də ruhunun Dan ulduzuydu; Milləti belə sevərlər! Bir də Tofiq Fikrətin "Millət şərqisi" şeirini pıçıldayardın:
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq,
yaşa! Ey sevgili millət, yaşa! Var ol!
"Şuşanın gözləri yollarda qalıb"
şeirini oxuyanlar da, dinləyənlər də şair
Şöhlət Əfşarın timsalında Azərbaycan
poeziyasının poetik nisgilinin rəngini görürdü. Görürdü və
ruhun əminliyini eşidirdi: Ali Baş Komandanın əmri ilə
döyüşəcəyik! Torpaqlarımızı
işğaldan azad edəcəyik! Şuşanın gözləri
yollardan yığılacaq! Bu duyğusal şeiri,
bu ruh şeirini hamı, hamı düşüncələrinə,
düşüncələrindən yaddaşına
köçürürdü. Bu şeir
oxuyanları da, dinləyənləri də əsgərlərşdirirdi.
Bu şeir əsasında Azərbaycan Respublikasının
Əməkdar incəsənət xadimi Tahir Əkbərin bəstələdiyi,
Azərbaycan Respublikasının Xalq artisti Nəzakət
Teymurovanın oxuduğu, Azərbaycan Respublikasının Xalq
artisti Nurəddin Mehdixanlının şeir kimi səsləndirdiyi
"Şuşa şikəstəsi" əsəri xalqın
ruhunun harayı kimi dinlənildi. Belə əsərlər
söz əsasında yaranır. Şair
Şöhlət Əfşar, sənin bu şeirin əsasında
yaranan bu gözəl əsər hamımızın
könlünü bir daha Şuşaya köklədi.
İctimaiyyət bu əsəri könlünə
sıxdı, Şuşanı köksünə
sıxırmış kimi...
"Şuşa
şikəstəsi"nin təqdimatında
bəstəkar Tahir Əkbər demişdi ki, Şuşa
incimizdi, onu da Göyçə kimi nağıllara çevirməyək!
Onda sən bu fikri düşündürücü misralarla belə
tamamlamışdın:
Sözümüzdən
közümüzə gedəcəyik!
Bu qəhəri
göy üzündən üzə-üzə gedəcəyik,
Çölümüzdən
içimizə gedəcəyik!
Sonra qəhərlə,
"Çölündən içinə getməyənlərə
yazıq..." demişdin...
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin əmri ilə Vətən müharibəsi
başladı.
Bu müharibə azərbaycançılığın
müharibəsi idi. Bu müharibə
çölündən içinə gedənlərin Zəfəri
ilə tamamlandı. "Şuşa şikəstəsi"nin davamını gözləyirdik, şair. Şöhlət Əfşar bu əsəri də
yazacaqdı. Vətənə sevgisinin
işığında...
İstedadlı
Vətən və millət şairi, tanınmış
publisist, Qarabağ, Şuşa sevdalısı, Türk
Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü,
Türkiyədəki Dünya Afşarlar Birliyinin Azərbaycan
təmsilçisi, sadiq və sədaqətli dostumuz
Şöhlət Əfşar, sən Adanada Dünya
Avşarlar Birliyinin yaradilmasının altıncı
ildönümü münasibətilə keçirilən beynəlxalq
konfrans başa çatdıqdan sonra, Vətənə
qayıtmaq ərəfəsində - 2022-ci il fevralın 6-da səni
sevənlərdən, sevdiyin xalqından ayrıldın. Bunu
eşidincə bir anlığa göy üzünə
baxdım, ruhumun sükutuna sığınıb Səməd Vurğunun
misralarını xatırladım:
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Ağcabədinin Afşar kəndində anadan
olmuşdun.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasını bitirmişdin. Müxtəlif
dövrlərdə (1973-2006-cı illərdə) müxtəlif
vəzifələrdə xidmət etmişdin. III dərəcəli Dövlət qulluqçusu
idin.
2006-cı
ilin mayından 2011-ci ilin noyabrına kimi "Vəfa"
jurnalında əməkdaş və redaksiya heyətinin
üzvü, "Zamanın nəbzi" ictimai-siyasi qəzetinin
baş redaktoru, 2011-ci ilin fevralından həmin qəzetin təsisçisi
və baş redaktoru, 2014-cü ilin noyabrından "Uvertüra" ictimai-siyasi və
ədəbi qəzetinin təsisçisi və baş redaktoru
kimi fəaliyyət göstərib.
Səkkizdən çox kitabı işıq üzü
görüb.
"Sükutdan asılmışam", "Dodaqdan
könüllərə", "Muğamın sədası",
"Həyat sən öyrədən deyil, müəllim",
"Bu dünyanın havasına oynama",
"Poema-Trilogiya", "Soruşun məni", "Dərdnamə"
və s. kitabları dərin oxucu rəğbəti qazanıb.
Onlarla şeirinə mahnılar bəstələnmişdi...
Dünya səni tanıdımı, Şöhlət
Əfşar?
Dünya
bildimi ki, Şöhlət Əşrəf oğlu ömür
payını Vətən üçün yaşadı, millət
üçün yaşadı, dövlət, dövlətçilik
üçün yaşadı...
Sənin
son nəfəsinə
minlər təəssüfləndi. Sən azərbaycançılığın
cəfakeşi olan gözəl azərbaycanlı idin. Sən
soyadının gəzərgi ensiklopediyasıydın. Sən
türk dünyasının əsgəriydin. Sən
şeirimizin Əfşarı idin. Sən gözəl dost idin.
Sən xalq, millət, dövlət,
dövlətçilik fədaisi idin...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 3 mart.- S.15.